Eldar Mikayılzadə 1992-ci ildə dövriyyəyə buraxılan ilk Azərbaycan manatının eskizlərini hazırlayan xalçaçı-rəssamdır. Əsərləri dünyanın bir çox ölkəsində sərgilənib. Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlar İttifaqı və YUNESKO yanında Rəssamlar Birliyinin üzvü Eldar Mikayılzadə ilə görüşüb söhbət etdik. Azərbaycanda xalçaçılıq sənətinin davamı, cəmiyyətdə baş qaldıran problemlər və digər mövzularda müzakirələr apardıq. Həmin müsahibəni təqdim edirik:

 

- Eldar müəllim, rəssamlıq sənətinə nə vaxtdan başladınız?

- 6-7 yaşımdan kağız üzərində müxtəlif şəkillər çəkirdim. Atam da bunu gördü və Səttar Bəhlulzadəni dəvət edib mənim qabiliyyətim barədə soruşdu. O, yəqin ki, nə isə hiss elədi və dedi ki, yaxınlara mənzərə çəkməyə gedəndə məni də özü ilə aparacaq. İlk dəfə beləcə sənətə başladım. İstər alim olsun, istər sənətkar zəhmət çox vacibdir, qabiliyyət çox vacibdir. Neftin harada olduğunu bilmək çətindir. Onu tapandan sonra zəhmət çəkib qazıb çıxarmaq lazımdır. Mən öz həyatımda gördüm ki, zəhmət heç vaxt itmir. Allah çəkilən zəhməti yerdə qoymur. Allahın yaratdığı bəndələrdə ən çox sevdiyi xasiyyət zəhmət çəkməkdir. Mən dərs dediyim tələbələrimə həmişə deyirəm ki, Azərbaycanın tarixini, ədəbiyyatını öyrənsinlər. İnsan pərgar kimidir, nə qədər aça bilirsiniz açın.

 

- Ən yaddaqalan əsəriniz hansıdır?

- Əsərlərim övlad kimidir. Bir az zəif işlərim də var, amma hamısı mənim üçün qiymətlidir. Bəzən uğurlu olursan, bəzən uğursuz. Amma uğursuzluqların özü də bir məktəbdir. Ondan çox şey öyrənirsən. Misal üçün bir dalana girəndə ora bir nəfər yol olmadığına dair işarə qoysa, getməzsən. Getsən də, vaxt itirmiş olarsan. Bu sənətlə məşğul olan bir çox insana rəhmət oxuyuram. Çünki onların gedib uğur qazanmadığı yolu mən də gedə bilərdim.

 

- Misal çəkə bilərsiniz?

- Ad çəkmək istəmirəm. Amma görürəm ki, bu insan bu stildə 30-40 ildir işləyir, ancaq heç bir uğur əldə edə bilmir. Biz səhvlərlə, yanlışlarla öyrənirik. Belə bir misal var: Deyir, qanacağı kimdən öyrəndin, cavab verir ki, qanacaqsızdan. Sənət də belədir.

 

- Eldar müəllim, hazırda cəmiyyətimizdə ziyalılara verilən qiymətdən razısınız?

- Əgər bir insan qarnını doyurmaq üçün 10-14 saat işləyirsə, deməli ciddi problem var. Artıq orada təfəkkürdən danışmaq olmaz. Təfəkkür olmadısa, mədəniyyətdən, elmdən danışmaq olmaz. Əgər ziyalıya qiymət verilirsə, gördüyü işin müqabilində kifayət qədər məvacib ala bilirsə, gənclər, tələbələr ona oxşamağa çalışacaq. Əgər tələbə ustadını görüb ona oxşamağa çalışacaqsa, deməli, sənətin gələcəyi var. Yox, əgər uşaq görürsə ki, atası professordur, ancaq avtomobilinə təkər ala bilmir, ona oxşamaq istəməyəcək. O, görür ki, dünən səhnəyə çıxıb mahnı oxuyan müğənninin avtomobili 150 mindir, uşaq gedib onun kimi olmağa çalışacaq. Mənim fikrimcə cəmiyyət üçün ən böyük təhlükə budur. Gəncləri gözəl nümunələrlə tərbiyə etmək lazımdır. Məni öz taleyim o qədər də maraqlandırmır. Çünki artıq çoxu gedib, bir az qalıb. Mən fikirləşirəm ki, tələbələrim mənə oxşamaq istəyəcəklərmi? Onda sənətin davam etməsindən danışa bilərik. Bunlar hamısı canlı nümunədir.

