Müasir dövrdə insanların xarici ölkədə təhsil almaq istəkləri get-gedə artır. Azərbaycanda da bir çox insanlar bakalavr, magistr təhsilini almaq üçün xarici universitetlərə üz tuturlar. Lakin bunun üçün ilk öncə TOEFL imtahanı verərək, sertifikat əldə etmək lazımdır. Bəs, bu imtahana necə hazırlaşmalı? Hansı saytda qeydiyyatdan keçməli? Bu və bu kimi suallara cavab tapmaq üçün "EduDistance" şirkətinin akademik və biznes müəllimi Elvin Rəhimovla həmsöhbət olduq.
- TOEFL nədir və buna hazırlaşmaq üçün əvvəlcə nədən başlamaq lazımdır?
- TOEFL (Test of English as a Foreign Language) ingilis dili biliyinin yoxlanılmasıdır. Bu imtahana hazırlaşmaq üçün əvvəlcə dil biliyini inkişaf etdirmək lazımdır. Həmçinin, qrammatika və söz ehtiyatı da kifayət qədər olmalıdır. TOEFL, adətən, akademik məqsədlər üçün istifadə olunur. Əgər tələbə ABŞ, Kanada və ya digər ingilisdilli ölkədə təhsil almaq istəyirsə, bir neçə imtahandan keçməlidir. Həmin imtahanlardan birincisi TOEFL, digərləri isə IELTS, "Duolingo" və s.-dir. TOEFL ABŞ-ın ETS (Education Testing Serves) şirkətinin məhsuludur. Burada təhsilin test olunması xidmətləri mövcuddur və bir çox imtahanlar təşkil edilir. Yəni SAT, IELTS, TOEFL, "ACT", "Collage Testing" və universitet imtahanlarının keçirilməsində ETS şirkətinin böyük rolu var.
TOEFL imtahanına hazırlaşmaq üçün dörd bacarığı: Reading (oxumaq), Listening (qulaq asmaq), Speaking (danışıq), Writing (yazı) inkişaf etdirmək lazımdır. Tələbə ingilis dilində oxuya və oxuduğu məlumatı analiz edə bilməlidir. Bundan əlavə, dinləmə qabiliyyəti də inkişaf etdirilməlidir. Burada dinləyib başa düşmək kifayət etmir, eyni zamanda oradakı sual və səs arasındakı əlaqəni də tutmaq lazımdır. Yazı yazmaq hissəsində mövzu verilir və həmin mövzunun təsvir olunmasını istəyirlər. Eyni zamanda tələbənin dünyagörüşü ilə bağlı ümumi suallar verilir. Bu da akademik formada yazılmalıdır. Oxuma hissəsində mətnlər verilir və ona uyğun suallara cavab yazılır. Danışıq hissəsində isə tələbələr çalışmalıdırlar ki, təkrar sözlərdən istifadə etməsinlər. Ona görə bu bacarıqların hər biri əvvəlcədən inkişaf etdirilməlidir.
TOEFL imtahanı 120 bal üzərindən qiymətləndirilir. Oxuma, yazma, danışıq və dinləmə bacarıqlarının hər biri 30 bal olaraq hesablanır. Adətən, bir çox universitetlər 80-90 balla tələbəni qəbul edirlər. Lakin təqaüdə düşmək istəyən tələbələr 90-dan yuxarı nəticə toplamalıdırlar. Məsələn, Harvard Universiteti 105-dən yuxarı bal tələb edir. Hətta, həmin universitetdə 115-118 bal arasında rəqabət gedir. Ümumiyyətlə, universitetlər arasında rəqabət güclü olduqda, TOEFL imtahanı verən tələbələr arasında da bir o qədər rəqabət olur.
- Heç bir mütəxəssis yanına getmədən bu imtahana hazırlaşmaq mümkündürmü?
- Bəli, mümkündür. Çünki artıq texnologiya dövründə yaşayırıq və bir çox müəllimlər hazırladıqları videoları müxtəlif platformalarda yerləşdirirlər. Əgər tələbə dil biliklərini inkişaf etdiribsə, videolar vasitəsilə imtahan strukturlarını öyrənib, hazırlaşa bilər. Eyni zamanda forumlarda mütəxəssislərə əlavə suallarını ünvanlaya bilərlər. Məsələn, müxtəlif "Whatsapp" qrupları var ki, tələbələr orada bilmədikləri sualları yazıb həmin mövzunu araşdırırlar. Əsas odur düzgün portaldan istifadə edilsin. Çünki ola bilər ki, tələbəni hazırlaşdıran müəllimin strategiyası TOEFL imtahanını yoxlayan ABŞ müəllimləri üçün elə də qəbuledilən deyil. Ona görə rəsmi saytların yayımladığı videolara baxmaq lazımdır. Lakin insanlar öz etdikləri səhvləri görə bilmirlər. Ona görə düz yolda olub-olmadıqlarını yoxlatdırmalıdırlar. Mütəxəssis də tələbələrə praktiki cəhətdən kömək olur.
