Birinci Qarabağ müharibəsində döyüşən və düşmənə qarşı mübarizə aparan hərbçilərimizdən biri də Fəxrəddin Nəcəfovdur. O, 1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulub. 1984-cü ildə Nəsimi rayonundakı 19 saylı orta məktəbi bitirib. Daha sonra Bakı Çini Qablar Zavodunda işə başlayıb. Həmin zavodda bir il işlədikdən sonra F. Nəcəfov hərbi xidmətə çağırılır. O, 1987-ci ildə Arxangelsk vilayətində ordudan tərxis olunub Azərbaycana qayıdır və Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsində işə qəbul olur. 1988-ci ildə nazirliyin təqdimatı ilə Xarkov Yanğından Mühafizə Ali Hərbi Məktəbinə göndərilir. 1990-cı ildə təhsilini bitirdikdən sonra Bakıda 14 saylı Yanğından Mühafizə İdarəsində mühafizəçi rəisi vəzifəsinə təyin edilir.
Həmin illərdə Birinci Qarabağ müharibəsinin başlaması ilə Fəxrəddin Nəcəfov könüllü şəkildə Qarabağa gedir. Onun ilk döyüşləri Goranboy rayonu ərazisində baş verir. Orduda göstərdiyi xidmətlərə və şücaətlərə görə 1992-ci ildə onu Ağdam cəbhəsində döyüşən hərbi hissələrdən birinə bölük komandiri təyin edirlər. Həmin vaxtlarda Ağdamın Canyataq və Gülyataq kəndlərində ağır döyüşlər davam edirdi. Nəcəfov rəhbərlik etdiyi dəstə ilə bu döyüşlərdə iştirak edir.
Pilotun xilas edilməsi əməliyyatı
Döyüşlərin şiddətləndiyi vaxtlarda azərbaycanlı pilotlardan biri düşmən nəzarətində olan bölgəyə düşür. Onu xilas etmək tapşırığı isə Fəxrəddin Nəcəfova verilir. Bu, təbii ki, asan əməliyyat olmayacaqdı. Müharibənin şiddətli vaxtında düşmən mövqelərinə daxil olaraq pilotun xilas edilməsi xüsusi şücaət tələb edirdi. F. Nəcəfov dəstəsi ilə birgə əməliyyat planı hazırlayır və pilotun xilas edilməsi üçün dəstəsi ilə birlikdə hərəkətə keçir. Düşməni məhv edərək irəliləyən qrup Canyataq kəndində mühasirəyə düşür. Həmin ərazidə bir neçə gün qızğın döyüşlər gedir. Nəhayət, bölük mühasirəni yara bilir. Ancaq həmin gün F. Nəcəfov bir neçə yerindən ağır yaralanır. O, bir müddət hərbi hospitalda müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıdır. 1992-ci il sentyabrın 4-də Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşdə düşməni ağır itkiyə məruz qoyan komandir şəhid olur.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Nəsimi rayonundakı 266 saylı orta məktəb onun adını daşıyır. Subay idi.
Bir haşiyə...
Fəxrəddin Nəcəfonun şəhid olduğu Ağdərə rayonu Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli qərarına əsasən ləğv edilib. Ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölünüb. Həmin bölgə uğrunda 3 ilə yaxın şiddətli döyüşlər gedib və 7 iyul 1993-cü il tarixdə ermənilər tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasından sonra keçmiş Ağdərə rayonunun əraisi 10 noyabr 2020-ci il tarixdə imzalanan atəşkəs razılaşmasına görə rəsmi olaraq Rusiya sülhməramlılarının nəzarətinə verilib. Ağdərənin ərazisi 1705 kvadrat kilometr, əhalisi isə 44,4 min nəfər olub. Əsas hissəsi dağlıq, şərq hissəsi isə düzənlik ərazidən ibarətdir. Mehmana polimetal yatağı da orada yerləşir. Həmin yatağın filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var. Əsas çayları Tərtər çayı və Xaçınçaydır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su anbarı inşa edilib. Orada bir çox tarixi məbədlər, tikililər var. Buna Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsindəki Hermuk qalası, Talış kəndindəki Urek məbədi (12-ci əsr) və s. kimi tarixi tikililəri misal göstərmək olar.
Ruslan Yusibov