Məşhur brend dəyərləndirmə və məsləhət şirkətlərindən olan "Brand Finance" tərəfindən hər il ənənəvi olaraq dünyanın ən bahalı brendlərinin adları açıqlanır. "Brand Finance"-ın açıqladığı sonuncu - "Global-500-2021" adlı hesabata görə "Apple" brendinin dəyəri 263,49 milyard dollara bərabər olub. Dünyanın ən dəyərli brendləri arasında 2-ci sırada olan "Amazon"un dəyəri 254 milyard dollar təşkil edib. Dünyanın ən dəyərli 500 brendinin sıralandığı siyahıda 3-cü sırada yenə də "Google" qərarlaşıb və dəyəri 191 milyard dollar olub.
Bunlardan başqa ilk beşliyə "Microsoft" (140,4 milyard dollar) və "Samsung" (102,6 milyard dollar) brendləri də daxil olub.
"Walmart" brendi (93,2 milyard dollar) 6-cı sırada yer alıb. "Facebook" brendi son bir ildə mövqeyini dəyişməz saxlayaraq 7-ci sırada qərarlaşıb. "Facebook" brendinin dəyəri isə 81,5 milyard dollara qalxıb.
Ümumiyyətlə, "Global-500-2021" adlı hesabata daxil olan brendlərin ilk 10-luğunda 7 ABŞ şirkəti yer alıb. 5-ci sıraya Cənubi Koreyaya məxsus "Samsung" brendi, 8-ci və 10-cu sıraya isə Çinə məxsus "ICBC" (72,8 milyard dollar) və "WeChat" (67,9 milyard dollar) brendləri daxil olub. 9-cu sırada isə yenə də ABŞ-a məxsus "Verizon" brendi (68,9 milyard dollar) qərarlaşıb.
Hesabatla bağlı diqqət çəkən məqam odur ki, dünyanın ən dəyərli brendlərinin ilk 10-luğunda yer alan adların 8-i İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sektorunda fəaliyyət göstərən şirkətlərə məxsusdur.
İKT sektorunda fəaliyyət göstərən şirkətlərə məxsus olan və ümumi dəyərləri 1,1 trilyon dollar olan 8 brendin yaranma tarixi və mənalarını təqdim edirik:


- "Apple"
"Apple" şirkəti 1976-cı ilin 1 aprel tarixində Stiv Cobs, Stiv Voznyak və Ronald Veyn tərəfindən "Apple I" kompüterini satmaq məqsədi ilə yaradılıb. "Apple I"-ı birinci dəfə Stiv Voznyak özü icad edib və onu ictimaiyyətə təqdim edib. "Apple" birinci dəfə 1976-cı ilin iyununda satışa buraxılıb və onun o vaxtkı qiyməti 666,66 dollar olub.
Stiv Cobs "Apple" şirkətini qurduğu dövrdə fruktorian idi (yalnız meyvə ilə qidalanırdı). Ən çox sevdiyi meyvə isə alma idi. Yaşadığı ərazinin yaxınlığında böyük alma bağı olub və ilin müəyyən aylarında dostları ilə birgə o bağda yaşayıb. Şirkətin bu ada layiq görülməsinin ikinci səbəbi almanın cazibə simvolu olmasıdır. Üçüncü səbəb isə ondadır ki, "Apple" qurulduğu günə qədər Stiv "Attari" şirkətində işləyib. Şirkətin adını "Apple" qoyaraq siyahılarda əlifba sırası ilə "Attari"dən öndə olmaq istəyib. Həmçinin, belə maraqlı bir səbəb də var ki, Cobs qurduğu şirkətə ad fikirləşərkən, deyib ki, 6 saat ərzində mənim şirkətimə ad tapmasanız, mən onun adını Alma ("Apple") qoyacağam. Şirkətin ilk loqosunda İsaak Nyuton və başına düşən alma əks etdirilib. Ancaq sonra bu loqo həddən artıq qəliz olduğu üçün şirkət rebrendinq edib. Hazırkı loqoda almanın dişlənmiş olması isə almanın pomidorla səhv salınmaması üçündür.

- "Amazon"
1994-cü ildə qurulan ilk və ən böyük onlayn satış saytıdır. Adını Amazon çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün "Amazon" qoyub. Ceff Bezos tərəfindən ABŞ-ın Sietl şəhərində qurulan şirkət işə ilk əvvəl kitab sataraq başlayıb. Hazırda isə "Amazon.com"-da yüzlərlə fərqli məhsullar satılır. 20 mindən artıq işçisi olan "Amazon"-un 2019-cu ildə 281 milyard dollar gəliri olub.

