Bu dəfə jurnalımızın uğur hekayəsi layihəsinin qonağı bir sıra startapların müəllifi Orxan Rzayev oldu. Onun sonuncu startapı "Eleven Kings" təkcə Azərbaycanda deyil, artıq dünyanın bir çox yerlərində də tanınır. "Eleven Kings" nədir? Bu barədə həmsöhbətimiz özü danışacaq.
- Özünüzü təqdim edərdiniz... Orxan Rzayev kimdir?
- Mən Orxan Rzayev 34 yaşım var. Bakıda anadan olmuşam. Orta təhsilimi də Bakıda 282 saylı orta məktəbdə, daha sonra isə Zəngi liseyində almışam. Ali təhsilimi Azərbaycan Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə davam etdirmişəm.
- İxtisas aldığınız sahədə işləməməyinizin səbəbi...
- Bəli, mən ixtisasım üzrə işləyirəm, deyə bilmərəm. Səbəb nə idi? Əslində bəlkə də həmin vaxt informasiya əldə etmək bu qədər asan deyildi. İndiki kimi hər şeyi internetdə araşdırıb tapmaq, gələcək üçün karyera planları qurmaq bu qədər asan olmurdu. Ona görə də, daha çox valideynlər və ya yaşı səndən çox olan dost-tanış məsləhət verirdi. Mən də o vaxt, belə deyək, məktəbdə yaxşı oxuyan şagird idim. Sınaq imtahanlarında da 600-dən çox bal toplayırdım. Bu səbəbdən həmin vaxtdan prestijli ali məktəblərdən olan Azərbaycan Dövlət İdarəçilik Akademiyasını yazmağı məsləhət bildilər. Elə ora da qəbul oldum. Amma tələbə vaxtından sosial şəbəkələr, internet məşhurlaşmağa başlamışdı. Mən görürdüm ki, sosial şəbəkə, rəqəmsal dünya çox fərqli, maraqlı və potensiallı sahədir. Bu sahənin geniş imkanları olduğu görünürdü. Tələbə vaxtından hazırda olduğum sahə məndə böyük maraq oyatdı.
- Siz bildirmisiniz ki, 12 ildir startaplarla işləyirsiniz. Hansı layihələriniz olub?
- Hərbi xidməti başa vurub qayıtdıqdan sonra startaplarla, marketinqlə daha çox maraqlanmağa başladım. 2010-cu ildən müxtəlif startaplar oldu. Bunlar "Aznet shop", onlayn alış-veriş platforması, "endirimvar.az" saytı, "sevindir.az" platforması, "Manads", "MobChannel", "Roadinfo", "süfrəm.az" kimi müxtəlif startaplar idi. Bu startaplar daha çox lokal bazara fokuslanan, qlobal bazar üçün nəzərdə tutulan layihələr idi. Düzdür, bu startapların ciddi nəticələri olmadı. Amma onların uğursuzluğu bizə nəyi edib etməyəcəyimizi öyrətdi. Bir sözlə, bu startapların hər biri mənim üçün bir təcrübə idi. 2017-ci ilin yayında isə "Eleven Kings" startapına başlamaq qərarına gəldim. Belə deyək, bu mənim üçün bir növ dönüş nöqtəsi oldu. Bəs, bu necə oldu? Deməli, 2015-ci ildə Avropanın müxtəlif startap, marketinq tədbirlərinin təqdimatına getməyə başlamışdım. Təbii ki, Avropada olan o startap mühiti insanın diqqətini cəlb edir. Bakıda da, dünyada da startap-eko sistemi haqqında, yeni çıxan startaplar haqqında veb yazıları oxuyurdum. Və bu mənim marağıma səbəb olurdu.
2016-cı ildə ilk dəfə ABŞ-a getməyi qərara aldım. Çünki orada birbaşa startaplarda iştirak etmək istəyirdim. Startap-eko sisteminin mərkəzi olan bu yerlərdə məndə bunu öz gözlərimlə görmək marağı yaranmışdı. Deyim ki, o vaxt ölkədə iki dəfə devalvasiya olmuşdu. İnsanlar onda 1 manatını belə sıxıb saxlamağa çalışırdılar ki, görək nə olacaq? Mən isə onda əlimdə olan 10 min manatı xərcləyərək, iki həftə ABŞ-da oldum. Məqsədim sırf tədbirləri yaxından izləmək və görmək idi. Bu addımı çoxları riskli və ağılsız addım kimi qiymətləndirirdi. Deyirdilər ki, insan belə bir vaxtda gedib gəzməz, pul xərcləməz. Məndə isə bu ciddi maraq yaradırdı. İki həftə ABŞ-da olandan sonra məndə böyük bir həyəcan yaranmışdı. Bundan sonra Azərbaycana qayıtdım. Növbəti dəfə 2017-ci ilin mayında yenidən ABŞ-a gedib, 1 ay orada qaldım. Bu dəfə yenə də yeni insanlarla və startaplarla tanışlıq oldu.
