Bəlkə də, bir çoxları haqqında danışacağım bu kitabı vitrindən əllərinə almış, üz qabığındakı "bullinq" sözünün nə demək olduğunu bilmədikləri üçün qaytarıb yerinə qoymuşlar.
Kristin Oudmayerin şəxsi təcrübələri əsasında yazdığı "Övladımızın gizli kabusu - bullinq" kitabı bu mövzuda Azərbaycan dilinə tərcümə edilmiş ilk kitablardandır. Və mənə görə indiyə kimi insan psixologiyası haqqında oxuduğum ən faydalı, dili anlaşıqlı, müasir dövrün tələbinə uyğun bir kitabdır.
Bəs bullinq nədir? "Bullinq bir nəfərin və ya qrup halında bir neçə nəfərin bir şəxsə qarşı ixtiyarı, məqsədli və təkrar şəkildə törədilmiş, neqativ davranışları kimi anlaşılır". Neqativ davranışlar isə genişdir: fiziki güc, təzyiq, ələsalma, təhqir, şayiələr, kiberbullinq, təcridetmə, alçaltma, saxta dostluq və s.
Bəlkə də, terminin yeniliyindən belə düşünülə bilər ki, bizdə belə bir şey yoxdur, bu, xarici ölkələrə aiddir. Kitabı oxuduqca görəcəksiniz ki, əslində, bir çox uşaq və yeniyetmə məktəb dövründə (tələbəlikdə və iş həyatında da baş verə bilər) belə neqativ hallarla üzləşir. Sadəcə olaraq, biz ona "çəkişmə", "didişmə", "zarafatlaşma" deyib məsələni böyütmür, o qədər də ciddiyə almırıq. Lakin bu "zarafatlaşma" birtərəfli baş verirsə, həddini aşır və təkrarlanırsa, bu artıq bullinqdir. Müəllifin də qeyd etdiyi kimi, məsələ ondadır ki, insanlar bullinq sözündən çəkinirlər. Heç kəs öz övladına nə bullinq qurbanı olmağı, nə də buller (bullinqi törədən şəxs) olmağı yaraşdırır.
Kitabda bullinqin növləri, qurbanların və bullinqi törədənlərin əlamətləri, valideyn, müəllim kimi edə biləcəklərimiz və etməli olduqlarımız, müasir dövrdə ən geniş yayılmış kiberbullinq, risk qrupuna daxil olan uşaqlar və s. haqqında geniş məlumat verilmişdir. Tükürpədən məsələ odur ki, heç bir uşaq, yeniyetmə bullinqdən sığortalanmayıb. Bu isə artıq valideynlər üçün həyəcan təbili deməkdir.
Bullinq bir qayda olaraq böyüklərdən gizli törədilir və onu ortaya çıxarmaq çox çətindir. Bunun üçün müəllif bir psixoloq kimi həmin uşaqların modelini çəkmiş, əlamətlərini təsvir etmişdir. Adətən, xarici görünüşcə kök, çəlimsiz, kürən, çilli, eynəkli, sızanaqlı uşaqlar daha çox bullinqə məruz qalırlar. Lakin çox dərs oxuyan, idman sahəsində uğur qazanan, müəllimləri tərəfindən təriflənən uşaqlar da sırf paxıllıq ucbatından bullinqə məruz qalırlar.
"Zorakılığa məruz qalan bütün uşaq və yeniyetmələrin ümumi bir cəhəti var: həssaslıq. Onlar qorxur, ağlayır və gizlənməyə çalışırlar. Belə uşaqları incitmək və hirsləndirmək çox asandır. Qurbanların nümayiş etdirdiyi zəiflik məhz bullinqi törədənlərin arzuladıqları davranışdır".
Təəssüf ki, övladlarımız pis davranışlardan özlərini müdafiə edə biləcək bacarıqlarla doğulmurlar. Buna görə də, uşaqlarımıza sevməyi, hörmət etməyi, dostluğu öyrətdiyimiz kimi kiçik yaşlardan həyatdakı xoşagəlməz, çətin hadisələrə qarşı hazır olmağı da öyrətməliyik. Sərhədlərini müəyyənləşdirmək, özünə dəyər vermək, özünə inanmaq, lazım gəlsə, özünü müdafiə etmək belə hazırlıqlardandır. Müəllif hətta tövsiyə edir ki, övladımıza əgər xətrinə dəyərlərsə, cavabını qaytarmaq üçün "Mənimlə bu cür danışmağa haqqın yoxdur!" tipli cümlələr də öyrədək. Evdə güzgü qarşısında məşq etdirmək, səs tonunu qaldırmağı, bədən dili ilə etirazını bildirməyi öyrətmək də vacibdir.
