Qafqaz İslam Ordusunun Bakıya, ümmiyyətlə Azərbaycana gəlişi ilə bağlı hazırlayacağım bu yazının adını ilkin olaraq "Nuru Paşaya məktub" qoymaq istəyirdim. Əlbəttə, bunun haqlı səbəbləri var idi. Zaman və məkan fərqi olsa da, gənc komandir Nuru Paşaya səslənərək, onunla dialoq quraraq, bu mühüm tarixi hadisələrə bir "məktub"la işıq tutmaq olardı. Ancaq gördüm ki, tarixi əlaqələr o qədər sıx, Qafqaz İslam Ordusu adı verilən bu qardaş dəstəyinin Azərbaycana gəlməsi o qədər qaçılmaz idi ki, Nuru Paşa olmasa da, yəqin ki, başqa bir Osmanlı Paşasının rəhbərliyi altında bu ordu yenə Azərbaycana gələcək, tarix yenə bu şanlı ordunun gəlişinə şahidlik edəcəkdi. Hətta, mövzu ilə tanış olarkən ağlımdan keçən bu "məktub" məsələsinin çoxdan reallaşdığını gördüm. Sən demə, qələm və söz əhli (istər ədiblərimiz, istərsə də, şairlərimiz) elə o günlərdə bu hadisələri (yazının davamında görəcəyimiz kimi) çox gözəl vəsf ediblər. Bu minvalla tarixə bir "məktub" göndərmək əvəzinə, bu mühüm tarixi hadisələri müasir dövrün ən güclü təsir və təbliğat vasitəsi olan kinonun dili ilə dünyaya çatdırmağın daha doğru yol və metod olacağını qeyd etmək yerinə düşər.

1918-ci il mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Bakının gözəl memarlıq inciləri sayılan binaları yerlə yeksan edilmiş, insanların var-dövləti talan edilmişdir. Təpədən dırnağa qədər silahlanmış ermənilər evlərə hücüm edərək dinc sakinləri xüsusi qəddarlıqla qətlə yetirmiş, xəncərlə, süngü ilə param-parça etmiş, körpələrə belə rəhm etməmişlər.

1918-ci il mayın 28-də Tiflisdə Orient Oteldə Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında idi. Buna görə də, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etməkdən ibarət idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Milli hökumətin ixtiyarında olan 600 nəfərlik milli özünümüdafiə dəstəsi ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi.

Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı "Qarşılıqlı yardım və dostluq haqqında" müqavilənin dördüncü maddəsi ilə Azərbaycana yardım etməyi üzərinə götürdü. Türk ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini Batum müqaviləsi (və ya Batum konfransı)təşkil edirdi. Artıq qeyd edildiyi kimi müqavilənin 4-cü maddəsinə görə əgər Azərbaycan daxili qayda-qanunu və təhlükəsizliyi təmin etmək üçün müraciət edərdisə, Osmanlı dövləti bu yardımı göstərməli idi. Azərbaycan tərəfi belə bir yardım üçün müraciət etmişdi.

Bu zaman özü də çətin şərtlər içində olan Osmanlı dövləti öz soydaşlarının dəvətinə etinasız qalmamış, xüsusi bir ordu quraraq Qafqaz yürüşünü təşkil etmişdi. Bu arada ermənilər də, xüsusilə Bakı hadisələri ilə əlaqədar, Osmanlıya şübhə və təlaşla baxır və Bakı qırğınlarının qisasının alınacağına dair onlardan haqq-hesab tələb olunacağını istisna etmirdilər.

Osmanlı dövləti hərbi hazırlıqlar görmək məqsədilə Nuru Paşanın komandanlığı altında bir hərbi heyəti Gəncəyə göndərdi. Çox keçməmiş bu heyətin ardınca "Qafqaz İslam Ordusu" adı verilən bir ordu Azərbaycana yola düşdü. Padşah tərəfindən verilən fərmanla Nuru Paşa həm də padşah yavəri elan edilmiş və Qafqazda ona padşahın siyasətinin təmsilçisi səlahiyyəti verilmişdi.

