Əndəlüsdə IX əsrdə cərrahlıq elmi qol-qanad açıb inkişaf etsə də, eyni dövrdə Avropada bu ixtisas həkimlər tərəfindən o qədər də rəğbət görməmişdi. Hətta, 1163-cü ildə Konsildə (başqa adı ilə Sinodda) alınan qərardan sonra kilsə tibblə bağlı bütün məktəbləri bağlatdırmışdı. Orta əsrlərdə Avropada həkimlik qadağan ediləndə, eyni dövrdə Əndəlüsdə müsəlmanlar elmdə sıçrayışlar edir, böyük həkimlər yetişdirirdi. Bu həkimlərdən biri də Əbu Qasim Zəhravi idi.
Avropalılar onu adının başındakı "Əbul-Qasim"dən (Qasimin atası) yola çıxaraq "Abulcasis" adlandırmışlar. Zəhravi 936-cı ildə Əndəlüsdə saray-şəhər kimi məlum olan "Mədinətuz-Zəhra"da dünyaya gəlmiş, 1013-cu ildə də vəfat etmişdir. 77 il ömür yaşayan Zəhravinin istifadə etdiyi cərrahi alət və metodlar modern tibbə öncüllük etmişdir. İcad etdiyi cərrahi alətlərdən bəziləri bu gün də istifadə edilməkdədir.
Əslində, həm Zəhravinin dünyaya gəldiyi "Mədinətuz-Zəhra" saray-şəhərinə, həm də Zəhravinin timsalında o günkü müsəlmanların çatdıqları elmi və mədəni səviyyəyə baxanda Əndəlüs üçün niyə "Cənnətul-Məfqud" ("İtirilmiş Cənnət") deyildiyini anlamaq olar.
Zəhravinin adı ilə bağlı olan bu tarixi İslam şəhəri günümüzə qədər gəlib çatmışdır. Bu şəhər gözəl binaları, fil sümüyü, mərmər və qızıldan inşa edilmiş sarayları ilə insanı valeh edən bir şəhər idi.
Zəhravinin dünyaya gəldiyi və öz dövründə İslam mədəniyyətinin incisi hesab edilən "Mədinətuz-Zəhra" ("Çiçəklənən Şəhər") 2018-ci ildə YUNESKO tərəfindən dünya mirası siyahısına salınmışdır. Tədqiqatçılar bu möhtəşəm şəhərin hazırda yalnız on faizlik bir hissəsini arxeoloji qazıntılar nəticəsində üzə çıxara bilmişlər.
Zəhravi həyatının böyük hissəsini Əndəlüsün paytaxtında, Kordova şəhərində keçirmişdir. O zaman Əməvi Xilafətinin mərkəzi olan bu möhtəşəm şəhərdə yarım milyona qədər əhali yaşayırdı. Kordova çoxsaylı alimlərin olduğu mühüm elm və mədəniyyət mərkəzi idi. Təkcə onu demək kifayətdir ki, xəlifə II Hakəmin kitabxanasında 400 000 kitab var idi. Zəhravi Kordovada təhsil almışdı, sonralar isə orada tibb və cərrahlıq sahəsində dərs deyirdi. Zəhravi Əndəlüs Əməvi xəlifələrindən III Abdurrahman və ondan sonra yerinə keçən II Hakəm dövründə saray həkimi də işləmişdir.
Cərrahlıq sahəsinə ilk dəfə maraq göstərən müsəlman alim Əbu Bəkr Razi idi. Əli ibn Abbas onun yolu ilə getmiş, sonra da İbn Sina yetişmişdir. Əndəlüsdə də İbn Zühr cərrahlıq sahəsində çalışan alim kimi tanınmışdır. Ancaq cərrahlıq sahəsinin müstəqil elm kimi formalaşması Zəhravi sayəsində olmuşdur. O bu elmlə təkcə nəzəri olaraq məşğul olmamış, əməliyyatlar edərək, cərrahi alətlər və metodlar kəşf edərək onları məharətlə tətbiq etmişdir. Bütün həyatını tibb və əczaçılıq elminə həsr etmiş Zəhravini günümüzə qədər tanıdan onun tibb elminin müxtəlif sahələrindən bəhs edən, 30 fəsildən ibarət, 200 ədəd tibbi alətin tanıdıldığı 1500 səhifədən meydana gələn iki cildlik "Kitab ət-Təsrif" adlı əsəridir. Zəhravi bu əsərində insan orqanizmindəki bütün orqanların anatomiyasını, yerinə yetirdiyi vəzifələri izah edir, müxtəlif xəstəliklərin əlamətlərindən və müalicə üsullarından danışır.
