13 il davam edən "Kurtlar Vadisi" serialı Türkiyə ilə yanaşı Azərbaycanda da sevilərək izlənirdi. Budəfəki müsahibəmiz həmin serialın əsas obrazlarından biri Güllü Ərhan rolu ilə tanınan Ərhan Ufakdır. O artıq bir neçə aydır ki, Azərbaycanda Sənət Akademiyası açaraq aktyorluq dərsləri keçir. Güllü Ərhanla müsahibəmiz zamanı onun Azərbaycanda yeni fəaliyyəti, yaxın vaxtlarda yayımlanacaq filmi və "Kurtlar Vadisi" serialı barədə maraqlı məqamlardan danışdıq.
- Ərhan bəy, Azərbaycana xoş gəlmisiniz. Burada yeni fəaliyyətə başladınız, yeni film çəkdiniz. İşləriniz necə davam edir?
- Sənət Akademiyası əvvəldən planlaşdırdığımız bir layihədir. Türkiyədə də belə bir layihə fikirləşmişdik, ancaq pandemiyaya görə onu həyata keçirə bilmədik. Çünki müxtəlif qadağalar var idi. Hazırda, burada Sənət Akademiyasına davam edirik. Birinci və ikinci kurslar artıq məzun olacaq. Pandemiya qaydalarına uyğun olaraq hər dərsə 10-12 nəfər ala bilirik.
- Azərbaycanlı tələbələrlə işləmək necə bir hissdir?
- Sözün açığı, əvvəllər içimdə bir qorxu var idi. Necə olmasa, başqa bir ölkədə fəaliyyət göstərirsiniz. Bir-birimizi anlamaqda çətinlik çəkə bilərdik. Ancaq belə olmadı. Hazırda, azərbaycanlı tələbələrlə çox yaxşı ünsıyyət tapa bilirik. Fəaliyyətə başlayandan sonra gördüm ki, başqa bir yerə deyil, öz vətənimə gəlmişəm. Biz onları, onlar da bizi yaxşı anlaya bilirik. Dərslərimiz çox yaxşı keçir. Bir problem olanda bir-birimizi rahat şəkildə başa düşə bilirik.
- Dərs dediyiniz tələbələrlə hər hansı layihə həyata keçirmək planlarınız varmı?
- Bizim gördüyümüz iş təkcə təhsil verməkdir. Biz burada tələbələrimizin özlərini tapmasını istəyirik. Burada müxtəlif layihələr, filmlər çəkmək istəyirik. Hətta, bir filmimizin çəkilişlərini tamamladıq. Orada bütün tələbələrimizdən istifadə etdik. Türkiyədə də çox yaxşı layihələrimiz var, davam edir. Tələbələrimizdən təbii ki, orada da istifadə edəcəyik. Tələbələrimiz Azərbaycanda təkcə bizim gördüyümüz işlərdə deyil, başqa layihələrdə də iştirak edəcəklər. Artıq bununla bağlı təkliflər də almağa başlamışıq. Biz də məmnuniyyətlə qəbul edirik.
- Türkiyədə doğulub böyümüsünüz. Orada fəaliyyət göstərmisiniz. Azərbaycanda yeni bir fəaliyyətə başlamaq, yeni bir iş qurmaq sizə çətin deyil?
- Hər işin bir çətinliyi var. Təbii ki, Türkiyədə bir həyat tərzimiz var idi. Azərbaycanda yeni bir həyat tərzinə başlamağın çətinlikləri var. Burada insanın özünü qəbul etdirmə dövrü var. İnsanlar sənə dəyər verməlidirlər. Düzdür, bizi "Kurtlar Vadisi"ndən tanıyırlar, sevirlər. Ancaq bununla birgə Ərhan Ufakı da sevməlidirlər. Mənə güvənməlidirlər. Çünki bəziləri bundan əvvəl gəlib, insanları aldadıb gediblər. Biz hər şeyimizi paylaşmaq üçün bura gəldik. Hətta öz ailəmi, uşaqlarımı da gətirmişəm. Layihələrimiz tam yerinə oturandan sonra Türkiyəyə gedib-gələrək davam edəcəyik. Biz artıq Azərbaycan və Türkiyəni başqa-başqa ölkələr olaraq görmürük. Onlar bir qardaşdırlar. Uşaqlarımı da bağçaya yerləşdirmək istəyirəm. Hazırda, bununla bağlı danışırıq.