Bu ordu yerli Azərbaycan könüllüləri ilə birləşərək hərəkata başlayır; Göyçay, Kürdəmir, Ağsu və Şamaxıda erməni-bolşevik qüvvələrini məğlubiyyətə uğradaraq, avqustun əvvəllərində Bakının ətrafına çatır. Burada 45 gün davam edən mühasirə və çarpışmalar nəticəsində Qafqaz İslam Ordusu erməni, bolşevik-rus və ingilislərdən ibarət qüvvələri məğlub edərək 1918-ci il sentyabrın 15-də Bakını xilas edir. Bu hərəkat nəticəsində Azərbaycan tamamilə xilas olur və ölkənin ərazi bütövlüyü təmin olunur. 1918-ci il 14-15 sentyabr tarixli son hücumda 8 min Osmanlı, 6 min azərbaycanlı döyüşçü iştirak edir. Azərbaycan torpağının azad olunması uğrunda 5 aydan artıq davam edən bu hərəkatda 1200-ə yaxın Osmanlı və Azərbaycan əsgəri şəhid olur.

Qafqaz İslam Ordusunun bu hərəkatının siyasi, hərbi, ictimai və s. kimi tarixi əhəmiyyətə malik nəticələri olmuşdur. Lakin onun ən ümdə və mühüm nəticəsi yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənib bərqərar olması və onun ərazi bütövlüyünün təmin edilməsidir. Hərəkatın digər bir nəticəsi isə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və inam duyğularını sarsılmaz bir şəkildə möhkəmləndirməsidir. Azərbaycan Xalq Cümhuriyyəti ilə Qafqaz İslam Ordusunun doğuluşu eyni tarixi daşıyır. Bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bakının azad edilməsindən sonra Gəncədəki Azərbaycan hökuməti Bakıya gəlmiş, baş nazir Fətəli xan Xoyskinin rəhbərliyi altında ölkəni idarə etməyə davam etmişdir. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilmişdir.

Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi ilə bağlı Məhəmməd Əmin Rəsulzadə belə deyirdi: "Azərbaycan xalqının tarixində bu gün 28 May qədər böyük bir dəyərə malikdir. 28 Mayda Cümhuriyyətin istiqlalı bütün cahana elan edilmişsə, 15 sentyabrda bu istiqlal maddətən təyid olunmuş, Azərbaycan hökuməti öz təbii mərkəzinə müvəffəqiyyətlə daxil olmuşdur".

Bu tarixi hadisələr 70 illik sovet dövrünün irtica qadağaları altında susdurulmağa, qara boyalarla eybəcərləşdirilərək təqdim edilməyə, müxtəlif ittihamlar altında gizlədilməyə çalışılsa da, heç vaxt unudulmamışdır.

Bu tarixi hadisələr xalqın, insanların qəlbində, yaddaşında, şair və ədiblərin əsərlərində yaşamaqla yanaşı, Azərbaycan Tarixi Muzeyi eksponatları arasında da Qafqaz İslam Ordusuna məxsus bir çox əşyalar mühafizə olunmaqdadır. Bunlar əsas etibarilə təltif nişanları, bu orduya məxsus döyüş silahları, Qafqaz İslam Ordusuna aid mühüm sənədlərdir.

Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından doğan ümid və sevinc hissləri dövrün bədii nümunələrində də öz əksini qabarıq şəkildə tapmışdır. Azərbaycanın məşhur "Lalələr" mahnısının kədərli hekayəsi Qafqaz İslam Ordusunun qəlblərdə yaratdığı sevinc hissinin ifadəsidir. Gəncə bölgəsinə hərəkət edən minlərlə əsgər başlarındakı qırmızı fəsləri və qotazları ilə uzaqdan laləyə bənzər bir mənzərə yaradırdı. Sözləri şair Aslan Aslanova, musiqisi bəstəkar Telman Hacıyevə aid olan "Lalələr" mahnısında belə deyilir:

Yazın əvvəlində Gəncə çölündə,

Çıxıblar yenə də dizə lalələr.

