İnformasiya əsrində yaşayırıq, ancaq bəzən elə xəbərlərlə rastlaşırsan ki, könül dünyan alt-üst olur, günlərlə özünə gələ bilmirsən. Yenicə doğulmuş uşaq zibil qutusuna atıldı, oğul qoca anasını döyə-döyə öldürdü, küçəyə atılmış ana zibil qablarından çörək yığır, 83 yaşlı kişi özünü asdı və s. kimi... Bir vaxtlar bu cür xəbərlərdən biri yetərdi ki, bütün xalq aylar uzunu ondan danışsın, amma indi saytlarda az qala hər gün belə xəbərlərə rast gəlmək mümkündür. Təxminən əlli il əvvəl bir kənddə bir ailənin dağılması, bir boşanma faktı böyük fəlakət sayılırdı, amma indi az qala hər iki-üç ailədən birinin yolu məhkəmələrdən keçir və tərəflər heç bir şey olmamış kimi ayrılırlar. İstəsək də, istəməsək də etiraf etməliyik ki, bir vaxtlar qloballaşma deyilən və qərbdən gələn bir kampaniya bizdən çox şeyi alıb apardı. Sanki ailə müəssisəmizin təməlləri sarsıldı. Təbii ki, bütün bunlarda telekanallarda gedən zərərli serialların, internetin də rolu az olmadı. Məsələ ondadır ki, bir vaxtlar bağışlanmaz günah, cinayət kimi görünən əməllər artıq insanların baxışında adiləşdirildi və biz bu cür neqativ gerçəklərlə yanaşı yaşamağı qəbul etdik.
Bir neçə il əvvəl Bilgəhdəki qocalar evinin direktoru ilə bir müsahibə hazırlamışdıq və onun dediyi bir məqam bu gün də yadımdan çıxmır. Deyirdi ki, bu saat bu müəssisədə nə qədər qoca varsa, kənarda növbə gözləyənlərin sayı bundan düz on bir dəfə çoxdur. Adətən, bu müəssisədən çıxan adamlar bircə ünvana, məzarlığa gedirlər. İndi özünüz düşünün, buradakıların hamısı dünyadan köçsə belə, kənarda növbə gözləyənlərin cəmisi onda birini bura yerləşdirmək olar. Direktorun dediyindən belə məlum olurdu ki, bu gün ölkəmizdə bir deyil, on belə yeni müəssisə açılsa, hamısı dolar. Əfsus ki, hazırda belə imkan yoxdur və yüzlərlə qoca elə növbə gözləyə-gözləyə dünyasını dəyişir.
Bilgəhdəki qocalar evində məskunlaşmış insanların çoxu məhz burada rahatlıq tapdıqlarını bildirir və ömürlərinin son illərində qovuşduqları bu rahatlıq üçün dövlətimizə təşəkkür edirdilər. Demək, artıq bizim cəmiyyətimizdə də qocalmış valideyn "yük" olmağa başlayıb və bu "yük"dən qurtulmaq istəyənlərin sayı günbəgün artır. Dərd orasındadır ki, valideynini qocalar evinə atmaq artıq xəcalət sayılmır və insanımız bu addımı utanmadan, həya etmədən atır.
Hər xalqı fərqləndirən ən mühüm amil əxlaqdır, inancdır, mənəvi dəyərlərdir. Bunlar aradan qalxdıqdan sonra hansı dildə danışmağın, hansı yeməyi yeməyin, hansı geyimi geyinməyin o qədər də əhəmiyyəti yoxdur. Min il boyu bizdə ağsaqqala, ağbirçəyə evin də, süfrənin də ən hörmətli yeri verilib, böyüklərin sözünün qabağına söz qoyulmayıb. Evin ağsaqqalı, ağbirçəyi xeyir-bərəkət səbəbi hesab olunub. Böyük məsləhəti, xeyir-duası alınmadan bir işə başlanmayıb. Təsəvvür edin ki, əksər ailələr böyüklərin seçimi ilə qurulub. İndi bunun yaxşı-pis tərəfi müzakirə edilə bilər, amma bu bir həqiqətdir ki, xalqımız əsrlər uzunu bu cür yaşayıb və ailələr qarşılıqlı anlaşma, xətir-hörmət atmosferində ömür sürüblər. Heç şübhəsiz ki, bu məsələdə mənsubu olduğumuz İslam dininin əmrlərinin böyük rolu olub. Məlumdur ki, Uca Kitabımız Quranda buyurulur ki, sizi nə qədər incitsələr belə, qoca ataya, anaya "of" belə deməyin. "Of" demək, artıq səndən yoruldum, bezdim deməkdir. Dinimiz bizə əmr edir ki, qoca valideynin qəlbinə dəyəcək bir kəlməni belə ağzımızdan çıxarmayaq. Bu söylədiklərimizdən heç də o nəticə çıxmasın ki, keçmişdə hər şey əla idi, indi pozulub. Ailə münasibətləri, valideynin övlad, övladın valideyn qarşısındakı borcları həmişə aktual olub. Təbii ki, bu mövzuda tərbiyə məsələsi ön planda olub. Doğrudur, övlada tərbiyə vermək valideynin ən böyük borcudur, amma neyləyəsən ki, bəzən ən doğru tərbiyə belə öz səmərəsini vermir, yəni övlad o tərbiyəni qəbul etmir və tamam yad düşüncələrlə yetişir. Bəzən yaxşı bir ailənin pis övladı, bəzən də pis ailənin yaxşı övladı yetişir. Həm də bu tendensiya bəşər tarixindən üzü bəri gəlməkdədir. Adəm Peyğəmbərin (ə.s.) iki övladından biri son dərəcə mütəvazi və xeyirxah idisə, o biri qardaşının canına qıyacaq qədər zalım və amansız idi. Nuh Peyğəmbərin (ə.s.) də, Lut Peyğəmbərin (ə.s.) də bu mövzuda üzləri gülmədi, övladları onlara üsyan etdilər. İndi kimsə deyə bilərmi ki, təqsir valideyndədir? - Əsla! Bu da bir imtahandır və Quranın bildirdiyinə görə, həm də çox ağır imtahandır. Təsəvvür edirsinizmi, peyğəmbər Allahın (c.c.) seçdiyi, yüksək əxlaqla yetişdirdiyi müstəsna şəxsiyyətdir, insanları xeyirə, doğru yola, həqiqətə səsləyir. Axın-axın insanlar onun dəvətini qəbul edir, həyatını özünə örnək götürür, dünyaya, ətrafda cərəyan edən hər şeyə onun göstərdiyi pəncərədən baxırlar, ancaq evində öz canından, öz qanından olan övladı peyğəmbər ataya üsyan edir, buyurduqlarına qarşı gəlir, haqqı deyil, zülmü seçir. Ona görə də, başqasını ittiham edəndə gərək heç vaxt ədalət prinsipini unutmayaq.
