Bu sayımızda istədik ki, psixoloji mövzulardan uzaq qaçaq və ötən ilin bu ayında bizə qələbə hissi yaşadan 44 günlük müharibənin döyüşçülərindən biri ilə həmsöhbət olaq. Düzdür, bu dəfə də psixologiya səhifəmizin həmsöhbəti psixoloq oldu, amma biz onunla tam başqa mövzulara toxunduq. Beləliklə, qonağımız ixtisasca psixoloq olan, müharibə zamanı tağım komandiri kimi döyüşən və vaxtından əvvəl baş-leytenant rütbəsi ilə təltif olunan Həsrət Həsənov oldu.

 

- Xoş gördük, Həsrət müəllim...

- Xoş gördük...

 

- Həm döyüşçü, həm də psixoloq kimi müharibədə iştirakınızdan danışardınız. Necə oldu ki, bizim psixoloq kimi tanıdığımız Həsrət müəllimin birdən müharibədə olmaq xəbərini eşitdik?

- Sentyabrın 27-də səfərbərlik elan olunduqdan sonra gözləyirdim ki, məni ordu sıralarına dəvət edəcəklər. Baxmayaraq ki, yaşım 35 yaşdan yuxarıdır, amma yenə də leytenant kimi ehtiyata buraxıldığım üçün bilirdim ki, ordu sıralarına çağırılacağam. Bunu gözləyirdim. Bir müddət keçməmişdi ki, məni ordu sıralarına döyüşçü kimi dəvət etdilər.

 

- Hansı bölgədə xidmət göstərirdiniz?

- Biz ilk olaraq Cəbrayıl-Qubadlı istiqamətində döyüşə başladıq. Eyni zamanda, Qubadlının alınmasında iştirak etdik. Ondan sonra Xocavənd, Xocalı və Şuşanın müdafiəsini təşkil etdik. Əsasən, bu istiqamətlərdə döyüşmüşük. Milli Qəhrəmanımız Şükür Həmidov şəhid olandan sonra onunla çiyin-çiyinə döyüşən əsgərlər də bizim dəstə ilə birgə döyüşlərdə iştirak etməyə başladılar.

 

- Mütləq ki, şəhid olmazdan əvvəl ən azı bir şəhidimizlə həmsöhbət olmusunuz. Onlar hansı hissləri keçirirdilər? Onlarla bağlı və ya döyüşdə heç unutmayacağınız xatirələrinizdən danışardınız.

- Təbii ki, orada iştirak edən hər kəs kimi bizim də böyük itkilərimiz oldu. Bir müddət sonra nə olacağını düşünmədən vuruşduğumuz uşaqlar birdən gözümüzün qarşısında şəhid olurdular. Bir qabdan yemək yeyib, çay içdiyimiz insanların bir müddət sonra başqa bir məkanda olduğunu eşidirdik. Elə bil ki, orada şəhid olan hərbçilərimiz seçilib gedənlər idilər. Sanki onlar şəhid olmağa can atırdılar və biz də onların şəhid olmalarının şahidi olurduq. Çox fərqli hissdir. İndi danışanda belə insan qəribə hisslər keçirir. Orada yaşananları danışmaqla ifadə etmək çətin məsələdir. Bizi ilk əvvəl Ağcabədiyə yığmışdılar. Siz gedirsinizsə, bilin ki, ya şəhid olmuş, ya da yaralanmış birinin yerinə gedirsiniz. Buna görə də, ön cəbhəyə getməyi çox da tez arzulamayın. Həqiqətən də elə oldu. Mən üçüncü tağım komandiri idim ki, öz tağımımda məndən əvvəlkilərdən biri şəhid olmuşdu, biri də yaralanmışdı. Eyni zamanda bölük komandiri yaralanıb getmişdi. Üçüncü tabor komandirimiz idi ki, şəhid olmuşdu və yenisi ilə əvəz olunmuşdu. Bizim məşhur "Cəbrayıl canavarı" deyilən komandirimiz var idi, polkovnik-leytenant Rəşad Quliyev, biz onu elə Cəbrayılda "vışka" deyilən yer var idi, orada itirdik. Hətta Cəbrayılın alınmasında onun xüsusi rolu olmuşdu.

