Təhsil yazımızı bu dəfə çoxlarının əziyyət çəkdiyi mövzuya həsr etdik. Əzbərçilik. Təhsildə əzbərçilik nədir? Əzbərçiliyin şagirdlərə, tələbələrə nə kimi xeyri və ya ziyanı var? Mövzu ilə bağlı pedaqoq Məryəm Süleymanla həmsöhbət olduq...
Pedaqoq Məryəm Süleyman əzbər və əzbərçiliyin mahiyyətini dərk etmək üçün az da olsa, yaddaşın mexanizmini, elmi əsaslarını izah etməyə ehtiyac olduğunu qeyd etdi. Onun sözlərinə görə, dövrümüzdə yaddaşın mexanizmi ilə bağlı bir sıra nəzəriyyələr formalaşıb. Formalaşmış nəzəriyyələrdən ən geniş yayılanı yaddaşın izləmə nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən yaddaşın formalaşması zamanı insan orqanizmində bir sıra proseslər baş verir. Həmin proseslər zamanı maddələr sintez olunur. Və sintez olunan maddələrin qatılığından asılı olaraq bizim öyrəndiyimiz materialın uzun və ya qısa müddət yadda saxlanılması təyin olunur. Yəni, biz hər hansı materialı uzun müddət yadda saxlamaq istəyiriksə, onda bu maddələrin qatı olması üçün ciddi səy göstərməliyik.
Bəs maddələrin qatılığı hansı amillərdən asılıdır? Bu maddələrin qatı olmasına təsir edən bir sıra amillər var. Ən vacib amillərdən biri öyrənmə və yadda saxlama prosesində sərf olunan enerjinin miqdarıdır. Əgər biz hər hansı bir məlumatı öyrənməyə ciddi səy göstərsək, enerji sərf etsək, həmin məlumat uzun müddət yaddaşımızda qalacaq. Eyni zamanda bu yadda saxlama prosesində duyğu üzvlərinin sayı, aktivliyi, insanın şəxsi maraqlarının vacibliyi də danılmazdır. Bunlarla yanaşı, hər hansı bir şeyi öyrənmək üçün təkrarlamaq və ya əzbərləməyin də rolu böyükdür. Biz hər hansı bir məlumatı əzbərləmək yolu ilə də yadda saxlamağın effektini artıra bilərik.
Mütəxəssis dedi ki, əzbərçilik və əzbərləmək bir-birindən fərqli amillərdir. Bu səbəbdən də o, hər iki amili ayrı-ayrılıqda səciyyələndirdi: "Əzbərçilik məlumatı mexaniki, şüursuz şəkildə yadda saxlamaqdır. Bu zaman məlumatın beyinə həkk olunması səthi olur. Və qısa müddət sonra yaddaşdan silinir. Çünki beyin ciddi mənada cəhd etmədiyi və idrak prosesi aktivləşmədiyi üçün məlumat qısa müddət yadda qalır. Yaddaşda həm şüurlu, həm də şüursuz şəkildə əzbərləmə prosesləri var. Şüursuz şəkildə əzbərləməyə əzbərçilik deyilir. Məsələn, şüurlu şəkildə əzbərləmə zamanı məlumat analiz edilir və faydalı məlumatlar yadda saxlanılır. Bu zaman da orqanizm çox səy göstərdiyi üçün həmin məlumatlar uzun müddət yadda qalır. Şüursuz (başqa sözlə, mexaniki) şəkildə əzbərləmə zamanı isə məlumat analiz edilmədiyi üçün bütövlükdə yaddaşa düşür. Bu zaman isə insan əzbərlədiyi məlumatlara diqqət edə bilmir və qısa bir vaxtda unudur. Buna görə də, əzbərçilik kortəbii surətdə məlumatın yadda saxlanılması prosesidir.

