"Bulud" sözü artıq dilimizdə atmosferdə üzən su buxarı kondensasiyasından çox (kondensasiya - maddənin qaz halından maye, yaxud bərk hala keçməsi) texnoloji termin kimi istifadə olunur. Elə ənənəvi buluda oxşar işarə ilə göstərilən digər bulud isə adını tez-tez eşitdiyimiz, lakin funksiyasından çox da xəbərdar olmadığımız bir texnologiyadır. Jurnalımızın bu sayında bulud texnologiyası haqqında danışacağıq.
Dördüncü sənaye inqilabı müasir həyatımıza 3D çap, əşyaların interneti (IoT - internet of things), süni intellekt, kiber-fiziki sistemlər (cyber-physical systems), böyük məlumatlar (big data), nanotexnologiyalar, müasir robototexnika kimi texnologiyalar gətirdi. Bunlardan biri də bulud texnologiyasıdır. Bulud texnologiyası - istifadəçiyə xidmət şəklində internet və ya lokal şəbəkə vasitəsilə əlçatan proqram-aparat təminatıdır. Həm də qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən ümumi addır. Bu texnologiya müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə imkanı verir. İstifadəçi kompüteri bu halda şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Məlumatlar "bulud" deyilən serverlərdə saxlanılır və onlar üzərində müxtəlif hesablamalar aparılır. Müştəri üçün bu, böyük virtual bir serverdir. Fiziki olaraq bu serverlər bir-birilərindən uzaqda, hətta müxtəlif qitələrdə yerləşə bilər.
Bulud texnologiyası həm də heç bir infrastruktura ehtiyac duymadan müxtəlif tətbiqlər vasitəsilə rahat istifadə oluna bilən onlayn yaddaş sistemidir. Məsələn, istifadə etdiyimiz mobil cihazları yenisi ilə əvəzlədikdə ondakı məlumatları, adətən, bulud vasitəsilə saxlayır və yeni cihazı işə saldıqda bu məlumatları saxladığımız buluddan yükləyirik. Beləcə, bulud texnologiyasından istifadə etmiş oluruq. Ancaq bir şey də var ki, bulud texnologiyası belə adi ehtiyaclardan yaranmadı. Belə ki, əvvəllər şirkətlərin internet vasitəsilə saxladıqları məlumatlar artdıqca xüsusi server otaqları yaradılır və məlumatlara tələbat çoxaldıqca daha güclü kompüterlərə ehtiyac duyulurdu. Ölkəmizdə hazırda da belə server otaqlarından istifadə edən müəssisələr var. Belə otaqlarda daim elektrik və soyutma sistemləri mövcud olmalıdır. Üstəlik, onun tərkib hissələrini də vaxtaşırı dəyişmək və yeniləmək lazımdır. Bütün bunlar isə heç də ucuz başa gəlmir.
Bu problemdən qurtulmaq üçün "IaaS" (Infrustructure as a Service - infrastruktur xidməti) anlayışı yaradıldı. Belə xidmətləri təqdim edən şirkətlərin öz nəhəng serverləri olurdu. Onlar özləri lazımi tərkib hissələrini alır, nəhəng serverlər qurur, onların saxlanılmasına nəzarət edir və faktiki olaraq o kompüterlərin işləmə gücünü kirayə əsasında sizə təqdim edirdilər.
Bulud anlayışı isə həmin kirayə serverlərin parçalanaraq fərqli müştərilərə təqdim olunmasıdır. Müştərilər, əslində, ümumi bir cihazda yerləşsələr də, heç bir halda digər müştərilərlə üzləşmirlər.
Mövcud olan IaaS xidmətinə misal olaraq Amazon S3 (Simple Storage Service), Amazon Elastic Computer Cloud (EC2), IBM Blue Cloud və s. göstərmək olar. Servisdən istifadə etmək üçün uyğun veb-brauzeri istifadəçi öz kompüterinə yükləyir və məsələnin həlli üçün buludlara müraciət edir. IaaS xidməti istifadəçiyə bütün nəzarət funksiyalarını vahid bir platformada təqdim edir.
Bulud texnologiyasında ən vacib məqam isə saxlanılan dataya daxil olmaq üçün internet əlaqəsinin tələb olunmasıdır. Başqa sözlə, internet olmadığı hallarda məlumatlarınıza daxil olmaq mümkün deyil. İnternetdən asılı olaraq aşağı sürətli internetiniz varsa, data mübadiləsi sürətiniz də yavaş olacaq.
Kompüter nəzəriyyəçiləri internetin gələcəyinin bulud texnologiyasından keçdiyini iddia edirlər. Bu səbəbdən gələcəkdə hard disklərin yerini onlayn buludların tutacağı ehtimal olunur. Bu isə sistemlərdə heç bir infrastruktur hazırlamadan tamamilə onlayn şəbəkə vasitəsilə funksional tətbiqlərdən istifadə etmək deməkdir. Bu sektorun inkişafı (xüsusilə də, informasiya texnologiyasından istifadə edən cəmiyyətlərdə) bir çox informasiya mübadiləsi təmin edən firmaların mühüm bir mövqeyə gələcəyini, hətta sektordakı rəqabətin hüquqi problemlərə səbəb olacağını istisna etmir. Çünki bütün sistem tətbiqlərinin açıq infrastrukturla dəyişdirilməsi şəxsi məlumatlara arzuolunmaz daxilolmalar təhlükəsini artırır.
Şahmərdan Əhmədli