Hamiləliyin gedişatını daha ətraflı izləmək üçün ultrasəs müayinəsi geniş istifadə olunan müayinə üsullarından biridir. Həkim USM vasitəsilə ananın sağlamlığını və ana bətnində dölün inkişafını dəqiqliklə izləyir. Bəs ana hamiləliyin hansı dövrlərində USM-ə müraciət etməlidir? USM-in anaya və uşağa ziyanı varmı? Budəfəki müsahibəmizdə hamiləlikdə USM barədə insanları maraqlandıran sualları cavablandırmaq üçün həkim-radioloq Milana İsayeva ilə həmsöhbət olduq.
- Hamiləliyin hansı dövrlərində ultrasəs müayinəsi vacibdir?
- İlk trimestr adlandırdığımız hamiləliyin 11-14-cü həftələri arasında aparılan ultrasəs müayinəsi zamanı intrauterin hamiləliyin mövcudluğunu təsdiqləyib hamiləlik həftəsini təyin edirik. Eyni zamanda fetal aneuploidiya riskini araşdırmaq məqsədilə hamiləliyin 11-14-cü həftələri arasında ənsə qalınlığı adlandırdığımız NT-nin ölçülməsi mütləqdir.
İkinci trimestr ultrasəs müayinəsi hamiləliyin 16-22-ci həftələri arasında aparılır. Ən optimal müayinə isə 20-22-ci həftə sayılır. Bu, eyni zamanda dölün anatomik müayinəsi də adlandırılır. Çünki bu zaman dölün baş, boyun, üz, onurğa sütunu, abdomen cinsiyyət üzvləri, aşağı və yuxarı ətrafları da müayinə edilir.
Hamiləliyin üçüncü trimestrində, yəni 28-40-cı həftələri arasında aparılan ultrasəs müayinəsinin əhəmiyyəti daha gec periodlarda ortaya çıxa biləcək problemləri vaxtında aşkarlamaqdır. Bu həftələr arasında eyni zamanda dölün çəkisinə, pozisiyasına, amnion mayesinin miqdarına, ciftin yerləşməsinə və servikslə olan münasibətinə diqqət yetirmək lazımdır.
- Maternal serumunda AFP-si (alfafetoproteini) yüksək çıxmış hamilələrdə dölün detallı ultrasonoqrafiyası zamanı nələrə diqqət etmək lazımdır?
- AFP ilk fetal həyatda yolk kisəsi (yolk sac), daha sonra dölün qaraciyəri tərəfindən hazırlanır. İlk dövrdə dölün dərisi, daha sonra isə böyrəklər və fetal urinasiya vasitəsilə amnion mayesinə keçir. Əgər AFP yüksək çıxarsa, diqqət yetirilməsi vacib olan anomaliyalardan biri sinir borusu defektləri, yəni spina bifida, anensefaliya və ensefaloseldir. Daha sonra dölün qarnının ön divarı defektlərinin - omfaloselin, qastroşizisin mövcudluğu yoxlanılmalıdır.
Eyni zamanda, bilateral renal ageneziya, kongenital dəri xəstəlikləri, sakrokoksigeal teratoma və amniotik band kimi hallarda da AFP-nin səviyyəsində artım müşahidə edilir.
- Fetal doppler müayinəsi nədir?
- Bəzən hamilələr dölün detallı ultrasəs müayinəsi ilə hamiləliyin doppler müayinəsi anlayışını səhv salırlar. Bizə "Doppler olmaq istəyirəm" deməklə əslində onlar detallı ultrasəs müayinəsi olmaq istədıklərini demək istəyirlər. Lakin bilmək lazımdır ki, fetal doppler müayinəsi zamanı dölün orqanlarının anatomiyasına, üz çizgilərinin şəklinə (3D və 4D) baxılmır.
Doppler müayinəsi zamanı plasentar çatışmazlıq və preeklampsiya vəziyyətini müəyyən etmək üçün uşaqlıq damarlarında, dölün inkişaf vəziyyətini müəyyən etmək üçün isə göbək ciyəsindəki və döldəki damarlarda qan axınının intensivliyinə və sürətinə baxmaq lazımdır.
- Damar kələfi kistaları nədir?
