İlham Zəkiyev: "Uğur üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanmasıdır"

 

Sağlamlığı ilə imtahan olunmamış hər bir şəxsin istənilən sahədə uğur qazanması çox asandır. Amma sağlamlığında problem yaranmış insanın ardıcıl uğurlar qazanması, onun əzmi, inamı, bütün bunlara baxmayaraq, Allaha şükür edə bilməsi insanlar üçün daha əlçatmazdır. Uğur hekayəmizin budəfəki qəhrəmanı ardıcıl uğurları ilə hər birimizi sevindirən və ölkəmizi dünya idman arenasında layiqincə təmsil edən İlham Zəkiyevdir. O, Paralimpiya üzrə Azərbaycan cüdoçusu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 7-ci dan sahibi, Qarabağ müharibəsi əlili və qazisidir. İlham Zəkiyev 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı idi.

- Xoş gördük. Hər birimiz sizin kimliyinizi bilsək də, formal olaraq özünüz barəsində məlumat verərdiniz, zəhmət olmasa...

- Mən, İlham Əzizağa oğlu Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Sadə bir azərbaycanlı ailəsində. Ailədə 4 qardaş, 1 bacıyıq. Qardaşların ən balacası mənəm. Sumqayıtda 5 nömrəli orta məktəbi bitirmişəm. Məktəbdə oxuduğum dövrlərdən idmana həvəsim var idi. Böyük qardaşım Fikrətin sayəsində. O, sərbəst güləşçi idi. 10 yaşımdan ona qoşuldum və sərbəst güləşlə məşğul olmağa başladım. 1995-ci ildə isə məşqçimiz xaricə getdi. O ildən sonra, yəni 15 yaşımda cüdoya keçdim. Mehdi Hüseynzadə adına şəhər stadionunda cüdo üzrə məşqlər gedirdi. Qısa müddətdə mənim də respublikadaxili uğurlarım oldu. Dəfələrlə şəhər çempionu oldum. Respublika mükafatçısı oldum. 1998-ci lin iyun ayında yarış keçirildi. Bu yarışda Azərbaycan kubokunun qalibi oldum.

 

- Azərbaycan Silahlı Qüvvələrinin sıralarına nə vaxt qoşuldunuz?

- Azərbaycan kubokunun qalibi olandan bir ay sonra həqiqi hərbi xidmətə çağırıldım. Beləliklə, 1998-ci il iyun ayının 2-də hər bir azərbaycanlı oğlu kimi mən də vətən qarşısındakı xidməti borcumu yerinə yetirməyə getdim. Beyləqan rayonunun Daşburun stansiyasında əsgərləri mövqelərə bölüşdürəndə Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat taboruna seçim gedirdi və mən "N" saylı kəşfiyyat taboruna göndərildim. Məni elə birinci seçmişdilər, çünki ora yığma komandadan tam bir qalib kimi getmişdim. Fiziki görünüşümə və idman göstəricilərimə görə tam formada idim. 1,87 sm boyum idi, 94 kiloqram çəkim. 7 ay Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etdim. Qulluq etdiyim vaxt nümunəvi xidmətə görə fəxri fərmanlarla təltif olundum. 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan snayper gülləsi mənim baş nahiyəmdən dəydi. Güllə sol gicgahımdan daxil olub sağ gicgahımdan çıxdı. 5 gün koma vəziyyətində qaldım. Həkimlər valideynlərimi hər şeyə hazır olmaq üçün xəbərdarlıq etmişdilər ki, "İdmançı olduğu üçün ürəyi hələ də döyünür. 3-4 günə qalmaz. Gəlin, oğlunuzu görün". Şükür olsun Allahın böyüklüyünə. 5 gün sonra mən komadan anamın səsinə ayıldım, lakin onu görə bilmədim. Yaralanma nəticəsində mən görmə qabiliyyətimi tamamilə itirdim. Evimizə I qrup Qarabağ müharibəsi əlili kimi qayıtdım.

 

- Sizin üçün çətin idi...

- Bəli, çətin idi, heç 19 yaşım da tamam olmamışdı. O yaşda bu vəziyyətə alışmaq... Bütün planlarım, bütün arzularım alt-üst olmuşdu. Amma dostlarım, qohumlarım, ailəm yanımda oldular və məni dəstəklədilər.

