"Uğur hekayəsi" bölməsinin budəfəki qonağı ABŞ-ın iki nüfuzlu universitetində təhsil almış, ABŞ-da Dünya Bankında işləmiş, hazırda isə Azərbaycanda özəl sektorda fəaliyyət göstərən Rəşad Əliyevdir.
- Xaricdə ali təhsil almağınızdan, ABŞ-a getməyinizdən danışardınız, oxucularımıza özünüzü tanıdardınız?
- 1981-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda anadan olmuşam. Orta məktəbin ilk beş ilini 178 nömrəli orta məktəbdə rus dilində, qalan altı ilini isə Bakı Özəl Türk Liseyində Azərbaycan və ingilis dillərində təhsil almışam. 1999-cu ildə liseydən məzun olduqdan sonra 666,667 balla Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olmuşam. BDU-dan Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr və magistr dərəcələrinə yiyələnmişəm, hər ikisini fərqlənmə ilə. Xaricdə təhsil almağa marağım hələ 8 ya 9-cu sinifdən başlamışdı. Baxmayaraq ki, bizə o dövr üçün çox yüksək səviyyədə ingilis dili proqramı tədris olunurdu və hətta bütün texniki fənlər ingilis dilində öyrədilirdi, mən özüm davamlı olaraq ingilis dili biliklərimi müstəqil şəkildə daha da dərinləşdirməyin alternativ yollarını axtarırdım. Bu axtarışlar məni digər mənbələrlə yanaşı, BBC və VOA ("Amerikanın Səsi") radiostansiyalarının verilişlərinə də gətirib çıxarmışdı. 90-cı illərin ortalarından başlayaraq onların efirə gedən bütün buraxılışlarını intensiv olaraq dinləməyə başladım. Məsələn, BBC-nin Azərbaycan xidmətində Famil İsmayılov və Zülfüqar Rüfətoğlunun təqdimatında buraxılışın sonunda bir neçə dəqiqəlik ingilis dili dərsləri də təqdim olunurdu. Həmin dərsləri acgözlüklə dinləyirdim və demək olar ki, heç vaxt buraxmırdım. Hətta əyləncə, yoxsa radio dinləmək arasında seçim etmək zərurəti olduqda tərəddüdsüz radio dinləməyi seçirdim. Öyrəndiklərimi də dərhal bloknotuma qeyd edirdim. Hətta sonralar o radio dərsləri valideynlərimin yeni aldığı ikikasetli maqnitofonda kasetə yazır və təkrar dinləyirdim. Bir sözlə, bu işi fanatikcəsinə edirdim. ABŞ-da təhsil almaq hədəfim də çox güman ki, qismən də olsa, ingilis dilinə olan bu həvəsimdən formalaşmışdı. Bir dəfə radionun ənənəvi buraxılışlarından birində elan etdilər ki, keçmiş Sovet ölkələrindən olan məktəblilərin öz amerikalı həmyaşıdları ilə tanış olmaları, məktublaşaraq, ünsiyyət qurmaları, fikir mübadiləsi aparmaları üçün "Pen Friends" adlı bir təşəbbüsə start verilir. Yəni, keçmiş sovet ölkələrindən olan məktəblilərlə amerikalı məktəblilər arasında bir növ mədəni-intellektual körpü qurulur. Aparıcılar bu təşəbbüsə qoşulmağın yollarını izah etdilər və mən bu fürsəti əldən verməyərək, dərhal radio xidmətinə müraciət etdim. Qısa müddət sonra onlardan cavab gəldi. Məni ABŞ-ın Klivlend şəhərindən olan bir amerikalı məktəbli ilə tanış etdilər və biz onunla pen-friend, yəni "qələm dostu" kimi ünsiyyətə başladıq. Biz qarşılıqlı olaraq bir-birimizə öz məktəblərimiz, dərslərimiz, ev tapşırıqlarımız, imtahanlarımız, eyni zamanda öz gündəlik həyatımız barədə yazırdıq. Həm onunla bu yazışmamız, həm də ABŞ-dakı təhsil sistemi haqqında başqa mənbələrdən əldə etdiyim məlumatlar mənim ABŞ-da təhsil almaq istəyimi daha da gücləndirdi. Beləliklə, artıq orta