Qarakənd faciəsi Azərbaycanın ən güclü və qətiyyətli dövlət adamlarının bir gündə öldürüldüyü tarixin qaranlıq hadisələrindən biridir. Bu gün həmin hadisə barədə bəzi məqamlar aydınlaşsa da, cinayətin təfərrüatları hələ də bilinmir. Ancaq hər kəs tərəfindən bilinən bir şey var ki, bu hücum güclü dövlət olmaq, düşmənə qarşı amansız mübarizə aparmaq istəyənlərə qarşı bilərək həyata keçirilən planlı təxribat idi. Hadisə noyabr ayının 20-də baş verib. Əvvəlcə, həmin dövlət adamlarını eyni helikopterə yığanlar və bunun səbəbi barədə danışaq.

1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi rəsmi Bakıya zəng edir və bildirir ki, Qarabağda mübahisələrin və qarşıdurmaların artması ilə əlaqədar həmin bölgədə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilsin.

Bu qərardan sonra iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib olunur. Nümayəndələr ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalı idi.

Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun iştirakını xüsusilə xahiş edir. İlk siyahı Tofiq İsmayılovun rəhbərliyi ilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır.

Ancaq 1991-ci il noyabrın 19-da - uçuşun həyata keçirilməsinə bir neçə saat qalmış, gecəyarı siyahı təzələnir. Viktor Polyaniçkonun və güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya yenidən salınır. Son siyahıda olanlar içərisində Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.

20 noyabrda helikopter Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Qarabağa yola düşür. Və həmin bədbəxt hadisə baş verir. Mi-8 helikopteri Xocavənd rayonunun Qarakənd kəndi üzərində üç yüz metr yüksəklikdə uçarkən məlumata görə ermənilər tərəfindən qəfil atəş açılır. Saat 14.40 radələrində helikopter vurulur. Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənir.

Qəza nəticəsində ümumilikdə 22 nəfər dünyasını dəyişir. Siyahı aşağıdakı kimidir:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi

- İsmət İsmayıl oğlu Qayıbov - baş prokuror

- Məhəmməd Nəbi oğlu Əsədov - daxili işlər naziri

- Zülfü Saleh oğlu Hacıyev - baş nazirin müavini

- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili

- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili

- Osman Mirzəhüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri

- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini

- İqor Aleksandroviç Plaviski - DQMV-nin prokuroru

- Vladimir Vladimiroviç Kovalyov - DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı

- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini

- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru

- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant

- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi

- Alı Mustafa oğlu Mustafayev - telejurnalist

- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı

- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator

- Vyaçeslav Vladimiroviç Kotov - helikopter heyətinin komandiri

- Gennadi Vladimiroviç Domov - helikopter heyətinin üzvü

- Dmitri Borisoviç Yarovenko - helikopter heyətinin üzvü.

Qeyd etmək lazımdır ki, helikopterdə Azərbaycanın güclü, qətiyyətli adamları var idi. Onlardan bir general Məhəmməd Əsədov idi. 90-cı illərdə Azərbaycanla Ermənistan arasındakı döyüşlər başlamazdan əvvəl ölkədə bir çox adam artıq bilirdi ki, faciəvi hadisələr baş verəcək. Bu istiqamətdə ilk tədbir görən şəxslərdən biri də məhz Məhəmməd Əsədov idi. 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər Naziri vəzifəsinə təyin edilən general Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görür və təcili tədbirlərin görülməsi üçün Moskvaya, SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır. Daha sonra tez bir vaxtda Xüsusi Təyinatlı Milis Dəstəsini qurur. Erməni təcavüzlərini görən general Qarabağda xüsusi əməliyyatlar aparır. Erməni terrorçularını ifşa edir, onların Azərbaycan torpaqlarında təxribata hazırlaşdıqlarını sübutları ilə birgə təqdim edir. "Orada əvvəllər şahidi olmadığımız qədər erməni quldurları həbs etmişik. Qarabağa çox sayda silah daşınır. Biz bunu bilirik və əməliyyatlara davam edəcəyik. Bizə gələn məlumatlarda Azərbaycan kəndlərinin adlarının dəyişdirildiyi, vətəndaşlarımızın təzyiqlərə məruz qaldığı bildirilir. Görünür, ermənilərin Qarabağla bağlı hansısa planları var. Ancaq biz olduğumuz müddətdə Qarabağı heç kəs ala bilməyəcək", - deyən sabiq daxili işlər naziri bu çıxışından qısa müddət sonra adı "qara siyahı"ya salınır və Qarakənd faciəsində dünyasını dəyişir. Maraqlıdır ki, İsmət Qayıbov və digər azərbaycanlı dövlət adamları da ölməzdən əvvəl mətbuata Məhəmməd Əsədovun çıxışlarına bənzəyən açıqlamlar vermişdilər.

Hadisədən sonra cinayətlə bağlı müxtəlif iddialar səsləndi. Qəzaya uğrayan helikopterə yaxınlaşan maşın karvanını görən çobanın ifadəsinin silinməsi, azərbaycanlıların yerli özünümüdafiə dəstəsinə rəhbərlik edən "Qatır Məmməd" ləqəbli Yaqub Rzayevin qəza barədə müxtəlif fikirlər səsləndirdikdən sonra həbsxanada müəmmalı şəkildə ölməsi, vacib istintaq detallarının itməsi hadisənin hələ də qaranlıq qalan tərəflərindəndir. 

 

Ruslan Yusibov