Zəhravinin otuz fəsildən meydana gələn və bir tibb ensiklopediyası mahiyyəti daşıyan kitabının mövzuları isə əsas başlıqlar olaraq belədir...
1-ci fəsildə ümumi tibbi məlumatlar, 2-ci fəsildə başdan ayağa qədər 325 xəstəlik, bunların əlamətləri və müalicə yolları, 3-cü fəsildən 25-ci fəsilə qədər sadə və mürəkkəb dərmanlar və onların hazırlanması, 26-cı fəsildə hər xəstəliyə uyğun gələn qida maddələri, 27-ci fəsildə bitki və heyvan mənşəli qidaların və sadə dərmanların xüsusiyyətləri, 28-ci fəsildə mədən, bitki və heyvan mənşəli dərman həblərinin düzəldilməsi, 29-cu fəsildə dərman adları, eyni xüsusiyyətə sahib əvəzediciləri, istifadə müddətləri, çəkiləri və həcmləri, 30-cu fəsildə də cərrahlıqla bağlı zəngin məlumatlar verilmişdir.
Zəhravinin miladi 1000-ci ildə tamamladığı "Kitab ət-Təsrif" əsəri Yunan və İslam tibb mənbələrinə əsaslanmaqla yanaşı, müəllifin təxminən 50 illik şəxsi təcrübələrinin məhsulu olmasına görə də dəyərlidir. Cərrahi əməliyyatlara dair izahlar və alətlərin rəsmlərini verməsi əsərin əhəmiyyətini daha da artırır. Qazandığı şöhrətə baxmayaraq Zəhravinin həyatına dair mənbələrdə olduqca az məlumat var. Onun dövrünə ən yaxın müəlliflərdən olan Zahiri məzhəbinin fiqh alimi İbn Hazm Zəhravinin "Kitab ət-Təsrif" adlı əsəri haqqında belə demişdir: "Tibb sahəsində bundan daha əhatəli və ifadə üslubuna görə bundan daha gözəl bir əsər yazılmamışdır". İslam dünyasında İbn Heysəm, Əl-Biruni, İbn Sina kimi XI əsr elm adamları arasında öz yerini tutan Zəhravi hər nə qədər tibbin müxtəlif sahələri ilə məşğul olsa da, daha çox cərrah kimi tanınır.
Onun tətbiq etdiyi yeniliklər arasında cərrahi əməliyyatlarda daxili tikişlər üçün istifadə edilən və öz-özünə əriyən ketqut sapı çox məşhurdur. Bu sap keçi və qoyun bağırsağından hazırlanırdı. Bu gün də həm sadə, həm də mürəkkəb əməliyyatlarda bu sapdan istifadə olunur. Görünür, bu material yeganə təbii substansiyadır ki, orqanizm tərəfindən mənimsənilərək, yox ola bilir. Bundan başqa, Zəhravi ikiuclu qarmaqdan istifadə etmiş və ziyilləri kimyəvi maddələrlə müalicə etmiş ilk həkim idi. "Kitab ət-Təsrif" əsərində yer almış illüstrasiyalardan aydın olur ki, o ölü rüşeymlərin çıxarılması üçün xüsusi şpritslər də ixtira etmişdi.
Zəhravinin yaşadığı dövrdə elm və sənətdə çox geridə olan Avropa ölkələri Əndəlüs mədəniyyətindən aldıqları bilgilərlə "aydınlanma" dövrünə keçid etmişdilər. İçlərindən daha zəkalı olanlar dövrün elm dili olan ərəb dilini öyrənir və bəzi mühüm elmi əsərləri öz dillərinə tərcümə edirdilər. Bir sözlə, Avropada İslam alimləri və onların ortaya qoyduğu elmin işığı ilə meydana gələn İntibah Hərəkatında Zəhravinin də böyük rolu var.
