Hər xalqın, dövlətin inkişafı üçün ölkədə savadlı, bacarıqlı kadrların yetişdirilməsi vacib məsələlərdən biridir. Buna görə də, elm və təhsil dövrümüzün ən güclü silahı sayılır. Lakin son vaxtlar dünyanı bürüyən COVID-19 pandemiyası bir çox sahələrlə yanaşı təhsil sistemində də bir çox dəyişikliklərə yol açdı. Bu dəyişikliklər bizim təhsilimizə necə təsir etdi? Distant təhsil vasitəsilə savadlı kadr yetişdirmək mümkündürmü? Bu və təhsillə bağlı digər suallara aydınlıq gətirmək üçün təhsil eksperti, pedaqoq Nazim Əkbərovla həmsöhbət olduq.
- Pandemiya ilə əlaqədar dünyanın əksər ölkələri distant təhsilə keçdi. Azərbaycandakı distant təhsillə bağlı fikirlərinizi bilmək istərdik.
- Distant təhsil terminini kim düşünüb, bilmirəm, amma bu termin bugünkü istifadə forması, metodu və əhatə dairəsi ilə qətiyyən distant təhsil deyil, online təhsildir. Çünki distant təhsil müəllimin, kənar birinin müdaxiləsi olmadan verilmiş və ya müəyyən edilmiş məqsədə çatmaq üçün informasiya vasitələrindən istifadə etməklə əldə edilən biliklər sisteminə deyilir. Bu mənim fikrim deyil, izahlı lüğətlərdəki şərhlərin qısa məzmunudur. Amma bir halda ki, respublikamızda bu, distant təhsil olaraq qəbul olunur, bizə düşən də buna hörmətlə yanaşmaqdır.
Bu təhsil formasının üstünlüyü ondadır ki, COVID-19 kimi təhlükədən qorumaq baxımından hələlik yeganə çarədir və insan sağlamlığını qorumağa xidmət edir.
Nöqsanlarına gəldikdə, distant təhsil heç vaxt sinif/auditoriya formalı təhsili əvəz edə bilməz. Distant təhsil, əslində, təhsil deyil, təlimdir. Distant təhsil heç vaxt orta məktəb və qismən də ali təhsil müəssisələri üçün təlim prosesini əvəz edə bilməyib, edə də bilməyəcək. Bu forma ancaq əmələ gəlmiş böyük boşluğu qismən doldurmağa, yəni, şagirdə, tələbəyə lazım olan elmi bilikləri verməyə xidmət edə bilər. Ona təcrübə, araşdırma - tədqiqat, təhlil aparma, nəticəyə varma qabiliyyətləri qazandırmır.
- Distant təhsil zamanı müəllimlər və şagirdlər daha çox hansı çətinliklərlə üzləşdilər?
- Bunu məkana və müəllimlərin çevikliyinə görə fərqləndirmək daha doğru olar. Amma ümumi götürdükdə distant təhsildə ən çox nəzərə çarpan çətinlik canlı, üz-üzə təmasdan məhrum olmaqdır. Əgər müəllim, pedaqoq tərəf-müqabili ilə üz-üzə, göz-gözə, eyni məkanda ünsiyyətdə olmursa, orada hər şey şagirdin (tələbənin) vicdanına qalır. Dinləyici bu formada çox geniş sərbəstliyə sahib olur ki, bu da ünsiyyət qırıqlığına gətirib çıxarır. Müşahidə etmişəm ki, online keçirilən (distant) imtahanlarda şagird, yaxud tələbə yanında özündən çox savadlı birini oturdub, müəyyən xərclə onu öz əvəzinə imtahanda "işlədib". Belə bir imkanın mümkün olduğu şəraitdə savad, elm, bilik kimi məfhumların dəyərinin nə qədər ucuzlaşdığı hamımıza məlumdur.
- Bildiyimiz kimi, bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyent olmadı. Bunun səbəbini nədə görürsünüz? Burada distant təhsilin rolu varmı?
- Şübhəsiz. Yuxarıda online imtahanda bəzi "gözüaçıqların" istifadə etdiyi üsullar bu sualınıza cavab ola bilər. Amma bu yeganə səbəb deyil. Distant təhsil şəxsi məktəbdən, universitetdən uzaq saxladığı üçün onda ifrat sərbəstliyi, intizamsızlığı, məsuliyyətsizliyi artırıb. Məlumdur ki, qəbul imtahanlarında 700 və ona yaxın bal toplaya bilənlərin böyük əksəriyyəti repetitor və ya kurs təhsilindən keçənlər olur. Pandemiya və onun nəticələri həm məktəb divarları arasında təhsili, həm də repetitor, kurs imkanlarını abituryentlərin əlindən aldı. Buna görə də, nəticə belə oldu. Təbii ki, başqa səbəblər də göstərmək olar, amma onlar az əhəmiyyətlidir.
- Söhbət təhsildən və təlimdən düşmüşkən, kurikulumdan danışmadan keçmək olmur. Sizcə, kurikulumun müəllimlər və şagirdlər üçün faydalı tərəfləri hansılardır?
