Böyrəklər vasitəsilə orqanizmdə olan zərərli maddələr bədəndən xaric olunur. Buna görə də, böyrəklər orqanizmin əsas orqanları sırasında yer alır. Lakin bəzi insanlar bu lobyaşəkilli orqana laqeyd yanaşır və nəticədə, böyrək çatışmazlığı ilə üz-üzə qalırlar. Bəs bunun qarşısını almaq üçün nə etmək olar? Böyrəklərin fəaliyyətini qorumaq üçün nələrə diqqət etməliyik? Bu suallara cavab tapmaq üçün uzman uroloq Dr. Bəhruz Xalıqovla həmsöhbət olduq.
- Böyrəklərin fəaliyyətini qorumaq üçün nələrə diqqət etməliyik?
- Bildiyimiz kimi, böyrəklər orqanizmin vacib orqanlarındandır. Buna görə də, onun funksiyasını qorumaq üçün diqqətli olmalıyıq. Əgər böyrək funksiyasında pozulmalar müşahidə edilərsə, ilk olaraq səbəblər araşdırılmalıdır. Böyrək daşları, böyrəkdəki deformasiyalar onun funksiyalarının pozulmasına gətirib çıxarır. Ümumiyyətlə, böyrək iki hissədən ibarətdir. Böyrəyin sidik əmələ gətirən hissəsi (parenxima) və sidiyin toplandığı boşluqlu hissə (kasa-ləyən sistemi). Bəzi xəstəliklər var ki, onlar böyrəyin parenximasında və kasa-ləyən sistemində problemlərə səbəb olur. Nəticə etibarilə də böyrəyin funksiyası pozulur. Böyrəklərin parenximatoz zədələnmə səbəblərinə qlomerulonefritlər, nefropatiyalar (İgA nefropatiyası, lupus nefropatiyası) şəkərli diabetlə bağlı nefropatiyalar və s. daxildir. Deyə bilərsiniz ki, şəkər xəstəliyi böyrəyə necə zərər vura bilər? Şəkər xəstəliyi böyrəyin həm qlomerulyar (yumaqcıq) damar şəbəkəsini, həm də parenxim qidalandırıcı damarlarını zədələməklə yanaşı ümumilikdə böyrəklərin qan dövranını pozur. Nəticədə, süzülən sidiyin miqdarında azalma və qanda kreatinin göstəricilərində artım olur. Qanda kreatinin artması böyrəklərin funksiyasında problem olduğunun göstəricisidir. Bundan başqa kasa-ləyən sistemində baş verən anomaliyalar və daşla bağlı deformasiyalar (hidronefroz) böyrək funksiyasında azalma ilə müşahidə oluna bilər. Hidronefrozun parenximanın qan dövranında azalmaya və sidiyin kasa-ləyən sistemində yüksək təzyiqə səbəb olması funksiya zəifliyi yaratmaqdadır. Bu prosesin müdaxiləsiz uzun müddət davam etməsi böyrək çatışmazlığı üçün zəmin yaradır. Bundan başqa, deyək ki, kasa-ləyən sistemində hər hansı bir deformasiya yaranıb və ya oranı tutan hər hansı bir daş var. Bu zaman süzülən sidik oradan rahat xaric ola bilmir və nəticədə, böyrəyin içərisində göllənir. Gölləndiyi üçün böyrəyin kasa-ləyən sistemini şişirir və parenxima kasa-ləyən sistemi və kapsul arasında sıxılmağa başlayır. Sıxıldıqca oradakı qan damarları kiçilir, daralır və böyrəyi qidalandıran damarların gətirdiyi qanın miqdarı azalır. Bu proses uzun müddət davam edərsə, artıq həmin böyrəyin funksiyasının pozulmasına gətirib çıxarır. Bəs bu hallar baş verdikdə nə edə bilərik? Əslində, böyrəklər bədənimizdə gün ərzində əmələ gələn bir çox zəhərli maddələr və metobalitləri xaric edən orqanlardan biridir. Eyni zamanda bədənimizdən artıq yükə səbəb olacaq mayenin də bir hissəsini xaric edir. Gün ərzində böyrəklərdə 180-185 litr ilkin (provizor) sidik əmələ gəlir. Bu miqdarın ancaq 1,2-1,5 litri son (definitiv) sidik olaraq bədəndən xaric edilir. Yəni, son sidik əmələ gəlir. Son sidik aşağı sidik yollarındakı obstruksiya (tutulma) ilə bağlı xaric ola bilmirsə, bu da öz növbəsində böyrək funksiyası pozulmalarına səbəb olur. Sadaladığımız bu məqamlar yuxarı sidik yollarına aiddir. Aşağı sidik yollarında da problemlər olarsa, bir çox xəstəliklər yarana bilər. Aşağı sidik yollarındakı tutulmanın başlıca səbəbləri arasında sidik kanalındakı darlıqlar və prostatın adenoması xüsusi yer tutur.
