"Unudulmaq haqqı" hər hansı bir şəxs haqqında rəqəmsal mühitdəki hər cür narahatedici məzmunun həmin şəxsin tələbi və ya xahişi ilə silinməsidir. Müəyyən məlumatların üçüncü şəxslər tərəfindən kəşf edilməyəcək şəkildə internet aləmindən silinməsini tələb etmək olan "unudulmaq haqqı" fiziki, ya da hüquqi şəxslərin internetdə axtarış edərkən ortaya çıxan nəticələr arasında özləri ilə bağlı məlumatlara yer verilməməsini istəmək haqqıdır.
Şəxsi həyatın məxfiliyi, insanların maddi və mənəvi varlığının qorunması, söz və mətbuat azadlığı və s. kimi bir çox haqq və hüquqların sərhədləri internetlə birlikdə sanki yenidən çəkilmişdir. Bu səbəblə də internet sadalanan bu və digər sahələrdə birbaşa, ya da dolayı yolla insanların həyatına təsir edir.
İnternetin həyatımızın bütün sahələrinə sürətlə nüfuz etməsi və hər cür məlumatın saniyələr ərzində istifadəçilər üçün əlçatan olması şəxsi məlumatlar anlayışı ilə yanaşı, şəxsi məlumatları qorumaq hüququ və "unudulmaq haqqı" kimi məsələləri ön plana çıxarmışdır. Onu da qeyd etmək lazımdır ki, məkrli niyyətlərlə keçmiş həyatları faş edilən insanların haqq və hüquqlarının qorunması "Quql", "Yandex", "Yahoo" və digər axtarış motorlarının iqtisadi marağını qabaqlayan bir məsələdir.
İndiki dövrdə "unudulmaq haqqı" ilə bağlı fikirlərin birmənalı olduğunu deyə bilmərik. Bu haqda fikir bildirən bəzi insan hüquq müdafiəçilərinə görə "unudulmaq haqqı" internet və digər texnologiyalarla dəyişən informasiya ekosistemində zərurət halına gəlmiş bir haqdır. Bəzi kəslər də "unudulmaq haqqı"nı internetdə ifadə azadlığı üçün ən böyük təhlükə adlandırırlar. Unudulmaq haqqı ilə məlumat əldə etmək hüququ arasındakı tarazlığı qorumaq buradakı ən mühüm problemlərdən biridir.
Texnoloji inqilab "unudulmaq haqqı" deyilən bir məfhumun ortaya çıxmasına zəmin hazırlamış, həmçinin, ifşa xarakterli, böhtan atma, ya da intiqam alma məzmunlu məlumatların internet aləmində bir anda yayılması insanların istəmədikləri halda və istəmədikləri şəkildə ictimaiyyətin diqqət mərkəzinə çevrilməsinə güclü təkan vemişdir. Yaşanan bu hadisələr də internetdə gizlilik və unudulmaq haqqı kimi məsələlərin müzakirəsində başlanğıc nöqtə olmuşdur.
Hüquqa, əxlaqa və dürüstlüyə zidd olan məzmun və paylaşımlar sonradan müxtəlif üsullarla bloklansa belə, internet mühitinə daxil olan bu məlumatların o mühitdən tam mənası ilə çıxarılması qeyri-mümkün hesab edilir.
Həmçinin, burada "silmək haqqı" ilə "unudulmaq haqqı"nı bir-biri ilə qarışdırmaq olmaz. Silmək haqqı bir şəxsin internetdə paylaşdığı məzmunu könüllü olaraq silməsi və ya silmək istəməsidir. Bu da həmin şəxsin əvvəlki ifadəsini dəyişdirməsindən ibarətdir. "Unudulmaq haqqı"nda isə ziddiyyətli tərəflər var. Tərəflərdən biri onun haqqında dərc olunan hər hansı məzmunu qarşı tərəfdən silməyi xahiş və ya tələb edir, hətta bu, məsələnin məhkəmə yolu ilə həllinə qədər belə gedib çıxır. "Unudulmaq haqqı"nda sözügedən fel və əməlin sahibi həmin hadisəni unutmur, sadəcə olaraq, keçmişini başqalarından gizlətmək istəyir. Buradan da görürük ki, unutmaq istəməklə unudulmaq haqqından istifadə etmək ayrı-ayrı şeylərdir. Ancaq əsl reabilitasiya və ya əsl bəraət unudulmaq haqqından istifadə etmək və heç nə olmamış kimi həyata davam etməklə deyil, səhvi qəbul etməklə, onunla üzləşməklə və ya onu təkrarlamamaqla (İslamda buna tövbə etmək deyilir) mümkündür.