- İndi keçək sizin sonuncu layihənizə. "Eleven Kings" layihəsindən danışardınız. Necə oldu ki, bu layihə meydana çıxdı? Yəqin ki, layihə üçün Ronaldinyonu futbolçu kimi çox sevdiyinizdən onu seçdiniz...
- 2017-ci ilin iyun ayında Bakıya qayıtdım. Ondan 2 həftə sonra da "Eleven Kings" startapına başlamağı qərara aldım. Getdiyim ABŞ səfərləri məni daha qlobal startap yaratmağa sövq etdi. İnsanlar məndən soruşurlar ki, niyə "Eleven Kings"? Çünki mən özüm futbol həvəskarıyam. Futbol menecerləri oyunlarına həvəsim var. 15-16 ildir futbol menecerleri oyunları oynayıram. Demək olar ki, oynamadığım platforma yoxdur. Düşündüm ki, qlobal səviyyədə rəqabətliliyə davamlı olacaq hansısa layihə yarada bilsəm, bu, elə futbol meneceri oyunları ola bilər. Həm istifadəçi kimi böyük təcrübəm var, həm də biznes tərəfini bilirəm. Dediyim kimi uzun illərdir bu oyunları izləyirəm. Ona görə də, belə bir təcrübəyə başladıq. Və 2017-ci ilin yayında bu ideya yarandı. 2018-ci ilin yayında işlər sürətlənməyə başladı. 2019-cu ilin sentyabrında ilk dəfə oyun pleystora əlavə olundu. Pleymarketdə oyun aktivləşdi. O vaxtdan indiyə kimi 200 minə yaxın yüklənməsi var. Təxminən 50 ölkədən pul ödəyən istifadəçi var. Oyun artıq həm gəlir gətirir, həm də aktivliyi artır. Ötən ilin mart ayında "Eleven Kings" oyunu İsveçrənin Lozanna şəhərində qeydiyyatdan keçdi. Oyunun əsas ofisi orada yerləşir. Biz oyun ideyası yarananda hədəf qoymuşduq ki, məşhur futbolçu ilə əməkdaşlıq edək. Bu o vaxt bizim üçün bir xəyal idi. Belə deyək, xəyalımızın gerçəkləşməsi milyonda bir ehtimal idi. Amma biz məqsəd qoymuşduq ki, ən azı buna cəhd edək. Əgər alınmasa, əlçatan bir futbolçu ilə yoldaşlıq edək. Ən azı qeyri-mümkün olan bir hədəf qoyub onun üçün çalışaq. Zaman elə gətirdi ki, 2 il sonra Ronaldinyo ilə Barselonada görüşdüm. Bu layihəni onların komandasına təqdim etdim. Layihə haqqında ümumi məlumatları oldu və ideyanı bəyəndilər. İlkin razılıq əldə olundu. Bizim şirkət 2020-ci ildə təsis olunandan sonra onlarla müqavilə bağlanacaqdı. Amma həm pandemiya elan olundu, həm də başqa problemlər yarandı. Ona görə də, əməkdaşlıq pauza vəziyyətində qaldı. Sonra yenidən müzakirələrə başladıq, ötən ay avqust ayında isə Ronaldinyo ilə ABŞ-ın Mayami şəhərində görüşümüz baş tutdu və məşhur futbolçu bizim layihənin siması oldu. Bu, çox mühüm bir müqavilədir. Bağlanmış müqavilə ilə biz bütün marketinq reklamlarında Ronaldinyonun adından və imicindən istifadə etmək hüququ qazandıq. İkinci mühüm amil, bizim oyunun ikonunda, vebsaytımızda, jurnalda və oyunun daxilində istənilən yerdə Ronaldinyonun şəkillərini yerləşdirirk. Üçüncü mühüm amil isə ümumilikdə 130 milyon izləyicisi olan Ronaldinyonun sosial media hesabında artıq hər həftə "Eleven Kings" oyununun reklamları gedir. Bu üç amilə görə, ekspertlər bu müqavilənin qiymətini 10 milyon dollar qiymətləndirirlər. Uğurlu məqam ondan ibarətdir ki, biz yeni startap olduğumuz üçün o qədər məbləğ ödəmək imkanımız yoxdur. Biz Ronaldinyonun şirkətinə "Eleven Kings"dən hissə verməklə müqaviləni imzalamış olduq. Onlar bizim layihənin gələcəyinə inandıqlarına görə, dəyəri 10 milyon olan müqaviləni heç bir ödəniş almadan imzaladılar və fəaliyyətə başladılar. Düşünün ki, bu, Azərbaycan ekosistemi üçün olduqca mühüm bir məqamdır.