- Hazırda, Sənət Akademiyasının fəaliyyəti necədir?
- Əgər Sənət Akademiyasının gələcəyini görməsəydik, bu işə başlamazdıq. Və ya ilk fəaliyyətimizdən sonra davam etməzdik. Gələcəkdə inşallah daha geniş şəkildə fəaliyyət göstərəcəyik. Akademiyada rejissorluq, ssenaristlik, rəssamlıq və digər sənətlərlə məşğul olacağıq.
- Ərhan bəy, yeni film çəkmisiniz, yaxın vaxtlarda yayımlanacaq. Bu barədə məlumat verərdiniz.
- Filmin çəkilişlərini bitirmişik. Ancaq hələlik filmlə bağlı təqdimat yaymamışıq. Təxminən, Türkiyə və Azərbaycanın ortaq layihəsi kimi bir şey ortaya çıxdı. 20-25 gün ərzində çəkilişlərimiz davam etdi, hazırda montaj edilir. Adı "Nisan"dır. Döyüş filmidir. Filmdə Güllü Ərhandan fərqli bir obraz var. Baş rollardan birində mən oynayıram. Keçmişi qaranlıq, haqqında heç bir məlumat olmayan bir nəfər Azərbaycana gəlir. Burada öz həyatını qurmaq istəyir. Bir gün həmin adam yolla hərəkət edərkən yağışlı bir havada bir it tapır. Onu götürür və baxmağa başlayır. İtlə bir yerdə yaşayır və öz ailəsi kimi sevməyə başlayır. Bir müddət sonra it böyüyür. Bir gün küçədə gedərkən avara adamlar həmin iti öldürür. Bu da həmin adamların arxasına düşür. Bu vaxt bir qadına aşiq olur...
Filmdə Türkiyədən bircə mən varam. Digərləri azərbaycanlı aktyorlardır. Həm dramatik, həm də döyüş xarakterli bir filmdir. Amma demək istəyirəm ki, çəkilişlə bağlı fikrimizdə olan planı tam şəkildə həyata keçirə bilmədik. Çünki bir az fərqli bir atmosferə düşdük. Bir az fikir uyuşmazlıqları oldu. Amma etmək istədiklərimizin 80-90 faizini etdik.
- Ərhan bəy, yeni fəaliyyətinizdən, işlərinizdən danışdıq. "Kurtlar Vadisi" barədə isə danışmasaq, olmaz. İlk dəfə o serialda rol aldınız və davam etdiniz. "Kurtlar Vadisi"nə necə başladınız?