məktəbin sonlarına doğru qarşıma konkret məqsəd qoymuşdum və qəti qərar vermişdim ki, mən bir gün mütləq təhsilimi ABŞ-da davam etdirəcəyəm. Xarakterimdə ən çox bəyəndiyim cəhətlərdən biri də odur ki, qarşıma hədəf qoydumsa, bütün gücümü və diqqətimi səfərbər edib mütləq ona çatmalıyam. Belə də oldu. Zamanı gələndə mən ABŞ ali təhsil sistemində iki müxtəlif mərhələdə təhsil almaq imkanı qazandım. İlk dəfə BDU-nun I kursunda təhsil alarkən ABŞ Xarici İşlər Nazirliyinin (Dövlət Departamenti) maliyyələşdirdiyi və bir akademik il boyu ABŞ universitetlərində təhsil almaq imkanı yaradan "UGrad" adlı proqrama müraciət etdim. Bu proqramın seçim meyarları çox yüksək idi. Proqrama ilk müraciətim uğursuz olsa da, ikinci il mən müsabiqənin bütün mərhələlərindən uğurla keçdim (bura esselərin yazılması, tövsiyə məktubları, müxtəlif sənədlər və yekunda şifahi müsahibə daxildir). Sonda TOEFL imtahanından da həmin il üçün iki ən yüksək nəticədən birini (maksimal bal olan 677 üzəridən 647 bal) toplayaraq 2001-ci ilin iyul ayında ilk dəfə olaraq bir il müddətinə Yeni Dünyaya - Missisipi ştatında eyniadlı universitetə yollandım. Missisipi Universitetində (Croft İnstitute of İnternational Studies) keçirdiyim bir ilin çox şeyə, o cümlədən təhsilimə və dünyaya baxışlarıma ciddi təsiri oldu, həyatımda bir sıra müsbət dəyişikliklərə gətirib çıxardı. Bir illik təhsildən sonra yenidən BDU-ya qayıdaraq buradakı bakalavr təhsilimi bitirdim. Ardınca isə BDU-da magistr təhsili alaraq, ABŞ-ın Azərbaycandakı Səfirliyinin Ədliyyə şöbəsində işləməyə başladım. Təqribən 4 il iş təcrübəsi topladıqdan sonra isə mən növbəti dəfə - bu dəfə Merilend Universitetində İctimai İdarəetmə (University of Maryland School of Public Policy) üzrə ikinci magistr təhsili almaq üçün ABŞ-a yollandım və 2011-ci ildə oradan ikinci magistr dərəcəmi aldım.
- Xaricdə təhsil alan tələbənin nə kimi çətinlikləti olur və o çətinliklərə necə qalib gəlmək olar?
- İstənilən təhsil insandan müəyyən fədakarlıqlar tələb edir. Yəni, bunun üçün vaxt, əmək, pul sərf edirsiniz, bəzən şəxsi həyatınızın hansısa mühüm hissəsini, rahatlığınızı və əyləncənizi təhsilə qurban verirsiniz. Təbii ki, bütün bu fədakarlıqları həyatınızın böyük hissəsini keçirmiş olduğunuz ölkədə, valideynlərinizin və dost-tanışlarınızın əhatəsində, necə deyərlər "komfort zonanız"ı tərk etmədən etmək nisbətən asandır. Amma razılaşarsınız ki, tamamilə fərqli mədəniyyətə və dünyagörüşünə sahib olan və fərqli dildə danışan bir ölkəyə getmək, bir neçə il valideynlərdən və dost-tanışlardan uzaq qalmaq, təkbaşına və tam müstəqil yaşayaraq təhsil almaq öz ölkəndə yaşayıb təhsil almaqla müqayisədə xeyli çətindir. Məsələn, elə ilk günlərdən bir sıra məişət qayğıları olur ki, onları həll etmək bir xeyli vaxt alır, eyni zamanda zəhmət və məsuliyyət tələb edir. Adicə yaşamaq üçün uzunmüddətli kirayə ev tapmağın özü bəzən asan olmur. ABŞ-a gəldiyin ilk günlərdən artıq onlarla, hətta yüzlərlə kirayə elanlarını nəzərdən keçirib, ev sahibləri ilə zəngləşməli, görüş vaxtı təyin edib evlərlə tanış olmalı, bəyəndiyin ev sahibləriylə ilkin şərtləri müzakirə etməlisən. Daha sonra bəyəndiyin evin