Günümüzdə bir çox insan diş və diş əti xəstəliklərindən əziyyət çəkir. Bəzi insanlar isə estetik cəhətdən öz dişlərini bəyənmirlər. Bəs bu problemləri hansı yollarla aradan qaldırmaq olar? Bu kimi suallara cavab tapmaq üçün budəfəki müsahibimiz diş əti xəstəlikləri, cərrahiyyəsi və diş implantı üzrə uzman Dr. Cavid Məmmədovla həmsöhbət olduq...

- Pasientlər daha çox hansı diş problemlərinə görə müraciət edirlər?

- Pasientlər daha çox ağrı, diş əti qanaması və ağızda qoxu olduqda həkimə müraciət edirlər. Qoxu olduğu halda onun mənbəyini araşdırmaq lazımdır. Yəni ağızdan gələn qoxunun mədə ilə, yoxsa diş əti ilə əlaqəli olduğu təyin edilməlidir. Bunları araşdırmaq vacibdir. Çünki ağız boşluğumuz daxili orqanlarımızın güzgüsüdür. Bunlarla yanaşı, estetik cəhətdən narahatlıq yaşayan pasientlərin də müraciəti az deyil. Lakin diş əti xəstəlikləri olan şəxslərin dişinə estetik müdaxilə etmək məsləhət deyil. İlk olaraq həmin xəstəliklər aradan qaldırılmalıdır.

- Dişlər niyə saralır? Saralmanın qarşısını almaq üçün nə etməliyik?
- Dişlərin saralması iki cür olur: 1 - anadangəlmə saralma, 2 - sonradan yaranan saralma. Sonradan yaranan saralmalar bəzi qidalar və içkilər nəticəsində əmələ gəlir. Əsasən, çox şəkərli və turşulu içkilər dişləri saraldır. Bunlarla yanaşı, yaş artdıqca çox fırçalanan dişlərin mina qatı nazikləşir və sarı rəng olan dentin qatı üzə çıxaraq dişlərdə sarı görüntü yaradır. Bəs bunun qarşısını necə ala bilərik? Gün ərzində iki dəfə, səhər və axşam olmaqla minimum 2 dəqiqə dişlərinizi fırçalamağınız məsləhətdir. Mümkün qədər çay, kofe və siqaretdən uzaq olun. Ümumi olaraq isə dişlərdə saralmalar və rənglənmələr ola bilər. Rənglənmələr baş verən zaman əgər dişlərinizin görünüşündən narazısınızsa, 6 aydan bir onları ağartdıra bilərsiniz.

- Dişlər ağardıldıqdan sonra əvvəlki rənginə qayıda bilərmi? Və bu prosesin dişlərə ziyanı varmı?
- Bəli, dişlər daimi olaraq istifadə edildiyinə görə əvvəlki rənginə qayıda bilər. Ümumiyyətlə, dişlərin ağardılması prosesi iki cür aparılır: 1 - dişlərin üzərindəki sarı ləkələri aradan qaldırmaqla, 2 - kimyəvi maddələrlə diş tonunun açılması ilə. Dişlərin üzərindəki sarı ləkələrin təmizlənməsi həkim tərəfindən xüsusi cihazla həyata keçirilir və dişə heç bir ziyanı yoxdur. Diş tonunu kimyəvi maddələrlə açdırdıqda isə həssaslıq yaranır. Ümumi olaraq dişlərin üzərində mina qatı yerləşir. Yəni belə düşünək ki, sərt bir cisim dişləri qoruyur. Və diş ağardılma prosedurundan sonra mina qatının üzərindəki mikro dəliklərin açılması nəticəsində həssaslıq daha da artır. Dişdəki rənglənmələr aradan qaldırıldıqdan sonra əgər yaranan görüntü pasienti hələ də narahat etmirsə, kimyəvi ağardılma məsləhət görülmür.

- Diş daşları nədir? Necə əmələ gəlir?
- Dişlərin üzərinə hər gün krem formasında ərp yığılır. Həmin ərpi diş fırçaları ilə aradan qaldırmaq mümkündür. Lakin fırça ilə dişləri tam təmizləmədikdə tüpürcəyin və bəzi qidaların təsiri ilə diş ərpi daşlaşır. Diş daşları daha çox alt çənənin ön dişlərində, üst çənənin isə arxa dişlərində əmələ gəlir. Çünki həmin hissələrdə tüpürcək kanalları ağız boşluğuna açılır. Buna görə də, tüpürcəyin tərkibindəki mineral maddələrin təsiri ilə daşlar əmələ gəlir. Diş arasındakı sarılığı və daşları aradan qaldırmaq üçün dişarası fırçalardan istifadə etmək məsləhət görülür.

- Ağıl dişləri hansı hallarda çıxarılır?
- Ümumiyyətlə, ağıl dişləri 18-20 yaşlarda çıxır. Bəzi hallarda isə çıxmırlar, yəni ağıl dişi sümüyün içində qalır. Bəzən çıxsa da, əyri çıxır. Yəni öndəki dişə söykənir və onu çürütməyə başlayır. Bu hallarda artıq ağıl dişi çəkilməlidir. Çünki orada olan bakteriyalar birbaşa ürəkdə olan bakteriyalarla əlaqəlidir. Bir çox hallarda isə heç bir şikayəti olmayan insanların da ağıl dişini çəkdirdiyinin şahidi oluruq. Buna səbəb çox vaxt pasientin çənə nahiyəsinin kiçik, dişlərinin isə böyük olmasıdır. Ümumi olaraq onu deyə bilərik ki, ağıl dişlərinin çəkilməyinin pasientə heç bir ziyanı yoxdur.