Müharibədə möcüzə deyə biləcəyimiz çox hadisə yaşamışıq. Hələ müharibəyə girməmiş yaşadığımız hadisəni danışım. Biz Ağcabədidən üzü Cəbrayıl istiqamətində gedirdik. Füzulidən keçəndə bizim maşınımızı artilleriya atəşinə tutdular. Artilleriya mərmisinin biri gəlib önümüzə düşdü. Orada bir çaxnaşma yaşandı və onda hiss etdik ki, biz döyüşün içindəyik. Hətta əlimizdə silah belə yox idi, çünki biz tam başqa istiqamətə gedirdik. Bizim döyüş zonasından keçdiyimizi görüb artilleriya atəşinə tutmuşdular. Hətta orada 5-10 metrlik məsafə qalmışdı ki, maşınımızı vursunlar.

Yadda qalan hadisələrdən biri də o oldu ki, bir gün döyüşdən sonra müqəddəs kitabımız "Quran"dan "Yasin" surəsinin oxunduğunu eşitdim. Yaxınlaşdım ki, döyüşçülərdən biri daşın arxasında oturub oxuyur.

Sonra Hacıyev Hacı adlı bir snayperçim var idi. Döyüşlərdən birində başından vurdular. Görünməmiş bir şey oldu. Snayperin gülləsi böyür tərəfdən kaskadan tutdu. Kaskanın qırıntıları başına batdı, güllə isə yayınıb keçdi. Snayper gülləsi heç vaxt yayınmazdı. Burada əsgərin bəxti gətirdi. O da bizim üçün çox yaddaqalan oldu. Eyni zamanda bölük komandirimiz Bağırov Cəfər var idi, bu gün də bölük komandirliyinə davam edir. Onun da yanına eyni vaxtda üç minaatan mərmisi düşdü, amma heç biri partlamadı. Sağına, soluna və qarşısına düşən mərmilərdən heç birinin partlamaması da bizim üçün yaddaqalan olmuşdu. Başqalarını da danışmaq olar, onsuz da döyüşdə hər addımın bir xatirədir.

 

- Bildiyimiz qədəri ilə sizin də xalanız oğlu şəhid olub. Allah hər bir şəhidimizə rəhmət eləsin, o da onlarla birgə...

- Bəli, mənim xalam oğlu da şəhid olub. Hüseyn Həmidzadə. Bizim onunla sonuncu danışığımız səfərbərlik elan olunan gün oldu. Yəni, sentyabrın 27-də mənə zəng edib: "Xala oğlu, ürəyim partlayır e. Hamını müharibəyə çağırırlar mən qalmışam evdə. Mən də getmək istəyirəm", - deyə məyusluğunu bildirmişdi. O, Polad Həşimov şəhid olandan sonra çox təsirlənmişdi. Çünki əsgərlik vaxtı onun əsgəri olmuşdu. Arzulayırdı ki, müharibə başlasın, o da gedib orada iştirak etsin. Mən də onda ona: "Narahat olma, gözlə, müharibəyə səni də, məni də aparacaqlar", - deyə cavab verdim. Həqiqətən də elə oldu. Bir neçə gün sonra Hüseynin əmri gəldi və o getdi. O gedən gün bacım oğlu Elsevər, onlardan bir neçə gün sonra da mən getdim. Hüseyn 24 oktyabrda Xocavənd uğrunda gedən döyüşlərdə şəhid oldu. Onun şəhid xəbərini mən 2 ay 10 gün sonra eşitdim. Biz Qubadlı istiqamətində olanda evdən mənə zəng vuruldu. Onda Hüseyn döyüşdə olduğu üçün onu soruşdum. Mənə dedilər ki, "Hüseynlə danışmışıq, çox yaxşıdır". Sonradan öyrəndim ki, qohumlarımla danışdığım gün artıq Hüseyn 2 gün imiş ki, şəhid olubmuş. Həmin vaxt mən pis olmayım deyə heç kim bu barədə məlumat verməyibmiş. Bizim bir şəhidimiz də var. Hansı ki, o da 3 ayın əsgəri olub. Gəlinimizin bacısı oğlu Musayev Rəşad.

