1990-cı illərdə Azərbaycan-Ermənistan arasında baş verən hadisələri işıqlandıran, bölgədəki qaynar nöqtələrdən reportajlar hazırlayan azərbaycanlı jurnalistlərdən biri də Alı Mustafayev olub. O, 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində dünyaya gəlib. 1959-cu ildə Qazaxbəyli kəndində səkkizillik məktəbdə oxuyub. Daha sonra 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirib. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1973-cü ildə orduda xidməti başa vurduqdan sonra Bakı Elektrik Maşınqayırma zavodunda işə başlayıb.
24 yaşlı Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişi ilə o vaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə orada təhsilini başa vurur. Jurnalist kimi ilk fəaliyyətə Azərbaycan Dövlət Teleradio Şirkətinin "Xəbərlər" proqramında başlayır. Bir müddət işlədikdən sonra fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına layiq görülür. O, işlədiyi vaxtlarda Bakı Ali Partiya Məktəbini də bitirir. 1990-cı il yanvarın 20-də Bakının bəzi küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını işıqlandırır.
Alı Mustafayev Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Qarabağdan, eləcə də dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla tanınırdı. O, 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisinin parlament müxbiri idi.
Alı Mustafayev AzTv-də işlədiyi dövrdə ermənilər Qarabağda təxribatlar, qətliamlar törətməyə başlamışdı. Bu səbəblə 1991-ci ilin may ayında Məhəmməd Əsədovun göstərişi ilə "Halqa" əməliyyatı başlayır. Strateji əhəmiyyət daşıyan əməliyyatda əsas məqsəd Qarabağda təxribat törətməyə çalışan erməniləri zərərsizləşdirmək və həmin ərazidə təhlükəsiz zona təşkil etmək idi. Odur ki, bütün üzvləri azərbaycanlılardan təşkil edilmiş Xüsusi Təyinatlı Milis dəstəsi ilə birgə Azərbaycan ordusunun əsgərləri aprel ayının 10-da Çaykəndə daxil olur. 2 həftədən çox davam edən əməliyyat zamanı məlum olur ki, Çaykəndə çox sayda terrorçu, cinayətkar və Azərbaycana qeyri-qanuni yolla gəlmiş axtarışda olan şəxslər məqsədli şəkildə yerləşdirilib. Bu hadisə ictimaiyyətə açıqlandıqdan sonra ölkədə bir çox qarışıqlıqlar yaşandı. Naməlum qüvvələr Azərbaycanın ermənilərə qarşı mübarizə aparmasına mane olmağa çalışırdılar. 1991-ci ilin 18-19 noyabrında isə erməni hərbi birləşmələri Xocavəndin Qaradağlı kəndində daha bir qırğın törətdilər. Qısa müddət sonra Kremldən tapşırıq gəlir və Təhlükəsizlik Şurasınının növbəti iclasının Qarabağda keçirilməsinin vacibliyi vurğulanır. Dövlət adamlarından ibarət siyahı hazırlanır. Azərbaycanın ən güclü və vəzifəli şəxslərindən ibarət qrup helikopterlə Qarabağa göndərilir. Onlar həmçinin Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törədilən faciələrlə də yerində tanış olacaqdılar.
Alı Mustafayev də çəkiliş qrupu ilə birgə həmin helikopterə minir. O, bölgədəki vəziyyətlə bağlı reportaj hazırlayacaq və düşmən təxribatları ilə bağlı ictimaiyyəti məlumatlandıracaqdı.
20 noyabr 1991-ci ildə Alı Mustafayev və hökumət nümayəndələrini aparan hərbi helikopter erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə, helikopterdə olan bütün şəxslər dünyasını dəyişdi.
Alı Mustafayev Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edildi. Ailəli idi, üç övladı var. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Ölümündən sonra "Respublikanın əməkdar jurnalisti" fəxri adına layiq görüldü. 1991-ci ildə Bakının Nərimanov rayonundakı 202 saylı orta məktəbə, 1993-cü ildə isə Ağstafa rayonu Həsənsu kənd, Qəbələ rayonu Hacıalılı kənd, Qazax rayonu Qazaxbəyli kənd, Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kənd, Saatlı rayonu Qırağlı kənd, Qubadlı rayonu Zilanlı kənd orta məktəblərinə Alı Mustafayevin adı verildi. Bakıda yerləşən küçələrdən biri də onun adını daşıyır.
Ruslan Yusibov