Zəhravinin dövründə cərrahi əməliyyatlar çox primitiv şəkildə dağlama, qan alma, bəzi ur və şişlərin kəsilərək götürülməsi, hemçinin, sınıq və çıxıqların müalicə edilməsindən ibarət idi. Bu əməliyyatlar da bərbər-cərrah deyilən şəxslər tərəfindən aparılırdı. Ancaq Zəhravinin elmi fəaliyyətlərindən sonra cərrahlıq elmi tibb elminin müstəqil bir sahəsi kimi qəbul edildi. Zəhravi cərrahi əməliyyatlarda istifadə edilən qayçı, bıçaq və müxtəlif uclu alətlər icad etməklə yanaşı, həmin alətlərin formaları və onların emalında istifadə ediləcək metalların xüsusiyyətlərini də izah etmişdir. Bu cərrahi alətlərin bir çoxu daha əvvəl heç bir əməliyyatda istifadə edilməmiş yeni alətlər idi. Avropada cərrahlıq elminin təməlinin atılmasına səbəb olan bu əsər Salerno, Monpelye və digər Avropa tibb universitetlərində əsrlər boyu dərs kitabı kimi oxudulmuşdur.
Zəhravi ölü dölün atılması və hər hansı orqanın tibbi yolla kəsilməsi (amputasiya) daxil olmaqla bir çox həssas əməliyyatları daha da təkmilləşdirmişdir. Bundan başqa, tibb elmində xüsusi bir xəstəlik kimi məlum olan hemofiliyanı (yüksək qanaxmaya və qanın gec laxtalanmasına səbəb olan xəstəlik) təfərrüatlı bir şəkildə izah edən ilk şəxs də Zəhravi olmuşdur. Eyni şəkildə böyrək daşlarının necə çıxarılmasını ilk dəfə müəyyən edən də Zəhravidir.
Zəhravi sidik kisəsinin içindəki daşları parçalayaraq çıxarmaq məqsədilə canlı heyvanlar üzərində əməliyyatlar aparmış, həmçinin, meyit üzərində tibbi əməliyyatlar aparmaq kimi yeni fikirləri və metodları sınaqdan çıxarımışdır. O, bir ailə üzərində müşahidə etdiyi bəzi hadisələrin məcmusundan yola çıxaraq hemofiliyaya dair izahlar vermişdir.
Doğum əsnasında uşağın tərs gəlməsi həkimlərin qarşısında həmişə ciddi bir problem kimi qalırdı. Zəhravi ilk dəfə bu vəziyyətə müdaxilə etməyi tövsiyə etmiş və tövsiyə edilən bu üsul doğumu daha da asanlaşdırmışdır.
Zəhravi qadın xəstəlikləri sahəsində istifadə olunan metod və alətlərə də böyük yeniliklər gətirmişdir. Ortaya qoyduğu metod doğuma köməklik edən bir üsul idi. Halbuki Antik yunan alimi və ginekoloq Soran (98-138) və sələfləri belə buna cəsarət etməmişlər. Ancaq əsrlər sonra ştutqartlı ginekoloq Qustav Valxer (1856-1935) buna təşəbbüs etmiş və bu metod "Valxer mövqeyi" adı ilə tanınmışdır. Zəhravi döl yolunu süni olaraq genişləndirməyi təmin edən və beləliklə, doğumu daha da asanlaşdıran alətlər icad etmişdir. O, avropalı cərrahların, göz və diş həkimlərinin boş əllərinə çox mühüm və çox gərəkli alətlər bəxş etmişdir.
Zəhravi cərrahların insan anatomiyasına çox dərindən bələd olmalarının vaciib olduğunu bildirmişdir. O, əməliyyat ediləcək nahiyəni və ya orqanı yaxşı bilmədikcə cərrahi müdaxilə etməyi məsləhət görməmiş, insan anatomiyasına yaxşı bələd olmadan edilən hər hansı əməliyyatın çox ağır nəticələrə gətirib çıxara biləcəyini qeyd etmişdir.
Həmçinin, o bir sıra diş əməliyyatlarını da izah etmiş, diş çıxarma, diş kökünü qidalandırma, həmçinin taxma dişlə bağlı məlumatlar vermişdir.
Əməliyyatlarda istifadə etdiyi alətləri özünəməxsus bir metodla mikroblardan təmizlədikdən sonra onları yenidən istifadə etmişdir. Bunun üçün o "maddətus-safra" adında bir maddədən istifadə edirdi. Günümüzdə aparılan araşdırmalar da bu maddənin bakteriyaları öldürücü bir xüsusiyyətə sahib olduğunu isbat etmişdir.
İcad etdiyi alətləri hazırlayarkən o, pasientlər haqqında da düşünmüş və əməliyyat zamanı onları incitməmək və irinli yaraları açmaq üçün hiss olunmayan bıçaq kəşf etmişdir.
Tonzilloektomiya (burunda və boğazda "artıq ət" xəstəliyi) zamanı o, dili şpatel ilə sıxır, şişən badamçığı qarmaqla tutur və qayçıya bənzər alətlə kəsib götürürdü.