- "Kurtlar Vadisi" çox böyük bir layihə idi. Bizi ora daxil edən hər kəsə təşəkkür edirəm. Biz filmə başlayanda hər hansı bir təcrübəmiz yox idi. Aktyorluqla hər hansı bir əlaqəmiz də yox idi. Necati abim (Necati Şaşmaz) bizim həqiqətən ailə dostumuzdur. Bizim xarakterimizi çox yaxşı bilirdi. Ona görə ssenari yazarkən bunu nəzərə aldılar. Təbii ki, çətinliklərimiz də var idi. Çünki çox böyük bir ailə içərisinə daxil olmuşduq. Necati abinin belə bir sözü var idi: "Əgər özünüzü izləyicilərə sevdirə bilsəniz, serial olduğu müddətdə siz də olacaqsınız. Əgər sevdirə bilməsəniz, bir şəkildə filmdən uzaqlaşdırılacaqsınız". Birinci seriyanı heç bir dərs almadan çəkdik. Daha sonra təlimlər, dərslər almağa başladıq. Daha sonra insanlar bizi sevdi, bəlli bir potenisalımız oldu. Mən hələ də dərslər alıram, öyrənirəm. "Kurtlar Vadisi" vaxtında da müəllimlərimiz var idi, onların yanına gedərək dərslər alırdıq. Sənət dayanmadan inkişaf edən bir sahədir. Ona görə daim öyrənmək lazımdır. Necati Şaşmaz abim məni çağırdı, öz üzərimizdə işlədiyimizə, özümüzü sevdirə bildiyimizə görə təşəkkür etdi. Ona görə bu günə qədər işimizə davam edirik. Hələ də Güllü Ərhan obrazı yaşayır, ölməyib. İlk dəfə o seriala Seyfo dayının bacısı oğlu kimi gəlmişdim. Əvvəldən onunla heç bir tanışlığımız olmayıb. Dünyasını dəyişib, Allah rəhmət eləsin. Ancaq Necati abini tanıyırdım. "Kurtlar Vadisi"ndə çox gözəl anlar yaşamışıq, kədərləndiyimiz, duyğulandığımız vaxtlar olub.
- Yəqin ki, çəkiliş meydançasında çox maraqlı hadisələr yaşayırdınız...
- Memati abini (Gürkan Uyqun) ilk dəfə görəndə çox həyəcanlanmışdım. İlk dəfə çəkiliş meydançasına gələndə Necati abimə dedim ki, mən Memati ilə görüşmək istəyirəm. Ona, "Abi, mən Mematini çox sevirəm", - deyə bildirdim. Sonra çəkiliş meydançasında Memati ilə görüşdüm. O hiss hələ də içimdə qalıb. O, çəkiliş meydançasına getmək istəyir, ancaq mən əlini buraxmıram. Ən sonda "Əlimi burax", - deyə mənə baxdı və əlimi ondan sonra çəkdim. Bu mənim üçün fərqli bir hiss idi. Mən bütün bu müddət ərzində Abdulheylə (Kenan Çoban) birgə idim. İlk dəfə onunla gəldim, onunla birlikdə serialda çəkilməyə başladıq. Təlimlərdə, dərslərdə də bir yerdə idik. Abdulheylə uşaqlıq dostuyuq. Cahitlə də (Cahit Kayaoğlu) dostuq. O mənim süd qardaşımdır. Polislikdən aktyorluğa gəlib. Biz eyni yerdə böyüdüyümüzə görə, serialda oynayanda bunun bizə verdiyi bir özünəinam də var idi.
- Çox adamın diqqətini çəlb edən bir məsələ var: Seriallarda səsləndirmə... Bəzən səsləndirən şəxs işi yarıda buraxıb gedə bilər. Bu bir az izləyici itirməyə səbəb olmazmı? Və ya elə bir hal baş versə, necə addım atılır?
- Mənim səs tellərimdə bəzi problemlər var. Səs incəltmək kimi bir xüsusiyyətim yoxdur. Amma mənim canlandırdığım obrazda həm uşaq səsinə bənzər, həm də bir az gülməli səs olmalı idi. Biz bunu ilk seriyalarda öz səsimlə etməyə çalışdıq, ancaq, problem yaşadıq. O səsi çıxara bilməyim üçün əməliyyat olmalı idim. Amma mənim "Kurtlar Vadisi"ndə davam edib-etməyəcəyim məlum deyildi. Əməliyyat edib başqa bir sahəyə getsə idim, mənasız bir iş olacaqdı. Ona görə səsləndirmə oldu. "Kurtlar Vadisi"ndə Abdulheylə məni səsləndirən eyni adamdır, Kadir Çermik.
- Bir-birindən kəskin fərqlənən səslərdir. Səslər texniki vasitələrlə sonradan düzəldilirdi?