 

- Əsərlərinizə diqqət edəndə bəzi dini motivlərə də rast gəlmək mümkündür...

- Bir əsərim Kəbə ilə bağlıdır. Mən 4 dəfə orada olmuşam. 2 hadisə məni həmişə maraqlandırıb. Birincisi, Kəbənin üzərində heç vaxt bulud görməmişəm. İkincisi, üzərində həmişə quşlar uçur, ancaq evin üzərinə salınan qara parça çirklənmir. Bunlar mənim üçün həmişə maraqlı olub. Cəmi bir dəfə balaca bir bulid gördüm, o da yuxarıda dairəvi şəkildə hərəkət edirdi. Oradan gələndən sonra Kəbə ilə bağlı həmin xalçanı toxudum. Mənim Moskvada kilsədə də əsərlərim var. İsa peyğəmbərin, Zəkəriyya peyğəmbərin, Həzrəti Məryəmin həyatına aid çəkdiyim əsərlər orada saxlanılır. Ümumilikdə, Rusiyanın bir çox muzeylərində Azərbaycan xalçaları saxlanılır.

 

- Nə üçün dünyada bizim xalçalara bu qədər maraq göstərilir?

- Xalça, ümumiyyətlə, onlar üçün ekzotik bir şeydir. Çünki həm texnologiyası, həm gözəlliyi onların diqqətini cəlb edir. Onlar baxanda deyirlər ki, bu xalçalar necə toxunub, necə hazırlanıb? Ona görə çox maraqla yanaşırlar. Avropanın ən böyük əsərlərinə diqqət etsəniz, görərsiniz ki, onlar bizim xalçaları çəkiblər. Fikir verin, həmin xalçaları heç vaxt yerə salmırlar. Ya stolun üstünə qoyurlar, ya da divardan asırlar. O qədər qiymət verirlər.

 

- Azərbaycan xalçalarını başqa ölkələrdəki xalçalardan fərqləndirən əsas cəhətlər hansılardır?

- Azərbaycan xalçalarını dünya xalçaları ilə müqayisə etsək, ən böyük fərqi eksklüziv olmasıdır. Bizim xalçalarda kortəbii çəkilən naxış yox, gündəlik həyat əhvali-ruhiyyəsi əks olunur. Başqa ölkələrin xalçalarının bənzərini tapmaq mümkündür. Ancaq Azərbaycan xalçalarının oxşarı yoxdur. Rayonlarımızda özünəməxsus xalçalar hazırlanıb. Təbriz isə o vaxtlar professional xalça sənətinin mərkəzi olub. Misal üçün Quba və ya Şirvanda hazırlanan xalçalar daha çox şəhər mədəniyyətini əks etdirir. Gəncə, Qazax və ya Borçalıda hazırlanan xalçalar tərəkəmə mədəniyyətini təmsil edir. Qarabağ xalçaları ictimasi-siyasi əlaqələrdə öz təsirini göstərən ən gözəl xalçalardır. Qarabağ xanlığının digər ölkələrlə qurduğu ticarət əlaqələrini də Qarabağ xalçalarında görə bilərik. Xalça toxuyan şəxslərin gündəlik həyatı, gördükləri işlər onların işinə təsir edir. Bu yaxınlarda muzeydə bir Qarabağ xalçası üzərində müşahidə apardıq. Üzərində ərəbcə yazılar var idi. Məndən ona baxmağımı xahiş etdilər. Yazını oxudum və gördüm ki, üzərində həmin dövrdə unun qiymətini, çörəyin qiymətini, taxılın qiymətini qeyd ediblər. Dünyada heç bir xalqın nənə-babası onu ora yazmaz. Bu, bizə məxsus bir şeydir.

 

- Eldar müəllim, Əmircanda anadan olmusunuz, böyümüsünüz. Köhnə Bakını necə xatırlayırsınız?

