Gigiyena hər bir insanın əsas prinsiplərindən biri olmalıdır. Amma təəssüf ki, buna hər kəs tərəfindən riayət olunmur. Nəticədə isə gigiyenasına diqqət etməyən şəxs özündən, ailəsindən savayı onlarla, bəzən yüzlərlə insanın sağlamlığına ziyan vurur. Hətta buna ən bariz misal kimi son 2 ildə bütün dünyanı təlaşa salan koronavirusu misal gətirə bilərik. Üstəlik, bunun kimi bildiyimiz və bilmədiyimiz onlarla, bəlkə də yüzlərlə xəstəlik var. Hansı ki, bəzi əsas təmizlik qaydalarına diqqət etmədikdə o xəstəliyi daşıyaraq özümüzlə yanaşı başqalarının da sağlamlığına ziyan vurmuş oluruq. Odur ki, insan heç kəsi öz diqqətsizliyinin qurbanına çevirməməlidir. Amma bunu mütləq qeyd etməliyik ki, son vaxtlar koronavirusun kəskin yayılmasından sonra şəxsi gigiyenasına fikir verməyən insanlar belə bu məsələdə kifayət qədər diqqətli olmağa çalışırlar.
Mövzudan çox yayınmadan deyək ki, biz bu yazımızda şəxsi gigiyenadan danışacağıq. Elə isə şəxsi gigiyena nədir? Və ya hər gün eşitdiyimiz və istifadə etdiyimiz bu sözün mənasının nə qədər dərk edirik? Gigiyena - yunan sözü olub, mənası sağlamlığımız üçün görülən təmizlik tədbirləridir. Yazını oxuyarkən siz də özünüzə sual verin. "Mən şəxsi gigiyenama fikir verirəmmi?" Əgər təmizlik sizin gündəlik işlərinizdən biridirsə, bu məlumatlar sizin üçün sadəcə olaraq təkrar xarakteri daşıyacaq. Yox, əgər yeni başlamış olacaqsınızsa, o halda nə xoş bizə. Elə isə başlayaq...
Şəxsi gigiyena saçlara, dırnaqlara, ayaqlara, əllərə, ümumilikdə isə bütün bədənə şamil olunur. İndi yuxarıda sadaladığımız bədən üzvlərimizin təmizliyinin necə qayğısına qalacağımıza nəzər yetirək.
Əl və dırnaqların təmizliyi: Sizcə biz insanlar hansı hallarda əllərimizin gigiyenasına fikir vermirik? Bununla bağlı mütəxəssislər kiçik bir araşdırma aparıblar. Sən demə, biz insanların 32 %-i tualetdən çıxdıqdan sonra əllərimizi yumaq ehtiyacı hiss etmirikmiş. 47 %-miz yemək yeməzdən əvvəl əllərimizi yumuruqmuş. 58 %-miz isə əllərimizi yuyarkən yalnız su ilə yuyur, təmizlik vasitələrindən istifadə etmirikmiş. Yalnız su ilə əllərini yuyanlar bu işi 5 saniyədə, sabundan istifadə edənlər isə 10 saniyədə icra edirlərmiş. Halbuki mütəxəssislər bu müddətin ən azı 20 saniyə olmasını məsləhət görürlər. Belə nəticəyə gəlirik ki, biz əllərin təmizliyinə xüsusilə yemək yeməzdən və hazırlamazdan əvvəl, tualetdən çıxdıqdan sonra, diş, ağız, üz və göz təmizliyimizi icra etməzdən əvvəl, çirkli, tozlu bir işi bitirdikdən sonra, çöldən evə gələrkən, xəstə ziyarətindən qayıdarkən diqqət yetirməliyik. Əlbəttə ki, bu siyahını uzatmaq da olar, amma təkcə bunları yerinə yetirmək belə bizim şəxsi gigiyenamızın bir hissəsinin tamamlanması deməkdir.
Üz, boyun və qoltuqaltı: Bu nahiyələrin təmizliyi hər gün iki dəfə - səhər və axşam həyata keçirilməlidir. Burun və qulaqların təmizliyi də unudulmamalıdır. Çünki sözügedən orqanların mütəmadi təmizliyi aparılmadıqda və bu işi insanlar arasında həyata keçirdikdə onlar tərəfindən haqlı olaraq xoş qarşılanmır. Qoltuqaltının təmiziliyinə də xüsusi diqqət yetirmək lazımdır. Çünki vaxtında görülməyən tədbir sonradan bizim cəmiyyətdə insanlar tərəfindən təcrid olunmağımıza səbəb ola bilər.
