Hər il minlərlə insan avtomobil qəzalarının qurbanına çevrilir. Əhalinin sayının artması, şəhər yollarındakı sıxlıq, sürətli avtomobillərin ixtirası, yollarda qaydalara riayət edilməməsi demək olar ki, dünyanın hər yerində ölümlə nəticələnən qəzalara səbəb olur. Bəs görəsən, dünyada ilk avtomobil qəzası nə vaxt və hansı şəraitdə baş verib?
İrlandiyalı astronom Meri Uord dünyada ilk avtomobil qəzası keçirən və bu avtomobil qəzasındə ölən insan kimi tarixə düşüb. Belə ki, M. Uord ailəsi və qohumları ilə birlikdə 1869-cu ildə buxarlı avtomobil ixtira edib. Onlar icad etdikləri avtomobili sınaqdan keçirmək qərarına gəliblər. Sınaq zamanı M. Uord avtomobildən yıxılıb və təkərin altında qalıb. Hadisə zamanı boynu qırılan M. Uord elə orada da dünyasını dəyişib. Sonralar onların ixtira etdikləri buxarlı avtomobillər o qədər də rəğbət görməyib. Buna səbəb isə bu avtomobillərin təkərlərinin dəmir olması və yollara daha çox zərər verməsi olub.
Digər bir məlumata görə isə 17 avqust 1896-cı il dünyada piyada ölümü ilə nəticələnən ilk yol qəzası kimi tarixə düşüb. Belə ki, Londonda sürücülük vəsiqəsini alan bir gənc saatda 12 km sürətlə hərəkət edərkən 44 yaşlı Bricit Driskollu vurub. B. Driskoll hadisə yerində dünyasını dəyişib. Həmin qəza "bədbəxt bir hadisə" kimi qeydə alınıb və sürücüyə heç bir cəza verilməyib.
Dünyada ən bahalı avtomobil qəzası nə vaxt baş verib?
Avtomobil markaları illər keçdikcə öz məhsullarını daha da təkmilləşdirir və yeni modellər istehsal edirlər. Təbii ki, yenilənən modellərin qiyməti də bahalı olur. Hər il yollarda bahalı avtomobillərin iştirakı ilə baş verən qəzalara görə milyonlarla dollar sığorta ödənişi edilir. Bəs görəsən, dünyada ən bahalı avtomobil qəzası kimi tarixə düşən hadisə neçənci ildə və hansı şəraitdə baş verib?
Dünyada ən bahalı avtomobil qəzası kimi tarixə düşən hadisə 2011-ci ilin dekabr ayında Yaponiyada olub. Belə ki, lüks avtomobil həvəskarları Yamaquçidə yol qəzasına düşüblər. Həmin vaxt avtomobil karvanında səkkiz Ferrari, üç Mercedes-Benz və bir Lamborghini olub. Qəzaya Ferrarilərdən birinin sürücüsünün yolda hərəkətdə olarkən zolaq dəyişdirməsi səbəb olub.
Şahidlərin ifadələrinə görə, lüks avtomobil karvanı saatda 140-160 km sürətlə hərəkət edərkən avtomobillərdən biri anidən səkiyə çırpılıb və digər sürücülər də idarəetməni itirərək, bu avtomobilə çırpılıblar. Qəza zamanı avtomagistral 6 saat bağlı qalıb. Qəza yerinə gələn yol polisləri heyrətlərini gizlədə bilməyiblər. Eiçiro Kamitani adlı polis zabiti indiyə kimi bu qədər lüks avtomobili bir arada görmədiyini və belə qəza ilə ilk dəfə rastlaşdığını deyib. Yaponiya mediasında yer alan xəbərlərdə baş verən hadisə dünya tarixində ən bahalı avtomobil qəzası kimi təqdim olunub. Belə ki, qəza zamanı avtomobillərə dəyən ziyanın ümumi məbləği təqribən 4 milyon dollara yaxın olub.