"Əzbərçilik düşünmə qabiliyyətinin formalaşmasına mənfi təsir göstərir"
Məryəm Süleyman söhbət əsnasında qeyd etdi ki, əslində şeir və ya Qurani-Kərim əzbərləmək yaddaşı gücləndirir. Ümumiyyətlə, hər hansı bir məlumatı əzbərləyərkən diqqət edilməli məqamlar var. Əzbərləyərkən davamlılıq, diqqət və inadkarlıq mühüm faktorlardandır. Yəni, əzbərlənən materialın yadda qalması üçün davamlı olaraq oxumalı, diqqəti ona yönəltməli və nəticə əldə edənə kimi inadla çalışmalıyıq. Buradan belə anlayırıq ki, hər hansı bir mövzunu öyrənərkən davamlılıq və diqqət əsas meyardır.
Yaxşı, bəs bu düsturlardan istifadə edərək hər kəs əzbər qabiliyyətini artıra və ya bu qabiliyyəti qazana bilərmi? Burada sosial amillərin rolu olduğu kimi, bioloji amillərin də rolu var. Əzbərin faydalı tərəflərindən biri də odur ki, insan əzbərlədikcə beynində idrak prosesləri inkişaf edir. Yəni, əzbərləmək zehnin inkişafına müsbət təsir göstərir. Yuxarıda qeyd etdiyimiz kimi əzbər prosesində davamlılığın, diqqətin və inadkarlığın mühüm əhəmiyyəti var. Əzbər prosesində davamlılıq insanda səbrin formalaşmasına təsir edir. Diqqətin formalaşması isə həyatımızın bütün sahələrinə müsbət təsir edir. Ümumiləşdirsək, deyə bilərik ki, əzbər zehnin və idrak prosesinin inkişafı, diqqətin və səbrin formalaşması üçün faydalıdır. Əzbərçilik isə düşünmə qabiliyyətinin formalaşmasına mənfi təsir göstərir.
Əzbərçiliyə alışmış insanların hadisələr qarşısında mühakimə etmək bacarığı zəif olur. Aparılan araşdırmalara görə, dünya əhalisinin 10 faizi öz fikri ilə, qalan 90 faizi isə başqalarının fikri ilə qərar verir. Bütün bunlar da onu göstərir ki, yeni fikirlər, yeni düşüncələr formalaşmır.

Gənclərimizin hadisələrə baxış bucağı kiçilir
Digər tərəfdən, pedaqoqun fikrincə əzbərçilik bizə müsbət bir şey qazandırmır. Əzbərçiliyin tək faydası isə odur ki, hər hansı bir məlumatı qısa müddət yadda saxlamağa kömək edir.
Yüksək balla universitetlərə qəbul olan tələbələrin sonradan dərs prosesində əziyyət çəkdiyinə şahid oluruq. Elə isə bəs bunun səbəbi nədir? Qonağımız bu barədə də danışdı: "Bəzən bir sıra şagirdlərin qəbul imtahanında yüksək bal yığıb universitetdə (hətta ondan sonrakı həyatda) uğur əldə etmədiklərinin, dərslərdə çətinlik çəkdiklərinin şahidi oluruq. İnsan fəaliyyətinin davamlı və uğurlu olması bir sıra amillərdən asılıdır. Bu məsələdə başlıca amil kimi şüurlu iradə və məqsədin xüsusi rolu var. Belə ki, hazırda əksər abituriyentlərin məqsədi peşə sahibi olmaq yox, universitetə daxil olmaqdır. Məqsədə çatdıqdan sonra isə fəaliyyət zəifləyir. Bu da semestr imtahanı nəticələrində özünü göstərir. Yəni, şagirdlər qarşılarına peşə sahibi olmağı yox, yüksək bal toplamağı məqsəd qoyurlar. Bu zaman da ortada şüurlu iradə və məqsəd olmadığı üçün fəaliyyət istər-istəməz zəifləyir. Fəaliyyət zəiflədiyi üçün də universitet zamanı imtahanlara hazırlaşarkən ciddi səy göstərilmir. Nəticədə, həmin tələbələrin göstəriciləri də aşağı olur. Biz dəfələrlə abituriyentlərin istədikləri peşəni yox, öz qruplarına uyğun ən yüksək ballı ixtisası seçdiklərinin şahidi oluruq. Buradan da görünür ki, abituriyentlər yalnız bal toplamağı qarşılarına məqsəd qoyurlar. Hədəfə çatıb universitetə qəbul olduqdan sonra isə artıq həvəsdən düşürlər. Nəticədə, həvəssiz olduqları üçün universitet həyatında da uğur əldə edə bilmirlər. Əzbərçiliyə alışan abituriyentlərin universitetə başladıqdan sonra uğur qazanmamasının səbəblərindən biri də dərs materiallarının çox olmasıdır. Material artdığı üçün artıq əzbərləmə prosesi də zəifləyir. Ümumiləşdirsək, deyə bilərik ki, tələbələr əsasən seçdikləri ixtisasa həvəsləri olmadığı və əzbərçi olduqları üçün üniversitet həyatında uğursuz olurlar".
Son olaraq onu da deyək ki, nə olursa-olsun, dərslərin dərk edilərək öyrənilməsi və qavranılması daha məqsədəuyğundur. Bütün şagirdlərimizə və tələbələrimizə dərslərində uğurlar! 


Nəzmiyyə Sadıqova