Bugünkü sosial araşdırmalar övladların valideyndən imtina etməsinin daha çox əxlaqla bağlı olduğunu ortaya qoyur. Təbii ki, bəzi sosial problemlər, kasıblıq faktoru da var, amma tam əminliklə demək olar ki, ailədaxili münasibətlər yerində olanda hər cür problemi çətinliklə də olsa, yoluna qoymaq mümkündür. Son dövrlərdə gənclər arasında geniş yayılmış narkotika bəlası əksər hallarda ailələrin dağılması, ölüm, valideynlərin küçəyə atılması ilə nəticələnir. Bir çox varlı, ədəb-ərkanı yerində olan ailələrin övladları bu ağ ölümə bağlanandan sonra evdə olan-qalan qızıl zinət əşyaları, çömçə-qaşığa qədər hər şey satılır, valideynlər ya bu hala dözə bilməyib ölür, ya da küçəyə atılırlar.
Son illərdə, xüsusilə də, şəhər yerində belə bir ənənə ayaq tutmağa başlayıb ki, gəlin qayınana-qayınata ilə bir mənzildə yaşamamalıdır. Hətta ailənin tək övladı belə evlənəndə ata-anadan ayrı yaşamağı üstün tutur.
Bu yazıda bizim gənclərə üz tutub valideynlərə hörmət, qayğı mövzusunda öyüd-nəsihət vermək kimi bir niyyətimiz yoxdur, çünki mənzili satmaq üçün valideyninin canına qıymağı göz altına alan, ya hər səhər yerindən duranda nəyin bahasına olursa-olsun narkotika qəbul etməyi düşünən, yaxud da valideynini hər görəndə "Ölsəydi, canım bundan qurtarardı" deyən birinin bizim məsləhətimizdən təsirlənib dəyişəcəyinə inamımız çox azdır, ancaq Allahın (c.c.) və Peyğəmbərimizin (s.ə.s.) buyurduqlarını xatırlatmağı və hər kəsə öz sonunu düşünməyi tövsiyə edirik. Valideyn təmənnasız dostdur, heç vaxt sənin pisliyini istəməz, Allah səni bu işıqlı dünyaya gətirmək üçün onları səbəb seçib, sən də onların həyatını zülmətə çevirirsən. Valideyni sən seçmirsən, Allah (c.c.) sənin üçün seçir, demək valideynə hörmət, sevgi Allahın (c.c.) seçiminə hörmətdir. Dinimizin ən mötəbər qaynaqları hər kəs üçün Allah (c.c.) və Peyğəmbərimizdən (s.ə.s.) sonra ən dəyərli varlığın valideyn olduğunu bildirir və bu düşüncə ilə valideynə itaətin əhəmiyyətinin son dərəcə vacib olduğunu vurğulayırlar. Bu mövzuda istər müqəddəs kitablardan, istərsə də, yaşanmış hadisələrdən istənilən qədər nümunə gətirmək mümkündür. Anlamaq istəyən üçün bir söz belə kifayət edər, anlamaq istəməyənə nə etsən də, faydası yoxdur.
Son bir ildə xalqımızın həyatında çox böyük bir dəyişiklik baş verir. Biz iki yüz illik düşmənimizi diz çökdürmüş, torpaqlarımızla yanaşı haqqımızı da, şərəf və ləyaqətimizi də geri qaytarmışıq. Dünənə qədər bir atletimizin hansısa qaçış yarışında ermənini ötməsini toy-bayrama çevirən bizlər indi bu düşmənimizi sözün hər mənasında ayaqlarımız altına sərmiş, intiqamımızı almışıq. İndi bizim hər günümüz zəfər, hər anımız bayramdır. Və bu möhtəşəm zəfər igid övladlarımızın qanı, canı bahasına əldə olundu. Heç şübhəsiz ki, ölkəmizdə ailə münasibətlərinin möhkəmlənməsində bu zəfərin də müəyyən rolu olacaq. Amma bir faktı təkrarlamağı özümüzə borc bilirik ki, bu mövzunu hara yönəldirsən-yönəlt, ox gəlib yenə tərbiyə məsələsi üzərində dayanacaq. Bu məqamda bir böyüyümüzün fikrini xatırladaraq yazımızı yekunlaşdırmaq istəyirik. Buyurur ki, sən övladını deyil, özünü tərbiyə elə, övladın onsuz da səndən gördüyünü götürəcək. Hər kəsə saleh övladlarla yaşamaq diləyi ilə... 


Əli Çərkəzoğlu