Böyrək funksiyasının qorunması üçün gün ərzində 2 litr maye qəbulu vacibdir. Qeyd etdiyimiz miqdarda maye qəbul olunarsa, sidiyə çıxma 1200-1500 ml olacaq. Gün ərzində xaric edilən ümumi son sidik miqdarının hər porsiyada 200-250 ml olduğunu nəzərə alsaq, 6-7 dəfə tualet ehtiyacı yaranacaq. Gün ərzində 6-7 dəfə sidiyə getmək normal sayılır, lakin sidik ifrazı 7 dəfədən çox olduğu hallarda ixtisaslı həkimlərə müraciət edilməlidir.
- Hansı qidalar böyrəkdə daşların yaranmasına şərait yaradır?
- Mümkün qədər konsentrat içkilərdən uzaq durulmalıdır. Bura bildiyimiz bütün rəngli içkilər, enerji içkiləri, çay, kofe və s. daxildir. Bu kimi içkilərin qəbulu bağırsağın fəaliyyətini pozur, ürəyə və sidik sisteminə mənfi təsir göstərir. Bundan əlavə, rəngli içkilərin tərkibində olan rəngləyicilər, aromatizatorlar sidik sistemindən çıxarkən sidik sistemini içəri tərəfdən örtmüş olan keçid epitelini qıcıqlandırır. Bu, uzunmüddətli xroniki bir qıcıq olarsa, gələcəkdə iltihab və bədxassəli problemlərin yaranmasına da gətirib çıxara bilər. Ona görə bu tərkibli içkilərdən maksimum dərəcədə az, sudan isə bol istifadə etmək lazımdır. Əgər bir insanda sidik ifrazı zamanı yanma, göynəmə hissləri varsa, bu, infeksion bir xəstəliyin əlamətidir. Xroniki infeksiyaların özləri belə zaman keçdıkcə böyrək funksiyalarının pozulmasına gətirib çıxarır. Bu halda mütləq uroloqa müraciət etmək lazımdır.
- Müasir dövrümüzdə uroloji problemlərin yaşı gəncləşib. Azyaşlı uşaqlar və gənclərdə böyrək problemlərinin şahidi oluruq. Bunun səbəbləri nələrdir? Ən gənc pasientinizin necə yaşı olub?
- Uşaq urologiyası yeni elm sahəsi deyil və bu kimi problemlər uşaqlarda əvvəllər də olub, lakin indi daha tez-tez rast gəlirik. Deyə bilərik ki, insanlar əvvələ görə daha çox maarifləniblər. Müayinə metodları daha da çeşidlənib və biz xəstələrə rahat üsullarla diaqnoz qoya bilirik. Və ya başqa ixtisas sahibi olan bir həkim xəstəyə dərman yazarkən onun böyrək funksiyasını nəzərə alır və o xəstəni bizə yönləndirir. Çünki istənilən dərman preparatları böyrək, qaraciyər, ya da öd yolları vasitəsilə xaric olunur. Ona görə həkimin böyrək funksiyası haqqında məlumatının olması vacibdir. Bu, həm uşaq, həm də böyüklər üçün eynidir. Dediyim kimi məncə yaş limiti eyniliklə qalıb. Bizim ən kiçik pasientimizin 5 yaşı olub. O, böyrək daşı problemi ilə bizə müraciət etmişdi. Eyni zamanda böyrəklərində deformasiya və sistin daşları var idi. Biz onu uyğun şəkildə cərrahi üsulla müalicə etdik. Böyrək daşlarına gəlincə, bir şeyi də qeyd etmək istəyirəm ki, böyrək daşlarının tək müalicəsi cərrahi deyil, cərrahi müalicədən sonra bu daşlar əmələ gəlməsin deyə, biz xüsusi terapiyalar da veririk. Bunun üçün uroterapiya dediyimiz xususi metodlarımız var. Bura Avropa və Amerika uroloji protokollarında qeyd olunduğu kimi gün ərzində 2 litr mayenin qəbul olunması, duzdan, xüsusən də, xörək duzundan istifadə edilməməsi aiddir. Xüsusən də, böyrəyində daş olanlar bunlara daha çox riayət etməlidirlər. Normal böyrək funksiyasına sahib olan insanlar isə duzdan az istifadə edə bilərlər. Bundan başqa, qırmızı ətin istifadəsi də böyrək daşı əmələ gətirir. Çünki qırmızı ət urokasit dediyimiz sidik turşusunun miqdarını artırır və urat turşusu daşları dediyimiz daşların əmələ gəlməsinə səbəb olur. Kiçik yaşlardakı uşaqlarda ən çox rast gəldiyimiz sistit daşlarıdır. Amma digər tip qarışıq daşlara, oksalat daşına da rast gələ bilərik. Uşaqlarda daşın əmələ gəlməsinə səbəb böyüklərdən fərqli olaraq onlarda uroloji sistemdə yaranan genetik faktorlar və deformasiyalardır.
