Nə az, nə çox, düz 28 il içimiz yandı. Kimimiz gizli, kimimiz hər kəsin gözü önündə ağladı. Dərdimiz ağır dərd idi, Vətənin bir bölüyü düşmən tapdağında qalmış, ev-eşiklərimiz bir yana, əcdadımızın gorgahları darmadağın edilmiş, 1 milyona yaxın soydaşımız didərgin düşmüş, özünə yenidən yurd-yuva, ev-eşik qurmaq üçün çırpınırdı. Heysiyyatı, qüruru olan hər Azərbaycan kişisinin gözünə kölgə enmişdi. Baxışımız sərtliyini, sözümüz qətiyyətini itirmişdi. Hərdən lazım gələndə evdə arvad-uşaq yanında səsimizi qaldırmağa belə üzümüz yox idi. İçimizdə ağladıq, göz yaşlarımız vulkan lavası kimi içimizə axdı on illər boyu. Bəzən üzümüzə xəfif, qorxaq bir təbəssüm qonsa da, içimizdə ağlayırdıq. Kim deyir ki, kişi ağlamaz? Yalan sözdür. Kişi ağlayar, amma şivən qoparmaz, səssiz, için-için, dodaqdan qopan dua kimi damla-damla göz yaşları axıdar içindəki yanğının, ağrının üstünə. Bəzən göz yaşı da dua kimi oxuna bilər. Bizim göz yaşlarımız dualarımızla birlikdə axdı, göz yaşlarımız içimizə, dualarımız Sonsuz Qüdrət və Mərhəmət Sahibinə doğru.

Həmin illərdə bir Azərbaycan kişisi başına qadın ləçəyi bağlayıb gəzirdi. Çoxumuz o ləçəkli kişini görəndə utanırdıq və düşünürdük ki, əslində, o ləçək hər birimizin başında olmalıdır. Doğrudur, çoxları kimi mən də o addımı ata bilmədim, amma hər dəfə o başı ləçəkli adamı görəndə içimdə onun məndən daha dürüst, daha qətiyyətli, daha güclü olduğunu özümə söyləyir, hətta söyləmir, qışqırırdım. Ağır illər yaşadıq, çox ağır. Bir xalq kimi üzümüzdən təbəssüm çəkilmişdi. Şaqqanaq çəkib gülən adam görəndə içimizdə hirslənirdik: "Bu nə heysiyyatsız, nə arsız adamdır? Elə bil bu bölünmüş vətən, bu əzilmiş insan, bu gözü yaşlı ana, iliklərinə qədər çarəsizliyini yaşayan bu xalq bunun deyil."

Biz nələr yaşadıq, nələr!.. Təqvimin hər ayında qara boyadığımız günlər sıralanmışdı. Hamısından da qanımız süzülür, göz yaşımız axırdı. Qəzetlər, efirlər sənətçilərin bir-birinə ünvanladığı qərəzli-qərəzsiz ittihamlarla dolu idi: Ağdamın, Füzulinin və ya Kəlbəcərin işğal günündə toy oxuyub...

Ən ağır günlərimiz isə 20 yanvar, Xocalı soyqırımı və Şuşanın işğal günləri idi.

Biz nələr yaşadıq, nələr!.. Hər il dünyanın bir hissəsi may ayının 9-nu faşizm üzərində qələbə kimi bayram edəndə biz öz küskünlüyümüzü, kədərimizi yaşayırdıq. Mayın 8-i də, 9-u da, sonrakı günlər də bizim üçün Şuşa itkisindən, Şuşa həsrətindən başqa bir məna ifadə etmirdi. May ayı kədər ayi idi bizim üçün. Bəlkə də, elə buna görə idi ki, son illərə qədər may ayında toy etmək uğursuzluq kimi anlaşılırdı.