 

- Biz cəmiyyət olaraq qazilərimizlə, döyüşçülərimizlə, xüsusilə də, şəhid ailələri ilə necə davranmalıyıq?

- Qazilərimiz, döyüşçülərimiz və şəhid ailələrimizlə münasibət məsələsinə həm psixoloq kimi, həm də kənardan məsələni izləyən bir insan kimi yanaşacağam. İstər dövlət tərəfindən, istərsə də sadə insanlar tərəfindən onlara qayğı var, yoxdur deyə bilmərik. Amma yetərincə diqqət olunurmu? Xeyr! Təəssüf ki, diqqətdən kənar qalan neçə şəhidimiz, qazimiz və onların ailələri var. Hər şeyi dövlətmi etməlidir? Xeyr! Çünki dövlətin hamıya bir arada və eyni vaxtda diqqət göstərməsi çətin məsələdir. Millətimiz də çalışmalıdır ki, onları diqqətsiz qoymasın. Hər hansı bir səbəbdən müharibə iştirakçılarının psixoloqa getmək imkanı olmur. Odur ki, el ağsaqqalları, xalqımız onlara dəstək olsunlar. Döyüşlərdə ən azı 60 min şəxs iştirak etmişsə, bu o deməkdir ki, 60 min psixoloji dəstəyə ehtiyacı olan ailə var. Çünki o zədəni tək döyüşən əsgər almır, o ailəlidirsə, ailəsi və uşaqları da alır. Anası, atası da alır, bacısı, qardaşı da alır. Buradan görürsünüz ki, müharibə zədəsini tək bir nəfər deyil, onunla yanaşı daha bir neçə nəfər də alır. Bu, qısa vaxtda həll olunacaq problem deyil. Bəlkə də, bu problemin həlli illər alacaq. Bu məsələdə psixoloji mərkəzlərin də üzərinə çox iş düşür. Yaxşı olardı ki, psixoloji mərkəzlər özlərində könüllü qrupları təşkil edərdilər. Müəyyən döyüş iştirakçılarına və onların ailələrinə təmənnasız xidmət göstərərdilər.

 

- Əlillik, qazilik və ya müharibə veteranı adını ala bilməyən döyüşçülərimizə necə psixoloji yardım etmək olar?

- Hazırda bu çox ciddi problemdir. Çünki əlil, qazi və ya müharibə veteranı olanlara bu adların verilməməsi istər cəmiyyətdə, istərsə də müharibə iştirakçıları arasında çox ciddi narahatlıq yaradır. Ümid edirəm ki, bu məsələ tezliklə öz həllini tapar. Aidiyyəti orqanlar bu məsələyə ciddi yanaşar və məsələ tezliklə öz yoluna düşər. Bu statusları tələb edən şəxslərə haqlarının verilməsi ən güclü psixoloji dəstəkdir. Məncə əlilliklə bağlı məsələnin gec təyin olunması o qədər də doğru bir şey deyil. Vaxtında təmin edilən dərəcə onlara maddi baxımdan da dəstək olmuş olar. Məsələn, mənim bir əsgərim var. Yaralanıb, əlillik dərəcəsini ala bimir. Eyni zamanda əvvəlki iş yerindən də kəllə-beyin travması aldığı üçün azad edilib. Yeni iş yerlərinə də travma aldığı üçün qəbul etmirlər. İndi bu adam nə etməlidir? Ailəsini necə dolandırmalıdır? Təəssüflər olsun ki, bu cür hallar çoxdur. Bu cür hallar istər qazilərə, istər əlillik dərəcəsi ala bilməyənlərə, istərsə də müharibə veteranlarına psixoloji olaraq çox pis təsir edir. Müharibədən yeni çıxmış ölkəyik, yəqin ki, zaman keçdikcə hər şey öz yerinə oturar.

