Sosial şəbəkə istifadəçiləri feysbukda fəaliyyət göstərən "Grammar Azi" səhifəsini yaxından tanıyırlar. Azərbaycan dilinin orfoqrafik qaydalarının qorunmasına sosial şəbəkələr vasitəsilə "nəzarət" edən bu səhifə həm izləyicilərin marağına, həm də dilimizin qaydalarının düzgün öyrənilməsinə xidmət edir. Belə ki, səhifə feysbukda fəaliyyət göstərən digər səhifələrin və tanınmış şəxslərin yazı xətalarını və onların düzgün formasını təqdim etməklə böyük bir izləyici kütləsi qazanıb. Jurnalımızın növbəti qonağı sözügedən səhifənin təsisçisi və idarəçisi Murad Hüseynovdur.
- Xoş gəlmisiniz, Murad bəy.
- Xoş gördük.
- İxtisasınız nədir və hazırda nə işlə məşğulsunuz?
- İqtisadçıyam, təhsilimi magistr səviyyəsində Azərbaycan Dövlət İqtisad Universitetində bitirmişəm. Hazırda məşğul olduğum bir nömrəli sahə bu ixtisasla müəyyən dərəcədə bağlıdır.
- Necə oldu ki, "Grammar Azi" səhifəsini təsis etməyə qərar verdiniz?
- Əslində, belə bir ideya məndə çoxdan var idi. Səhifə 2016-cı ildə yaradılıb. Səhifəni daha məşhur, aktual etmək kimi bir ideyam o vaxtlar yox idi. Mənim fikrimcə, Azərbaycan dilinə aid bir səhifə yaradıb, orada sözlərin düzgün yazılış formasını, yazı qaydalarını paylaşmaqla səhifəni məşhur etmək o qədər də asan deyil. 2016-cı ildə bir feysbuk dostum sözlərin yazılış qaydası ilə bağlı status paylaşmışdı. Rəy bölməsində yoldaşlar çoxlarının bu qaydalardan xəbərsiz olduğunu və səhv yazdıqlarını qeyd edirdilər. Mən orada söhbətə qoşuldum və həmin dosta müraciət etdim ki, nə vaxtsa bu mövzulu səhifə açsan, məni də admin kimi dəvət et, yaralı yerimdir. Söhbətimizə digər bir yoldaş da qoşuldu. Dedi ki, o özü dəfələrlə müxtəlif səhifələrə messencer vasitəsilə yazı səhvləri barədə müraciət edib. Bildirdi ki, heç bir faydası olmayıb, heç kim səhvi düzəltməyib. O, hətta dedi ki, onun bu məqsədlə qurulmuş və təxminən 5 min izləyicisi olan bir səhifəsi var idi, amma məşhur etmək mümkün olmayıb. Mən başa düşdüm ki, şəxsi mesaj bölümünə yazdıqda səhvlər düzəldilmir. Amma ideyaya inanırdım. Bilirdim ki, əgər bu ideyanın ictimailəşməsi məndə alınsa, kifayət qədər uğurlu bir hərəkata çevrilə bilər. Hansı ki, artıq çevrilib. Elə həmin il, orfoqrafik xətalarla bağlı "Grammar Azi" səhifəsini təsis etdim. Məqsəd bu idi, necə etmək olar ki, səhvlər düzəldilsin və necə etmək olar ki, Azərbaycan dili ilə bağlı səhifəni məşhurlaşdırmaq daha asan olsun. İlk günlər asan deyildi, çünki səhifədə ancaq yazı səhvləri paylaşılırdı. Özüm də səhifədə aktiv deyildim, səhifənin fəallığı da böyük deyildi. Həftədə bir post paylaşılardı və ya paylaşılmazdı. Müəyyən bir müddət keçdikdən sonra başa düşdüm ki, səhifədəki paylaşımların rəngarəngliyini artırmaq lazımdır. Bununla da səhifə fəallaşmağa və populyarlaşmağa başladı.
- Səhifəni tək idarə edirsiniz, ya komanda var?