Zəhravi əsərində tibb ədəbiyyatında ilk dəfə olaraq qadınların sidik kisəsindən daşın çıxarılması prosesindən danışmışdır. Bütün bu qeyd olunanlar göstərir ki, min il əvvəl Əndəlüsdə xəstəxanalarda xəstələrə yüksək səviyyədə müalicə və xidmət göstərilmişdir.
Haşiyə çıxaraq burada bir məqamı vurğulamaq istəyirəm. Həm Zəhravinin tibb elminə dair yazdığı bu əsər, həm bu gün belə əvvəlki ehtişamından xəbər verən "Mədinətuz-Zəhra" şəhəri ağıla fizika elmindəki "birləşmiş qablar qanunu"nu gətirir. "Birləşmiş qablar"a su əlavə edəndə burada borular müxtəlif ölçüdə olsa da, suyun səviyyəsinin hər bir boruda eyni olduğunum görürük. Bunun kimi Zəhravinin bu gün belə əksəriyyətinin istifadə edildiyi 200-dən çox tibbi və cərrahi aləti icad etdiyi və bu alətlərlə əməliyyatlar apardığı bir vaxtda digər elm sahələrində tənəzzül baş verdiyini demək olmaz. Başqa sözlə, o dövrdə elmin tibb sahəsində zirvə yaşandığını demək mümkün olduğu kimi, elmin bütün sahələrində də belə bir zirvə yaşandığını demək olar. Əks halda, nə Zəhravi "Ət-Təsrif" əsərini yaza, nə də "Mədinətuz-Zəhra" şəhəri qurula bilərdi. Bunlar "Birləşmiş qablar"dakı suyun bir-biri ilə bağlı və əlaqəli olduğu kimi bir-birinə bağlı və əlaqəli məsələlərdir. Bir sözlə, min il bundan əvvəl bu günkü İspaniyada İslam intibahı başlamış və Avropanın intibahına təkan vermişdir.
Zəhravinin "Kitab ət-Təsrif" əsəri İslam dünyasından daha çox Avropada təsirli olmuşdur. Bir çox avropalı həkim bu əsərdən əsas mənbə kimi istifadə etmişdir. Əsərin xüsusilə cərrahlıqla bağlı 30-cu bölümü Latın dilinə tərcümə ediləndən sonra əlyazma nüsxələri İspaniya, İtalya və Fransada yayılmış, XV və XVI əsrlərdə dəfələrlə nəşr edilmişdir. XIV əsrdə yaşamış fransız həkimi Gi de Şoliakın öz əsərində Zəhravinin kitabına 200 dəfə istinad etməsi bu kitabın nə dərəcədə məşhur və nüfuzlu olmasını göstərir.
İslam dünyasında da Zəhravidən təsirlənən bir çox həkim var idi. Bunlar arasında XV əsrdə yaşayan Osmanlı alimi Sabuncuoğlu Şərafəddinin adını çəkmək olar. Sabuncuoğlu Şərafəddin Fatih Sultan Mehmetin dövründə yaşamış və Amasya xəstəxanasının baş həkimi olmuşdur. Bir çox tibb tarixçisi Sabuncuoğlunun "Cərrahiyyəi-İlhaniyyə" adlı əsərini Zəhravinin "Kitab ət-Təsrif" əsərinin bir tərcüməsi hesab edirlər. Bu iki əsər müqayisə edilənlə əsas məlumatlar eyni olsa da, bəzi fərqlərin olduğunu görmək olar.
Onu da qeyd edək ki, Zəhravinin ərəb dilində yazdığı otuz fəsildən ibarət "Kitab ət-Təsrif" əsərinin cərrahlıq elmi və tibbi alətlərdən bəhs edən sonuncu fəslinin bir nüsxəsi Bakıda AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun kolleksiyasında saxlanılır. Bu dəyərli əlyazma YUNESKO-nun Dünya Yaddaşı Proqramının siyahısına daxil edilmişdir.
Zəhravinin bu əsərinin Bakıda, AMEA Əlyazmalar İnstitutunda mühafizə olunan otuzuncu cildinin əlyazması 1983-cü ildə akademik Z. M. Bünyadov tərəfindən rus dilinə tərcümə edilmiş və faksimilyesi (əlyazmaların olduğu kimi çap olunması) ilə birlikdə "Cərrahiyyə və alətlər haqqında traktat" adı ilə Moskvanın "Nauka" nəşriyyatında çap edilmişdir.
Nazim Mustafayev