Biz nələr yaşadıq, nələr!.. BMT-nin qətnamələrini, bütün insani dəyərləri ayaqlar altına alan erməni vandalları özlərini məğlubedilməz hesab edir, bizim əsəblərimizi tarıma çəkir, Qarabağda, ən çox da Şuşada kef məclisləri quraraq lentə alır, sosial şəbəkələrdə paylaşaraq bizi mənən çökdürməyə, Qarabağsız Azərbaycan xəritəsi ilə barışmağa çalışırdılar. Öz dillərində hırıldaya-hırıldaya, "Muğam Şuşada daha gözəl səslənir. Azərbaycanlıların hünəri çatırsa, gəlib burada muğam oxusunlar", - deyərək, bizi od vurub odlayır, qol-qola tutuşub halay gedirdilər. O halaya qatılan erməni baş nazir Paşinyan həyasızcasına: "Qarabağ Ermənistandır, nöqtə", - deyərək onların heç bir razılaşmaya, sülhə tərəfdar olmadıqlarını açıq-aşkar dünyaya bəyan etdi.

Biz nələr yaşadıq, nələr!.. Minlərlə insanımız doğma yurd həsrəti ilə köçüb getdi bu dünyadan. Başımızı çevirib doğma yurd tərəfə baxanda qəhər boğazımızın yolunu tuturdu. Az qala içimizə bir ümidsizlik buludu çökürdü ki, birdən göy gurladı, ildırım çaxdı. Ötən ilin iyun ayında Tovuzun Ağdam kəndi yaxınlığında Polad adlı, aslan ürəkli, əsgərinə ata qayğısı göstərən generalımızın yüksək rütbəli dörd zabitlə birlikdə erməni raketi ilə şəhid edilməsi səbrimizi daşıran son damla oldu.

2020-ci ilin 27 sentyabrında ermənilərin növbəti təxribatı əvvəlkilərdən fərqli olaraq çox sərt cavabla qarşılıq gördü. İllərdən bəri içimizdə yığılıb qalmış qəzəb seli kükrəmişdi. Artıq bu selin qarşısını almaq mümkün deyildi. Bu vətənin ləzgisi, kürdü, talışı, avarı, ingiloyu, tatı, saxuru, rusu, yəhudisi, türkü bir ürək, bir can kimi birləşib dağdan gələn sel kimi düşmən üzərinə axmağa başladı. Ermənilər belə bir birliyi, gücü, cəsarəti xəyal belə edə bilməzdilər. Tarixə Vətən müharibəsi adı ilə düşən bu savaşın elə ilk günündə bir neçə mühüm strateji məntəqə ermənilərdən geri alındı. Ardınca gələn hər gün yeni uğurlara imza atan, düşməni qabağına qatıb iti qovan kimi qovan ordumuz xalqımızın gücünü, cəsarətini dünyaya göstərdi. Biz bu zamana qədər bir həqiqətin şahidi olmuşuq ki, haqqını ala bilməyənə kimsə kənardan nə bəraət verər, nə də silah.

font-size:12.0pt">Biz haqqımızı geri aldıqca dünya bizim bu haqq davamıza bəraət verməyə başladı. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Talış, Suqovuşan, Hadrut... Beləcə, tarixi torpaqlarımızı geri aldıqca ermənilər artıq bu müharibədə son dərəcə aciz olduqlarını anlayır və anladıqca da silahlarını atıb qaçırdılar. Amma hələ əsas zərbə vurulmamışdı. Qarşıda Şuşa var idi, Şuşa... Ermənilər əllərində olan bütün güclərini bu şəhərə, Laçın isitqamətindən gələn əsas yola cəmləmiş və ordumuzu burada dayandırmaq istəyirdilər, amma heç ağıllarına da gəlməzdi ki, Azərbaycanın mərd oğulları bütün ağır silahlarını atıb qayalarla dırmaşaraq Şuşaya qalxacaq və əlbəyaxa döyüşə girəcəklər. Onların xəyallarına gəlməyən başlarına gəldi.

 