- Artıq komanda var. Feysbukdakı səhifəni tək idarə edirəm, amma artıq instaqram səhifəmiz də var və həmin səhifəni iki nəfər idarə edir. Həmin şəxslər səhifə vasitəsilə məni tapıblar, şəxsi tanışlarım deyillər. Onların instaqram səhifəsindəki fəaliyyətləri çox faydalıdır. İnstaqramdakı səhifədə feysbukdakı səhifədən fərqli olaraq artıq orfoepiya qaydalarının pozulması halları ilə bağlı postlar da paylaşılmağa başlanıb. Bu, artıq o səhifənin də özünəməxsusluğu deməkdir.
- Millət vəkillərinin, nazirlərin, dövlət qurumlarının rəsmi səhifələrində yol verilmiş orfoqrafik xətaları həmin şəxsləri və qurumları işarələyərək qeyd edirsiniz. Həmin şəxslərdən və qurumlardan necə reaksiyalar alırsınız?
- İndiyədək bir dəfə də olsun mənfi reaksiya almamışam, tam səmimiyyətimlə deyirəm. Həmin qurum və ya tanınmış şəxs səhvi bildirdiyimizə görə rəy bölməsində təşəkkür edən zaman bu, izləyicilər tərəfindən çox müsbət qarşılanır. Səhifələrdəki yazı səhvlərinin paylaşılması, ancaq "Grammar Azi"nin izləyiciləri üçün öyrədici məqsəd daşıyır. Hər bir mövzuya aid səhifədə yazı paylaşmaq həm vaxt, həm də aktuallıq cəhətdən o qədər də faydalı deyil. Amma yazıda buraxılan səhvləri və onların düzgün formasını izləyicilərə göstərmək daha faydalıdır. Səhifələri işarələyərkən mən həmin şəxslərin səhvdən xəbərdar olmasını istəyirəm.
- Sizi ən çox təəccübləndirən kimin və ya hansı qurumun orfoqrafik səhvə yol verməsi idi və bu səhv nədən ibarət idi?
- Fəaliyyəti Azərbaycan dili ilə bağlı olan belə bir insan olub. Onun bir yazısında buraxdığı səhvlər məni o dərəcədə təəccübləndirmişdi ki, fikirləşdim, yəqin mən səhv bilirəm, düzgün olan belə imiş. Kifayət qədər sadə səhv idi, amma insanın öz imicinə baxdıqda gözləmirsən ki, bu insan belə sadə bir səhv buraxa bilər. Onun səhv buraxdığından o qədər əmin deyildim ki, hətta dostluğumdakı müəyyən dilçilərə də müraciət etdim. Fikirləşdim, bəlkə qaydalar dəyişib, xəbərim yoxdur. Gördüm ki, xeyr, səhv yazıb. Yəni, o dərəcədə təəccüblənmişdim.
- Necə olub ki, Azərbaycan dilinin orfoqrafik qaydaları ilə bağlı belə ixtisaslaşmısınız?
- Bu gün Azərbaycan dili üzrə nəsə bilirəmsə, bunu Nəsimi rayonu, Akif Abdullayev adına 211 saylı orta məktəbin Azərbaycan dili müəllimi Kəmalə müəlliməyə borcluyam. Bu, mənim təşəbbüsüm, həmin müəllimin əməyinin nəticəsidir. O insan işinə məsuliyyətlə yanaşırdı və əməksevər insan idi. Özünəməxsus metodları var idi. Xəbərdarlıq etmədən sərbəst iş yazdırırdı. Qayda dəftəri yazdırırdı. Qaydaları bizə əzbərlətdirirdi. 100 vərəqli qayda dəftəri V sinifdən XI sinifə kimi dəyişilməz qalırdı. Heç kimə icazə vermirdi ki, qayda dəftərinin ortasından qoşa vərəq çıxarsın. Belə oldu ki, Azərbaycan dili üzrə yazı qaydaları mənim yaddaşımda daha yaxşı qaldı. Desəm ki, mənim orta məktəbdə ən sevdiyim fənn Azərbaycan dili fənni idi, yalançı olaram. Orta məktəbdə bədən tərbiyəsi dərsini sevirdim.
- Azərbaycan dilinin orfoqrafik qaydaları yenilənən zaman aidiyyatı qurumlardan sizin də fikirlərinizi soruşurlar?