 

- Cəmiyyət olaraq müharibədən sonra bəzi qazilərimizin intihara əl atdığının şahidi olduq. Bununla bağlı nə deyə bilərsiniz? Onlarla vaxtında göstərilən psixoloji yardım onları bu addımdan yayındıra bilməzdimi?

- Bu intihar məsələsi də çox ağrılı bir məsələdir. Heç bir insan özünə zərər vermək istəməz. Görün, o insanlar nə qədər çıxılmaz vəziyyətə düşürlər ki, onlar özlərinə ziyan yetirirlər. Üstəlik, burada onların təkcə müharibə dövründəki vəziyyətlərinə yox, bəlkə də müharibədən əvvəlki vəziyyətlərinə baxmaq lazımdır. Demək, onlar tək müharibə dövründə yox, müharibədən əvvəlki dövrdə də hər hansı psixoloji zədə alıblar ki, bu gün biz belə özünəqəsd halları ilə rastlaşmış oluruq. İndi təsəvvür edin ki, ömründə vəfat etmiş adam görməyənlər birdən-birə döyüş meydanına düşürlər. Orada öz döyüş yoldaşlarının fərqli vəziyyətlərini görürlər, yəni, döyüş yoldaşı ət parçası formasında qarşılarına çıxır. Yanlarında neçə-neçə döyüş yoldaşları şəhid olur. Düşünün ki, bir minaatan mərmisi hər hansı döyüşçünün üzərinə düşürdüsə, o, tikə-tikə, bədən hissələri yığılmış formada göndərilirdi. Bu kimi səbəblərdən onların çox ciddi psixoloji zədə almaları gözlənilən haldır. İkinci tərəfdən, onların müharibədən gələndən sonra da ətrafdan və dövlətdən gözlədikləri müəyyən şeylər olur. Bundan fərqli vəziyyətlə qarşılaşdıqda isə artıq onlarda psixoloji iradə zəiflədiyi üçün özlərinə çıxış yolu kimi bəzən intiharı seçirlər. Mənim əsgərlərim var ki, hələ də onlar yuxudan qışqıraraq oyanırlar. Hansı ki, o anda özlərini müharibədə imiş kimi hiss edirlər. Onlara hökmən psixoloji dəstək göstərilməlidir. Təəssüf ki, o döyüşçülərin və ya onların ailələrinin buna maddi imkanı çatmır.

 

- Müharibə elə bir şeydir ki, istər-istəməz vətənini sevən hər kəsin üzərində (müharibədə iştirak etdi-etmədi, fərqi yoxdur) öz təsirini qoyur. Sizcə, cəmiyyət olaraq biz həmin travmanı atlatmışıqmı?

- Əvvəl də dediyimiz kimi döyüşə getmiş döyüşçü ilə barəbər onun ailə üzvləri də bu travmanın içərisinə girmiş olur. Hətta döyüşçünün tək öz ailəsi yox, ona yaxın hər bir şəxs bu travmanın eşiyində olur. Hər şəhid xəbəri gələndə "Görəsən, bizim şəhiddirmi?" və yaxud bilmədiyi bir nömrədən zəng gələndə "Görəsən, mənim övladıma, oğluma nə oldu?" deyə bu travmanı yaşayıblar. Heç uzağa getmədən mən öz ailəmdən misal verim. Atam deyir ki, "Saat 10-dan, 11-dən sonra gələn zəngi açmağa qorxurdum ki, səndən nəsə xəbər gələr". Bunu hər kəs gözləyirdi. Əvvəl də qeyd etmişdim ki, ailədən iki şəhid vermişdik, artıq evdəkilər də həmin travmanı yaşamışdılar. Üçüncü travma kimi mənim, ya da bacıoğlumun müharibədə olması o travmanı daha da artırırdı. Müharibə travmasını xalq olaraq atlatmağımız bir az vaxt alacaq. Hələ də müharibə xəbəri eşidəndə gözlərinə yuxu getməyən valideynlər var. Ona görə də, mütləq psixoloji dəstək almalıdırlar. Təəssüf ki, bunun üçün kifayət qədər psixoloqlarımız yoxdur.