Saç təmizliyi və qulluğu: Əksər insanlar saçlarının təmizliyinə xüsusi diqqət yetirirlər. Buna baxmayaraq, bəzən ətrafımızda müşahidə etdiyimiz kirli və dağınıq saçlar bizim xoşumuza gəlmədiyi kimi, bu məsələnin bizim tərəfimizdən diqqətdən qaçırılması da başqalarına xoş təsir bağışlamır. Odur ki, saçların tipinə uyğun olaraq həftə ərzində onların bir neçə dəfə yuyulması və tərkibi təbii olan saç qulluq vasitələrinin seçilməsi çox vacibdir. Bundan əlavə, saçların vaxtında daranması və kəsilməsi də vacib amillərdəndir.
Ayaqların təmizliyi: Nəzərə alsaq ki, ayaqların natəmizliyi də bizi cəmiyyətdə utandıra bilər, bu baxımdan çox diqqətli olmaq lazımdır. Ayaqlar hər gün corab və ayaqqabıda tərlədiyi üçün hər axşam onların mütəmadi olaraq sabunlu su ilə yuyulması şərtdir. Ayaqlar yuyulmasa, bu ətraf mühitdən əlavə, bizim də ziyanımıza olacaq. Çünki mütəmadi natəmizliyin sonu ən yaxşı halda allergiyaya, ən pis halda isə göbələk xəstəliyinə yol açacaq. Ayaqları yuduqdan sonra barmaq aralarının qurulanmasına da fikir verilməlidir. Ayaqlarımıza geyindiyimiz corablar hər gün yuyulmalı və dəyişdirilməlidir. Əgər ayaqlarımızın sağlamlığı bizim üçün vacibdirsə, o halda geyindiyimiz corablara da diqqət yetirməliyik. Belə ki, geyindiyimiz corablar yalnız təbii materialdan olmalıdır. Ayaqlarda dırnaqların düzgün təmizlənməsinə və düzgün kəsilməsinə də xüsusi diqqət yetirilməlidir. Vaxtında kəsilməyən dırnaqlar kirliliyə, səliqəli tutulmayan dırnaqlar isə dəri batmasına səbəb olur. Dırnaqların dəriyə batması isə sonradan insanın kiçik əməliyyat keçirməsinə belə səbəb ola bilər.
Tualet təmizliyi: Tualetdən istifadə etdikdən sonra bədəndə mütləq təmizlik aparılmalıdır. Tualet təmizliyində xüsusi nahiyələrin təmizlənməsinə diqqət yetirmək lazımdır. Bundan başqa, tualet təmizliyinə lazımi diqqət yetirilməzsə, parazitlər və mikroblar bağırsaq xəstəliklərinə səbəb ola bilər.
Ümumi bədən təmizliyi və ya yuyunmaq: Dərinin təmizliyi və çirkliliyi insanın gün ərzindəki əhvali-ruhiyyəsinə də təsir edir. Bildiyimiz kimi, bütün mikroorqanizmlər, ölü hüceyrələr, tər və digər birləşmələr bizim bədənimizdə yığılır. Odur ki, bu qalıqları təmizləmək üçün yuyunmaq və yuyunarkən xüsusi təmizləyici vasitələrdən istifadə etmək başlıca şərtlərdəndir. Yuyunarkən suyun temperaturuna da xüsusi diqqət yetirmək lazımdır. Belə ki, bu halda suyun temperaturu 35°C-40°C arasında olmalıdır. Bundan daha isti temperatur isə dəridə müəyyən problemlərə yol aça bilər.
Sağlam geyim: Ən sonda isə geyim və ayaqqabı mövzusuna toxunmaq istəyirik. Çünki birbaşa bədənlə təmasda olan geyimlərin materialının təbii olmaması insanın sağlamlığı ilə yanaşı, əhvali-ruhiyyəsinə də mənfi təsir edir. Geyimləri seçərkən insan bədəninin soyuğa və istiyə həssas olmasına da diqqət yetirmək lazımdır. Bu səbəbdən də geyimləri hava şəraitinə uyğun seçmək lazımdır. Soyuq mühitlərdə daha qalın, isti mühitlərdə isə daha nazik geyinmək vacibdir. Qışda əsasən tünd, yayda isə açıq rəngli geyimlərə üstünlük vermək lazımdır. Məsələn, yay aylarında seçilmiş tünd rəngli geyimlər günəş şüalarının bədənə birbaşa ötürülməsinə və insanların daha çox tərləməsinə səbəb olur. Diqqət etməli olduğumuz geyim vasitələrindən biri də ayaqqabılardır. Materialı təbii olmayan, qaydalara uyğun tikilməyən ayaqqabılar insanın həm narahat olmasına, həm də tez yorulmasına səbəb olur.
Bütün bu sadaladıqlarımızı nəzərə alsaq, sonda onu deyə bilərik ki, gigiyena bizim sağlamlığımızın açarıdır.
Aygün Zayıdova