Psixoloq Günel İsmayıllı: "Gedib bir daha qaza, işığa, suya baxırıqsa, bu o deməkdir ki, artıq "xoş gəldin, problemlər"...
Obsessiv-kompulsiv pozuntu. Qısa adı ilə OKP, başqa adı ilə isə sarışan hallar nevrozu. OKP geniş yayılmış psixiatrik pozuntudur. El dilində desək, obsessiv-kompulsiv pozuntu bir növ "vasvasılıq"dır. Bu pozuntu insanda əsasən uşaq və gənc yaşlarından formalaşır. Pozuntunun yaranmasında müxtəlif faktorlar, əsasən də ailə böyük rol oynayır. Uzun sözün qısası, budəfəki mövzumuz çoxumuzun əziyyət çəkdiyi, amma nə olduğunu anlamadığı obsessiv-kompulsiv pozuntudur. Mövzu ilə yaxından tanış olmaq üçün psixoloq Günel İsmayıllı ilə həmsöhbət olduq.
- Obsessiv-kompulsiv pozuntu və ya sarışan hallar nevrozu nədir? Bunu sadə dildə necə izah etmək olar? Bu pozuntu insanda nə üçün yaranır?
- Obsessiya düşüncədir. Düşüncələr mənim düşündüyüm düşüncələr deyil. Bu düşüncələr mənim düşüncələrimin iradəsi xaricində və davamlı şəkildə baş verir. Kompulsiya isə davranışdır. Buradan nə nəticə çıxır? Mən problem yaşadığım bir fikri həyata keçirirəm. Obsessiv-kompulsiv pozuntunun cəmiyyətdə ən geniş yayılmış forması təmizliyə həddən artıq əhəmiyyət verməkdir. Bu insanlar ancaq silib təmizləyir, bir yerə gedib gələn kimi paltarlarıni yuyur, başqa yerdə yeyib içmir, başqalarının qablarını təmizləməmiş ona toxunmur və s. Hətta vaxt keçdikcə insanlardan qaçmağa, evdən çıxmamağa başlayır, daha sonra da özünü təkliyə məhkum edir. Obsessiv-kompulsiv pozuntu əsasən genetika ilə bağlı bir şeydir. Bundan əlavə, o, eyni zamanda sosial öyrənmə ilə ortaya çıxan problem kimi də qiymətləndirilir. Məsələn, ana evdə bu pozuntudan əziyyət çəkirsə, onun iki uşağı varsa, birində OKP-yə rast gələ bilərsiniz, birində isə yox. Ən sadə bir misal verək. Uşağın birinin üstü islanırsa, o, həmin dəqiqə paltarını dəyişməyə cəhd edir, ya da anasından paltarını dəyişməyi tələb edir. Digər uşaq isə buna əhəmiyyət vermir və düşünür ki, "eybi yoxdur, bir işdir oldu".
Bu simptomlar özünü uşaqlarda 19 yaşına kimi göstərir. 19-30 yaş arasında isə problem özünü daha geniş şəkildə göstərir və hətta xronikləşməyə qədər gedib çıxar. Bəzi uşaqlarda isə bu, özünü OKP kimi deyil, başqa cür büruzə verir.
- Bəs, bu problem özünü daha çox necə büruzə verir?
- Əsasən, gərginlik formasında. Həmin insan davamlı olaraq nədənsə narahatdır, narazıdır, təlaşlıdır, təşvişlidir. Hər şey, hər yer, hər kəs onda şübhəyə və ya tərəddüdə səbəb olur. Ən sonda isə uşağa ad qoyurlar: "Filankəs narahat uşaqdır". Bu, evdəki digər uşaqda fərqli mənfi vərdiş kimi üzə çıxır. Burada bir sual ortaya çıxa bilər. Necə olur ki, OKP-si olan ananın bir övladı ona bənzəyir, digəri isə yox. Mənim praktiki fəaliyyətimdə gördüyüm digər bir nüans var ki, pozuntu psixoloji travmaya səbəb olur. Problem, əsasən, təmizliyə qarşı həssaslıqla üzə çıxır. Məsələn, əl yumaqla başlayan problem yavaş-yavaş bütün bədən boyu davam edir. Və elə bir vaxt gəlib çıxır ki, artıq təmizlik onun vaxtını almağa başlayır. Hətta o qədər ki, nə özünə, nə də ailəsinə vaxt ayıra bilir.
- Əgər evdə ana OKP-dən əziyyət çəkirsə, onun övladlarında nə kimi problemlər üzə çıxa bilər?
