Bu saydakı həmsöhbətimiz tanınmış azərbaycanlı rejissor Ramiz Həsənoğludur. Uzun illər işlədiyi bu sahədə onlarla televiziya tamaşalarına, filmlərə quruluş verib. “Cavid ömrü”, “Sübhün səfiri”, “Ailə” kimi bədii filmlər və çox sayda sənədli filmlər çəkən Ramiz Həsənoğlu ilə Azərbaycan kinosunun ümumi vəziyyətindən danışdıq. Tanınmış rejissor film sahəsində gücünü sınamaq istəyən gənclərə məsləhətlər verərək, keyfiyyətli işlər görməyin sirlərindən danışdı...

- Ramiz müəllim, sənətçi ailəsində anadan olmusunuz. Atanız, ananız, qardaşınız teatr sahəsində işləyib. Yəqin ki, sizin də bu sahəyə gəlməyinizdə ailənizin böyük rolu olub.

- Heç şübhəsiz. Ancaq bu o demək deyil ki, sənətçi ailəsində doğulanlar hökmən sənətçi olmalıdırlar. Amma mənim taleyim belə gətirdi ki, valideynlərimin gözünün qarşısında böyüyə-böyüyə bu sənətə gəldim. Valideynlərim mənim maraqlarımı nəzərə alaraq rejissorluğu seçməyimə səbəb oldular. İlk sənət müəllimlərim də elə atam-anamdır. Qardaşım da elə mənim məşğul olduğum sənətlə məşğul olur. Mənim övladlarımdan biri, böyük qızım bu yolla getmək istədi. Onda ciddi təbiətçilik xüsusiyyətləri var idi. Digər adamların görə bilmədiyi xüsusiyyətləri o görə bilirdi. Həm də yaxşı təqlid bacarığı var idi. Amma iş elə gətirdi ki, o ev xanımı oldu, hazırda Türkiyədə yaşayır, iki övladı var.

- İstedadlı bir aktyorun irəli getməsində bəxt necə rol oynayır?

- Təcrübə ilə görürük ki, bəxt çox rol oynayır. Birdə görürsən, çox istedadlı adamdır, amma müəyyən səbəblərə görə, xasiyyətində olan bəzi xüsusiyyətlərə görə irəli gedə bilmir. Adam da var çox cəhd edir, ancaq alınmır. Tale belə bir şeydir ki, heç nə səndən soruşulmur, ancaq bəzən istəklərin nəzərə alınır. Kim dürüst şəkildə bir yolla getmək istəyirsə, onda alınır. Mənə elə gəlir ki, istedadla taleyin yolu birləşəndə onda bizim gözümüzün qarşısında nüfuzlu bir şəxsiyyət, sənət adamı görürük.

- Rejissorluğu çətin bir sahə hesab edirsinizmi?

- Rahat sənət yoxdur, hər işin çətinliyi var. Ona görə mən insanları bu cür kateqoriyalara bölmürəm. İnsana Allah tərəfindən həyat verilib. Hamı bir yolla gedir, o yolun nə əvvəlini, nə də axırını bilmək olmur. Fəaliyyət sahəmdə bir çox işlərlə məşğul olmuşam. Mən teatrda da, televiziyada da quruluş vermişəm. Mənim kinoda kifayət qədər böyük quruluşlarım olub. 1998-ci ildə “Ailə“, 2008-ci ildə “Cavid ömrü“, 2012-ci ildə “Sübhün səfiri” filmini çəkmişik. Sənətin mayası eynidir. Mən sizə bir misal çəkim. Təsviri sənətdə müxtəlif istiqamətlər, qrafika, rəngkarlıq və sair var. Amma onun bütün kökünü təşkil edən rəssamın kompozisiya qurmaq bacarığıdır. Olmasa, qalan şeylər boşdur.

- Ramiz müəllim, hazırda Azərbaycanda bir çox mövzuda filmlər çəkilir. Gənc rejissorlar var. Onların gördüyü işlərlə yəqin ki, rastlaşmısınız. Yeni filmlər barədə nə deyə bilərsiniz?

- Mürəkkəb sualdır. Bacarığın üzə çıxması üçün praktika lazımdır. Film çəkənlərin arasında təcrübə olmasa, onlar ancaq sözdə bu işlə məşğul ola bilərlər. Keyfiyyət olmayan çoxluq mənfi haldır. Mən buna dözümlü yanaşıram. Bu sahə ilə məşğul olmaq istəyən insan lazım olan imkanları əldə etməlidir ki, özünü sınasın. Mənim gördüyüm bəzi filmlər var ki, onlar barədə kifayət qədər yüksək fikirdəyəm. Buna misal kimi “Pərdə”, “Ol” filmlərini göstərə bilərəm. Müxtəlif yaşlı rejissorlar olsa da, düşünürəm ki, onlar sənətin aparıcı qüvvələrinə çevriliblər. Ancaq bir məsələ var ki, sən həqiqəti duyub demək, çatdırmaq istəyirsənsə, sənin bu sənətlə məşğul olmağa haqqın çatır.