- Mən əvvəlki Bakımı tapa bilmirəm. O vaxtlar varlı, imkanlı insanlar alimə, ziyalıya yuxarıdan aşağı baxmırdılar, hörmət edirdilər. Amma indiki varlılar ziyalılara, mədəniyyət adamlarına yuxarıdan aşağı baxırlar, az qala adam saymırlar. Görün, cəmiyyət nə qədər dəyişib. Bunun çox səbəbləri var. Mən Səttar Bəhlulzadənin yanında böyümüşəm. İlk müəllimim o olub, 10 yaşımdan yanına gedib-gəlmişəm. O vaxtlar bir çox varlı, imkanlı adamlar var idi ki, xeyirxah işlər görürdülər. Bəlkə, sizin üçün maraqlı olar, o vaxtlar çayçı Gülmurad adlı bir şəxs var idi. Ləqəbi çayçı idi, ancaq özü çayçı deyildi. Çox imkanlı adam idi. Qubernator bağında həkimlər evi var idi. Onun yanında fəaliyyət göstərən çayxana onun idi. Həmin çayxananın gəliri xeyirxah işlərə xərclənərdi. Maddi dəstəyə ehtiyacı olan ziyalılar, alimlər, sənət adamları ora gedib əliboş qayıtmazdılar. Səttar Bəhlulzadə Moskvaya gedəndə onun bütün xərclərini, müalicəsini və sair Gülmurad öz üzərinə götürmüşdü. İndi həmin adamlar yoxdur. Ziyalılar indi daha çox ehtiyac içində yaşayan şəxslərdir. Başqa bir misal çəkim, Sədi Şirazinin ilk kitabı "Gülüstan"ı şaha gətirib göstərirlər, çox bəyənir. Şah Sədi Şirazi ilə tanış olmaq qərarına gəlir. Onu saraya dəvət edir. Şirazi saraydan içəri girəndə Şah taxtından düşərək onu qarşılayır. Və deyir ki, nə qədər istəyirsən, xəzinədən sənə yardım verim. Sədi Şirazi cavab verir ki, "Şah sağ olsun, o qədər ver ki, mən onun haqqında düşünməyim". Ziyalının nə qədər istəyi olacaq ki? Yeməyi, içməyi, geyimi və sair.

 

- Sizcə, cəmiyyət niyə bu şəkildə dəyişib?

- Sovet hökuməti dövründə bu proses daha yaxşı idi. Dövlət ziyalısına, aliminə köməklik edirdi. Dövlətin nəzərindən, diqqətindən yayınanlara isə çayçı Gülmurad kimilər dəstək olurdu. O vaxtlar imkanlı insanlar savadlı idilər. İndi dövr çox dəyişib. Biri ədəbiyyatdan danışır, fars dilini bilmir, tarixdən danışır, ərəb dilini bilmir. 90 faiz tarix ərəb dilindədir. Ziya Bünyadov əgər o dildə bilməsəydi, mənbələri necə öyrənəcəkdi? Misal üçün Fikrət Əmirov cavan vaxtında heç vaxt necə oxumaq, necə evlənmək, övladlarını necə oxutmaq, necə böyütmək barədə düşünməzdi. Çünki təhsil də, səhiyyə də pulsuz idi. Əgər savadın var idisə, oxuyub təhsil ala bilirdin. Əgər yox idisə, mütləq zavodda, fabrikdə özünə iş tapa bilirdin. Orada aldığın bir aylıq maaşın dolanacağına bəs edirdi. O vaxtlar bizə deyirdilər ki, kapitalizmdə sabaha ümid yoxdur, biz də gülürdük. Ancaq cəmiyyətin inkişafı üçün, xüsusilə ziyalılar üçün sabaha ümid çox vacib şeydir. İnsan 24 saatdan 8 saatını yatıb dincəlməlidir, 8 saat işləməlidir, digər 8 saatını isə özünə, yaxınlarına, qohum-əqrabalarına ayırmalıdır. İnsana 8 saat ərzində aldığı məvacib ona sabaha ümid vermirsə, bu ciddi problemdir.

 

- Bunun üçün nələr dəyişməlidir?

- Sistemin özü düzəlməlidir. Elə şeylər var ki, adam o barədə danışmağa utanır. Qarabağ alındı, hazırda orada çox böyük işlər gedir, vəsait xərclənir. Bu gün bütün qüvvəmiz ora yönəlib, yönəlməlidir də. İnşallah, bundan sonra yəqin ki, o vaxt gələcək və dövlət bir insanın aldığı maaşı ilə onun yaşayışının uyğunluğuna fikir verəcək.

 

Ruslan Yusibov