 

- Sizə bir psixoloq kimi istər yaxın ətrafınızdan, istərsə də tanımadığınız insanlardan hələ də müharibənin təsirində olmaları ilə bağlı müraciət edənlər olubmu? Və ya elə insanlar varsa, onlar həmin travmanı atlatmaq üçün nə etməlidirlər? Onlara tövsiyələriniz...

- Bəli, təbii ki, bir psixoloq kimi müraciət edənlər olub. İstər öz əsgərlərimdən olsun, istər kənardan olsun, istər yaxınlarını müharibədə itirənlərdən olsun. Psixoloji dəstək istəyənlər olur, amma sadəcə olaraq mən hələlik onlara o qədər də dəstək ola bilmədiyim üçün müxtəlif yerlərə istiqamətləndirmişəm. Mənim özüm hələ də o travmanı atlata bilmədiyim üçün travmalı biri ilə mənim məşğul olmağım o qədər də doğru olmazdı. Bu gün posttravmatik sindrom bizim döyüşçülərin əksəriyyətində görünən haldır. Onlar bir növ cəmiyyət içərisişndə özlərinə yer tapmaqda çətinlik çəkirlər. Müharibədə öz yaxınlarını, dostlarını itirənlər var, onların ailələri var. Bu sindromdan əziyyət çəkənlər hədsiz dərəcədə çoxdur. Döyüşçülərdə görünən hallardan biri də özlərini günhakar psixologiyasına salmalarıdır. Nə üçün? Tutaq ki, müharibə vaxtı əsgər yoldaşına bir yerə köməyə getməlidir. Beş dəqiqə gecikir, nəticədə eşidir ki, döyüş yoldaşı şəhid olub. Əslində, ondan asılı olmayan bir şeydir. Orada bir növ özünü günahkar çıxarır ki, bəlkə də, mən beş dəqiqə tez getsəydim, ya da mən onunla bərarbər olsaydım, o şəhid olmazdı. Bu kimi fərqli-fərqli hallar da var. Özünü bu cür günahkar çıxarıb, sonra da depressiyaya girən, travma alan əsgərlərimiz var. Əksər müraciət edənlər də bu istiqamətdədir. İnşallah, hər şey düzələcək, amma vaxt alacaq.

 

- Sizin kimi döyüşlərdə iştirak etmiş və travma almış şəxslərə tövsiyələriniz...

- Travmalı insanlar təbii ki, var, istər ətrafımızda olsun, istər kənarda. Onlar mütləq məsləhət almalı, psixoloqla görüşməlidirlər. Bir də əsas pozitiv olmalıdırlar. Özlərini xoşbəxt hiss etməlidirlər ki, qalib bir dövlətin qalib ordusunun tərkibində döyüşüblər. Bilirsiniz ki, Azərbaycan son 100 ildə ilk dəfədir ki, işğal olunmuş torpaqlarını düşməndən geri alıb. Bunları düşünərək özlərini pozitiv xətt üzrə kökləməlidirlər. Hər kəsə qismət olan şey deyil, nə qazilik, nə də şəhidlik. Allah bizləri sevib, seçib ki, bizlər bu döyüşlərdə iştirak etmişik.

 

- Təşəkkür edirik, gəldiyiniz üçün...

 

Aygün Zayıdova