sahibi tərəfindən təqdim olunan və bəzən çox təfərrüatlı olan kirayə müqaviləsini tam bir hüquqşünas gözü ilə diqqətlə oxuyub nəyə imza atacağını tam dərk etməlisən ki, sonradan xoşa gəlməyən sürprizlərlə qarşılaşmayasan. Çünki ABŞ-da kirayə evlərin sahibləri müraciət edənlərdən gəlirləri barədə sənəd, kredit tarixçəsi, yaxud tövsiyə məktubu kimi sənədlər təbəb etməklə yanaşı, onlara çox təfərrüatlı və geniş kirayə müqaviləsi də imzalatdırır və müqavilənin təminatı kimi ilk və son ayın kirayə haqqını əvvəlcədən depozit olaraq alırlar. Həm bu məbləği itirməmək, həm də uzun müddət yaşayacağın evi düzgün seçə bilmək üçün maksimum dərəcədə səhv etməməyə səy göstərməlisən. Amma sağ olsun internet - bu və bu kimi bir çox nüanslı məsələlərdə tələbələrin köməyinə çatan bir sıra saytlar mövcuddur ki, orada keçmiş və mövcud tələbələrin, həmçinin, təcrübəli mütəxəssislərin çox dəyərli məsləhətləri və tövsiyələri ilə əvvəlcədən tanış olaraq qarşılaşa biləcəyin problemlər haqda əvvəlcədən məlumatlanır və hazırlıqlı olursan, səhvlərə yol verməməyə çalışırsan. Bir də təbii ki, bəxtin gətirərsə, orada yaşamış və ya hazırda yaşayan həmyerlilərimizdən və tanışlardan da dəstək və məsləhətlər ala bilərsən. Təhsil sistemlərimiz bir-birindən çox fərqləndiyi üçün bu sahədə də müəyyən çətinliklər və hətta risklərlə üzləşmək, ehtiyatsızlıqdan çox çətin vəziyyətlərə düşmək mümkündür. Məsələn, bizim ali məktəblərdə tələbələrin müstəqil tədqiqat və araşdırma işlərinə qoyulan tələblərlə qərb ölkələrində tələbələrin tədqiqat işlərinə qoyulan tələblər arasında ciddi fərqlər var. ABŞ ali məktəblərində tələbənin müstəqil tədqiqat işi hazırlayarkən özündən əvvəl yazılmış hər hansı materiallardan sui-istifadə etməsi, yəni, başqa bir müəllifin yazdığı hər hansı bir fikri öz fikri kimi təqdim etməyə cəhd göstərməsi çox böyük qəbahət hesab edilir. Universitetlər bu məsələyə həddindən artıq ciddi nəzarət edirlər. Professorlar tədqiqat işlərindəki fikirlərin orijinal olmasını müxtəlif yollarla, o cümlədən xüsusi kompüter proqramları ilə yoxlayır və belə bir hal aşkar edildikdə tələbəni nəinki həmin fəndən kəsir, üstəlik, onu çox rahatlıqla universitetdən xaric edə və hətta gələcəkdə ABŞ-da başqa ali məktəbə qəbul olunmasına mane ola bilirlər. Amma sirr deyil ki, bizim ali məktəblərdə bir çox hallarda tələbələr kurs və ya diplom işlərini hazırlayarkən internetdə mövcud olan hansısa resurslardan, yaxud hazır işlərdən son dərəcədə məsuliyyətsiz istifadə edirlər, hətta bəzən başqa müəlliflərin fikirlərini olduğu kimi öz işlərinə daxil edib öz fikirləri kimi təqdim edirlər ki, əslində bunun da adı plagiatdır. Ali məktəblərimizdə plagiatın belə geniş yayılmasının əsas səbəbkarı təbii ki, tələbələr deyil, bunun obyektiv və subyektiv səbəbləri var. Amma səbəbindən asılı olmayaraq, acı həqiqətimiz budur ki, plagiat ali məktəblərimizdə artıq çox adi hal alıb, pis vərdişə çevrilib. Keçmiş sovet ölkələrində ali təhsil sistemlərinin əksəriyyətinə xas olan bu problem haqda qərb ali məktəblərində də yaxşı xəbərdardırlar. Ona görə də, sovet ölkələrindən gələn tələbələrin bu vərdişdən qurtulmasına kömək etmək və yuxarıda