- Kimlər bu imtahanı verə bilər?
- İstənilən hər kəs TOEFL imtahanı verə bilər. Burada yaş məhdudiyyəti qoyulmayıb. Hətta, sağlamlıq imkanları məhdud olan şəxslər üçün də bu imtahan nəzərdə tutulub. Əgər şəxs görmə və ya eşitmə məhdudiyyətlidirsə, bu zaman onun hansı formada imtahan verəcəyinə mütəxəssislər qərar verirlər. İmtahan əsasən universitetə qəbul olmaq üçün nəzərdə tutulub. Eyni zamanda, ABŞ-da tibb bacısı işləmək və bəzən də rezidentura üçün tələb oluna bilər.
- TOEFL imtahanına hazırlaşarkən nələrə diqqət etmək lazımdır?
- Əsasən düzgün resurslar seçilməli və mütləq şəkildə plan qurulmalıdır. Plan qurulmasa, ləngimələr baş verəcək. Bunun üçün müxtəlif TOEFL kitabları var və onların giriş hissəsində plan olur. Tələbələr həmin plana əsasən imtahana hazırlaşsalar, daha effektiv olar. Ən məsləhətli olanları ETS tərəfindən nəşr olunan "Official Guide to the Toefl Test" və "Barron's" kitablarıdır. İmtahan materiallarından əlavə real həyatda baş verənlərə də diqqət etmək lazımdır. Məsələn, hazırlıqda asta danışıqlara daha çox üstünlük verilir. Bu isə doğru deyil. Bizim bir neçə tələbəmiz yüksək bal toplayaraq Kanadaya getdi. Tələbələr fərqli formada danışdıqlarına görə, tövsiyə etdilər ki, universitetin dil qurumuna yazılsınlar. Orada 3-6 ay ərzində ingilis dili kursu keçirdilər. Kanadalılar sürətli danışırlar deyə onlar uyğunlaşa bilmirdilər və yanlış anlayırdılar. Buna görə də, biz tövsiyə edirik ki, ingilis dilində sənədli filmlərə, "Talk show"lara baxsınlar.
- Bildiyimiz kimi, imtahan oxuma, yazma, dinləmə və danşma üzərində qurulub. İmtahan verən şəxslər daha çox hansında çətinlik çəkirlər?
- Çətinliklər tələbədən-tələbəyə fərqli olur. Lakin azərbaycanlı və türkiyəli tələbələr ən çox yazı yazmaq hissəsində çətinlik çəkirlər. Daha sonra danışıq və dinləmədə çətinlik müşahidə olunur. Yazı və danışıqda niyə çətinlik olur? Çünki, tələbələrdə informasiya qıtlığı var. Məsələn, belə bir sual qoyulur ki, qloballaşma haqqında fikirlərinizi yazın. Tələbə qloballaşmanın nə olduğunu bilmirsə və ya bununla bağlı az məlumata sahibdirsə, ingilis dilində danışmağı və yazmağı çətin olacaq. Yəni, bu problemlər əsasən dünyagörüşü ilə bağlı mövzularda olur. İkinci bir səbəbi isə özünəinamla bağlıdır. Tələbə qloballaşmanın nə olduğunu bilir, kifayət qədər məlumatı var, amma yanlış edərəm deyə, qorxur və danışmır. Bir digər çətinlik isə inşa yazmaq hissəsində olur. Düzdür, indi orta məktəbdə əvvəlkinə baxanda bu sistem daha da təkmilləşdirilib, lakin tələbələr buna uyğunlaşa bilmirlər. Bu, həm məktəblərdə, həm də universitetlərdə olan bir problemdir. Belə bir prinsip var, "Nədən qorxuruqsa, onun üzərinə getməliyik". Tələbələr bu prinsiplə hərəkət etsələr, yaxşı olar. Yazı yazmaqdan qorxursansa, yazı yaz! Beləliklə, həmin fobiyanı da aradan qaldırmış olarsan.
- Ümumiyyətlə, ən çox edilən səhvlər hansılardır?