- Obsessiv-kompulsiv pozuntusu olan ananın uşağı onda daim müəyyən davranışlar görür və zaman keçdikcə onda da anadakı xüsusiyyətlər formalaşır. Biz bunu dərindən araşdıranda görürük ki, sən demə, bu problemin kökündə təkcə ana yox, mükəmməlçi ata da dayanır. Həmin evdə böyüyən uşaq davamlı olaraq müşahidə və ya nəzarət altındadır. Bundan başqa, ifrat stress də obsessiv-kompulsiv pozuntuya səbəb olur. Daha da irəli getsək, görürük ki, sən demə, həmin valideynin öz valideynlərində də vaxtilə belə problemlər olub.
- OKP-yə məxsus olan bəzi xüsusiyyətlərin bəzi insanlarda müşahidə edilməsi də pozuntunun əlamətidir, yoxsa bu "x" şəxsində formalaşan xarakterdir?
- Məsələ burasındadır ki, bu gün cəmiyyətimizdə 90 faiz insanlarda obsessiya mövcuddur. Ona görə də, bizim diqqət yetirməli olduğumuz əsas məsələ budur ki, bu obsessiya hansı hallarda problemdir.
- Elə isə bu suala cavab verək: obsessiya hansı hallarda problemdir?
- Obsessiya o hallarda problemdir ki, o bizim funksionallığımızı pozur. Başqa sözlə, əgər obsessiya həyat funksionallığımızı pozursa, bu artıq problemdir. Düşünün ki, davamlı şəkildə eyni şeyi edirik. Halbuki həyat təkcə təmizlikdən ibarət deyil. Ya da bizi narahat edən fikirlərdən ibarət deyil. Həyatda daha rəngarəng, daha gözəl şeylər olduğu halda, oturub-durub eyni şeyi düşünmək funksionallığa mənfi təsir edir. Və istər insanın qidalanması olsun, istər yatması olsun, istər digər fəaliyyətləri olsun, hər birində problemlərə səbəb olur. Hər şey qədərində gözəldir, yox əgər həddi aşdınsa, bu artıq ziyandır. Əslində, balansı qoruyaraq təmizliyə riayət etmək gözəl şeydir.
Hətta elə olur ki, obsessiv-kompulsiv pozuntu inanclı insanlarda da olur və bu onun üçün ikiqat ağır halla nəticələnir. Çünki bir insan dininə görə xoş olmayan bir şey düşünür və bu da sonradan onun ikiqat vicdan əzabı çəkməsinə səbəb olur. Zaman keçdikcə isə onda belə bir fikir formalaşır ki, mən niyə namaz qılıram, axı mən gör nə fikirdə və ya fikirlərdə oluram. Həmin düşüncə də insanı olduğu yoldan, namazdan ayırır.
- Obsessiv-kompulsiv pozuntunun göstəriciləri nələrdir?
- Göstəricilər bu və ya digər şəkildə dəyişə bilər. Simmetriya, mükəmməllik, günahkar düşüncələrdən ehtiyat etmək, səhv etməkdən (hətta başqasını incitməkdən) qorxmaq, əl-ələ görüşməmək, qapı dəstəyindən tutmamaq, tez-tez əl yumaq, dəyərsiz əşyalar yığmaq, kilid və ütü kimi əşyaları yoxlamağa ehtiyac duymaq, müəyyən sözləri və ya hərəkətləri təkrarlamaq və s.
- Bu tip pozuntusu olan insanların yaxın ətarfı ilə, ailə üzvləri ilə münasibəti necə olur? Onların tələbləri ailədə münaqişələrə səbəb olurmu?
- Həmin ailədə, ilk növbədə, OKP-si olan insan əziyyət çəkir. O bunu dərk edir, ancaq mübarizə üsuluna baş vurmur. Növbəti mərhələdə isə ailə üzvlərinə əziyyət verir. Belə ki, bu, ən yaxşı halda söz-söhbətlə, ən pis halda isə dava-dalaşla nəticələnir. Əgər həmin şəxs ailəlidirsə və təmizliyə qarşı həssaslığı varsa, ilk vaxtlardakı xəbərdarlıqlar əvvəlcə söz-söhbətlərə, sonra dava-dalaşlara, daha sonra isə boşanmalara gətirib çıxarır.
Ailədə xanım ifrat dərəcədə təmizlik dəlisidirsə, o, yoldaşı ilə vaxt keçirməkdə çətinlik çəkir. Məsələn, həyat yoldaşı xanımı harasa dəvət etmək istəyir, amma xanım təmizlikdən ona vaxt ayıra bilmir. Müxtəlif bəhanələr gətirir. Həyat yoldaşı da yavaş-yavaş ondan uzaqlaşmağa başlayır. Ona ayırdığı vaxtı artıq dostlarına ayırmağa başlayır. Burada nə baş verir? Xanım artıq şikayət etməyə başlayır ki, "yoldaşım mənə vaxt ayırmır". Əslində, xanım problemin mənbəyinin özü olduğunu unudur. Ümumiyyətlə, təmizlik xəstəsi olan insan bir də onda ayılır ki, artıq ətrafındakı bütün insanları özündən uzaqlaşdırıb.