- Film sahəsində yeni işə başlayan rejissorlar, aktyorlar bəzən sərt tənqidlərə görə gileylənirlər...

- Tənqiddən qorxmaq lazım deyil. Tənqid istənilən halda sənin gördüyün işin üzərində düşünməyini tələb edir. Qərəzli tənqid bura aid deyil. Hər bir normal adam professional tənqiddən ancaq xeyir götürə bilər. İstedadlı adamlar həmişə olub, var və olacaq. Bəzən deyirlər ki, bu aktyordan daha heç vaxt gəlməyəcək. Düzdür, gəlməyəcək, ancaq başqası gələcək. Ələsgər Ələkbərov, Fuad Poladov, Hökumə Qurbanova, Barat Şəkinskaya və digərləri güclü aktyorlar idilər. Onların hər birinin öz yeri var. Bu sənətə üz tutan gənc aktyorlara da demək istərdim ki, səbirli olsunlar. Əgər onların istedadı varsa, bu mütləq üzə çıxacaq.

- Yaxşı rejissor olmaq üçün nə etmək lazımdır?

- Yaxşı rejissor olmaq üçün mütaliə etmək lazımdır. Təbii ki, savad öz yerində olmalıdır. İstedad olmalıdır. İstedad nisbi anlayışdır. Onu səndə görməyə də bilərlər. Ancaq sənin cəfakeşliyini görərlər. Ona görə də, mən bununla bağlı həmişə deyirəm. Mən Rusiyada bu sahəni oxumuşam. Müəllimlərim mənə həmişə deyərdilər ki, rejissorluğu öyrətmək olmaz, ancaq öyrənmək olar. Mən zorla sənə rejissorluğu öyrədə bilmərəm. Ancaq sən özün istəsən, öyrənərsən. Sənin görən gözün, düşünən beynin var. Özün bilməlisən ki, bunu edə bilərsən, ya yox. Mən düşünürəm ki, rejissorluq dünyada ən ağır sənətlərdən biridir.

- Ramiz müəllim, rejissor işi filmin keyfiyyətli olmasında əsas rol oynayan nüanslardan biridir. Ancaq bəzən uğur qazanan filmlər aktyorların adı ilə bağlanır, rejissor bir növ kənarda qalır. Bu barədə nə deyə bilərsiniz?

- Hər bir işin lideri olur. Bəzən filmləri rejissorların, bəzən ssenaristlərin, bəzən də aktyorların adları ilə bağlayırlar. Ancaq çox vaxt filmlər rejissorun adı ilə bağlı olur. Kimdə liderlik qabiliyyəti güclüdürsə, o önə çıxır. Müəyyən mənada bu normal bir şeydir. Qısqanmaq lazım deyil. Mən axırıncı dəfə bir filmə baxdım və xoşuma gəldi. Fransa filmidir, ”Ata” adlanır. Çox maraqlı filmdir. Entoni Hopkins baş rolda oynayır. 1 saat 20 dəqiqə ərzində bir şəxsin həyatı sənin gözünün qarşısında canlanır. İnsan müxtəlif hisslərlə o filmə baxır. Aktyorun nə qədər böyük bir qüvvə olduğunu orada anlayırsan. Ancaq məndən soruşsan, o filmin rejissoru kimdir, yadımda qalmayıb. Aktyor həmin filmdə ön plana çıxır. Bundan əlavə Kançalovskinin çəkdiyi bir filmə baxdım. “Aleksey Teryapiçin bəyaz gecəsi”. Adi bir poçt işçisinin həyatından bəhs edir. Filmin əsas gözəlliyi ondan ibarət idi ki, filmdə professional aktyorlardan istifadə olunmamışdı. Orada kənddə yaşayan sakinlər rol almışdı. Rejissor o qədər ustalıqla səhnəni qurmuşdu ki, sən hiss etmirdin, qarşındakı professional aktyordur, ya yox. Rol oynayan kənd sakinləri hadisəni sanki yaşayırdılar.

- Hansı filmləri izləməyi xoşlayırsınız?

- Döyüş filmlərindən mənim o qədər də xoşum gəlmir. Psixoloji, dramatik filmlər, bəzən də komediyalar izləyirəm. Bəlkə də yaşa görədir, ancaq döyüş filmlərini sevmirəm. Təbiətlə, heyvanlar aləmi ilə bağlı çəkilən sənədli filmləri izləyirəm. Boş vaxtımda onlara baxıram.

- Rejissor bir film və ya tamaşa hazırlayanda sizcə, hansı meyarı əsas götürməlidir?

