Bir neçə il əvvəl bəzi məktəblilərin intiharı ölkə gündəminə bomba kimi düşdü. Bu intiharların bir ortaq tərəfi var idi iki, o yeniyetmələrin hamısı özünü hündür yerlərdən atmışdı. 15-16 yaşlı bir gəncin bu addımını vəhşi cəsarət kimi qəbul etmək ağla sığan hal deyildi. İşin içində mütləq hansısa müəmmalı məqamlar olmalı idi. Bir qədər araşdırandan sonra intihar edən o gənclərin son günlərdə hər kəsdən uzaq, özünə qapalı həyat keçirdiyi, saatlarla kompüterin qarşısından çəkilmədiyi məlum olmuşdu. Kompüterə baxış zamanı hər şey ortaya çıxmışdı: “Mavi balina”. Adını çəkdiyimiz bu oyun xaraktercə hələ tam formalaşmamış, zəif uşaqların iradəsini əlindən alan, onu istədiyi kimi yönləndirən amansız tələdir. Bu tələyə düşən yeniyetmə oradan gələn tapşırıqları yerinə yetirdikcə mədh edilir və ona mərtəbəsinin yüksəldiyi deyilir. Təsəvvür edin ki, bu oyuna bağlılıq o dərəcəyə gəlir ki, yeniyetmə 5-6 saat gözünü ekrandan ayıra bilmir, bütün diqqəti ilə ora bağlanır. Bu bağlılıq və təslimiyyət o dərəcəyə gəlir ki, yeniyetmə heş kimi görmək, heç kimlə danışmaq istəmir, ən yaxın adamlarına belə qulaq asmır.., nəticə də bəlli.

Bəli, yeni əsrin, yeni həyat standartının yeni də bəlaları var. Kompüter texnologiyasının, internetin faydalarını saymaqla bitirə bilmərik, amma bu elmi nailiyyətin bu cür amansız tərəfləri də yox deyil. Demək, bu yeni həyata alışmağın da öz şərtləri, öz tələbləri var. Belə bir söz var: “Doğulan hər uşaq valideynindən daha çox öz zamanının övladıdır”. Hamımız şahidik ki, bu gün mobil telefon olan ailələrdə 3-4 yaşlı uşaqlar onun bir çox funksiyasını bilir, istədikləri mahnını tapıb qulaq asır, oyunlar oynayırlar. Hətta elə uşaqlar var ki, gününün 3-4 saatını telefonla keçirir. İndi uşaqları hərəkət, fizik güc, qaçmaq, oynamaq tələb edən oyunlardan daha çox bu cür hərəkətsiz, əsəbləri gərən, psixikanı yoran kompüter oyunları cəlb edir. Həm də bu cazibə o qədər güclü olur ki, sən uşağı telefondan, ya kompüterdən uzaqlaşdırmaq istəyəndə onda elə bir gəginlik, aqressiya görürsən ki, məəttəl qalırsan: “Bu uşağa nə oldu? Bu niyə bu qədər gərginləşdi?”

Hər kəs razılaşar ki, uşaqları mobil telefondan və ya kompüterdən məhrum etmək mümkün olmadığı kimi, heç doğru da deyil. Bizim övladlarımız elmi-texniki nailiyyətlərdən faydalanmalı, yenilikləri öyrənməli, zaman axarına ayaq uydurmalıdırlar. Amma bu məsələdə diqqət etmək lazımdır ki, uşaqlarımız bu məsələdə doğru istiqamətdə inkişaf etsinlər, “mavi balina” kimi cəlladlara yem olmasınlar. Ona görə də, bu məsələdə nəzarət qaçılmazdır. Hər birimiz övladımızın hansı saytlara girdiyinə, hansı oyunları oynadığına göz qoymalıyıq. Övladımız seçimdə ona təzyiq olmadığına inandığı kimi, bilməlidir ki, valideyn onun oyunlarına da, girdiyi saytlara da nəzarət edir. Yəni, bütün bunlar valideyn-övlad münasibətində qarşılıqlı anlaşma şəraitində həll olunmalıdır.

