Düz 1 il əvvəl, 2020-ci ilin oktyabrında qəhrəman Azərbaycan ordusu bu xalqın şərəf tarixini yazırdı. Sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi oktyabr ayı boyunca da davam edirdi. Hər gün hansısa rayonumuzun, kəndimizin düşmən işğalından azad olunması xəbəri ilə sevinirdik. 30 il səngər qurmuş, istehkam tikmiş düşmən əsgərləri hər şeylərini atıb qaçırdılar. Döyüş elə bir həddə çatmışdı ki, artıq ermənilər müqavimət göstərə bilmir, bizim 9-10 nəfərlik bölüyümüz onların ən etibarlı hesab etdikləri mövqeləri asanlıqla ələ keçirir, çox sayda silah-sursat və əsir götürürdülər. Müzəffər ordumuzun ermənilərdən ələ keçirdiyi tankların və digər döyüş maşınlarının dəyəri Ermənistanın illik büdcəsindən təxminən 10 dəfə artıq idi. Məlumdur ki, bütün bu silah-sursat onlara himayədarları tərəfindən peşkəş edilmişdi.
Əsgərlərimizin şücaətinə ermənilər özləri də heyran qalmışdılar. Deyirdilər ki, Azərbaycan əsgəri ölmək bilmir, güllə ilə vururuq, yıxılır, yenidən qalxıb üstümüzə gəlir. Bu döyüşdə ermənilərin ən çox istifadə etdikləri silah da özləri kimi məkrli silahlar idi. Sonradan aparılan araşdırmalar göstərdi ki, şəhidlərimizin əksəriyyəti snayper və ya minamyot mərmisinin qəlpələrinə tuş gəlmişdi. Döyüşdən xəbəri olanlar bilirlər ki, bu silahlardan üzbəüz döyüşdə deyil, uzaq məsafədən, həm də gizli nöqtələrdən atəş açılır. Amma bütün bunlara baxmayaraq, əsgərimiz dayanmadı, hər gün irəlilədi, düşmənə zərbə üstündən zərbə vurdu. Erməni ordusunda kütləvi fərarilik başlamışdı.
Düşmən əsas güclərini Şuşa və Xankəndi ətrafında cəmləməyə çalışırdı. Ən amansız döyüşlər də elə Şuşa uğrunda oldu. Ermənilər Azərbaycan ordusunun Laçın istiqamətindən hücum edəcəyini gözlədiyi halda, əsgərlərimiz sıldırım qayalardan dırmanaraq Şuşaya daxil oldular və burada üz-üzə, əlbəyaxa döyüşlər başladı. Qayalardan dırmanaraq Şuşaya daxil olmuş əsgərlərimiz düşmənin ən ağır silahlarına qarşı tapança və bıçaqlarla ölüm-qalım savaşına girdilər. Ermənilər özlərini itirmişdilər. Həmişə ən amansız, qeyri-insani qətllərlə bizdə xof yaratmağa, gözümüzü qorxutmağa çalışan ermənilər bıçaqla, yalın əllə döyüşə atılan əsgərimizin qabağında duruş gətirə bilmir, silahlarını atıb qaçırdılar. Biz Şuşanı küçə-küçə, meydan-meydan, ev-ev geri aldıq. Noyabrın 8-də doğma Şuşamız erməni işğalından azad edildi. Bu, tarixi bir zəfər, misli görünməmiş bir qələbə idi. Biz 200 ilin intiqamını alırdıq, haqlı idik, haqqımızı bərpa edirdik.
Dəmir yumruğun zərbəsindən başı gicəllənən ermənilər "imdad" deyə bağırır, onların bu fəryadı Avropada, Moskvada eşidilsə də, cavab reaksiyası gəlmirdi. Düşmənin güvəndiyi dağlara qar yağmış, ermənilər kiminsə əlində maşa olduqlarını anlamağa başlamışdılar. Rusiya prezidenti Putin erməni baş nazir Paşinyanın telefon zənglərinə cavab belə vermirdi. Bizim üçün Xankəndinin alınması an məsələsi idi və belə bir anda Rusiyanın müdaxiləsi ilə müharibənin dayandırılması barədə üçtərəfli müqavilə imzalandı. Bu sənəd ermənilərin məğlubiyyətinin təsdiqi idi.
Müharibə 44 gün davam etdi və noyabrın 10-da Azərbaycanın parlaq zəfəri ilə tamamlandı. Kaftar xislətli düşmən ilk dəfə idi ki, qarşımızda tar-mar olmuşdu. Biz 30 ilin töhmətindən qurtulmuş, girovda qalan torpaqlarımızı da, şərəfimizi də geri almışdıq.