- Parodontit xəstəliyi nədir? Müalicəsi hansı üsullarla aparılır?
- Parodontit diş əti xəstəliklərinin növlərindən biridir. Bu xəstəliyin əsas yaranma səbəbləri gigiyenik qaydalara riayət etməmək, genetik faktorlar və sümük əriməsidir. Sözügedən xəstəliyin qarşısını almaq üçün, ilk növbədə, diş ətində iltihablanmanın yaranmasına yol verməməliyik. Xəstəliyi müalicə etmək üçün isə əvvəl yaranmış iltihablanmanı aradan qaldırmaq lazımdır. Bunun üçün də diş daşlarını götürərək, diş ciblərindəki iltihabı təmizləyib pasientə gigiyenik təmizliyi öyrədirik. Diş əti xəstəliyindən əziyyət çəkən insanlar diş arası fırçalar istifadə etməlidirlər.

- Hər kəsə diş implant edilə bilərmi?
- Bu məsələyə ümumi olaraq yanaşsaq, bəli, hər kəsə implant edilə bilər. Lakin istisnalar var. Bəzən pasientlərdə şəkər xəstəliyinin dərəcəsi çox olur. Bu zaman implant edilməmişdən əvvəl endokrinoloqla danışıb, xəstənin şəkərini stabilləşdirmək lazımdır. Qan durulducu dərman istifadə edən pasientlərə implant qoyulacağı zaman pasientin həkimi ilə konsultasiya edilməlidir. Bundan sonra həkim məsləhəti ilə bir müddət dərman qəbulu dayandırılır. Xərçəng xəstəliyi olan insanların xəstəliklərinin kəskin dövründə implant qoymaq məsləhət deyil. Ümumi olaraq isə hər bir xəstəliyə individual yanaşılır. Və müraciət edən pasientin bütün xəstəlikləri implant qoyulmazdan əvvəl araşdırılır.

- Diş əti çəkilməsinin səbəbləri nələrdir?
- Diş əti çəkilməsinin əsas səbəblərindən biri dişləri doğru olmayan şəkildə fırçalamaqdır. Bundan əlavə, diş əti xəstəlikləri, yəni parodontit kimi xəstəliklər zamanı sümük əriməsi nəticəsində diş əti çəkilməsi də baş verir. Bəs necə müalicə edilə bilər? İlk olaraq iltihabı aradan qaldıraraq xəstəyə ağız gigiyenasını necə etməli olduğu barədə məlumat veririk. Daha sonra cərrahi üsulla damaqdan bir hissə kəsilir və diş ətinin çəkildiyi nahiyələrə əlavə edilir.

- Diş əti rənglənmələri nədən əmələ gəlir?
- Diş əti rənglənmələri siqaret çəkən və bəzi dərman preparatlarından istifadə edən şəxslərdə daha çox müşahidə edilir. Bundan əlavə, qaradərili insanlarda da diş əti qaralmaları çoxluq təşkil edir. Bir çox pasientləri bu qaraltılar narahat edir. Problemi cərrahi üsulla 1 seansa aradan qaldırmaq mümkündür.

- "Gummy smile" (Diş əti gülüşü) nədir? Müalicəsi hansı üsullarla aparılır?
- "Gummy smile", gülərkən və danışarkən diş ətinin normadan artıq görünməsidir. Yəni üst dodağın altında yerləşən diş əti danışarkən və gülərkən 2-3 mm-dən çox görünür. Bu da estetik cəhətdən pasientin narahatlığına səbəb olur. Bəs yaranma səbəbləri nələrdir? Dişlərin tam çıxmaması, diş ətində yerləşən sümüyün böyük olması, həmçinin, üst dodağın balaca olması "Gummy smile"ın yaranma səbəblərinə daxildir. Bu problemi aradan qaldıran zaman isə ilk olaraq diaqnoz qoyulmalıdır. Yəni hansı səbəblə yaranması aşkar olunmalıdır. Yaranma səbəbinə əsasən cərrahi və ya botoks üsulu ilə müalicə olunur.

- Sağlam dişlərə sahib olmaq üçün nələrə riayət etməliyik?
- Sağlam dişlərə sahib olmaq üçün, ilk növbədə, gigiyenik qaydalara riayət etmək şərtdir. Əvvəl də qeyd etdiyim kimi, dişləri gün ərzində iki dəfə - səhər və axşam olmaqla minimum 2 dəqiqə diş ətindən dişə doğru ehmalca fırçalamaq lazımdır. Qazlı içkilərdən, şirniyyatlardan, siqaretdən mümkün qədər az istifadə edilməlidir. İstifadə edildikdən yarım saat sonra isə dişlər fırçalanmalıdır...


Nəzmiyyə Sadıqova