İllərdən bəri davam edən gərginlik artıq dözülməz hal almışdı. Torpaqlarımızın iyirmi faizini işğal etmiş ermənilərin azğınlığı ölçü, sərhəd tanımırdı. Hər gün səngərlərimiz atəşə tutulur, Ermənistandan gələn harınlar Şuşada, Cıdır düzündə, Kəlbəcərin İstisuyunda əylənir, görüntülərı sosial şəbəkələrdə paylaşaraq, yaxın vaxtda Xəzər sahillərində istirahət edəcəklərini elan edirdilər. Baş nazir Paşinyanın Cıdır düzündə yallı getməsi, arvadının Azərbaycana müraciətlə "Hünəriniz var, gəlin burada muğam dinləyin" deməsi azğınlığın son həddi idi və gərginliyi zirvəyə qaldırırdı. General Polad Həşimovun və bir neçə yüksək rütbəli hərbçimizin şəhid edilməsi isə artıq bu mərhələnin sonunun çatdığını göstərdi. Azərbaycanın hər yerində xalq ayağa qalxdı və bu gedişə son verməyi, hətta lazım gəlsə, müharibəyə başlamağı tələb etdi. Bu vaxta qədər dözüm nümayiş etdirmiş və lazım olan hazırlıqları yerinə yetirmiş Azərbaycan rəhbərliyi vəziyyətə nəzarəti ələ aldı və düşmənin növbəti təxribatını gözləməyə başladı. Və nəhayət o gün gəlib çatdı. Bu gün o gün idi, həmin tarixi gün, daha doğrusu, yeni tarixin, yeni eranın başlandığı gün... Mütəmadi olaraq təxribatlar törətməyə adət etmiş ermənilərin bu dəfə aldıqları cavab əvvəlkilərə bənzəmirdi. Bəli, 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyat bütün cəbhə boyu ordularımızın hücumu ilə müşayiət olundu və dünənə qədər aslan kimi meydan sulayan ermənilər silahlarını ataraq tülkü kimi qaçmağa başladılar.
Bu müharibə üçün Azərbaycanın qarşısında əlverişli tarixi şərait yaranmışdı. Əvvəlcə onu vurğulamaq lazımdır ki, mövcud Ermənistan rəhbərliyi öz sələflərindən fərqli olaraq Rusiya ilə münasibətləri kifayət qədər korlamışdı, istər dövlət, istərsə də şəxsi zəmində erməni baş nazirin Putinə qarşı qaba davranışları Moskvanı hövsələdən çıxarmışdı. Və müharibə başlayanda ermənilərin həmişə yanlarında görməyə adət etdikləri müttəfiqləri bu dəfə onları meydanda tək buraxdı.
Rusiya Ermənistanın Avropa ilə "oynaşdığını" yaxşı bilirdi və bu yeni sevdası üçün İrəvanı cəzalandırmaqda qərarlı idi. Rus politoloqlar da bu məsələdə Putindən dəstəklərini əsirgəmirdilər.
Ermənistan adlı bu vassal dövlət öz varlığını Rusiyaya borclu olduğu halda, birdən-birə Avropa demokratiyasına aşiq olmuş və bu vaxta qədər sahib olduğu hər şeyi ona verən Moskvaya arxa çevirməyə başlamışdı. Əlbəttə, bu cür xəyanət cəzasız qala bilməzdi və elə ona görə də, Putin erməni baş nazirin fəryad dolu telefonlarına cavab belə vermədi.
Digər tərəfdən, Türkiyə Prezidenti Ərdoğanın bu məsələdə göstərdiyi qətiyyət, Azərbaycana tam dəstək verməsi, qardaş ölkənin beynəlxalq aləmdə haqqımızı müdafiə etməsi, ATƏT-in Minsk qrupunun 25 il ərzində münaqişənin həlli istiqamətində bir addım belə atmaması, Türkiyə, İsrail və Belarusdan aldığımız böyük dağıdıcı gücə sahib silahlar, xüsusilə də türk PUA-ları, ən başlıcası isə ordumuzun gücü qələbəmizi təmin edən ən mühüm faktorlar idi.
