Şübhəsiz, müharibə insanlığın çəkdiyi və izlədiyi ən dəhşətli kinodur. Lakin nə qədər dəhşətli olsa da, bu, qəbul edilmiş bir həqiqət və nadir hallarda olsa da, bir zərurətdir. Çünki müharibə hər zaman hansısa ərazini işğal etmək və qənimət qazanmaq uğrunda aparılmır. Bəzən bunun tam əksi olur və bu zaman müharibə öz dədə-baba yurdundan qovulmuş, ev-eşiyi talan edilmiş, sevdikləri qətlə yetirilmiş insanların haqq mübarizəsinə çevrilir. Belə bir haqq mübarizəsinin öhdəsindən layiqincə gəlmiş Azərbaycan xalqı üçün də düz bir il əvvəl başlayan müharibə tamamilə zərurətdən irəli gəlirdi. 30 ilə yaxın bir müddətdə öz havadarlarının dəstəyi ilə bütün beynəlxalq təşkilatların qərar və qətnamələrini heçə sayan Ermənistana həddini bildirməkdən və torpaqlarımızı geri qaytarmaqdan irəli gələn bir zərurət.
Amma müharibədə heç də hər zaman haqlılar qalib gəlmir. Hansı ki, ötən əsrin 90-cı illərində öz torpaqlarının müdafiəsinə qalxan əliyalın azərbaycanlılar müttəfiqlərindən güclü silah və canlı qüvvə alan ermənilərin torpaqlarımızı işğal etməsinə mane ola bilmədilər. Və son nəfəsinədək döyüşən qəhrəman həmyerlilərimiz şəhid kimi Azərbaycanın şanlı səhifələrinə adlarını yazdırdılar. Lakin artıq Azərbaycan bir həqiqəti gözəl anlayırdı. Haqq mübarizəsində qalib gəlmək üçün haqlı olmaq kifayət etmirdi. Bunun üçün güclü ordu və yaxşı müttəfiqlər lazım idi...
44 gün davam edən və şanlı qələbəmizlə yekunlaşan Vətən Müharibəsində şübhəsiz, Azərbaycana həm maddi, həm də mənəvi baxımdan ən böyük dəstəyi qardaş Türkiyə verdi. Bütün beynəlxalq müstəvilərdə Azərbaycana dəstəyini açıqca bəyan edən Türkiyə, həm də özünün şanlı ordusunun təcrübələrini və müdafiə sənayesinin qabaqcıl texnikalarını ordumuzla bölüşdü. Burada ən vacib məqam isə, müharibənin taleyində həlledici rola malik olan "Bayraktar TB2" Silahlı Pilotsuz Uçan Aparat (S/PUA) idi. "Bayraktar TB2" son illər sürətlə inkişaf edən qardaş Türkiyə Respublikasının müdafiə sənayesi sahəsinin ən uğurlu layihəsidir. Jurnalımızın bu sayında "Baykar" şirkətinin ən uğurlu məhsulundan danışacağıq.
Əsası 1984-cü ildə Özdəmir Bayraktar tərəfindən qoyulmuş "Baykar" şirkəti 2000-ci ilə qədər əsasən mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələrin istehsalı ilə məşğul idi. 2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başladı. Özdəmir Bayraktarın oğulları - Haluk, Səlçuk və Əhməd Bayraktar - bu işlərdə fəal iştirak edirdilər. 2007-ci ildə şirkət ilk türk pilotsuz kəşfiyyat dronu "Bayraktar Mini" PUA-nı (Kale-Baykar Mini) hazırladı. Türk Quru Qoşunları Komandanlığı 19 ədəd bu məhsuldan almaq üçün şirkətlə müqavilə imzaladı. Qatarın "Bayraktar Mini" PUA-dan sifariş verməsi ilə "Baykar" xarici müştərilərə pilotsuz uçan aparatları ixrac etməyə başlayan ilk Türkiyə şirkəti oldu.
2014-cü ildə şirkət yeni bir layihəsini müvəffəqiyyətlə başa çatdırdı. Şirkətin bu yeni məhsulu Türkiyə Silahlı Qüvvələri tərəfindən qəbul edilən "Bayraktar TB2" hücum dronu idi. 14 iyun 2014-cü ildə tam tərkibdə keçirilən sınaq uçuşu zamanı PUA 27 030 fut (8,2 km) hündürlüyə qalxdı. Avqustun 5 və 6-sı tarixlərində isə 18 min fut hündürlükdə 4 min 40 kilometr məsafə qət edərək 24 saat 34 dəqiqə havada qaldı. 17 dekabr 2015-ci ildə keçirilən sınaq uçuşu zamanı "Bayraktar TB2" Türkiyənin milli döyüş raketləri istehsal edən "Roketsan" şirkətinin "MAM-L" adlı iki idarəolunan raketi ilə hədəfləri 100 faiz göstərici ilə vurdu.
PUA-nın gövdəsinin uzunluğu 6,5, qanadlarının uzunluğu isə 12 metrdir. Ümumilikdə, 0,7 ton ağırlıqla havaya qalxa bilir. Həmçinin, 150 kiloqram yük (sursat) daşıma qabiliyyətinə malikdir. 100 at gücünə malik mühərriki də daxil olmaqla, tamamilə Türkiyənin yerli imkanları ilə istehsal edilir. Yanacaq çəninin maksimal tutumu 300 litrdir. PUA-nın maksimal sürəti saatda 222 kilometrdir, lakin havada əsasən 130 km/saat sürətlə hərəkət edir. Hamısı yerli olmaqla 6 fərqli idarəolunan döyüş raketini daşıya və işə sala bilir.
Sistem 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına daxil edildi və TSK tərəfindən İraqda keçirilən "Pəncə" əməliyyatında, həmçinin, Suriyadakı və Liviyadakı hərbi əməliyyatlarda aktiv istifadə olundu.
Azərbaycanın qardaş Türkiyə ilə qarşılıqlı və geniş hərbi əməkdaşlığı sayəsində bu müasir və bənzərsiz texnologiya Hərbi Hava Qüvvələrinin bazasına daxil edildi və Azərbaycanın haqq mübarizəsində ondan geniş istifadə olundu. 44 günlük müharibə zamanı Müdafiə Nazirliyinin döyüşlərdən yaydığı kadrların əksəriyyəti də "Bayraktar TB2"-nin düşmən hədəflərini məhv etməsini əks etdirən görüntülər idi.
Böyük Britaniyanın "Drone Wars" nəşri Vətən müharibəsi zamanı Azərbaycanın "BayraktarTB2"-lər vasitəsilə Ermənistanın 500-dən çox hərbi hədəfini, 90 tankını darmadağın etdiyini yazdı.
Döyüşlər davam edərkən və başa çatdıqdan sonra dünyanın bir çox nüfuzlu mətbuat orqanı Türkiyə müdafiə sənayesinin bu uğurlu layihəsi haqqında geniş məqalələr dərc etdi və onun bundan sonra dünyada baş verəcək bütün müharibələrin taleyini dəyişməyə qadir olduğu qeyd edildi.
Belə görünür ki, hazırda bir çox ölkəyə ixrac olunan "Bayraktar TB2" bundan sonra hələ uzun müddət dünyada baş verə biləcək müharibələrdə ən təsirli hava hücumu silahlarından biri olacaq.
Şahmərdan Əhmədli