- Damar kələfi kistaları xoşxassəli olmaqla yanaşı dölün inkişafına heç bir təsir göstərmir. Bu kistalar hamiləliyin 16-21-ci həftələri arasında müşahidə olunur və adətən, 23-cü həftəyə qədər sorulurlar. Demək olar ki, 25-26-cı həftədən sonra bu kistaları görmək mümkün deyil.
Damar kələfi kistaları trisomi 18-lə bağlıdır. Trisomi 18-li fetusların üçdə birində bu kistalar müşahidə olunur. Sonoqrafik olaraq damar kələfi kistaları aşkarlandıqda, belə fetusların ürəyinə, əllərinə və qulaqlarına xüsusi diqqətlə baxmaq lazımdır. Əgər kistalarla yanaşı digər anomaliyalar aşkarlanmırsa, bu aneuploidiya riskini aşağı salır və heç bir invaziv testə ehtiyac qalmır.
- Hamiləlik zamanı ultrasəs müayinəsi ziyanlıdırmı?
- Ultrasəs müayinəsi hamiləliyin gedişatını izləmək üçün bizə ən çox məlumat verə biləcək ziyansız, yüksək informativ, qeyri-invaziv müayinə üsuludur. Ultrasəs müayinəsinin dölə mənfi təsiri barədə ciddi sübutlar aşkar edilməmişdir. Bu metod müxtəlif sıxlıqlı strukturlardan ultrasəs dalğalarının müxtəlif şəkildə əks olunması analizinə əsaslanır.
Bu müayinə vasitəsilə hamiləliyin mövcudluğunu müəyyən etmək, embrionun inkişafını müşahidə etmək, inkişafdan qalmış hamiləliyi, uşaqlıqdan kənar hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyalarının mövcudluğundan şübhələnmək, döldə yaranmış inkişaf anomaliyalarını müəyyən etmək mümkündür. Hamiləlik dövrü ərzində ən azı 3-4 dəfə ultrasəs müayinəsindən keçmək lazımdır.
- Hamiləlik yaşı nədir və necə təyin olunur?
- Hamiləlik yaşının klinik olaraq təyin olunması əsasən xəstənin xatırladığı son aybaşı tarixinin ilk gününə və fiziki müayinədə uşaqlıq ölçüsünə əsaslanır. Lakin son aybaşı tarixi ilə hamiləlik yaşının təyin olunmasında menstrual tsiklin müddətindəki dəyişkənliklər, yanlış xatırlama, erkən hamiləlik dövründə qanama və s.-lə bağlı səhv ola bilər. Fiziki müayinədə isə uşaqlıqdakı miomalar, çoxdöllü hamiləlik və s. hamiləlik yaşının səhv təyin edilməsinə səbəb ola bilər. Hamiləlik yaşını klinik olaraq müəyyənləşdirmək mümkün olmadıqda ultrasəs müayinə hamiləlik yaşının təyin edilməsində ən səmərəli və ən doğru metod olaraq qəbul edilir. Həmçinin, transvaginal ultrasonoqrafiya vasitəsilə embrionun ölçüsünə əsasən 5 həftəlik hestasiyadan ilk trimestr sonuna qədər hamiləlik yaşını olduqca dəqiq şəkildə təyin etmək mümkündür.
Hamiləliyin ilk dəqiq sonoqrafik əlaməti olan "hestasional kisə" ultrasonoqrafistlərin hamilə qadınların uşaqlıqlarında təyin etdikləri halqa şəklində strukturu ifadə etmək üçün istifadə olunan termindir. Hamiləliyin erkən dövründə bir kisənin təqribi ölçüsü hamiləlik yaşını təyin etməyə imkan verir. Hamiləlik həftəsi irəlilədikcə ilk trimestr dövründə dölün təpə-büzdüm ölçüsü də (CRL) hamiləlik yaşının təyin edilməsində ən optimal göstəricilərdən biri sayılır.
- Dölün müayinəsində üçhəcmli (3D) ultrasonoqrafiyanın rolu nədir?