Yağışdan islanan yarpaqlarını,

Səriblər dərəyə, düzə lalələr.

Meylim üzündəki qara xaldadır,

Hicranın əlacı ilk vüsaldadır.

Nə vaxtdır aşiqin gözü yoldadır,

Bir qonaq gələsiz bizə lalələr...

Əhməd Cavad Xəlil Paşaya ithaf etdiyi "Röyasını görmüşdüm" şeirində sevinclə bildirirdi ki, düşdüyümüz ən çətin, ən böhranlı vəziyyətdə qan qardaşlarımızın bizə köməyə gəlib-gəlməyəcəyi sualları qarşısında çoxları ümidini itirdiyi bir vaxtda:

Mən röyada nazlı yarın

Tellərini öpmüşdüm.

Bu sevincli zamanların

Röyasını görmüşdüm...

Əhməd Cavadın ordumuza ərməğan etdiyi "Ey əsgər" adlı digər şeirində isə Xəlifənin fərmanına baş əyib, məzlumların imdadına yetişən Qafqaz İslam Ordusunun zəfərləri tərənnüm edilir, bu xilaskar ordunun Azərbaycana göstərdiyi xidmətlər konkret misallarla belə təsvir edilirdi:

...Şu qarşıkı duman çıxan bacadan

Sən gəlmədən iniltilər çıxardı.

Geciksəydin, məzlumların fəryadı

Yeri, göyü, kainatı yaxardı.

Yürü, yürü, batan günəş izinə,

Gülümsəyir doğan günəş yüzünə...

Qafqaz İslam Ordusunun gəlişinin Azərbaycan ədibləri tərəfindən bu qədər coşğunluqla vəsf edilməsinin başlıca səbəbi o zaman Vətənimizin və yenicə yaradılan Cümhuriyyətimizin məhvolma təhlükəsinin gündən-günə reallaşmağa başlaması idi. Qanımıza susayıb, yurdumuza sahib çıxmaq istəyən düşmənlərimiz Azərbaycan xalqını fiziki, mənəvi və siyasi cəhətdən məhv edib, yer üzündən silməyə çalışırdılar. Azərbaycanda törədilən bu soyqırımın siyasi mahiyyəti haqda Bakının azad edilməsinin birilliyi münasibətilə dərc etdirdiyi "Haqq yerini tutan gün" adlı məqaləsində Məhəmməd Əmin Rəsulzadə bolşevik-müsavat firqə davası pərdəsi altında keçirilsə də, əslində, bu aksiyanın soyqırımı məqsədi daşıdığını yazırdı: "Azərbaycan türkü tam bir məyusluq və ümidsizlik dərəcəsinə gəlmiş ikən üzünü böyük qardaşı Osmanlı Türkünə çevirib, istimdad diləmiş, qardaş səsinin ləbbeyk sədasını eşitmişdi. Bir tərəfdə bolşevik, daşnaqsütun, menşevik, kadet, daha sonra ingilis, əlavə olaraq alman qüvvəsi, digər tərəfdə isə Türkiyə-Azərbaycan qüvvəsi qarşı-qarşıya gəlmişdi. Birinci tərəf Bakını Azərbaycandan ayırmaq surətilə siyasi bir qətl icra etmək istəyir, digər tərəf isə son qətrə qanını axıtmaqla da olsa, haqqı yerinə oturtmaq istəyirdi. Xoşbəxtlikdən ikinci tərəf - haqqı yerində oturtmaq istəyən tərəf - qalib çıxdı. Bakı düşmən qüvvələrindən azad edilərək Azərbaycanın qanuni paytaxtı kimi əsl sahiblərinin məskəninə çevrildi".

İstiqlal nəğməkarı kimi tanınan şair Əhməd Cavad isə məhz bu münasibətlə qələmə aldığı "Bismillah" şeirində Bakıya belə müraciət edirdi:

Ey Bakı, sən qorxma, gəldik, gələli,

Səninçün atıldıq daim irəli!

