Niyə məhz ziddiyyətlər ölkəsi? Bu suala cavab verməzdən əvvəl qeyd edim ki, bir aydan artıqdır ki, işimizlə bağlı Qərbi Afrika ölkələrindən biri olan Liberiyanın paytaxtı Monroviyadayıq. Üstəlik, necə deyərlər, biz bu ölkəyə ayaq basan ilk azərbaycanlı ailəyik.
Sizə Liberiya haqqında rəsmi məlumatları yazmaq istəmirəm, çünki istəsəniz, onları siz özünüz də əldə edə bilərsiniz. Hə, bu məlumatlar nə qədər həqiqəti əks etdirəcəklər, bunu isə deyə bilmərəm.
İndi yazacaqlarımı qısa bir vaxtda apardığım müşahidlər və məndə yaranan təəssüratlar əsasında qələmə alıram.
Deməli, ilk ziddiyyətimiz oradan başlayır ki, Afrikanın ən çox yağış düşən, təyyarədən baxanda yamyaşıl görünən ölkə əhalisi susuzluqdan əziyyət çəkir.
90-cı illərin sonunda başlayan və illərlə davam edən müharibə, üstəlik, ölkədə yayılan ebola virusi maddi cəhətdən Liberiyanı müflisləşdirib.
"Düşünən beyin" köçü başladığı üçün hazırda ölkə əksəriyyət olaraq yoxsul təbəqənin ümidinə qalıb...
Ona görə suyun yer səthinə bu qədər yaxın olduğu, su quyularının bu qədər ucuz qazıldığı bir ölkə susuzluqdan əziyyət çəkir.
Əsas məsələ odur ki, paytaxt susuzdur, ətraf bölgələri isə düşünmək belə istəmirəm.
Bir də əgər su yoxdursa, deməli, kənd təsərrüfatının inkişafından da söhbət gedə bilməz.
Ona görə də, ölkədə meyvə-tərəvəzin qiyməti od tutub yanır.
Miqdarı, çeşidi az olduğu üçün qiyməti də çox bahadır.
Doğrudur, banan, ananas kimi meyvələr bizə (Azərbaycana) gələnlərlə müqayisədə təsəvvürə gəlməyəcək qədər dadlıdır. Lakin "vətənlərinə gəlmişik, yəqin çox ucuz olar" deyə düşünürsünüzsə, bizim kimi yanılırsınız. O biriləri ilə müqayisədə qiyməti ən münasib olan onlardır, ancaq onlar da Bakıda satılanlardan az da olsa, bahadır.
Pomidorun kiloqramını 6, yemişin funtunu 3, "öküz ürəyi"nin kiloqramını isə 16 dollardan ala bilərsiniz.
İribaşlı heyvanlar əsasən Malidən gətirilir deyə, ətin də qiyməti münasib deyil.
Ölkədə heyvandarlıq inkişaf etmədiyi yox, ümumiyyətlə, olmadığı üçün təbii südün varlığından da danışa bilmirik. Yəqin, tək-tük kimlərinsə təsərrüfatı var, ancaq onların da məhsullarını satdığını görə bilməzsiniz.
Heyvanlardan danışmışkən "Afrikaya getsək, çoxlu meymun görərik" deyə düşünürsünüzsə, yenə bizim kimi yanılmış olarsınız. Ən azı Monroviyada bir meymuna belə rast gəlmək mümkün deyil. Elə digər küçə heyvanları da yox deyiləcək qədər azdır.
İlk günlər səbəbi ilə maraqlandım, qaneedici cavablar ala bilməsəm də, onlar arasında ən real görünəni əhalinin onlardan qida kimi istifadə etməsi oldu.
Digər ziddiyyət doğuran bir məqam isə bu qədər yoxsulluğa baxmayaraq (statistikaya görə Afrikanın ən yoxsul ölkələri arasında ilk yerlərdən birini Liberiya tutur) əhalinin olduqca pozitiv, şən olması, rəngli geyimlərə üstünlük verməsi, doğma hiss etdikləri insanların övladlarına sahib çıxmaqla yanaşı, tanımadıqları uşaqları da rahat şəkildə götürüb himayə etməsi, böyütməsidir.
Ona görə bir liberiyalı ilə qarşılaşsanız, sizə on dörd bacı-qardaşı olduğunu desə, mənim kimi təəccüblənməyin, tez "neçəsi biolojidir?" deyə soruşun...
Yaxud da, məmnunluğunuzu ifadə edib, mövzunu davam etdirin...