qeyd etdiyim ciddi problemlərdən qorunmaq üçün tədris ilinin əvvəlində keçirilən orientasiya proqramında sırf plagiat mövzusuna dair xeyli tövsiyələr və təlimatlar verirlər. Hətta yadımdadır ki, əvvəlki illərdə ABŞ-a yeni gələn tələbələr arasında bu plagiat problemi özünü daha ciddi büruzə verdiyindən, 2001-ci ildə seçildiyimiz ABŞ universitetlərində təhsilə başlamazdan əvvəl, bizə Pensilvaniya Universitetində təqribən 1 aylıq intensiv kurs təşkil olundu və burada bizə müstəqil tədqiqat aparmaq və akademik yazılar yazmaq mövzusunda dərslər keçildi. Ümumiyyətlə, müşahidələrim onu göstərir ki, bu vərdişdən qurtulmaq çox çətindir və təəssüf ki, bəzi hallarda tələbələr bu mövzuda çox ciddi problemlərlə üzləşə bilirlər. Yəni, xaricdə oxumağın özünəməxsus çətinlikləri var. Amma məsələyə fərqli prizmadan baxanda, bütün bu çətinliklər insanı şəxsiyyət kimi möhkəmləndirən, xarakterini formalaşdıran, universitetdən sonrakı həyata hazırlayan çox faydalı amillərdir.
- Dünya Bankında işləməyinizdən danışaq...
- Dünya Bankı ilə ilk tanışlığım 2002-2005-ci illərdə Təhsil Nazirliyində işlədiyim dövrdə həyata keçirilən təhsil islahatı layihələri çərçivəsində olmuşdu. Amma 2005-ci ildə Təhsil Nazirliyindən ayrılandan sonra Dünya Bankı ilə əlaqəm kəsildi və növbəti 4,5 ili ABŞ Səfirliyində, fərqli sahədə işləməyə başladım. Səfirlikdəki yeni işimdə əsas vəzifəm Azərbaycanda həyata keçirilən hüquq-mühafizə və məhkəmə sahələrində islahatlara, habelə korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə kimi sahələrdə görülən işlərə ABŞ hökumətinin göstərdiyi texniki və maliyyə yardımı layihələrini əlaqələndirmək idi. 2009-cu ildə səfirlikdən ayrılıb ABŞ-a təhsil almağa yollananda isə artıq qarşıma yeni hədəf qoymuşdum - Dünya Bankının Vaşınqtondakı baş ofisində bir müddət işləyib yeni təcrübələr qazanmaq. Təhsil aldığım Merilend Universitetinin kampusu paytaxt Vaşinqtona bitişik olduğundan, magistr təhsilimin birinci ili boyunca mütəmadi olaraq Dünya Bankında keçirilən müxtəlif tədbirlərə qatılmağa başladım. Bu tədbirlər sayəsində yeni insanlarla, o cümlədən Dünya Bankının regionumuz üzrə aparıcı mütəxəssisləri ilə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq, həmçinin, özümü onlara tanıtmaq fürsətim olurdu və artıq magistr təhsilimin ilk ilinin sonunda (2010) onlardan Dünya Bankında ali təhsil layihəsi üzrə beynəlxalq konsultant kimi fəaliyyət göstərmək təklifi aldım. Beləcə, Dünya Bankında 3 il müqavilə əsasında beynəlxalq məsləhətçi kimi işlədim. Dünya Bankı çox təcrübəli mütəxəssislərlə bir yerdə işləməyə, dünya nın müxtəlif ölkələrinin təhsil və digər sahələrdə qazandıqları təcrübələrini, uğur və uğursuzluqlarını öyrənməyə şərait yaradan çox unikal bir yerdir. 2013-cü ildə ailə vəziyyəti ilə bağlı Azərbaycana qayıtmalı olsam da, Dünya Bankı ilə məsləhətçilik xidmətlərimi Bakıda da davam etdirmək imkanım var idi, lakin karyera planlarım dəyişdiyi və Bakıda başqa iş təklifləri aldığım üçün Dünya Bankı ilə müqaviləmi dayandırdım.
- İki ölkə arasındakı iş və təhsil fərqini nəzərə alsaq, ABŞ-da oxuyub, orada işləyib sonra Azərbaycana qayıtmaq və burada işləmək sizə çətin olmadı?