- Kurikulum mənim qəlb yaramdır. Səbəbi də kurikulum prosesinin başlanğıcından bu işə cəlb olunmağım, kurikulumda milli məsləhətçi kimi altı ildən çox müddətdə fəaliyyət göstərməyim və bu işə pedaqoqlarımızın bir çoxunun necə qərəzli, düşmən münasibət göstərdiklərinə şahid olmağımdır.
Kurikulum bizim ənənəvi - əzbərçilik üzərində inşa edilən, davam etdirilən təhsilimizi kökündən dəyişdirəcəkdi, yerinə nəticəyönlü, yəni şagird şəxsiyyətini önə çıxaran, onda araşdırma, təhliletmə, nəticəyə varma qabiliyyətlərini inkişaf etdirəcəkdi. Əlbəttə, bütün bunları edərkən də elmi biliklərə yiyələnərək edəcəkdi. Və ən əsası da elmi bilikləri, məlumatları müəllimin göstərdiyi istiqamətdə özünün əldə etməsi idi. Kurikulumun ən qazanclı yönü isə, məncə, şagirdə düşünməyi, təfəkkür etməyi aşılamaq idi.
Kurikulum şagirdə düşünməyi, təhlil aparmağı, nəticə çıxarmağı, qiymətləndirməyi öyrədir. Amma görünür, bizim müəllimlərin bir qisminə, yəni kurikulum əleyhdarlarına düşünən insan sərf etmir. Əzbərçi, "Mən deyim, sən qulaq as," "Sən düşünmə, sənin əvəzinə böyüklər düşünür" prinsiplərinə tabe olan adamcığazlar sərf edir. Düşünən insan yetişdirmək üçün düşünməyi bacaran müəllim olmaq lazımdır, amma belələri də çox deyil.
Nəticə nə oldu? Kurikulum adında yenə də köhnə, əzbərçiliyə dayanan qarmaqarışıq bir təhsil forması meydana çıxardıq. Sonra da oturub rus, Avropa təhsilindən ağzımız sulana-sulana danışır, özümüzünkünə dodaq büzürük. Belə olanda bağıraraq bunu demək istəyirsən: "Ay əziz müəllim, pedaqoq, təhsili idarə edən bacılar (bu gün təhsilin aparıcı qüvvəsini daha çox qadınlar təşkil edir)! Niyə bəyənmirsiniz? Məktəbi bu günə salan siz özünüz deyilsinizmi?
- Nazim müəllim, buna görə narahat olmayın, elə biz də məsələnin kökünə enmək istəyirik. Bu dedikləriniz bizim məqsədimizə uyğundur.
- Fikir verirsinizsə, mən kurikulumdan keçmiş zamanda danışıram. Çünki bu gün kurikulum davam edirmiş kimi görünsə də, çox təəssüf ki, bu iş başlandığı kimi davam etmədi, qol-budağı qırıldı, ənənəvi təhsilin tərəfdarlarının inadı qarşısında sındı, əyildi, təhsildən uzaq idarəçilər də bunu sələfinin köhnəlmiş mirası kimi qəbul edib onu öz axarına buraxdılar, yerini oyunlarla, əyləncələrlə doldurdular və nəticədə məktəb məktəbdən başqa hər şeyə bənzədi.
- Bu il baş tutan MİQ imtahanlarından sonra bir çox müəllim imtahan müddətinin azlığından və sualların tərtibatından şikayət etdi. Sizcə, müəllimlərin işə qəbul imtahanları necə keçirilməlidir?
- Müəllimlərin hər beş ildən bir imtahan edilməsi zəruridir. Bilgi axınının elektron texnologiya ilə qarışaraq həyatımızın bir parçasına çevrildiyi bu günlərdə şagirdlərin müasir texnologiyalardan istifadə bacarığı müəllimlərdən çox irəlidədir. Unutmaq olmaz ki, bugünkü təhsil siyasətində müəllimin iştirakı nə qədər arxa plana çəkilir-çəkilsin, məktəbin iki qanadından birinin - tərbiyənin qırılmasına baxmayaraq, hələ də müəllimin və məktəbin tərbiyəedici funksiyası aktiv olaraq qalır. O zaman müəllimlərin işə qəbul imtahanında bu faktor unudulmamalıdır.
1991-ci ildə mən Naxçıvam MR təhsil naziri vəzifəsinə təyin edilərkən təklif etmişdim ki, müəllimlərin attestasiyası iki mərhələdən ibarət keçirilsin. Birinci mərhələdə müəllimin daşıdığı vəzifəyə ləyaqəti qiymətləndirilsin. Yəni, müəllim şagirdləri ilə necə rəftar edir? O, yalançı, fırıldaqçı deyil ki? Ailədə öz vəzifələrini yerinə yetirirmi? İctimaiyyətdə, ailədə, işlədiyi kollektivdə özünü necə aparır? Hansı yaramaz vərdişləri var? Və s. və i.a.
