Yəqin ki, "Həyat bir imtahandır" ənənəvi fikri hər kəsə məlumdur. Həyatımıza yaxından nəzər salsaq, görərik ki, doğrudan da, həyatımız imtahanlarla və bu ımtahanlarla bağlı streslə keçir.
Siniflər üzrə müxtəlif imtahanlar, 9-cu sinif şəhadətnamə imtahanı, ali məktəbə qəbul imtahanı, bakalavrların dövlət imtahanı, müəllimlərin və digər peşə sahiblərinin işə qəbul imtahanı, magistraturaya, doktoranturaya qəbul imtahanı və s. Ya özümüz, ya övladımız, ya da yaxınlarımız həyatlarının müxtəlif mərhələlərində müəyyən sınaqlardan keçməli olurlar. Hər sınaq psixoloji yorğunluq, stress, əsəb, iştahasızlıq, yuxusuzluq və s. kimi halları da özü ilə gətirir. Bu sınaqlardan bəlkə də ən vacibi (üstəlik, digərlərinə də qapı açan) ali məktəbə qəbul imtahanıdır. Bu həlledici mərhələnin gərginliyini tək bir şagird yox, bütün ailə yaşayır. Valideynlər maddi olaraq əllərindən gələni etsələr də, mənəvi olaraq necə dəstək olacaqlarını, necə yol göstərəcəklərini çox vaxt bilmirlər. Bəzən bu gərginliklə başa çıxa bilməyən valideynlər övladları üçün peşəkar psixoloq yardımı da təşkil edirlər. Lakin bu da bir həqiqətdir ki, hər kəsdə belə imkan olmur. Bu dəfə sizinlə abituriyent və valideynin yol xəritəsi olacaq bir kitab haqqında danışacağam: "Uğurun açarı sizsiniz".
Kitabın müəllifi "Rəhbərlik və Psixoloji Danışmanlıq" üzrə Türkiyədə təhsil almış, "Keyfiyyətli dərs oxuma metodları", "Motivasiya", "Ata-ana məktəbi", "Şagirdin müvəffəqiyyətində ailənin rolu" və s. mövzularda seminarlar vermiş Eldəniz Nəsibovdur.
Bu kitabdan abituriyentlər aşağıdakıları öyrənəcəklər:
1. Əvvəlcə bu kitabı niyə və necə oxumalı olduğunuzu öyrənəcəksiniz. Sizə bələdçilik edəcək kitabda, ümumiyyətlə, biz niyə təhsil alırıq və almalıyıq mövzularına toxunulur.
2. Çalışqan şagird necə olmalıdır? Hansı dərəcədə çalışqan olduğunuzu öyrənmək üçün kitabda verilmiş testi işləyib nəticəni öyrənə bilərsiniz. Müəllif çalışqanlığı belə ifadə edir: "Unutmayın, daşı deşən suyun gücü yox, damcıların mütəmadi düşməsidir". Çalışqanlığınızı artıran və azaldan səbəblər nələrdir? Kitabı oxuyaraq özünüz üçün nəticə çıxara bilərsiniz.
3. Dərs oxuma metodları, faydalı öyrənmə haqqında nələri bilirsiniz? Dərs oxuyarkən ən çox edilən səhvlər nələrdir? Məsələn, sizə çox adi gəlsə də, uzanaraq, musiqiyə qulaq asaraq dərs oxumaq tez-tez edilən səhvlərdəndir. Otağınızın, yazı masanızın dağınıq olması belə sizin dərs oxuma keyfiyyətinizə təsir edə bilər. Faydalı öyrənmə üçün bilməli olduğunuz məsələlərdən biri də yaddaşınızın hansı növə aid olduğunu müəyyən etməkdir. Bunun üçün müəllif 33 bəndlik anket təqdim edir. Siz bəndləri seçərək audial (dinləmə), vizual (görmə), yoxsa kinestetik (toxunma) yaddaşa sahib olduğunuzu müəyyən edə bilərsiniz. Beləcə, öyrənmə metodunu seçərkən yaddaş növünüzü nəzərə almağınız daha faydalı olacaq.