Biz bir xalq, dövlət olaraq dünyaya sübut etdik ki, ermənilərin öhdəsindən gəlmək Azərbaycan üçün çətin məsələ deyil. Həmin müharibə bir həqiqəti də ortaya çıxardı ki, haqlı olmaq kifayət deyil, haqqını almaq üçün həm də güclü olmalısan, güclü olmasan və gücünü ortaya qoymasan, dünya sənə quru söz verməklə kifayətlənəcək. Biz gücümüzü ortaya qoyandan sonra dünyada bizə olan münasibət də dəyişdi. Bir çox ölkələr açıq bəyanatla bizim haqlı olduğumuzu bildirdilər və tərəfimizi tutdular. Amma Fransanın başçılıq etdiyi bəzi Avropa ölkələri hələ də erməni havaları oxumaqda davam edirlər.
Müharibə 44 gün çəkdi, bu müddətdə erməni alçaqları döyüş meydanından uzaq yaşayış məskənlərimizi, şəhərlərimizi, Gəncəni, Tərtəri, Bərdəni ən ağır raketlərdən atəşə tutdular, yüzlərlə dinc sakinimizin ölümünə səbəb oldular. Müharibə başladığı gündən Azərbaycan ordusu bir dəfə də olsun geri çəkilmədi. Ermənilərin on illər boyu tikib bərkitdikləri yeraltı blindajları, tunelləri, səngərləri bir gündə onların əlindən aldıq. Şəhadət şərbətinə təşnə əsgərlərimiz hərb tarixinin ən parlaq səhifələrini yazdılar. Hətta düşmən özü belə Azərbaycan əsgərinin şücaətinə heyrətini gızlədə bilmirdi. Ən gözlənilməz yerlərdən hücumlar edən əsgərlərimiz düşmənin canına elə qorxu salmışdılar ki, 30 il boyu özünü igid hesab edən ermənilər silahlarını atıb qaçırdılar. Erməni əsgərləri arasında fərarilik kütləvi hal almışdı və 5-10 nəfərlik bir bölüyümüz hücum etdiyi məntəqədən yüzlərlə ermənini iti qovan kimi qovurdu. Füzulinin, Cəbrayılın, Suqovuşanın, Xocavəndin, Ağdərənin, Qubadlının, Zəngilanın, Hadrutun alınması və nəhayət, noyabrın 9-da Şuşanın yenidən öz sahiblərinə qovuşması yaxın bir neçə gündə Xankəndinin səmalarında üçrəngli bayrağımızın dalğalanacağına inam yaradırdı. Ancaq noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış bəyanatla hərbi əməliyyatlar dayandırıldı və düşmən tərəfi Azərbaycanın qələbəsini qəbul etdi.
44 gün davam edən bu müharibəyə kimisi II Qarabağ Müharibəsi deyir, kimisi Böyük Vətən Müharibəsi, həm də deyirlər ki, bu zəfər 30 ilin qisasıdır. Əslində, bu qələbə 200 il mərhələlərlə davam edən bir konfliktin tarixində əsaslı dönüşün başlanğıcıdır. Ermənilərlə bizim qarşıdurmamız hələ XIX əsrin əvvəllərindən, onların İran və Türkiyə ərazisindən Qafqaza köçürüldüyü tarixdən başlayıb. Məlumdur ki, həmin dövrdə Volqaboyundan, Qafqazdan on minlərlə ailə Anadoluya köçürülüb və buna qarşılıq olaraq minlərlə erməni tarixi Azərbaycan torpaqlarına köçürülərək çar Rusiyasının himayəsi altına alınıb. Elə həmin vaxtdan da soydaşlarımız doğma yurdda addım-addım, məhəllə-məhəllə sıxışdırılıb, tarixi adlarımız dəyişdirilib, tarixi torpaqlarımızda erməni dövləti qurulub və bütün bunlar mərkəzi rus hökumətinin iradəsi və diqtəsi ilə həyata keçirilib.