İkinci mərhələdə müəllimin dərs dediyi sinifin təlim proqramına nə qədər vaqif olması, pedaqoji, psixoloji savadı, idarəçilik qabiliyyəti qiymətləndirilsin.
Məktəb qiymətləndirilərkən ondakı ictimai orqanların - sinif təşkilatlarının, valideyn şuralarının, hami təşkilatların və s. fəallığı ölçülsün.
Yadımdadır, təhsil nazirinin ümumtəhsil məktəbləri üzrə müavini var idi, Əlimirzə müəllim çox çalışqan, təcrübəli, sözün həqiqi mənasında məktəbşünas adam idi. Mənə etiraz etdi, dedi ki, sizin dediklərinizi tətbiq etməyə başlasaq, məktəblər boşalar, çox az müəllim qalar.
Mən isə gənclik enerjisinin verdiyi həvəs və nikbinliklə fikrimi müdafiə etmişdim: Bizim xalqın uşaqlarını nalayiq adamlara verib onların gələcəyini məhv etməyə haqqımız yoxdur. Uşaq elmi biliklərdəki kəsirini sonra doldura bilər, amma bu cür adamlardan aldığı mənəvi yaraları sağalda bilməz. Əlimirzə müəllim haqlı idi, amma mən öz mövqeyimi indi də müdafiə edirəm.
- Bu il keçirilən "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı təhsilin bakalavr pilləsinin 3, magistratura pilləsinin isə 1 illik olması müzakirə edildi. Sizin bu barədə fikriniz nədir?
- Məncə doğru fikirdir. Ali məktəbi artıq yükdən azad etmək lazımdır. Bu gün ali məktəblərdə sovet dövründə olduğu kimi bir sıra gərəksiz fənlər tədris edilir. Adam həkim, mühəndis, müəllim, hüquqşünas və s. peşələrdən birini seçibsə, ona lazım olan elmlər öyrədilsin, buna dair bacarıqlar aşılansın. Mən ingilis dili fakültəsində təhsil alırdım, Sov.İKP tarixi, siyasi iqtisad, Marksizm-Leninizm fəlsəfəsinin əsasları, elmi kommunizm, tarixi qrammatika, tarixi fonetika, elmi ateizm, idman kimi fənlərlə elə yüklənmişdim ki, ixtisas öyrənməyə zaman qalmırdı. Bu gün də mənzərə çox fərqli deyil.
- İdeal müəllim-şagird-valideyn münasibətləri necə olmalıdır?
- Müəllim-şagird, həmçinin, müəllim-valideyin münasibətində diktatorluq yox, "Mən deyim, sən qulaq as" prinsipindən "Sən de, mən qulaq asım" formatına keçmək lazımdır. Əgər müəllim eyni zamanda həm də tərbiyəçidirsə, o zaman tərbiyə etdiyi şagirdin, onun valideyninin qəlbinə yol tapmağı, onun sirdaşı olmağı bacarmalıdır. Müəllim ən intizamsız, ən tənbəl şagirdini belə sevməyi bacarırsa, yalnız o zaman müəllimlik mərtəbəsinə yüksəlmiş olur. İnanmıram ki, müəllimini sevən şagird onun tədris etdiyi fənnin tapşırığını yerinə yetirməsin.
- Son olaraq, hazırda dövrümüzün tələblərinə uyğun müəllimlər necə olmalıdırlar?
- Hər bir müəllim peşəsini seçən adam bəri başdan bunu bilməlidir, bilmirsə, bu ona izah edilməlidir - müəllimlik peşəsi qazanc mənbəyi deyil, "dolanışıq" vasitəsi deyil. Müəllimlik peşəsi heç vaxt gəlirli sahə olmayıb. Bu heç də o demək deyil ki, müəllim maaş almamalıdır, öz ehtiyaclarını ödəməməlidir. Xeyr, müəllimin təminatı həmişə normal olmalıdır. Müəllim sinifə girəndə ovçunun meşəyə girdiyi kimi "ov" axtarışında olmamalıdır, repetitorluq edib peşəsini yerə vurmamalıdır, şagirdini incidib ondan "hörmət" tələb etməməlidir və s. Repetitor müəllimlər məndən inciməsin, amma müəllim ona verilən 45 dəqiqədə şagirdinə lazım olan biliyi verməyi bacarmalıdır.
Bir ətrafımıza baxın! Adam dəhşətə gəlir. Birinci sinif şagirdləri repetitor yanına aparılır. Bu yazıq körpə nə öyrənir ki, onun uşaqlığını əlindən alıb bu repetitordan o repetitora, bu kursdan o kursa sürükləyirsiniz?
Müəllimin gecəsi-gündüzü olmamalıdır, o, şagirdlərinin dərdləri ilə yatıb, onların dərdləri ilə qalxmalıdır. Müəllimlik dərd, çilə, iztirab işidir, bunlar yoxdursa, müəllim də yoxdur.
- Vaxt ayırdığınıza görə təşəkkür edirik.
- Sağ olun!
Nəzmiyyə Sadıqova