- Bu layihəni həyata keçirməkdə sizə kimlər köməklik etdi?
- Bu sadaladığım işlər mənim və komandamızın gecə-gündüz çalışması və daim bu layihəyə inanması nəticəsində baş verdi. Ilk olaraq mən layihəyə başlayanda kiçik bir büdcə ilə başlamışdıq. Xərclərimizi qarşılayırdıq, sonra bir dostumuz investisiya qoyaraq oyunun inkişafını sürətləndirdi. 2019-cu ilin əvvəlindən isə müxtəlif sahibkarlar, investorlar investisiya qoydular. İndiyə kimi 4-ü azərbaycanlı, 1-i kanadalı olmaqla 5 nəfər investisiya qoyub. Həmin investisiya ilə biz "Eleven Kings"i bu yerə kimi gətirmişik. Bunlardan başqa hansısa bir dəstəkdən söhbət gedə bilməz. Dövlət qurumları, aidiyyəti qurumlar və ya başqa digər qurumlardan hər hansı bir dəstək olmadı. Qeyd etdiyim kimi bu uğur bizim komandanın əzmi ilə başa gəldi.
- Növbəti layihələrdə başqa futbolçulardan da istifadə etmək ehtimalı varmı? Yoxsa, bu layihə elə Ronaldinyo ilə sonlandırılacaq?
- Ronaldinyo bizim oyunun əsas simasıdır və elə də qalacaq. Amma bununla yanaşı biz artıq 2 ilə yaxındır ki, müxtəlif futbol ulduzları və baş məşqçilərlə danışıqlar aparırıq. Bunların arasında artıq Ronaldinyo qədər tanınmış futbolçular kifayət qədərdir. Hələ ki, adlarını açıqlamırıq, amma onlarla belə sima var. Yaxın vaxtlarda siz "Eleven Kings"də sima olaraq digər məşhur futbolçu və baş məşqçiləri də görə biləcəksiniz.
- Bu startapın izləyiciləri daha çox Azərbaycandadır, ya xaricdə?
- Azərbaycanda da var, amma daha çox Avropadadır. Türkiyə, Braziliya, Portuqaliya, İspaniya, Fransa, Serbiya, Almaniya və İngiltərə.
- Gənclərə tövsiyəniz...
- Startap, əslində, azərbaycanlı gənclər üçün güclü motivasiya olmalıdır. Çünki düşünün ki, mən startapa başlayanda 30 yaşım var idi. Ailəli idim, 2 övladım var idi. Belə bir şəraitdə startapa başlamaq ümumiyyətlə dünya ortalaması olaraq götürdükdə çox uğursuzdur. Çox risklidir. Adətən, startapla məşğul olan insanların orta yaş həddi 15-17, 18-20, 22-23 olur. Çox vaxt da subay olurlar. Yəni, bir startapa başlayırsan, əlində olan pulu xərcləyirsən, lap pulun qurtardı bir yerdən borc tapırsan, yeri gəldi lap küçədə yatırsan, amma yenə də başlayırsan pul qazanmağa. Belə daha rahat olur. Bir də var Azərbaycanda olasan və 30 yaşında işə başlayasan. Dediyimiz kimi ailə məsuliyyəti və s. Üstəlik, əlində olan pulu da xərcləyirsən, daha sonra yenə borc alırsan. 10 min, 20 min, 50 min, 100 min, borclar ard-arda gəlir və dayanmadan inanaraq bu layihəyə davam edirsən. Bu çox riskli bir şeydir. Əslində, bu danışdığımız uğurlu nəticələr də bu riski gözə ala bilməkdən sonra yarandı. Təbii ki, mən layihəyə inanmasa və dayandırsa idim, borca düşməkdən, ya da uğursuzluğa məruz qalmaqdan qorxsa idim, bu gün bu layihə olmazdı.
Aygün Zayıdova