Kitabda qeyd edilir ki, bullinqə məruz qalan uşaqlar, adətən, 9-10 yaş və daha yuxarıdır. Və adətən, məktəb dövründə başlayan bullinq məktəbi bitirənə qədər davam edir. Real şəxslərin dilindən yazılan hissələrdə görürük ki, erkən yaşda bullinqə məruz qalan uşaq özünə inamı itirir, təhsildən yayınır, heç bir kollektivdə özünə yer tapa bilmir, uğur qazanmaqda çətinlik çəkir, sonra ailə, iş sahibi olsa da, bu zorakılığa hələ də məruz qalmaqda davam edir. Nəticədə, ya intihar edir, ya da intihara cəhd edir. Bu dəhşətlidir, əsl kabusdur. Bu tək bir uşağın yox, bütün ailənin, məktəbin, cəmiyyətin kabusudur.
Qurbanın əksinə olaraq buller kobud, lovğa, inadkar, dominant, lider olmağa can atan uşaqlar olurlar. Bəzən isə qrupdan kənar qalmamaq, təcrid edilməmək üçün bullerə çevrilən uşaqlar da olur. Müəllif bir peşəkar kimi yanaşaraq bullerə qarşı nifrət və kin hissi oyatmır. O qeyd edir ki, bəzi uşaq və yeniyetmələrin ünsiyyət forması zorbalıqdır. Onlar başqa formanı sadəcə olaraq bilmirlər. Və bəzən buller olmaqla əslində özlərini bullinqdən müdafiə edirlər. Necə deyərlər, ovlanmamaq üçün ovçu olurlar. "...həm böyüklər, həm də uşaq mütəxəssisləri dəqiq bilməlidirlər ki, çətin uşaqlar yox, çətinliklə üzləşən uşaqlar olur".
Müəllif hər iki tərəfin valideynlərinə istiqamət və tövsiyələr verir, digər valideynlər və məktəb müəllimləri ilə aktiv əlaqə saxlamağın vacibliyindən bəhs edir.
Bullinqin mahiyyətcə fərqlənməyən, lakin başqa müstəvidə baş verən bir forması da kiberbullinqdir. Kiberbullinq SMS, MMS, imeyl, skayp kimi müxtəlif əlaqə vasitələri, feysbuk, tviter, instaqram və s. kimi sosial şəbəkələr üzərindən baş verir. Son vaxtlar yeniyetmələr arasında internetdə şayiələr yaymaq, təhqiramiz mesajlar göndərmək, şəxsi video və şəkilləri yaymaq, şantaj etmək və s. kimi kiberbullinq halları və onların fəsadları haqqında tez-tez eşidirik. Bullerlər virtual aləmdə daha qəddar və amansız olurlar. Buna görə də, müəllif övladlarımızın məktəblə bağlı fəaliyyətləri ilə maraqlandığımız kimi, virtual həyatı ilə də daim maraqlanmağı vacib hesab edir.
"Övladımızın gizli kabusu - bullinq" kitabında onlarla bullinqə məruz qalmış və ya bullinqi törətmiş yeniyetmənin, gəncin etirafları, peşmanlıqları, acı təcrübələri yer almışdır. Oxuduqca şahidi oluruq ki, bir dəfə bullinqlə üzləşən şəxs onun travmasından uzun illər qurtula bilmir.
Qurbanların çoxunda isə böyüklərin etinasızlığı, nələrəsə göz yumması, passiv münasibəti, ciddiyə almaması bullinqin özündən daha ağır yara açır. Müəllif valideyn və müəllimlərə tövsiyələrində deyir - "Unutmayın ki, bullinqin dərəcəsi uşağın hiss etdikləri ilə ölçülür. Kiməsə kiçik və əhəmiyyətsiz görünən hadisələr başqa insana faciəvi və ağır təsir edə bilər. Buna görə də, uşağın bütün narahatlıqlarına ciddi yanaşmaq çox vacibdir".
Bu faydalı kitabı bitirən kimi ətrafımda olan bir neçə anaya oxumağı məsləhət gördüm. Doğurdan da, maariflənməyin, öyrənməyin yaşı olmur. Öyrənək ki, övladlarımızı, gələcəyimizi bu kabusdan qoruya bilək.
Kitab əsasən valideynlər, müəllimlər, psxologiya və pedaqogika ixtisasının tələbələri üçün nəzərdə tutulmuşdur. Həm valideyn, həm də pedaqoq kimi çox şey öyrəndiyim "Övladımızın gizli kabusu - bullinq" kitabını "Mənbə" kitab evindən əldə edə bilərsiniz. Xoş maariflənmələr...


Tükəzban Məmmədli