Mövcud olduğu tarix boyu erməni dövləti həmişə vassal kimi tanınıb və bütün mənəvi-əxlaqi dəyərləri türk düşmənliyi üzərində formalaşıb. 200 ildir ki, ermənilərin düşmən gördükləri qarşı tərəf biz olmuşuq və onlar bu vaxta qədər kənardan aldıqları dəstəklə yeni-yeni təcavüzlər həyata keçiriblər. Onların bu təcavüzü Rusiya və bəzi Avropa dövlətləri tərəfindən hər hansı etiraz və ya cəza görmədiyindən mərhələ-mərhələ davam edib.
İrəvandan və Zəngəzurdan sonra Qazaxdan 5 min hektar torpağımızı Moskvanın əli ilə bizdən qoparan ermənilər Qarabağ məsələsində də çox iştahalı idilər və ilk mərhələdə müəyyən mənada öz istəklərinə nail oldular. Hadisələrin ilk günündən baş verənlərə nəzarət edən Moskva və sonradan qurulan, bütün fəaliyyəti boyu ermənilərin tərəfini tutan, ağa qara, qaraya ağ deyən ABŞ, Fransa və Rusiyadan ibarət ATƏT-in Minsk qrupu həqiqəti görməməzliyə vurdu, ikiüzlü münasibət sərgilədi, məsələni süni şəkildə uzadaraq Azərbaycanı təslimçi sülhə məcbur etməyə çalışdı. Və bir gün Azərbaycan ayağa qalxdı, ölüm-qalım savaşına girdi, düşməni yerlə bir edərək öz haqqını aldı.
Bəzi hadisələrin dəyəri zaman keçdikcə anlaşılır. 27 sentyabr 2020-ci il tariximizdə yeni mərhələnin başlanğıcı, 10 noyabr isə 200 illlik müharibədə böyük zəfərimizin dönüş nöqtəsidir.
44 günlük müharibədə 2783 şəhid verdik. Bu say əslində simvolik göstəriciyə çevrildi. Çünki bu şəhidlər zəfər şəhididirlər, onlar tarix boyu ilk dəfə bu millətin başını ucaldaraq, ermənini yurdumuzdan iti qovan kimi qovaraq, tarixi torpaqlarımızda, xüsusilə də Şuşada əzan səsləndirərək, bizə ilk dəfə zəfər sevincini yaşadaraq Haqqa qovuşdular.
10 noyabr təkcə zəfər günü deyil, zəfər tarixinin başlanğıc günüdür. Hələ tamamlanmamış çox işlərimiz var. Ona görə də, sözdən işə keçməli, qarşımızda duran məsələləri həll etməliyik. Ədalətli dövlət, hüququn üstünlüyü, söz azadlığı, azad iqtisadiyyat, istehsal həcminin və ixracatın artırılması, vətəndaşın sahiblik duyğusunun inkişaf etdirilməsi, yüksək peşəkarlığa sahib ordunun yetişdirilməsi, kompüter texnologiyasının hərbi sənayeyə tətbiq edilməsi qarşımızda duran ən mühüm məsələlərdir.
Bəli, biz yeni eranın ilk ilini yola salırıq. İnşallah, bu era bizim zəfər eramız olacaq. Amma çox çalışmalı, çox işlər görməliyik. Dədə Qorqud demişkən, su yatar, düşmən yatmaz. Biz o düşməni yerində oturtmaq, haqqımızı sonuna qədər geri almaq üçün həmişə güclü olmalıyıq. Arxayınlaşmaq fəlakət deməkdir, inkişaf ikitəkərli velosiped kimidir, dayandığın an yıxılmağa məhkumsan. Biz çox acılar yaşamış, çox qurbanlar vermişik, artıq o mərhələ geridə qaldı, bir zaman qaraya boyanmış təqvimimiz var idi, 10 noyabrla hamısı silindi. Allah bizə bir daha o qara günləri yaşatmasın. Bir daha şəhər, rayon, kənd itkisi xəbərləri almayaq. Yeni eramız, tariximizin zəfər mərhələsi xeyirli-uğurlu olsun!
Əli Çərkəzoğlu