Onu da qeyd edək ki, "unudulmaq haqqı" ümumi deyil, müstəsna hallarda tətbiq edilən bir haqdır. Misal üçün uzun illər yüksək bir vəzifədə işləmiş, onlarla seminar və konfranslarda təmsil etdiyi dövlət, ya da qurum adından çıxış etmiş bir adamın günlərin bir günü gəlib "unudulmaq haqqı"ndan istifadə etmək istəməsi mümkün olmaz. Çünki artıq o çıxışlar, o bəyanatlar bir nəfərə aid bir məsələyə deyil, çoxşaxəli şəkildə digər tərəflərə də aid bir məsələyə çevrilmişdir.
Unudulmaq haqqı ilə media azadlığı arasında ciddi bir ziddiyyət var. "Unudulmaq haqqı"nı mətbuatda yayılan xəbərlərə tətbiq etsək, ifadə azadlığı ilə "unudulmaq haqqı" arasında incə bir tarazlığın qurulmasına nə qədər çox ehtiyac olduğunu görərik. Bu balansın hər bir halda ayrı-ayrılıqda həm ifadə azadlığına, həm də "unudulmaq haqqı"na xələl gəlməyəcək formada qurulması çox vacibdir. Bu minvalla medianın təkcə doğru məlumat verməsi kifayət deyil. Media eyni zamanda bu məlumatı doğru kontekstdə və obyektiv bir şəkildə verməlidir.
Yazının bu yerində mövzu ilə bağlı digər məqamlara da toxunmaq olar. Cənab Allahın (c.c.) gözəl adlarından (Əsmaul-Husnə) biri də "bəndələrinin qüsur, xəta və günahlarını bağışlayan" mənasına gələn "Səttar"dır. Yenə "ayıbları örtən" mənasına gələn "Səttarul-Uyub" da Cənab Allah (c.c.) üçün istifadə olunan adlardan biridir.
Bununla yanaşı, Quran ayələrində bir tərəfdə Firondan, Hamandan, Qarundan, Nəmruddan, Əbu Ləhəbdən ibrət alınacaq şəxslər kimi bəhs edilir, onlar kimi olmayın deyilir, digər tərəfdə isə nümunə və örnək alınacaq şəxslər kimi peyğəmbərlərdən, saleh şəxslərdən danışılır. Buradan anlayırıq ki, Cənab Allah (c.c.) həm Səttarul-Uyub, yəni ayıbları örtən olduğuna görə insanların ayıblarını örtür (bir mənada insanlara unudulmaq haqqı verir), həm də insanları əməllərinə görə ibrət almaq, nümunə götürmək üçün ta qiyamətə qədər xatirələrdə canlı saxlayır.
Söhbətin bu yerində Həzrət Məryəmdən də bəhs etmək olar. Bir vaxtlar o unudulmaq, hətta ölüb getmək istəmişdir. Həzrət Məryəm bətnindəki uşağını insanlardan gizlətməyə çalışmış, insanların dedi-qodularından qorxduğu üçün oğlunu dünyaya gətirərkən belə demişdir: "Kaş, mən bundan əvvəl ölüb tamamilə unudulaydım!" (Məryəm, 19/23). Həzrət Məryəm qucağında atası bilinməyən bir uşaqla xalqın qarşısına çıxanda o adamların ona necə baxacağını, nə deyəcəyini, onu necə qarşılayacağını düşünür, qəm və kədər dolu hisslərlə ölməyi, unudulmağı arzu edirdi. Ancaq görünür ki, Cənab Allah (c.c.) onun bu istəyini qəbul etməmişdir.
Əhməd ibn Hənbəl Məkkənin bir məhəlləsində şöhrətdən uzaq və tanınmadan yaşamağı arzu etmişdir. Ancaq bu arzusu onun nə həyatında, nə də vəfatından sonra baş tutmuşdur. Çünki Əhməd ibn Hənbəlin tanınmadan yaşamaq istəyi və bir mənada unudulmaq arzusu, əslində, alimin şəxsi kamilliyindən irəli gəlirdi. Belə kamil insanı, belə böyük bir hədis və fiqh alimini isə tarix heç vaxt unuda bilməzdi.
Mövzunu bir Peyğəmbər (s.ə.s.) kəlamı ilə bitirmək istəyirəm. Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: "Kim müsəlmanın ayıbını örtərsə, Cənab Allah (c.c.) da onun dünya və axirətdə ayıbını örtər" (Əbu Davud, Ədəb, 60).
Abid Öməroğlu