Sağ qalanlar annələrə təsəlli,

Şəhidlərin ruhu gülər, bismillah!..

Poeziyası düşmənə nifrət, mübarizəyə çağırış dolu bir hayqırtı ilə diqqəti cəlb edən şairimiz Ümmügülsümün "Yolunu bəklərdim!" şeirində də Qafqaz İslam Ordusunun Azərbaycana qardaşlıq yardımından minnətdarlıq duyğusu ilə danışılır.

Şeirin əvvəlində verilən qeyd də bu fikri təsdiq edir. Qeyddə deyilir: "Bu şeir bir il qabaq mart hadiseyi-ələməsindən Azərbaycan Türk İslamlarının yaxasını düşmən əlindən almaq və ölümdən qurtarmaq üçün qardaş, arkadaş - deyə dərə, təpə, dağ, daş aşaraq yardıma gələn şanlı Türkiyə ordusuna ithafən yazılmışdır".

Ey Qafqaz İslam Ordusu!

İştə gəldin, gözlərimin yaşlarını qurutdun,

Nəvazişin ovunmayan qərib ruhu oxşadı.

Heç ölçüyə sığınmayan dərdlərimi ovutdun,

Qara günüm hilalının işığıyla parladı.

Artıq bana nəsib deyil şadlıq, sevinc, - deyərkən

Gəldin, aldın yürəgimi, - ağlama, gül, - dedin sən...

1919-cu il sentyabrın 15-də Bakının azad olunmasının birilliyi təntənə ilə qeyd edilmişdi. Həmin gün xalq onun bu xoş günü uğrunda canından keçən şəhidlərin məzarını ziyarət edərək orada odlu çıxışlar etmişdi. Keçirilən bayram tədbirlərini və cəmiyyətin həyatında baş verən ictimai-milli və mənəvi prosesləri, qarşıda duran gələcək vəzifələri təhlil edən Məhəmməd Əmin Rəsulzadə "Qurtuluş günü" məqaləsində yazırdı: "Mətbuatın, ədəbiyyatın millətin qəlbində milliyyət və istiqlal toxumu saçan bir əməl olduğu məlumdur. Fəqət, imdi anlayırız ki, bir alay əsgərin milli nəğmələrlə ötərək birdəfəlik keçişi mətbuatın on sənəlik propaqanından əhali üzərinə daha böyük bir təsir buraxır".

Çox təəssüf ki, Azərbaycanı istiqlalına qovuşduran, onun müstəqilliyi üçün bütün fədakarlıqları ortaya qoymuş Qafqaz İslam Ordusu Mudros Müqaviləsinə uyğun olaraq geri çağırıldı. İngilislərin Şimali İrandakı komandanı general Tomson tələb edirdi ki, noyabr ayının 17-i səhər saat 10:00-a kimi Azərbaycan türk qoşunlarından təmizlənməlidir. Bu ultimativ tələblərə əsasən Azərbaycan onu istiqlalına qovuşduran xilaskarından ayrılma acısını yaşayırdı. Türk ordusunun Azərbaycanı tərk etməsi və ingilis qoşunlarının Bakıya daxil olması türk dünyasının böyük şairi Əhməd Cavadı sarsıdan hadisə kimi onun yaradıcılığında öz əksini tapmışdı. Şair noyabr ayının 15-də "Azərbaycan" qəzetinin 40-cı sayında dərc olunan "Gəlmə" şeirində:

Bu dağlar bənimdir, yeni gün gördü,

Boğar səni ahım, ey duman, gəlmə... -

deyərək üzüntülərini qələmə almış, ölkənin dumanlı gələcəyinə ümidsiz nəzərlə baxmışdı.

1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi. Lakin Azərbaycan xalqı türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, verdiyi qurbanları həmişə ehtiramla yad etmişdir. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun şərəfinə 1999-cu ildə Şəhidlər Xiyabanında abidə ucaldıldı. 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan və Türkiyənin tarixə həkk edilmiş şanlı bir səhifəsidir.

 

Nazim Mustafayev