Yaxşılıq və xeyirxahlıq qarşısında təşəkkür etmək təkcə insanlara aid bir əməl deyil, bütün varlıqlara xas bir xüsusiyyətdir. Yemək verdiyimiz, su içirdiyimiz, başını sevgi ilə oxşadığımız bir heyvan belə bu nəvazişi hiss edir və özünəməxsus hal dili ilə təşəkkürünü bildirir. Təşəkkür etmək və şükür etmək bir-birinə yaxın ifadələr olsa da, aralarında müəyyən məna fərqləri var. Təşəkkür insana, şükür isə Allaha (c.c.) qarşı edilən bir əməldir.
Təşəkkür məsələsində laqeyd davranan yeganə varlıq hər halda insandır. Allah Rəsulu (s.ə.s.) insanlararası münasibətlərdə təşəkkür etməyi özünə sığışdırmayanların, ya da buna ümumiyyətlə əhəmiyyət verməyənlərin Cənab Allaha (c.c.) etməli olduqları şükrü də yerinə yetirməyəcəklərini, şükür məsələsində laqeyd davranacaqlarını bildirmişdir. Bir sözlə, edilən yaxşılıqlar qarşısında təşəkkür etməyi bilməyən şəxs, böyük ehtimal ki, onu yaradan, ona saysız-hesabsız nemətlər verən Rəbbinə (c.c.) qarşı da şükür etməkdə laqeyd davranacaq. Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: "İnsanlara təşəkkür etməyən Allaha (c.c.) da şükür etməz" (Əbu Davud, Ədəb, 11).
Xeyirxah işlərə qarşı ancaq yaxşılıqla cavab verməli olan insanlar bəzən gördükləri yaxşılıqlara görə minnətdarlıq bildirməkdən imtina edir, hətta nankorluq edərək yaxşı əməllərə pisliklə cavab verirlər. Halbuki ayədə: "Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!" (Rahmən, 55/60) buyurulmuşdur. "Bəslə qarğanı, oysun gözünü" deyə bir deyim var. Bəslədiyimiz qarğanın ac qalanda gözümüzü oymasını bəlkə də üzrlü saymaq olar. Ancaq Cənab Allahın (c.c.) yaxşını pisdən ayırmaq üçün ağıl verdiyi insanın yaxşılığa qarşı nankorluq etməsini üzrlü saymaq olmaz.
İnsanlara təşəkkür etməyi əsasən üç hissəyə ayırmaq olar. Bunlardan birinci növ təşəkkür sözlə təşəkkür etməkdir. Misal üçün: "Etdiyin bu xeyirxahlığa görə sənə minnətdaram" və ya "Etdiyin bu yaxşılığa görə Allah səndən razı olsun" kimi ifadələr işlətməkdir. İkinci növ təşəkkür edilən yaxşılığa bənzər bir şəkildə, ya da daha gözəli ilə qarşılıq verməkdir (buna feli təşəkkür də deyilir). Üçüncü növ təşəkkür isə bizə yaxşılıq edən insanlara dua etməkdir. Əgər edilən yaxşılıqlara qarşı eynisi, ya da daha yaxşısı ilə qarşılıq vermək imkanı yoxdursa, yaxşılıq edən insanlara dua etmək də bir növ təşəkkür hesab edilir.
Pul xırdalamaq istəyəndə dükanda pulumuzu xırdalayan bir kassirə, getmək istədiyimiz ünvanı soruşanda bizə yol göstərən bir sürücüyə, işimizi vaxtında görərək bizi çox gözləməyə qoymayan bir məmura, həmçinin, bunun kimi həyatın içindəki bir çox xeyirxah və gözəl əməl sahiblərinə qarşı biganə qalmamalı və o insanlara təşəkkür etməyi unutmamalıyıq.
Bir dostumuz, bir iş yoldaşımız və ya münasibət qurduğumuz hər hansı bir tanışımız bizə maddi dəyəri olan hədiyyə verəndə, hansısa bir səhvimiz bağışlananda (və ya üstü örtüləndə), kimsə evimizə qonaq gələndə, kimsə bizə qarşı maddi və mənəvi fədakarlıq göstərəndə, bu kimi gözəl və xeyirxah əməlləri cavabsız qoymamalı, bu əməllərin eynisini, ya da daha yaxşısını o insanlara qaytarmalıyıq.
Yuxarıda qeyd edildiyi kimi buna feli təşəkkür deyilir. Misal üçün bizə qələm hədiyyə edilmişsə, biz də o dəyərdə bir qələmi başqa bir vaxtda, başqa bir münasibətlə hədiyyə etməliyik. Bizə bir köynək hədiyyə verilmişsə, biz də ən azı o dəyərdə bir köynək hədiyyə verməliyik. Beləliklə, bizə qarşı edilən yaxşılıqlara eynisi və ya bənzəri ilə qarşılıq verərək, feli təşəkkürümüzü bildirməliyik. Hətta, edilən bu yaxşılıqlara eynisi ilə qarşılıq verməklə kifayətlənməməliyik. Çünki uca dinimiz İslam bizə həm də pisliklərə qarşı belə yaxşılıqla cavab verməyi tövsiyə edir. Ayədə belə buyurulmuşdur: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!" (Fussilət, 41/34). Gördüyümüz kimi Quran ayəsində pisliyə qarşı daha yaxşı bir şeylə cavab vermək əmr olunursa, deməli, yaxşılığa yaxşılıqla (feli təşəkkürlə) cavab vermək daha gözəl bir əməldir.
Yuxarıda qeyd edildiyi kimi təşəkkür etməyin üçüncü yolu da dua etməkdir. Bu da əsasən yaxşı işlərə eynisi və ya daha yaxşısı ilə cavab vermək mümkün olmadıqda yaxşılıq sahibi insanlara dua etməklə mümkün olur.
Əksər hallarda insanlar xeyirxahlıqları və yaxşı əməlləri ən yaxınlarından, misal üçün ana-atalarından gördükləri üçün elə ən birinci təşəkkür etməli olduqları insanlar da valideynləridir. Sonra sırası ilə digər insanlar gəlir. Bu haqda Quran ayəsində belə deyilir: "Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir" (Loğman, 31/14).
Buradan anlayırıq ki, bir şəxs insanlara, xüsusilə də, ən yaxınındakı ata-anasına onların hər bir səy və zəhmətlərini görüb təşəkkür etməyi bilirsə, həyatın digər məqamlarında üzərində əməyi olan digər insanlara da təşəkkür etməyi və minnətdar olmağı öyrənəcək. Bu da insanın kamilliyinin bir əlamətidir.


Nazim Mustafayev