Bir ölkə, dövlət olaraq biz azadlığı hələ XX əsrin əvvəlində, 1918-ci ildə dadmışdıq. Çar Rusiyasının dağılmasından sonra imperiya ərazisində böyük hərc-mərclik yaranmış və əyalət xalqları dövlət müstəqilliklərini elan etmişdilər. 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cümhuriyyəti şərqdə yeni dövlətçilik ənənəsinin başlanğıcı, demokratiyanın carçısı idi. Bu dövlətin qurulmasında Qafqaz İslam Ordusunun hər bir fərdinin, onun komandanı Nuru Paşanın müstəsna xidmətləri olmuşdu. Dünyanın böyük dövlətləri bizim müstəqilliyimizi tanıdı, sərhədlərimiz, bayrağımız, gerbimiz, pul vahidimiz dünya ictimaiyyəti tərəfindən qəbul olundu. Amma bu dövlətin ömrü çox qısa, cəmi 23 ay çəkdi və Rusiyada hakimiyyəti ələ keçirən bolşeviklər bir vaxtlar çar Rusiyasının sərhədləri içərisində olmuş ölkələrə qarşı işğal yürüşlərinə başladılar. Digər gənc ölkələr kimi zəngin sərvətlərə sahib Azərbaycan da bu işğal dalğasından qurtula bilmədi və 28 may 1920-ci ildə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olundu. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məmmədəmin Rəsulzadənin söylədiyi "Bir kərə yüksələn bayraq bir daha enməz" tezisinin gerçəkləşməsi üçün 70 ildən artıq zaman keçməli oldu.
Məlumdur ki, hələ ötən əsrin 80-ci illərinin sonlarında bir çox respublikalarda sovet imperiyasına qarşı etiraz hərəkatı açıq şəkildə özünü göstərməyə başlamışdı. Azərbaycan bu hərəkatın önündə gedənlərdən idi. Ona görə də, Azərbaycanı cəzalandırmaq qərarına gəlmiş Moskva respublikamıza cəllad qoşunu yeritdi və 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda, ardınca isə müxtəlif şəhərlərimizdə qırğınlar törətdi. İmperiya bununla bizə göz dağı vermək istəyirdi, amma onların gözlədiyi olmadı və xalqımız o hadisələrdən sonra bu imperiya boyunduruğundan xilas olmaq üçün ayağa qalxdı. 20 yanvar şəhidlərinin dəfni zamanı Bakıda elə bir izdiham yaşandı ki, o zamana qədər belə mənzərə görünməmişdi. Azadlıq meydanından indiki Şəhidlər Xiyabanına qədər yollar insan seli ilə dolmuşdu. Milyondan çox insan öz şəhidlərini son mənzilə yola salmaq üçün imperiya yasaqlarına məhəl qoymadan küçələrə axışmış, əli silahlı imperiya cəlladları insan seli qarşısında quruyub qalmışdı. Bu elə bir gün, elə bir mənzərə idi ki, qarşısında dayanmaq mümkün deyildi. Bir xalq yumruq kimi birləşmiş, haqq səsini ucaltmış, düşmənə meydan oxuyurdu. O gün minlərlə soydaşımız üzvü olduğu kommunist partiyasının biletini yandırdı, bu cəllad partiyanın sıralarında dayanmaqdan imtina etdi. Sovet ideologiyası sarsılmış, on illər uzunu aldatdığı vətəndaşların etimadını itirmişdi.
Artıq bundan sonra Moskvanın bir çox müttəfiq respublikalara, xüsusilə də Azərbaycana təsiri son dərəcə zəifləmişdi və imperiya planlarının həyata keçməyəcəyi hər kəsə məlum idi.
Nəhayət, gözlənilən o gün gəldi, 1991-ci ilin payızında SSRİ adlı imperiyanın dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi və bu tarixi hadisə 1991-ci ilin 18 oktyabrına təsadüf etdi.
Həmin gün Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etdi və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, həmçinin siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etdi.
Təkcə böyük Məmmədəmin Rəsulzadənin bayraq tezisi özünü doğrultmadı, nisgilli şairimiz Məhəmməd Hadinin "İmzasını qoymuş miləl övraqi-həyata, Yox millətimin xətti bu imzalar içində" yanğısı da öz yerini sevinc, qürur hissinə verdi.
Bu gün müstəqil Azərbaycan Respublikası böyük bir inkişaf yolu keçmiş və keçməkdədir. Bir xalq, bir dövlət olaraq qarşımızda duran Qarabağ problemi bizim maraqlarımız istiqamətində həll olundu. 2020-ci il noyabrın 10-da qəddar düşmənlərimiz üzərində parlaq zəfər qazanan ordumuz bizim təkcə haqlı deyil, həm də güclü olduğumuzu, qan tökməmək üçün bu qədər səbir nümayiş etdirdiyimizi dünyaya isbat etdi. Bu parlaq zəfərin qazanılmasında bizə böyük dəstək vermiş qardaş Türkiyə Respublikasına və Pakistan dövlətinə hər zaman öz təşəkkürümüzü bildirməliyik. Bir vaxt bizə xəyal kimi görünürdü, amma bu gün Laçında, Şuşada, Kəlbəcərdə, tarixi torpaqlarımızda erməni izi qalmayıb, hər yerdə soydaşlarımızın yenidən öz doğma yurdlarına dönmələri üçün quruculuq, inşaat işləri aparılır.
Dünyanın əksər ölkələri ilə diplomatik əlaqələrimiz var. Üçrəngli bayrağımız dünyanın ən böyük təşkilatlarının binaları önündə dalğalanmaqdadır.
Ən çox inkişaf etmiş, əhalisi rifah içində yaşayan ölkələrlə bir sırada dayana bilmək üçün bizim hər cür imkanlarımız var. Biz varlı ölkənin vətəndaşlarıyıq və kasıb yaşamağa haqqımız yoxdur. Bunun üçün ciddi islahatlar aparılmalı, hər kəs öz vəzifə borcunu layiqincə yerinə yetirməlidir. Vətənpərvərlik sözlə olmur, əməllə olur. Doğma dilimizdə təhsil alır, milli pulumuzu xərcləyir, öz bayrağımızı dalğalandırırıq. Bu vətən də, bu bayraq da bizimdir. Dövlətin gücü təkcə silahında deyil, həm də ədalətindədir. Ədalətli dövlət güclü dövlətdir. Dövlətdə ədalət olmayanda tənəzzül başlayır və qarışıqlıq çıxır. Kənarda ac qurd kimi gözləyən düşmənlər də anındaca hərəkətə keçir və oradan özünə böyük pay əldə etmək üçün məkrli planlar qururlar. Biz son əsrdə bunun çox şahidi olmuşuq və bu gün belə Rusiyanın imperiya xəyallarından əl çəkdiyini heç kimə inandıra bilməzsən. Müstəqilliyi qazanmaq azdır, onu qorumaq, inkişaf etdirmək ciddi nizam-intizam, ədalət və güc tələb edir.
Biz də bu üçrəngli bayrağımızı daha yüksəklərə qaldırmaq, müstəqilliyimizi möhkəmləndirmək, gələcək nəsillərimizə abad, firavan, gözəl bir vətən miras qoymaq istəyiriksə, ədalətin, demokratiyanın, insan haqlarının hakim olduğu bir cəmiyyət uğrunda əlimizdən gələni əsirgəməməliyik. Allah xalqımıza bir daha işğal altında yaşamağı nəsib etməsin!
Əli Çərkəzoğlu