- Çox cüzi. Kadir Çermik həm dublyajda, həm də aktyorluqda çox qabiliyyətlidir. Səsləndirmə ayrı bir sənətdir. Tutaq ki, Polat Alemdarı səsləndirərkən aksent uyğun şəkildə olmalıdır. Obraz fərqli dillərdə danışanda da səsləndirən şəxs obrazı ona uyğun səsləndirməlidir. Polat Alemdar həm ərəbcə, həm ingiliscə, həm farsca danışır. Səsləndirən şəxs bunu peşəkar şəkildə etməlidir. Səsləndirmə də ssenaristlik kimi, aktyorluq kimi bir sənətdir. Obrazın səsi dəyişəndə bu bir az izləyicinin narahatlığına səbəb olur. Ancaq qulaq ona da alışır. Misal üçün bizi səsləndirən Kadir Çelmik serial davam etdiyi vaxtda əsgərliyə gedib-gəldi. Bəs o vaxt ərzində bizi kim səsləndirdi? Memati kimi tanıdığımız Gürkan Uyqun. İnsanlar bunun fərqinə varmadılar. Çox az fərq var idi. Gürkan Uyqun Abdulheyi də səsləndirdi. Demək olar ki, heç bir fərq yox idi.
- Aktyorluqla məşğul olmaq istəyənlərə nə məsləhət görərdiniz?
- Gördükləri işdə mütləq ki, bir yol var. Həmişə "Mən bu işi edə bilərəm" deməlidirlər. Müvəffəqiyyətin dalınca qaçmalıdırlar. Bu yolda qarşılarına böyük bir dağ da çıxa bilər. Onları yavaş-yavaş keçməlidirlər. İstədikləri nədirsə, onun uğrunda mübarizə aparmalıdırlar. Ancaq necə deyərlər tamamilə təslim olandan sonra sənəti buraxsınlar. Bir də əgər özləri anlayırsa ki, bu sənətlə məşğul olmağı bacarmayacaqlar, onda fərqli sahəyə üz tutsunlar. Amma nə edirlərsə etsinlər, peşəkar olmaq üçün təlim almalıdırlar. Əgər ssenaristdirsə, onun dərslərini almalıdır. Əgər aparıcıdırsa, onun təlimlərini keçməlidir. Hər şey təhsillə bağlıdır. Onu bitirdikdən sonra da özünü davamlı olaraq inkişaf etdirməlidir.
- Kimdən aktyor olmaz?
- Hər kəs bir aktyorluq potensialına malikdir. "Bundan aktyor olmaz" dediyin istənilən şəxs ən böyük aktyorlardan birinə çevrilə bilər. Əvvəlcə insan nə istədiyini dəqiqləşdirməlidir. O səni sənətə aparırsa, onda onun arxasınca get. Daxili səsin onsuz da sənə hər şeyi göstərir. Təkəbbür göstərməməlisən, nümunəvi şəxs olmalısan. Daha yaxşı davranmağa çalışmalısan. Əgər sən zirvələrə çıxmısansa, burnun havada hərəkət etməyinin bir mənası yoxdur. Əgər işdir, oradan düşsən, başını bir də qaldıra bilməzsən.
- Artıq bir neçə aydır Azərbaycandasınız. Yəqin ki, yeməklərimizdən dadmısınız?
- Möhtəşəm yeməkləriniz var. "3 bacı" dolması yedim, digər dolmalardan da daddım. Ancaq mən çox yeyə bilmirəm, mədəmi aldırmışam. Bir az dad aldımsa, doyuram. Burada ət yeməkləri daha çoxdur. Bu da buranın tamamilə təbii olmasından asılıdır. Burada ət yeməklərinin demək olar ki, zirvəsini yaşadım. Azərbaycanda bəzi rayonlarda da olmuşam. Ancaq ürəkdən getmək istədiyim yer Şuşadır. Sonra Gəncəyə, Lənkərana və Şəkiyə də getmək istərdim.
- Son olaraq demək istədiyiniz bir şey...
- Gələcəyə toxunuş sevgi ilə başlayır.
- Çox sağ olun gəldiyiniz üçün.
- Siz sağ olun.
Ruslan Yusibov