 

- Yaralandınız və bir müddət idmandan uzaq qaldınız. Bəs, yenidən bu sahəyə nə vaxt qayıtdınız?

- Uzunmüddətli reabilitasiya dövrü keçəndən sonra 2002-ci ildə tam təsadüf nəticəsində mən Milli Paralimpiya Komitəsi ilə tanış oldum. Gənclər və İdman Nazirliyində bir şöbə müdiri var idi, Tağı Tağıyev, o mənə çox köməklik etdi və paralimpiya hərəkatına yönəltdi. Orada məni komitənin prezidenti İlqar Rəhimov başda olmaqla bütün işçi heyəti çox yüksək səviyyədə qarşıladılar və mənə lazım olan bütün şəraiti yaratdılar. Mən 2002-ci il noyabr ayının 1-dən məşqlərimi yenidən bərpa etdim, lakin bu dəfə paralimpiya hərəkatında. Düzdür, o vaxt tatamidə mübarizə aparmaq, belə vəziyyətdə güləşmək çətin idi. Zəhmət çəkdik, təslim olmadıq, axıra kimi vuruşduq və bugünkü nəticələr də göz qabağındadır.

 

- Öz uğurlarınızdan danışardınız, zəhmət olmasa...

- Bugünkü İlham Zəkiyev 5 paralimpiya idman oyunlarında iştirak edib. 4 paralimpiya medalına sahib olub. 2004-cü il Afina qızıl, 2012-ci il London bürünc medallarını qazanıb. 2016-cı ildə isə səhhətimlə bağlı təəssüflər olsun ki, 5-ci yerlə kifayətlənməli oldum. Amma bu da bizim ölkəmizə xal qazandırmışdı. Sonuncu dəfə iştirak etdiyim 2020-ci il Tokio Paralimpiya Oyunlarında da Azərbaycana bürünc medal qazandıraraq, öz kolleksiyamı daha da zənginləşdirmiş oldum. Avropa çempionatlarında 7 qat Avropa Çempionu olmuşam. 7 dəfə komanda şəklində qızıl medal qazanmışam. Dünya Çempionatında komanda şəklində 2 qızıl medal almışam. Bunların hamısı ölkəmiz, dövlətimiz, eləcə də, biz idmançıların yaxın dostu ölkə Prezidenti İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılıb. İlk dəfə 2008-ci ildə, növbəti dəfə isə Bakıda keçirilən ilk Avropa Oyunlarından sonra mən "Şöhrət" ordeni ilə təltif edildim. 2012-ci ildə mənə "Tərəqqi" medalı verildi. Paralimpiya hərəkatının yaranmasının 25 illiyinə görə, mənə III dərəcəli "Vətənə Xidmətə görə" ordeni verildi. Tokio Paralimpiya Oyunlarlarından sonra isə cənab Prezident məni I dərəcəli "Vətənə Ximətə görə" ordeni ilə təltif etdi. Bundan əlavə, I vitse-prezident Mehriban Əliyeva məni 2012-ci ildə Heydər Əliyev Mərkəzinin açılışında Heydər Əliyev Fondunun təsis etdiyi beynəlxalq "Qızıl Çinar" mükafatı ilə təltif etdi. Hazırda həm əməkdar idman ustası, həm də məşqçiyəm. Bundan başqa, Beynəlxalq Cüdo Federasiyası tərəfindən bir idmançının qazana biləcəyi ən yüksək adla - 7-ci danla təltif edilmişəm.

 

- İlham Zəkiyevə görə uğur nədir?

- İlham Zəkiyev üçün uğur üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanmasıdır və dalğalandırmaqdır. Azərbaycanı xaricdə layiqincə təmsil etməkdir. Çünki biz idmançılar ölkəmizin idman səfirləriyik. Biz tək idmanımızı deyil, həm də mədəniyyətimizi təmsil edirik. İdmançı tək özünü yox, bütün ölkəsini təmsil edir. Cənab Prezident bizi paralimpiya oyunlarına yola salanda heç vaxt deməyib ki, gedin, qızıl, gümüş, bürünc medal gətirin. Əksinə, deyib ki, bizi orada ləyaqətlə təmsil edin. Biz də əlimizdən gələni etmişik.

