Telefon aksesuarları bazarında ilkə imza atan həmyerlimizin uğur hekayəsi - Xaliq İsgəndərov
Ən sadə iş sahibi olan insan belə işlədiyi sahədə hansısa uğura imza atmaq istəyir. Hər kəs buna nail olur və ya olmur, bu məsələni müzakirəyə qoymaq istəmirik. Amma fakt odur ki, uğuru yalnız "Mən uğur qazanmaq istəyirəm" deyə düşünənlər deyil, uğur qazanmaq üçün çox zəhmət çəkənlər əldə edir. Bu dəfə uğur hekayəsi səhifəmizin qonağı Xaliq İsgəndərovdur. Bu adı çoxlarımız yəqin ki, eşitməmişik. Bəlkə də, heç birimiz eşitməmişik. Elə isə, gəlin görək, Xaliq İsgəndərov kimdir?
Xaliq İsgəndərov 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qərbi Azərbaycanın Qaraqoyunlu mahalındandır. Atası İsgəndər İsgəndərov fizika elmi üzrə alimdir. O, İsraildə, Yaponiyada elmi konfranslarda Azərbaycanı təmsil edib. Xaliq İsgəndərov müsahibələrindən birində atası ilə bağlı danışarkən bunları vurğulayıb ki, əgər onun atası Amerikada yaşamış olsaydı, bəlkə də Albert Eynşteyn qədər tanınmış olardı. Xaliqin atasının fizika sahəsi üzrə əldə etdiyi yeniliklər böyük elmi əhəmiyyətə malikdir. Belə ki, İsgəndər İsgəndərov enerjinin saxlanması qanununun dairəvi hərəkət üzərində tətbiqi nəzəriyyəsini yazan alimdir. Sovet İttifaqı dövründə o, çox ixtiralara imza atıb və çox mükafatlara layiq görülüb.
Xaliq İsgəndərov orta təhsilinin ilk 5 ilini Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Liseydə alıb. Sonradan isə orta təhsilini Sumqayıt Özəl Türk Liseyində davam etdirib. Xaliq orta təhsilini bitirəndən sonra Türkiyəyə yollanıb. Ankara Dövlət Universitetinin İngilis dili filologiyası fakültəsinə daxil olub. 1 il bu universitetdə oxuduqdan sonra, təhsilini İstanbul Ulduz Texniki Universitetində davam etdirib. Təhsil üçün sərhəd tanımayan qəhrəmanımız bu dəfə 2000-ci ildə ABŞ-ın Nyu-York Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə qəbul olub və ali təhsilini elə orada da başa vurub. Ailəlidir. Xanımı ilə ABŞ-da tanış olub və onunla da elə orada ailə qurub.
Amerikaya gedəndə cəmi 19 yaşı olmasına baxmayaraq onun qarşısına maneə çıxarmayıblar. Əksinə, onu addımladığı bu yolda daha da həvəsləndiriblər. Hər kəsə məlumdur ki, insan həyatının istənilən məqamında müəyyən maneələrlə üzləşir. Bəzən Xaliq də uğursuzluqlarla qarşılaşıb, amma bu, onun getdiyi yolda əzmini qırmayıb. Əksinə, daha da mübarizləşdirib və gözəl nəticələr əldə etməyə təkan verib.
Həmyerlimiz Azərbaycanın adını ən üst pillələrə çıxararaq, burada bir ilkə imza atıb. Belə ki, o, dünyada ilk dəfə dəmirdən sərt və davamlı ''G10'' materialından hazırlanan qoruyucu telefon üzlüklərinin layihəsini verib və istehsalına başlayıb.
Xaliq İsgəndərov Azərbaycan əsilli amerikalı iş adamıdır. O, həm də "Linen Micarta" şirkətinin həmtəsisçisidir. "Linen Micarta"nın dizayner bürosu Nyu-Yorkda və Ohayoda yerləşir.