Düşünün ki, bir insanın düşüncələrində şübhəçi davranışlar var. Hara gedirsə, yarı yolda qazı, suyu, işığı bağlayıb-bağlamamaqla bağlı şübhələri yaranır. Həmin anı belə düşünün: Bir insanın düşüncələri ani olaraq koordinat oxu üzrə 1-dən 10-a qədər qalxır. Əgər o anda o şübhəçi düşüncənin qarşısına sağlam düşüncə keçirsə, gərginlik sıfırlanır. Yox, əgər o bu sağlam düşüncəyə qarşı bir daha şübhəçi düşüncə ilə yanaşır və gedib qaza, işığa, suya baxırsa, bu o deməkdir ki, "artıq xoş gəldin problemlər".
- Psixoloqlar deyirlər ki, pandemiyadan sonra sarışan hallar nevrozu daha çox irəliləməyə başlayıb. Bu, həqiqətənmi belədir? Pandemiyadan sonra sizə bununla bağlı müraciət edən insanların sayı artıbmı?
- Bəli, həqiqətən də belədir. Pandemiyadan sonra bizə müraciət edənlərin sayı daha da artıb. Pandemiya insanların həyatını kifayət qədər gərginləşdirdi və insanları həddindən artıq təmizliyə can atmağa və zaman keçdikcə problemlərin böyüməsinə səbəb oldu.
- Bildiyimizə görə siz həm də müharibədən sonra hərbçilər, şəhid ailələri və qazilərlə işləyirsiniz. Yəqin ki, müəyyən mənada onlar da obsessiv-kompulsiv pozuntudan əziyyət çəkirlər.
- Bəli, onlarla işləmək çox çətindir. İnanın ki, mən onlarla işləyəndən sonra düşünürəm ki, təcrübəm boyu işlədiyim ən ağır pasient belə bir qazi və ya bir hərbçi qədər ağır olmayıb. Onların gördüklərini unutmaq elə də asan deyil. Bu, insanın vaxtını, yuxusunu, hətta ən pis halda həyatını da əlindən ala bilər.
- Mübarizə üsulları nələrdir? OKP ilə hansı formada mübarizə aparmaq olar?
- Mübarizə üsulu birinci növbədə psixiatra müraicət etmək və əgər dərinləşmiş formadadırsa, dərmanlı müalicə almaqdır. Bununla bərabər psixoloqdan da yardım almaqdır. Və vaxtında mübarizəyə başlamaq lazımdır. İrəliləyən dövrlərdə bu problem daha da böyüyür. Onu mütləq qeyd edim ki, vaxtında aparılmayan müalicə sonradan ağır psixiatrik xəstəliklərə yol aça bilər.
- OKP nə üçün əsasən qadınlarda müşahidə olunur? Kişilərdə müşahidə olunduqda, bu, onlarda özünü necə büruzə verir?
- Bu barədə dəqiq bir şey demək çətindir. Amma mən öz müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bu problemin başında yenə də ailə faktoru durur. Xüsusilə də, Azərbaycanda. Çünki ailədə qız uşağına kiçik yaşlarından iş makinası kimi davranırlar. Qız uşaqlarına bütün işləri gördürmək, oğlan uşaqlarını isə əzizləmək yanlışdır. "O kişidir, onun işi ilə biz məşğul olmalıyıq" fikri yanlışdır. Ailədə uşaqlara eyni gözlə baxmaq lazımdır. Qız uşaqları uşaqlıqdan təmizliyə qarşı həssas yetişdirilirlər. Onlardan hədsiz təmizlik tələb etmək zaman keçdikcə övladımızı qarşımıza almaq deməkdir. İnanın ki, istər təmzilik, istərsə də, başqa işlər zaman keçdikcə öyrənə biləcəyimiz şeylərdir. Ona görə də, təmizlik qadına, kişiyə baxmır. Təmizlik hər bir insanın öz içində olmalıdır.
- Tövsiyələriniz...
- Nə olur-olsun, qarşısını almaqda çətinlik çəkdikləri düşüncələrin gəldiyini hiss etdikdə psixoloji dəstək alsınlar. Psixoloqa müraciət edən şəxsi test etdikdən sonra əgər onu psixiatra yönləndirmək lazımdırsa, biz bunu edirik. Ancaq bir şeyə xüsusi diqqət yetirmək lazımdır. Yanlış mütəxəssis seçməsinlər ki, sonradan eyni problemi yaşamasınlar.
Aygün Zayıdova