- Çətinliklər əlbəttə ki, oldu. Xüsusən də, ilk dövrlərdə bir çox şeyə uyğunlaşmaqda çətinliklər oldu və bu bir az zaman aldı. Məişətdən tutmuş peşəkar iş həyatına qədər hər sahədə belə çətinliklər oldu. Sadə misallardan başlasaq, gündəlik həyatdakı növbə mədəniyyəti, yol mədəniyyəti, nəqliyyat mədəniyyəti ilə bağlı ABŞ-da yaşadığım 3 il ərzində formalaşan sağlam vərdişlər var idi ki, onlar Bakıda işləmirdi və tədricən aşınırdı. Yaxud təsəvvür edin ki, 50 min nəfərdən artıq tələbə və işçi heyəti, həmçinin, 2,2 milyard dollarlıq büdcəsi olan bir universitetin rektoru səhərlər tələbələrlə birlikdə universitetin kampusunda qaçır, tədbirlərdə tələbələrlə qaynayıb-qarışırdı. Bir sözlə, onunla tələbələr arasında ünsiyyət üçün heç bir maneə yox idi. Yaxud Nobel mükafatçısı olan tanınmış iqtisadçı professorumuz Tomas Şellinq həddindən ziyadə sadə və təvazökar insan idi və biz onu universitetin həyətində velosipeddə görməyə alışmışdıq. Və bütün bunlardan sonra yenidən Bakıya qayıdıb görürsən ki, rektor hələ də səhər işə çox bahalı lüks avtomobildə gəlir; o işə gələndə az qala hamı önündə farağat durur; heç kimin onun yoluna çıxmasına imkan verilmir; yaxud onun özünün ayrıca lifti var və ya o liftə minərkən başqa heç kimin liftə minməsinə icazə verilmir. Təbii ki, insanı narahat edən bu cür nöqsanların siyahısını daha da uzatmaq olar. Digər tərəfdən, cəmiyyətlərimiz arasındakı ən böyük fərqlərdən biri də odur ki, bizim cəmiyyətimizdə həddindən artıq aqressiya və gərginlik var. Bu aqressiya və gərginlik insanlarımızın gündəlik həyatına, insanların istər ailə daxilində, istərsə də iş mühitində bir-biri ilə münasibətinə və rəftarına çox ciddi mənfi təsir göstərir. Nəticədə, insanlarımız gündəlik olaraq az qala hər addımda qarşılaşdıqları bu aqressiya və streslə bağlı çox vaxt istər ailədə, istərsə də iş yerində rahatlıq və xoşbəxtlik tapmaqda çətinlik çəkir, bir sözlə, bu ictimai aqressiyadan və gərginlikdən hamımız ziyan görürük. İş həyatında da fərqlər çox idi. Məsələn, ABŞ-dan qayıtdıqdan bir müddət sonra mən Mərkəzi Bankın elan etdiyi Protokol Şöbəsi rəisi vəzifəsi vakansiyasına müraciət etmişdim. Əvvəlcə ilk şifahi müsahibəni, ardınca 8 sahə üzrə keçirilmiş yazılı test mərhələsini də müvəffəqiyyətlə keçdim. Son mərhələdə isə Mərkəzi Bankın vitse-prezidentlərindən və departament rəislərindən ibarət komissiyanın iştirakı ilə keçirilən şifahi müsahibəm də çox uğurlu keçdi, sonra mənə həmin vəzifəyə yüksək maaşla iş təklifi edildi və tələb olunan sənədləri Mərkəzi Banka təqdim etməyim bildirildi. Lakin həmin ərəfədə məndən Azərbaycandakı siyasi və iqtisadi vəziyyətlə bağlı əvvəlki illərdə yazmış olduğum bir neçə məqaləni və sosial şəbəkədəki tənqidi fikirlərimi silməyim də xahiş olundu. Belə olduqda mən tərəddüd etmədən Mərkəzi Bankın insan resursları departamentinə məktub yazdım və mənə edilmiş iş təklifindən nəzakətlə imtina etdim. Daha sonra Təhsil Nazirliyindən və başqa dövlət qurumlarından da iş təklifləri oldu, lakin orada da oxşar şərtlər və məhdudiyyətlər məni qane etmədiyi üçün elə həmin vaxtdan dövlət sektoru ilə yollarım ayrıldı və özəl sektorda fəaliyyət göstərməyə başladım.