Texnologiyaya həmişə maraq göstərən həmyerlimiz Amerikanın "AT and T" şirkətində kiçik biznes yaradır. Bir çox layihələrə imza atan gənc artıq uzun illərdir ki, telefonlar üçün aksesuarlar hazırlayır. Mobil cihazları müxtəlif zərbələrdən qorumaq üçün qablar hazırlayan Xaliq qeyri-adi materialdan istifadə edir. O, telefon örtüklərinin daha möhkəm və davamlı olması üçün, titan adlı metala üstünlük verir. Gülləyə belə davamlı olan bu metal get-gedə insanların daha çox marağına səbəb olur. Bu örtük həmçinin, telefonu zərərli radiodalğalardan da qoruyur. Xaliqin telefon aksesuarı bazarında əldə etdiyi yeniliyə təkcə ABŞ deyil, Almaniya və İngiltərə kimi ölkələr də böyük maraq göstərir. Türkiydə isə onun hazırladığı telefon qablarının üzərinə əldə hazırlanmış dəri əlavə olunur.
Xaliq İsgəndərov Amerikada bir çox sosial layihələrdə də fəallığı ilə seçilir. Nyu-Yorkda Türk Mədəniyyət Mərkəzinin üzvü olan Xaliq müxtəlif xeyriyyə tədbirləri təşkil edir. Onun əsas hədəfi Azərbaycanı ABŞ-da tanıtmaqdır. Bu məqsədlə də o, ABŞ-da Azərbaycana məxsus milli bayramların, həmçinin, Xocalı soyqrımı ilə bağlı tədbirlərin keçirilməsində böyük fəallıq göstərir. 5 müxtəlif dildə - türk, ingilis, rus, ərəb və ispan dillərində danışan Xaliqin incəsənətə də marağı böyükdür. Belə ki o, kamança, tar və saz kimi simli alətlərdə çalır. Bununla da o, yaxın ətrafındakı amerikalıları milli musiqimizlə tanış edir.
Uzun illərdir ABŞ-da yaşayan həmyerlimiz son illər siyasi fəaliyyətə də vaxt ayırır. Belə ki, Xaliq İsgəndərovun ABŞ-ın bir çox konqresmenləri ilə yaxın əlaqələri var. Onun şirkəti 2008-ci ildə Hillari Klintonun seçki kampaniyasında iştirak etdiyi üçün Bill Klintonla ilk dəfə o vaxt görüşüb. Bundan sonra onun Bill Klintonla bir neçə dəfə də görüşü olub.
Bundan başqa, o, Amerikaya gedən azərbaycanlı gənclərə də bacardığı qədər dəstək olur. İrəli düşüncəli insanlar kimi onun da fikrincə gənclərin xarici ölkələrə, xüsusilə də Amerikaya getməsi, burada işləyib oxuması Azərbaycanın inkişafı üçün vacib addımlardandır. Onun Azərbaycan gəncliyi ilə bağlı düşündüyü tək fikir budur ki, gənclər daim özlərini yetişdirməli, bir yerdə durmamalı, heç kəsdən asılı qalmamalı, pozitiv olmalıdırlar.
Onun fikrincə uğur qazanmağın yolu təşəbbüskarlıqdan, işgüzarlıqdan keçir. Xaliqə görə, bir insanın hansısa şirkətdə işləməkdənsə, yeniliklərə imza atması, orataya nə isə yeni bir şey qoyması daha məqsədəuyğundur. Amerikalı həmyerlimiz müsahibələrindən birində də bu məsələyə toxunur: "İnsanlar universiteti bitirdikdən sonra haradasa işləməyə üstünlük verirlər. Amma mən özüm şirkət qurmağı seçdim. İstəyirdim ki, insanlar üçün işləmək imkanları yaransın. Amerikada isə bunun üçün əlverişli şərait var. Burada insanların təşəbbüskarlığına geniş şərait yaradılır. Çünki bizim qurduğumuz hər bir şirkət Amerika büdcəsinə vergi ödəyir".
Aygün Zayıdova