- İkihəcmli (2D) ultrasonoqrafiya 30 ildir ultrasonoqrafiyanın başlıca əsası olmuşdur. Lakin üçhəcmli ultrasonoqrafiya vasitəsilə 3D həcmlərini əldə edilməsi və bunların müxtəlif şəkildə təqdim edilməsi ultrasonoqrafiyada yeni imkanların önünü açdı. Bu səbəbdən də bəzi valideynlər üçün 3D ultrasəs müayinəsi daha maraqlıdır. 3D ultrasəs müayinəsində döl ekranda həcmli və real həyatdakı kimi görünür. Bu zaman biz dölün hərəkətlərini, gülməsini, əsnəməsini, gözlərini açıb-yummasını, barmağını ağzına aparmasını və s. real şəkildə izləyə bilirik. Eyni zamanda 3D ultrasonoqrafiya fetal damağın, beyində "corpus callosum" (döyənək cisim) adlanan strukturun görüntülənməsində də əvəzsiz metoddur. Fetal üz anomaliyalarında, fetal beyinin multiplanar görüntülənməsində, fetal skelet sistemi problemlərində - tanatoforik displaziya, oksondrogenez, xondrodisplaziya punktata, Apert sindromu və s. kimi skelet displaziyalarının araşdırılmasında 3D həcmli ultrasonoqrafiyanın çox böyük rolu var.
- Göbək ciyəsinin fetusun boynuna dolanmasının ultrasonoqrafik əlamətləri nələrdir?
- Bu hal problemsiz doğuşla bitən normal hamiləliklərdə tez-tez müşahidə olunur. Çox nadir olaraq fetal ölümlə nəticələnir. Əsasən fetal boyun çevrəsində iki və ya daha artıq sıx düyünün olması təhlükəli ola bilər.
Göbək ciyəsi prenatal ultrasonoqrafiya vasitəsilə müəyyən edilir. Sonoqrafik olaraq rəngli doppler müayinəsində sagital görüntülərdə boynun arxasından alınan kəsikdə yan-yana iki göbək ciyəsi halqası şəklində və aksial görüntülərdə fetal boynun ətrafında dairə şəklində müşahidə edilir. Bəzən isə dölün boynuna dolanmış göbək ciyəsi hamiləlik həftəsi irəlilədikcə öz-özünə düzələ bilər.
Əgər amnion mayenin həcmində azalma, fetusun inkişafında geriləmə, hərəkətlərində azalma müşahidə olunarsa, bu zaman göbək ciyəsinin dölün boynuna dolanması daha çox əhəmiyyət daşıyır. Bu zaman hamiləliyi yaxından yoxlamaq və lazım olacağı halda müdaxilə etmək mütləqdir.
- Dölyanı mayenin əhəmiyyəti nədir?
- Dölyanı maye embrion və fetusun normal inkişafı üçün bir çox işlər görür. Fiziki travmalara qarşı döl üçün yastıq rolunu oynayır, mədə-bağırsaq, tənəffüs, muskuloskeletal sistemin normal olaraq inkişafını təmin edir, infeksiya düşməsinin qarşısını alır və s.
Birinci trimestrin orta-sonlarından etibarən embrionik dəridən diffuziya yolu ilə maye çıxışı başlayır. Bu hamiləliyin 24-26-cı həftəsinə qədər davam edir. Hamiləliyin ikinci trimestrində amnion mayesinin başlıca mənbəyi fetal böyrəklər və ağciyərlərdir. Döl tərəfindən udularaq alınan dölyanı maye mədə-bağırsaq sistemi vasitəsilə fetal qana keçir.
Dölyanı mayenin həcminin hamiləlik dövründə artma və azalma halları müşahidə olunur. Dölyanı mayenin azalması oliqohidramnion adlanır. Və renal ageneziya, ikitərəfli böyrək obstruksiyası, ikitərəfli böyrək displaziyası, posterior uretral valv və ya atreziyası, dölün inkişaf geriləməsinə səbəb olan uteroplasental çatışmazlıq kimi vəziyyətlərdə müşahidə olunur.
Polihidramnion isə dölyanı mayenin çoxluğu deməkdir. Polihidramnionun ən mühüm səbəblərindən biri maternal diabetdir. Xromosomal anomaliyalar da polihidramnionla əlaqəlidir. Mədə-bağırsaq sistemi anomaliyaları - duodenal və ya ezofaqal atreziya və ya obstruksiya da dölyanı maye çoxluğuna səbəb olan problemlər sırasındadır.
Nəzmiyyə Sadıqova