- Göz altında olan şişkinlik böyrək problemindən xəbər verir?
- Gözaltı toxumalar yumşaq birləşdirici toxumalardır. Onlar hər səbəbdən şişə bilər. Məsələn, bir insan ağladığı, yorğun olduğu və ya yaxşı yatmadığı zaman göz altı şişə bilər. Amma böyrək funksiyaları ilə bunların heç bir əlaqəsi yoxdur. Böyrək çatışmazlığı olan insanlarda ilk növbədə göz altının şişməsi fikri yanlışdır. Böyrək funksiyaları tamamən pozulduqda ödem dediyimiz vəziyyət əmələ gəlir. Bu zaman da ilk şişən ayaqlar olur və topuq nahiyəsi normal quruluşunu itirir. Ürək çatışmazlığı, varikoz genişlənmə, damar sisteminin yaxşı işləməməsi, insanın uzun müddət ayaq üstə və ya oturaq vəziyyətdə olması ayaqlarda şişkinliyin ən çox yaranma səbəblərindəndir. Ayaq şişməsi problemini böyrək xəstələrində də görə bilərik. Bu hal daha çox böyrəyində fokal sklerozan qlomerulonefrit olan xəstələrdə baş verir. Bu zaman pasientin böyrəkləri uzun müddət pozulmuş olur.
- Hansı hallarda böyrəklər funksiyasını itirir və xəstə dializə bağlı olur?
- Anadangəlmə böyrək çatışmazlığı olan, böyrəkləri atrofik olan, hər iki böyrəyində daş olan və uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən insanların böyrək funksiyaları pozulmuş olur. Kreatini heç bir şəkildə yüksək rəqəmlərdən aşağı enmir. Bazal rəqəmlər 10-dan yuxarı olur, hansı ki, bu, 1-1,5 arasında olmalıdır. Yəni, qanda kreatinin miqdarı normal dəyərin dəfələrlə üzərində olduqda hemodializə ehtiyac yaranır. Hemodializ üçün göstərişlər içərisində ensefalopatiya (beyin funksiyalarında pozulmalar), qanda kaliumun yüksəlməsi, qaraciyər fəaliyyətinin pozulması və çıxarılan sidiyin normanın çox-çox altında olması yer alır. Buna qərar verən həkimlər nefroloq və uroloqlardır. Sırf hemodializi həyata keçirən həkimlər nefroloqlardır. Bəs bizim xəstələrin nə qədəri dializə bağlanır? Əslində, bizim ixtisas cərrahi bir ixtisasdır. Bizə müraciət edən xəstələr cərrahiyyə ilə sağala bilən xəstələrdir. Məsələn, mənim bir xəstəmin hər iki tərəfində böyrək daşı var idi. Bir tərəfindəki daş 6 sm, digər tərəfindəki daş isə 3 sm idi. Xəstəni başqa bir xəstəxanada dializə bağlamışdılar. Kreatinin dəyəri 5-ə qədər yüksəlmişdi. Bu dializ üçün göstəriş deyildi. Ona görə böyrəyin funksiyalarını xüsusi metodlarla müayinə etdik və gördük ki, böyrəklər öz funksiyasını yerinə yetirir, sadəcə olaraq, daşlardan azad etmək lazımdır. Ona görə hər iki böyrəyi ayrı-ayrı seanslarla əməliyyat etdik, indi xəstəmizin kreatini bazal bir rəqəmə düşüb və artıq böyrək öz normal fəaliyyətini yerinə yetirir. Yuxarıda qeyd etdiyim rəqəmlərlə xəstədə sidiyə çıxış olduqda dializ məsləhət görülmür. Amma dializə ehtiyac olan xəstələri də vaxtında nefroloqlara yönəldiririk.
- Son olaraq oxucularımıza tövsiyələriniz...
- Oxucularımıza tövsiyəm budur ki, qeyri-professional saytlardan hər hansı məlumatları oxuyub özlərində o problemləri axtarmasınlar. Bəzi professional saytlar var ki, biz onlardan faydalanırıq. Əslində, sadə insanlar o saytlara girsələr, oradakı elmi məqalələrdən heç nə başa düşməyəcəklər. Ona görə də, məncə qeyri-professional saytlara baxmaqdansa, həkimə müraciət etsələr, daha yaxşı olar. Yəni, birinə diaqnoz qoyulanda, məsələn, "Səndə böyrək daşı var" deyiləndə, gedib onun müalicəsini qeyri-professonal saytlardan oxuyub özlərini müalicə etməyə çalışmasınlar. Çünkı bu kimi hallar qorxunc nəticələrə gətirib çıxara bilər. Buna görə də, ən doğrusu bir mütəxəssislə məsləhətləşməkdir.
Nəzmiyyə Sadıqova