Azərbaycanda olanda tez-tez inkişaf etmiş ölkələrin irqçiliklə bağlı xəbərləri qarşımıza çıxırdı. Sözün düzü, biz Liberiyaya gələndə də buna bənzər tərəddüdlərimiz var idi. Əlbəttə ki, "ağ"lara qarşı aqressiyalarını ifadə etmək üçün "fürsətdən istifadə edərlər" deyə.
Ancaq belə olmadı. Yerli əhali bizi çox sevir, qarşılaşanda gülümsəyir, daim salamlaşmağa çalışır, salamlarını almayanda inciyir, üstəlik, etirazlarını belə bildirirlər.
Hətta təyyarədən enən andan sizə qarşı xüsusi münasibətin belə şahidi ola bilərsiniz. Ancaq xüsusi münasibət göstərmələri heç də sizi təəccübləndirməsin. Sadəcə olaraq, bir məqsədləri var: "ağ"dan "şirinlik" qoparmaq... Çünki onlara görə "ağlar" "hərəkət edən dollarlardır".
Təbii ki, aralarında "vətənpərvər", "qanunpərəst" olanlar da var. Nadir də olsa, belə yerlilərlə qarşılaşanda işlərini düzgün gördükləri üçün onlara xüsusi hörmət hiss edirsən...
Qanunlarında isə heç də "ağ" sevgisini görə bilməzsiniz. Məsələn, rənginiz ağdırsa, sizin Liberiya vətəndaşı olmaq ehtimalınız yoxdur.
Bildirmək istəyirəm ki, bu məsələ hazırda "milli məclislərində" müzakirəyə çıxarılıb və ümid edirəm ki, müsbət mənada lehimizə həll olacaq. Baxmayaraq ki, mən müvəqqəti buradayam, ancaq Monroviyada yaşayan, övladları bu torpaqlarda dünyaya gələn xaricilər (təbii ki, əgər ağdırlarsa) vətəndaşlıq ala bilmirlər...
Başqa bir ziddiyyət isə odur ki, bu qərbi Afrika ölkəsində mehribanlıq və qəddarlıq kimi zidd məfhumları bir arada görə bilərsiniz. Qadınlar və uşaqlar sizə nə qədər mehribanlıq göstərsələr də, kişilər bir o qədər təhlükəlidirlər. Çünki ailəni maddi olaraq təmin etmək düşüncəsi onları istənilən mənfi addımı atmağa sövq edə bilər...
Qısa bir vaxtda müşahidə etdiyim sonuncu ziddiyyət isə yoxluğun sizi "lüks" yaşamağa məcbur etməsidir.
Məsələn, ancaq yay fəslinin yaşandığı (fəsillər yağışlı və quru yay olaraq iki hissəyə bölünür) ölkədə "soft drink" içmək ehtiyacınızı ancaq metal qablarda olan içkilərlə ödəyə bilərsiniz. 2 litrlik adi bir qabdakı içkinin qiyməti ilə 250 ml-lik metal qabdakı içkinin qiymətini müqayisə etsəniz, yəqin ki, mənim nə demək istədiyimi başa düşərsiniz.
Yaxud ictimai nəqliyyatın olmadığı paytaxtda (bəli, səhv oxumadınız, burada heç bir ictimai nəqliyyat növü yoxdur) şəxsi maşın almaq ehtiyacdır. Üstəgəl, təmirsiz yolları nəzərə alsaq, hündür maşın almaq (onlara mənim kimi məlmatsız təbəqə "cip" deyir) bu ehtiyacınızı təmin etmək üçün əsas vasitədir...
Belə... Ümid edirəm ki, yorulmadınız...
Sonda bildirmək istəyirəm ki, bütün ziddiyyətlərinə baxmayaraq Liberiyada olduğum üçün çox məmnunam.
Bakıda çox düşünürdüm ki, görəsən ora gedəndə "Kaş ki" deyəcəyəm, yoxsa "Nə yaxşı ki"?.. Ancaq hələ ki, "Nə yaxşı ki" deyə düşünürəm. Bakıda yaşadığım standart həyatımın bu şərtlərdə lüks sayılmasına baxmayaraq "Nə yaxşı ki"...
Nə yaxşı ki, ağlımıza gəlməyəcək qədər məhrumiyyətlər içində xoşbəxt olan (daha doğrusu, xoşbəxt olmağı bacaran) "siyah inci"ləri görmək, əgər nəsib olsa, onları tanımaq, üstəlik, həyatıma fərqli bucaqdan baxmaq fürsətim var.
Fürsətləri hədəfə çevirmək diləyilə sağ olun!..  



Gülnarə Mamedova