- Hər bir sənət adamının seçdiyi yol var. Rejissorluqla ciddi məşğul olan adamlar bu sənətə nə üçün gəlib, nə etmək istəyir, insanlara nəyi çatdırmaq istəyir, bilməlidir. Əgər fikir vermisinizsə, mənim çəkdiyim bir çox əsərlərdə həm müasirliyə, həm də keçmişimizə aid nüanslar var. Daha çox Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxslərin tutduğu yol məni cəlb edir. Mən də daha çox həmin işlərdə özümü görürəm. Bütün çəkdiyim filmlərimi, tamaşalarımı məhəbbətlə hazırlamışam. Onlardan hansının daha çox uğurlu olduğunu deyə bilmərəm. Ancaq elə filmlərim var ki, daha yaxşı şəraitdə işləmişəm. Buna misal olaraq “Fatehlərin divanı“nı, “Ac həriflər“i göstərə bilərəm. Bu filmləri yaxşı şəraitdə çəkdiyimə görətutduğum yolu daha dəqiq yerinə yetirə bilmişəm. “Əhməd haradadır”, “Ulduz” filmləri var ki, onlar çox tənqidə məruz qalmışdı. İllər, qərinələr keçdi və bilindi ki, həmin filmlər o dövr barədə ən dəqiq məlumatları verirmiş. O filmlərə baxanda həmin dövrü, o dövrdə yaşananları görürük. Eyni zamanda o filmlərə baxanda keçmişimizi oynayırıq. Əgər dünya meydanına çıxmaq istəyirsənsə, əvvəlcə sən özün üçün bəzi meyarları dəqiqləşdirməlisən. Bu mənada müasir Azərbaycan kinosunun potensialına göz gəzdirdikdə artıq o addımlar müəyyənləşir. Ciddi işlərlə ortaya çıxmaq istəyənlər, bu istiqamətdə addım atanlar var. Getdikcə bu sahə sürətlənəcək, irəliləyəcək.

- İndi bir çox ölkə filmlərdən təbliğat vasitəsi kimi istifadə edir. Bunda da kifayət qədər uğurlu olurlar. Fərqli sahələri insanlara mükəmməl şəkildə göstərir, sevdirirlər. Bu baxımdan vaxt ötdükcə film sahəsi daha vacib sahəyə çevrilir. Bu barədə nə deyə bilərsiniz?

- Kino biznesdir. O biznesi irəli aparmaq üçün pul lazımdır. Ona görəən yaxşı aktyorlar cəlb olunur ki, filmə qoyulan məbləği dəfələrlə qaytara bilsinlər. Ancaq diqqət edilməli digər vacib məsələ odur ki, kino ideologiyadır. Misal üçün ermənilər Qarabağ mövzusu ilə bağlı diaspor gücündən isifadə edib yaxşı filmlər ortaya qoymağa çalışırlar. Ancaq bizim vətəndaşlarımız yaxşı ki, o kimi proseslərə müdaxilə edə bilirlər. Bilirsiniz, hər hansı bir film festivalda iştirak edirsə, həmin yerdə olan başqa bir ölkə buna mane ola bilirsə, o film göstərilmir. Ermənilərin provokativ işlərinə bu cür müdaxilə edə bilmişik.
Bu yoldur. Bu yolda zəif, orta, keyfiyyətli filmlər də olacaq. Rejissorun uğuru iki amildən ibarətdir. Birincisi seçdiyi əsər, ikincisi seçdiyi aktyor. Bu iki amildə səhv eləmirsə, onun uğur qazanmaq ehtimalı çoxdur. Bu mənada mən də yükü daşıya bilən adama etibar etməyə çalışmışam. Bəzən çox bəyəndiyim bir aktyora bir rolu təqdim etmişəm, ancaq öhdəsindən gələ bilməyib. Dərhal həmin aktyoru dəyişmişik. Aktyor ümumiyyətlə sənətin tacıdır. Ona görə o taca lazımi şəkildə yanaşmaq lazımdır.

- Özünüz hansısa rolda çəkilmək istəmisinizmi?

- Bəzən məcburən hansısa epizodları özüm oynamışam. Belə bir hadisə olub ki, kiçik bir obraz canlandırılmalı idi. Ancaq aktyor gəlib çıxmadı. Və məcbur olub leytenant rolunu mən oynadım. Deməli, mənim boyum orta statistik göstəricilərdən biraz yuxarıdır. Ona görə mənim aktyor olmaq ehtimalım minimum idi. Boyumun uca olmağı mənim aktyor olmağına icazə vermədi (gülür). Bəzən dostlarla şəkil çəkdirəndə onlara deyirəm ki, mən sizin yanınızda biədəb görünərəm, yaxşı olar ki, mən oturum.

Ruslan Yusibov