Rəsmi rəqəmlərə görə Birinci Qarabağ müharibəsində 11 min 557 nəfər şəhid olub. Bu günə qədər 200-dən çox insana isə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İstər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsində xüsusu fədakarlıq göstərən, cəsarəti ilə düşməni qorxuya salan döyüşçülərimiz olub.
Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqları uğrunda düşmənə qarşı vuruşan qəhrəmanlardan biri də Quliyev Nofəl Zahid oğludur. O, oktyabrın 4-ü 1963-cü ildə Şirvan şəhərində anadan olub. Nofəl 1971-ci ildə Şirvan şəhər 9 saylı orta məktəbin birinci sinfinə gedir və 1981-ci ildə bu məktəbi bitirir. Bir il sonra - 1982-ci ildə həqiqi hərbi xidmətə çağırılır. 1984-cü ildə hərbi xidməti başa vurur və bir müddət Bakı Məişət Kondisionerləri Zavodunda işləməyə başlayır. Daha sonra Nofəl ailə quraraq Rusiyanın Tümen şəhərinə köçür. Orada işə başlayır, eyni zamanda da tikinti texnikumuna girir. 6 il Tümendə yaşadıqdan sonra yenidən Azərbaycana qayıdır. Ancaq burada daimi pasport qeydiyyatı olmadığına görə iş üçün etdiyi müraciətləri cavabsız qalır. Bir müddət tikinti və bu kimi yerlərdə işlədikdən sonra Daxili İşlər Nazirliyinə müraciət edir. Müəyyən prosedurları keçdikdən sonra onu polis kimi işə götürürlər. Elə həmin illərdə Ermənistan Azərbaycan torpaqlarına qarşı hücuma başlamışdı. Düşmən torpaqlarımızda təxribatlar həyata keçirir, kütləvi qırğınlar törədərək irəliləyirdi. Ölkəmizin müxtəlif bölgələrindən könüllü dəstələr cəbhəyə getsə də, vahid komandanlığın olmaması, daxildə baş verən bəzi proseslər düşmənə qarşı mübarizəyə mənfi təsir göstərirdi. Həmin vaxtlarda Nofəl polis nəfəri kimi fəaliyyət göstərir, müxtəlif bölgələrə ezamiyyətə göndərilirdi.
1991-ci ilin dekabr ayı idi. Ermənistanın Silahlı Qüvvələri Goranboyun Todan kəndini güclü atəşə tutmuşdu. Düşmən tərəfdən çox sayda diversant həmin kənd istiqamətində hərəkət etməyə başlamışdı. Bölgədə Azərbaycan Silahlı Qüvvələrinin müəyyən sayda hərbçisi olsa da, bu, düşmənlə müqayisədə çox az idi. Həmin vaxt Nofəl Quliyev də bir qrup polislə birgə Goranboy istiqamətində düşmənə müqavimət göstərmək üçün göndərilir. Buna baxmayaraq, düşmən say etibarilə üstünlük təşkil edirdi. Erməni hərbçiləri kənd camaatını mühasirəyə almışdı. Nofəlgilin əsas missiyası mülki şəxləri düşmən təxribatından xilas etmək idi. Polislər atışma gedən bölgədə mövqe tutaraq əks hücuma keçmişdi. Xeyli sayda düşmən qüvvələri məhv edilsə də, qeyri-bərabər döyüşdə ermənilər irəliləməkdə davam edirdilər. Nofəl təpəlikdə dayanaraq ermənilərə qarşı atəş açmağa başlamışdı. O və digər polis nəfərlərinin müqaviməti kənddəki mülki şəxslərin təhlükəsiz bir yerə təxliyyə edilməsinə kömək edir. Qısa vaxt sonra sakinlər düşmən əlindən xilas ola bilirlər. Ancaq aramsız açılan atəş nəticəsində Nofəl Quliyev həmin yerdə şəhid olur. Öz həyatı bahasına mülki şəxsləri xilas edən Nofəl 28 yaşında tarixdə öz yerini tutur və elə həmin yaşda da Milli Qəhrəman adına layiq görülür.
Nofəl Quliyev ailəli idi. Bir övladı yadigar qalır.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Quliyev Nofəl Zahid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. Məzarı Şirvan şəhərindəki Şəhidlər Xiyabanındadır.
Şirvan şəhər 9 saylı orta məktəb onun adını daşıyır.


Ruslan Yusibov