Qazandığımız bu parlaq zəfər 2904 igidimizin canı bahasına əldə edildi. 1200-dən çox yaralımız, 10 itkinimiz oldu. Düşmən tərəfinin itkisi isə təxminən 5 dəfə artıq idi. 2904 rəqəmi bizim üçün təkcə şəhidlik deyil, həm də zəfər simvoluna çevrildi.
Bu rəqəm bir mənada kədərimizi ifadə etsə də, mahiyyət etibarı ilə bizim qürur və şərəf rəmzimizdir. II Qarabağ müharibəsindən əvvəl də biz Polad kimi generalı, Mübariz kimi bir aslanı şəhid vermişdik, I Qarabağ müharibəsində də çox sayda igidimiz bu vətən üçün canından keçmişdi, yəqin ki, bundan sonra da şəhidlərimiz olacaq. Biz 2904 rəqəmini ona görə rəmzləşdiririk ki, məhz o sayda igidimizin şəhid olduğu həmin müharibə bizə o parlaq zəfəri gətirdi. I Qarabağ müharibəsində və aradakı mərhələdə şəhid olmuş bütün igidlərimizin o sayda yeri var, haqqı var.
Ermənilər Azərbaycan əsgərinin cəsarətinin, qəhrəmanlığının mənbəyini anlaya bilmirlər. Onlar bir məqamı ağla gətirə bilmirlər ki, biz haqq uğrunda, vətən uğrunda vuruşuruq və bu yolda ölmək şərəfdir. Daha doğrusu, onlarda şəhidlik anlayışı yoxdur. Bizi onlardan üstün edən ən birinci amil də elə budur.
Məhz bu şəhidlik ruhunun verdiyi cəsarət sayəsində 400 igidimiz Şuşaya girib bıçaqla, yüngül silahla minlərlə ermənini pərən-pərən saldı, öldürdü, əsir götürdü, iti qovan kimi qovub şəhərdən çıxardı. Bəli, bizim üstünlüyümüz təkcə modern silahımızda deyil, ən əsası haqlı olmağımızda və aslan övladlarımızın şəhidlik ruhundadır. Müharibədən sonra müsahibə verən neçə qazimizin "Mən şəhid ola bilmədim" deyə göz yaşı tökdüyünün şahidi olmuşuq. Əsl silah, əsl güc qaynağı məhz bu əqidə, bu düşüncədir. Ola bilsin ki, düşmənlərimiz modern silah əldə edə bildilər, amma onların bu düşüncəni, bu əqidəni yaşaması qeyri-mümkündür.
Nə qədər yanğılı, ağrılı görünsə də, şəhidlik Allahın sevdiyi bəndələrinə verdiyi yüksək məqamdır. Qurani-Kərimdə buyurulur ki, Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.
Uca kitabımız Qurani-Kərimin onlarla ayəsində şəhidlik və axirət həyatından bəhs edilir. Axirət həyatına inanmaq insanın kimliyini müəyyən edən ən mühüm faktorlardan biridir. Təbii ki, inananla inanmayan bir olmaz. Şəhidlik axirət sevdasıdır, ölümlərin ən şərəflisidir. Haqq yolunda can əmanətini sevə-sevə təslim etməkdir.
Bu müharibədə ermənilərdən də, bizdən də çox sayda gənc dünyasını dəyişdi. Ermənilər işğalçıdır, haqsızdır, ona görə də, onların ölüsünə hər hansı mükafat yoxdur; biz isə haqq uğrunda vuruşuruq, haqlıyıq, ona görə də, haqqı tanıyan və bu yolda canını fəda edən gənclərimizin hamısı şəhiddir və onlar Allah qatında hörmətə, ehtirama qovuşurlar.
Şəhidlərimizin şəkillərinə baxırsan, hamısı bir-birindən gözəl, çöhrələr gül ləçəyi kimi təmiz, təravətli. Şəhid bir evin, bir elin deyil, bütöv Azərbaycanın övladıdır. Onları sevmək, onlar üçün dua etmək, onlar kimi vətənpərvər olmaq hər birimizin vətənpərvərlik borcudur. Hamısını bağrımıza basırıq, hamısını dilimizin duasına yazırıq, adlarını, şəkillərini tariximizin ən uca yerlərinə həkk edirik.
Allahım, onları mərhəmətinlə bürü, sevimli Həbibin Həzrəti Məhəmmədə (Ona Allahın salamı olsun!) qonşu elə!.. 


Əli Çərkəzoğlu