Şuşa uğrunda gedən döyüş ermənilərə başa saldı ki, müharibəni bir gün tez dayandırmaq neçə yüz dığanı ölümdən qurtarmaq deməkdir. Qayaları dırmaşaraq Şuşaya girən o aslanlarımız erməni tankalrına, toplarına qarşı bıçaq, tapança ilə döyüşə girdilər. İgidlərimizin cəsarəti, rəşadəti qarşısında özlərini itirmiş ermənilər etiraf edirlər ki, Azərbaycan əsgəri yaralansa da, qalxır və düşmən üzərinə yeriyirdi. Hücum üçün coğrafi relyefi o qədər də əlverişli olmayan Şuşanın hər məhəlləsi, hər küçəsi uğrunda döyüş getdi. Hər döyüşdə də biz irəlilədik, ermənilər çəkildilər. Nəhayət, ordumuz noyabrın 8-də dağların üzük qaşı, Azərbaycan muğamının filarmoniyası, mədəniyyət beşiyi Şuşanı erməni işğalından azad etdi. Bu adi bir gün deyildi, yeni bir tarix, yeni bir eranın başlanğıcı idi. Bir qədər əvvəl Azərbaycanın çoxmillətli ordusunun sel kimi düşmən üstünə axdığını demişdik. Əslində, o sel həm də tarixin tərsinə axaraq təqvimimizdə matəm kimi yaşadığımız günlərin qarasını, kədərini yuyub aparır, önümüzdə yepyeni, ağappaq bir təqvim açırdı.

Onsuz da bu zamana qədər Kreml rəhbərinin ayaqlarına düşən Paşinyan indi açıq tekstlə yalvarır, Rusiyadan xahiş edirdi ki, vasitəçi olub Azərbaycanı dayandırsın. Xankəndinin də alınması an məsələsi idi. Amma Rusiyanın müdaxiləsi ilə tərəflər arasında razılaşma əldə edildi, müharibə dayandırıldı, noyabrın 10-da ermənilər məğlubiyyəti qəbul edərək hazırlanmış üçtərəfli sənədə imza atdılar.

44 gün davam edən bu müharibənin sonunda biz təkcə son 30 ilin deyil, 2 əsrin intiqamını almışdıq. Bu zamana qədər bizim ermənilər üzərində ən böyük qələbəmiz 1918-ci ildə Bakının azad edilməsi olmuşdu. Onda da erməni-rus hərbi birlikləri Azərbaycanın əksər bölgələrində, xüsusilə də Bakıda kütləvi qırğınlar törətmiş, bu coğrafiyada bizim "soyumuzu qurutmaq" üçün insanın ağlına gəlməyən vəhşiliklər törətmişdilər. Sentyabrın 15-də Qafqaz İslam Ordusunun komandanlığı ilə Bakının erməni-rus zalımlarından geri alınması bizim bu coğrafiyada haqqımızın təsdiqi oldu və qurulan Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi dünya dövlətləri tərəfindən qəbul edildi.

İstər sovet hakimiyyəti illərində, istərsə də SSRİ-nin dağılmasından sonra ermənilər hər zaman dəstək aldıqları xarici güclərə söykənərək bizə qarşı ərazi iddiaları irəli sürmüş, alçaq, yaltaq xislətlərini işə salaraq bəzən nə isə qazanmışdılar da. 15 sentyabrdan sonra tariximizin ən böyük zəfəri Vətən Müharibəsində əldə etdiyimiz bu qələbə oldu. Xüsusilə də, Şuşanın alınması hərb tariximizin misilsiz səhifəsinə çevrildi. Bu qələbənin əldə edilməsi, xalqımızın yenidən öz xəritəsinə və eləcə də, öz qüruruna, haqqına qovuşması üçün 3 minə yaxın igidimiz canını fəda etdi. Amma unutmayaq ki, düşmənin itkisi bizimkindən ən az beş dəfə çoxdur. Müharibədən 1 il keçsə də, bu gün belə Ermənistanda yüzlərlə itkin axtarılır. Hələ onu demirik ki, erməni ordusunda Liviyadan, Suriyadan, Avropadan gəlmiş nə qədər erməni var idi və indi onları heç axtarmırlar da.

Bəli, biz çox şərəfli, sevgi, sevinc dolu günlər yaşayırıq. Pandemiya nə qədər ağır olsa da, 2020-ci il bizim ilimiz oldu. 2020 milyonlarla insanımızın dualarının gerçəyə döndüyü, həsrətin başa çatdığı, qisas, zəfər ili oldu bizim üçün. Bu gün biz o böyük zəfərin 1 illiyini qürur hissi ilə, alnımızın ağı ilə yaşayırıq. Bu qələbə adi bir tarixi hadisə deyil, əsrin zəfəri, haqqımızın və gücümüzün dünyaya nümayişidir.

Bu zəfər yolunda, xalqımızın bu günlərə qovuşması üçün canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik!

Zəfər bayramımız mübarək olsun!


Əli Çərkəzoğlu