- Xeyr. Soruşulmağını da istəməzdim. Özümü elə bir həddə görmürəm. Çünki həmin qurumun fəaliyyətinə hörmətim var. Şəxslərə yox, cəmiyyətə baxmaq lazımdır. Cəmiyyətdən aralanmaqla iş getmir. Çünki cəmiyyət dildən istifadə edir. Baxmaq lazımdır ki, cəmiyyət dildən necə istifadə edir? Məndən soruşsalar ki, filan söz əslində necə yazılmalıdır, bu, doğru deyil. Qaydalarla bağlı dəyişikliklər edərkən cəmiyyətin dildən istifadəsinə baxmaq lazımdır. Cəmiyyətin buna münasibətini öyrənmək lazımdır. Mən adi bir səhifə adminiyəm və cəmiyyətin buna münasibətini bilirəm. Çünki mən hər zaman onlarla təmasdayam.
- Efirlərdə və həmçinin, tanınmış simalar, məşhurlar və dövlət adamlarından bəziləri orfoepiya qaydalarını da kobud şəkildə pozurlar, belə hallarla bağlı da səhifənizdə qeydlər aparmağı düşünürsünüzmü?
- Əlbəttə. Yeri gəlmişkən, bu yaxınlarda elə bir paylaşım olub. İlk dəfə "Grammar Azi"nin instaqram səhifəsində orfoepiya qaydalarının pozulması ilə bağlı video paylaşılıb. Davamlı etməyi planlaşdırırıq. Bu, yazı səhvləri ilə müqayisədə daha çox vaxt aparan işdir. Birincisi bunun üçün televizora baxmaq lazımdır. Videonun keyfiyyətli olması üçün də müəyyən platformalara müraciət etmək lazımdır. Videonu kəsmək, redaktə etmək, düzgün variantı qeyd etmək daha çox vaxt aparır, nəinki hansısa səhifənin ekran görüntüsünü paylaşaraq altından xətt çəkmək.
- "Plaza dili" haqqında eşitmisinizmi, bu barədə nə deyə bilərsiniz?
- İngilis dilində olan sözlərin, yeni terminlərin qarşılığının olmaması və ya çətin tapılması başqa məsələdir, xarici dildə olan sözlərin yerli-yersiz cümlələrin ortasında işlədilməsi başqa məsələ. Bizdə terminlər lüğəti var, nəyə görə onlar əlçatan deyil? Nəyə görə mən ürəyim istəyəndə internetdə mühəndislik terminologiyasına aid lüğət tapa bilməməliyəm? Bizdə varmı, bilmirəm. Hansısa termin lüğəti varmı? 2021-ci ildə bir lüğət üçün mən kitabxanaya getmək istəmirəm. Elektron və yenilənəbilən variantları olmalıdır. Belə olan zaman daim iş gedəcək. Yeni çıxan terminlərin qarşılığı həmin elektron lüğətlərə əlavə olunacaq və onu tapmaq bizim üçün daha asan olacaq.
- Sosial şəbəkələrdə elə bir şəxs, qurum və ya səhifə varmı ki, kifayət qədər tanınmışdır, amma siz onların postlarında hər hansı orfoqrafik xəta ilə qarşılaşmamısınız?
- Elə bir səhifəyə rast gəlməmişəm. Amma bu, pis bir şey deyil. Səhv etmək insana xasdır və sizin qarşınızda elə bir insan oturub ki, o, "cümlənin sonunda durğu işarəsi qoyulmalıdır" cümləsinin sonunda durğu işarəsi qoymayıb.
- Elə hal olubmu ki, kiminsə dilin orfoqrafik qaydaları ilə bağlı yanlışlığa yol verdiyini düşünmüsünüz, amma sonradan görmüsünüz ki, həmin orfoqrafik qaydanı siz səhv bilirmişsiniz?
- Səhifənin ilk yarandığı günlərdə belə bir hal olmuşdu. Səhifələrdən birində "sadəcə" sözü "ancaq" sözünün sinonimi kimi istifadə olunmuşdu. Mən daha əvvəl belə halla ancaq türk dilində rastlaşmışdım. Ona görə bunun səhv olduğunu qeyd etmişdim. Mənə cavab vermişdilər ki, xeyr, artıq "sadəcə" sözü bizdə də "ancaq" ədatının sinonimi kimi istifadə olunur. Onu mən bilmirdim.
- Çox sağ olun, Murad bəy, gəldiyiniz üçün.
- Siz sağ olun, dəvət etdiyiniz üçün...
Şahmərdan Əhmədli