Sağlam əxlaqlı övlad yetişdirmək istəyiriksə, diqqət mərkəzində saxlamalı olduğumuz amil onun mühiti, kimlərlə dostluq, yoldaşlıq etməsi, kimlərlə oturub-durmasıdır. Bəzi xəstəliklər kimi bəzi xarakterlər də yoluxucu ola bilir. Belə ki, uşaq yaşlarında cazibədar görünən bir çox halların, davranışların sonrakı mərhələdə nə qədər zərərli olduğunu bilirik. Uşaqlar arasında ən çox dominantlıq edənlər də nadinc, davakar uşaqlar olurlar. Onların bu davranışları başqalarına çox cazibəli göründüyü üçün onları asanlıqla təsir altına ala bilirlər.  Ona görə də, övladının gələcəyini düşünən hər bir valideyn bu kimi həyati məsələlərdə həssas olmalı, məktəblə, övladının müəllimi ilə ünsiyyəti kəsməməli, onun məktəbdə özünü necə aparması, dərslərə necə cavab verməsi ilə bağlı gündəlik məlumatları əldə etməlidir.

Əslində, uşağın evdə özünü necə aparması onun məktəbdə, küçədə necə davranması haqqında da xeyli məlumat verir. Əgər uşaq valideynə yalan deyə bilirsə, demək həyəcan təbili çalmağın vaxtıdır. Çünki yalan danışmaq qüsurların, xətaların üstünü örtmək cəhdidir. Uşaq yalan danışırsa, mütləq hansısa xətası var. Uşağın həyatından yalanı çıxarmaq valideynin qarşısında duran ən mühüm vəzifələrdən, tərbiyə prosesinin təməl dayaqlarından biridir.

Son illərdə məktəblərimizdə psixoloqların fəaliyyətinə geniş yer verilməsi əslində hər bir valideyn üçün bu məsələdə böyük köməkdir. Bundan əlavə, bir çox yerlərdə psixoloq kabinetləri fəaliyyət göstərir. Övladını psixoloq yanına aparmaq yaxın keçmişə qədər arzuolunmaz hal hesab olunsa da, indi bir çox valideynlər bu xidmətdən faydalanmağa çalışırlar və əksər hallarda da istədikləri nəticəni əldə edə bilirlər. Yəni, bir neçə psixoloji seansdan sonra uşağın davranışında müsbət dinamika özünü göstərir.

Tərbiyə mövzusunda ən mühüm məqama toxunmaq istəyirik. Qəbul edilmiş belə bir həqiqət var: Siz tərbiyəli, dürüst övlad yetişdirmək istəyirsinizsə, əvvəlcə özünüzü tərbiyə edin, onsuz da uşaq sizdən nə görürsə, onu da götürəcək. Yəni, valideyn ailədə onun-bunun qeybətini qırırsa, yalan danışırsa, suya, işığa, qaza qənaət etmirsə, ailə üzvləri arasında ayrıseçkilik qoyursa, haqsız davranırsa, ağzından dürr tökülsə də, heç bir faydası olmayacaq. Çünki uşaq valideynin sözündən çox, davranışlarını örnək alır.

Unutmayaq ki, uşaq ətrafında hər şeyi müqayisə yolu ilə dəyərləndirir. Yəni, valideyn övladın gözündən düşərsə, övlad valideyndən daha çox hansısa başqa bir adama etimad edər, rəğbət göstərərsə, heç şübhəsiz ki, onu özü üçün örnək hesab edəcək. Bu zaman, əlbəttə, valideyn sözü o uşaq üçün təsirli olmayacaq.

Övlad bizə Allahın əmanətidir, onu düzgün, gözəl tərbiyə ilə, sağlam böyütmək valideynin borcudur. Bizim sabahımız həm də necə nəsil yetişdirməyimizlə bağlıdır. Ona görə də, həm valideynlik borcumuzu, həm də gələcək aqibətimizi düşünərək elə nəsil yetişdirək ki, sonradan peşman olmayaq. Bu, həm də bizim vətənpərvərliyimiz, vətən qarşısında borcumuzdur.

 

Əli Çərkəzoğlu