- Səhvlər ən çox yazı və danışıqda edilir. Tələbələr mübtəda və xəbər arasında uyğunsuzluğa yol verirlər. Həmçinin, artikllarda da səhvlərə yol verilir. Məsələn, "a", "an" artiklları ümumi, "the" artiklı isə xüsusi hallarda istifadə edilir. Lakin yazarkən onları düzgün istifadə etmirlər. Bundan başqa, bəzən sözlərdə qrammatik səhvlər edirlər. Məsələn, "explore" (axtarmaq) əvəzinə "discover" (tapmaq) yazırlar və ya əksinə. Tələbələrə tövsiyə edərdim ki, xüsusilə oxumaq bacarığında, sözlərin mənasını kontekstdən tapıb öyrənsinlər və ya www.youglish.com, www.voki.com saytlarından istifadə etsinlər. Burada həm akademik videolarla bağlı resurslara baxmaq, həm də sözləri yazıb onların tələffüz formasını, cümlələrdə istifadə qaydalarını öyrənmək mümkündür. Həmçinin, müxtəlif ölkələrin aksentlərində olan danışıqlarını da dinləyə bilərlər.
- TOEFL sertifikatı hansı ölkələrdə tələb olunur?
- Demək olar ki, dünyanın hər bir ölkəsində TOEFL sertifikatını tələb edən universitetlər var. Sadəcə olaraq, bəzi universitetlər Böyük Britaniya sistemini mənimsəmək üçün IELTS tələb edirlər. Çox vaxt isə IELTS qəbul edən universitetlər, TOEFL da qəbul edirlər və ya əksinə. Onu da qeyd edim ki, ilk dəfə TOEFL imtahanı yaranıb, IELTS isə ona rəqib olaraq ortaya çıxıb. TOEFL ABŞ, IELTS isə İngiltərə sistemi kimi qələmə verilir.
- TOEFL və IELTS arasındakı fərq nədir? Hansı daha vacibdir?
- Əvvəlcə, TOEFL və IELTS arasındakı oxşarlıqları deyək. Bunlar əvvəldən də sadaladığımız 4 bacarıq: oxuma, yazma, dinləmə və danışmadır. Dinləmə və oxuma hissəsində fərqlər olur. Belə ki, bunlar TOEFL-da daha akademik formada tələb olunur. Yəni, daha çox oxuma və məntiqli qulaq asma tələb edilir. Danışıq hissəsində IELTS-də müəllim tələbəyə sadəcə olaraq sual verir və aldığı cavab əsasında qərar verir. Eyni zamanda burada individual yanaşma da olur. Əgər tələbə müəllimin verdiyi qərardan razı deyilsə, şikayət etmə hüququna malikdir. Bu vaxt həmin tələbənin sənədləri Britaniyanın Kembric Universitetinə göndərilir və mütəxəssilər tərəfindən yoxlanıldıqdan sonra 8 həftə ərzində cavab verilir. TOEFL-da isə tələbəyə oxuma və ya dinləmə üçün material təqdim olunur, onlara əsasən də suallara cavab verilir. Həmin məlumatlar da biraşa ETS şirkətinə göndərilir və ABŞ-da üç mütəxəssis tərəfindən yoxlanılır. Yazı bacarığında da fərqlər olur. Belə ki, IELTS imtahanında müəyyən suallar olur, tələbə ona cavab yazır, TOEFL-da isə həm yazı, həm də dinləmə materialı olur.
- TOEFL imtahanı vermək istəyən şəxslər hansı saytda qeydiyyatdan keçməlidirlər?
- Əvvəlcə ETS şirkətinin rəsmi saytına girmək lazımdır. Saytda qeydiyyatdan keçərək, olduğunuz ölkəni, şəhəri və harada imtahan vermək istədiyinizi qeyd edirsiniz. Bizdə Xarici Dillər Universiteti, Dövlət İmtahan Mərkəzi, Bakı Mühəndislik Universiteti və s. yerlərdə bu imtahan keçirilir. Qiyməti ölkədən-ölkəyə dəyişir, Azərbaycanda 195 dollar (təqribən 332 AZN) təşkil edir. Onu da qeyd edək ki, hazırda pandemiya ilə əlaqədar olaraq bir çox universitetlər TOEFL və IELTS imtahanı verə bilməyən şəxslərə müəyyən güzəştlər edirlər. Yəni, şərtli qəbul edərək, onların dil biliklərini universitet individual formada özü yoxlayır. Tez-tez sual verirlər ki, mən imtahanda iştirak edə bilməsəm, yenidən imtahana girə bilərəmmi? Bəli, bu mümkündür. Sadəcə olaraq, müəyyən bir müddət var və tələbə bu müddət ərzində imtahan mərkəzinə gəlməyəcəyi ilə bağlı məlumat verməlidir. Həmçinin, son vaxtlar TOEFL və IELTS imtahanını əvəzləyən "Duolingo" imtahanı müzakirə mövzusudur. Bu, onlayn şəkildə aparılan, daha ucuz başa gələn və maddi baxımdan aşağı olan imtahandır.
İlahə Hüseynova