- "Google"
"Google" fəaliyyətə 1996-cı ilin yanvar ayından başlayıb. Həmin dövrdə Kaliforniya Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələr - Larri Peyc və Sergey Brin tədqiqat layihəsi çərçivəsində bu saytı (google.com) hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni sayt axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi.
"Google" sözü ingilis dilində heç bir mənanı ifadə etmir. Sadəcə olaraq, riyaziyyatda istifadə olunan ən böyük saylardan biri "googol" adlanır. 1 "googol" sayı 10 üstü 100-ə bərabərdir. Başqa sözlə, 1 rəqəminin sonuna 100 ədəd sıfır yazmaqla alınan ədəd "googol" adlanır.

- "Microsoft"
1976-cı ildən fəaliyyət göstərən "Microsoft" şirkəti ən böyük transmilli şirkətlərdən biridir. Şirkət müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur. "Microsoft" şirkətinin sahibi Bill Qeyts dünyanın ən varlı şəxslərindən biridir. Hazırda "Microsoft" şirkəti "Windows" əməliyyat sistemlərini istehsal edir. "Microsoft" şirkətinin məhsulları 45 dilə çevrilərək, 80 ölkədə satılır.
Şirkətin adı "microcomputer" (mikrokompüter) və "software" (proqram təminatı) sözlərinin birləşməsindən yaranıb. 150 minə yaxın işçisi olan "Microsoft"un ilk məhsulu "Altair" mikrokompüteri üçün hazırlanan BASİC proqramlaşdırma dili olub.

- "Samsung"
Dünyada elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkəti - "Samsung" 1969-cu ildən fəaliyyət göstərir. Şirkətin mərkəzi Seul şəhərində yerləşir.
"Samsung" "sam" və "sung" sözlərinin birləşməsindən yaranıb. Koreya dilində sam "üç" və "sung" isə "ulduz" deməkdr.
Hazırda, "Samsung" Koreya xaricində dünyanın 79 ölkəsində 290 minə yaxın işçisi olan dünyanın ən böyük şirkətlərindən biridir.

- "Facebook"
Əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulan dünyanın ən böyük sosial şəbəkəsinin ilk adı "The Facebook" olub.
"Facebook" adını "paper facebooks" sözündən alıb. ABŞ universitetlərinin tələbələri, müəllimləri və işçiləri tərəfindəən doldurulan anket "paper facebooks" adlandırılır. Hazırda, 2,5 milyarddan çox istifadəçisi olan "Facebook"un 53 minə yaxın işçisi var.


- "Verizon"
"Verizon Wireless" abunəçi bazasına görə ABŞ-ın ən böyük mobil operatoru olan "The Cellco Partnership"in ticarət adıdır. "The Cellco Partnership" ("Verizon Wireless") 1999-2000-ci illərdə qurulub. Şirkət üçüncü (3G) və dördüncü (4G) nəsil mobil rabitə xidmətlərini təqdim edir. "Verizon" adı "VERItas" və "horiZON" sözlərindən götürülərək yaradılan yeni bir addır (Neologiya).

- "WeChat"
Bu brend Çinin nəhəng texnologiya şirkətlərindən biri olan "Tencent"ə məxsusdur. "WeChat" mobil telefonlar üçun mətn və səs mesajlarının ötürülməsi üçün istifadə olunan tətbiqdir. Mobil tətbiqin ilk buraxılışı 2011-ci ilin yanvar ayında olub.
Tətbiq hazırda İOS və "Android" əməliyyat sistemi üzərindən işləyir. "WeChat"ın daxilində pul əməliyyatları aparmaq mümkündür, tətbiqin daxili ödəmə sistemi "WeChat Pay" adlanır.
Tətbiqin ilkin versiyası Allen Çjan tərəfindən yaradılıb və "Tencent"in direktoru Ma Huatenq tərəfindən "Weixin" adlandırılıb. Çin dilində "Weixin"in mənası "qısa mesaj" deməkdir. 2012-ci ildə tətbiqin istifadəçi sayı 100 milyona çatdıqdan sonra şirkətin adı beynəlxalq bazar üçün "WeChat" olaraq dəyişdirilib...



Allahverdi Cəfərov