 

- İnsanlar sizi niyə "Qızıl oğlan" adlandırırlar?

- Yəqin, oyunlarda çox vaxt qızıl medal qazandığıma görə. Hətta mən Londondan bürünc medalla qayıdanda mənə dedilər ki, "Niyə bürünc medal? Niyə uduzdun?" Mən onda cavab verdim ki, "Uduzmamışam. Paralimpiyada hər hansı medal qələbə deməkdir". Paralimpiya oyunları bir il gecikdirildiyi üçün hər kəs düşündü ki, bu oyunlara maraq azalacaq. Amma elə olmadı. Əksinə, bizə sərf elədi. Nə üçün? Çünki biz ora qalib ölkənin idmançıları kimi getdik. Ordumuzun 44 günlük müharibədəki qələbəsinə görə, idmançılarımızda da çox yüksək əhvali-ruhiyyə var idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə can sağlığı versin. Bundan ruhlanan komandamız oyunlarda 14 qızıl, 1 gümüş, 4 bürünc medalla vətənə qayıtdılar. Mənim görüşümə qalanda isə son görüşdə sol ayağımın iki barmağı sındı və mübarizəni bu formada davam etdirməli oldum. Həkim barmaqlarımın sındığını dedi, amma mən bildirmədən mübarizəni davam etdirdim. Və növbəti görüşə çağırıldığım üçün tatamiyə çıxdım. Çünki bizim döyüşçülərimiz yaralı vəziyyətdə döyüşlərini davam etdirirdilər. Biz də qalib ölkənin əsgəri kimi görüşü davam etdirdik. Ondan sonra iki görüşdə oldum və vətənə bürünc medalla gəldim.

 

- Bəzən gənclər pessimizmə qapılaraq yanlış yollara düşür və ya intihara təşəbbüs edirlər...

- İntihar çıxış yolu deyil. Əksinə, ləkədir. İlham Zəkiyev vaxtında evdə oturmuş olsaydı, indi İlham zəkiyev olmazdı. Müharibə vaxtı da cəbhəyə yollandıq. Mən çalışırdım ki, qazilərimizlə görüşüm. Şəhid gələndə çalışırdım, orada iştirak edim. Ilk növbədə də çalışırdım ki, görmə qabiliyyətini itirənlərlə görüşüm. Çünki onları məndən yaxşı heç kim başa düşməz. Kimsə onlara təsəlli verəndə deyə bilərlər ki, "Sən nə bilirsən, mən nə çəkirəm?" Amma 20 il bundan əvvəl mən onların çəkdiyini çəkdiyim üçün onları ziyarət edirdim. Cəlilabadda bir qazimiz var idi, İsmayıl. Görmə qabiliyyətini tamamilə itirmişdi. Onun ünvanını tapıb getdim, ziyarət etdim. Xızıda Kamran adlı qazimiz var idi, onlara da getdim. Novxanıya gətirmişdilər, Amil, onu da ziyarət etdim. Mən bilirəm ki, məni onlara nümunə çəkirlər. Buna görə də, İlham şəxsən gedib onları ziyarət etməli idi. Komitə olaraq dəfələrlə qazilərimizlə görüşlər keçirmişik, onları paralimpiya idman növləri üzrə məşq etmək üçün dəvət etmişik. Onların reabilitasiya dövrü bitdikdən sonra, inşallah, bura cəlb edəcəyik.

 

- Gənclərə tövsiyələriniz...

- Gənclərə deyərdim ki, bizim elə bir rayonumuz yoxdur ki, orada olimpiya kompleksi olmasın. Bundan faydalansınlar, sağlam olsunlar. İdmanla məşğul olsalar, pis vərdişlərdən də uzaq olarlar. Sadəcə olaraq, düzgün idman növünü seçməlidirlər ki, uğur əldə edə bilsinlər.

 

- Təşəkkür edirik, vaxtınızı bizə ayırdığınız üçün...

Aygün Zayıdova