4. Hər kəsdə müəyyən dərəcədə olan tənbəlliyin səbəbi nədir? Abituriyentlər tənbəllikdən hansı yollarla qurtula bilərlər? Bunun üçün peşəkar mütəxəssis məsləhətləri almaqdan yaxşı nə olar bilər?
Müəllif tənbəlliklə mübarizənin ilk addımı kimi bunları yazır:
"Tənbəl olduğunuzu qəbul edin. Bir problemin həllində vacib məsələ həmin problemi problem kimi görməkdir. Bir insan bir şeyi problem kimi görmürsə, onu həll etməsi müşküldür".
Bundan başqa, kitabda abituriyentlərə güclü iradəyə malik olmağın yolları, düzgün peşə və ixtisas seçmə, test işləmə üsulları və s. haqqında da istiqamət verilir. Şagirdə onu motivasiya edəcək, yol göstərəcək, mesaj verəcək bir çox aforizmlər, "Dovşan və tısbağa", "Əkinçi Həsən", "Ağ və qara it", "Do, re, mi, fa..." və s. kimi kiçik hekayələr təqdim edilir. Bunlardan ən çox bəyəndiyim "İri daşlar" hekayəsidir ki, əslində hər kəs üçün təsirli və aktualdır.
Professor bir qaba dolana qədər yumruq boyda iri daşlar yığır. Daha sonra dolmuş qaba kiçik daşları tökür. Sonra qumu, onun üzərindən isə suyu tökür. Bu təcrübənin məqsədi nədir? "Zamanımız nə qədər dolu görünsə də, əlavə vaxtımız həmişə var... Həyatınızdakı iri daşlar nələrdir?.. Bilin ki, iri daşlarınızı qaba birinci qoymasanız, bir daha əsla yer tapa bilməyəcəksiniz". Doğrudan da, bir abituriyentin iri daşları nələr olmalıdır? Ailəmi, dostlarmı, telefonmu, televizormu, əyləncəmi, dərslərmi? Gələcəyinizi həll edəcək dövrlərdə iri daşlarınızı doğru seçin ki, sonra peşman olmayasınız.
Əgər abituriyentlər bu kitabı bütöv oxumağa vaxt tapa bilməsələr, ən azı onlara ünvanlanan "Dövlət İmtahan Mərkəzindən məktub" adlı utopik hissəni mütləq oxusunlar. Daxili həyəcan və narahatlıqlarına, imtahan qorxularına az da olsa, su səpiləcək.
Bəs bir valideyn bu kitabdan nələri öyrənə bilər? Müəllif yeniyetmələrin xarakterinin formalaşmasında, çalışqan və ya tənbəl, cəsarətli və ya qorxaq olmasında ailəni əsas faktor kimi qiymətləndirir. Sevginin, tərifin, iradın belə müəyyən ölçüsü var, əsas məsələ qızıl ortanı tapa bilməkdir.
Əvvəlcə bir valideyn kimi nəyə daha çox dəyər verdiyinizi müəyyənləşdirməlisiniz. Övladınız bilməlidir ki, siz bütün hallarda onu sevir və dəstəkləyirsiniz. "Qəbul imtahanı onun üçün məqsəd yox, məqsədə gedən yoldur".
Övladınıza özünəinam hissini aşılamaq üçün sizə 33 bəndlik məsləhət verilir. Bu məsləhətlər, əslində, yaşdan asılı olmayaraq ümumi xarakter daşıyır.
İmtahanqabağı övladınızın sizdən nələri gözlədiyini bilmək istəyirsinizsə, "Qəbula hazırlaşan şagirdin valideynlərinə məktubu" hissəsini xüsusi həssaslıqla oxuyun. Bəs valideynlərin ən çox etdiyi səhvlər nələrdir? Övladını motivasiya etmək əvəzinə onu daha da gərginləşdirən hansı ifadələri işlətmək olmaz? Bütün bunları yalnız kitabı oxuduqda biləcəksiniz.
Doğrudan da, "Uğurun açarı sizsiniz", siz özünüz... Sizin iradəniz, sizin çalışqanlığınız, sizin gücünüz, sizin seçimləriniz... Və bunların hər birində valideynlərin də payı var.
Övladınıza və sizə psixoloji dəstək, bələdçi olacaq bu kitabı "Mənbə" kitab evindən əldə edə bilərsiniz.
Tükəzban Məmmədli