Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edildi. Bu günlərdə isə universitet artıq 101 illik yubileyi ərəfəsindədir. Bu illər ərzində BDU-ya 25 rektor rəhbərlik edib. Onlardan 5-i 1937-ci il repressiyalarına məruz qalıb. Həmin represiyya qurbanlarından biri də universitetin tarixində mühüm rolu olan ilk azərbaycanlı rektor Tağı Şahbazi Simurqdur. 1892-ci ildə anadan olan T. Şahbazi Bakıda birinci rus-tatar məktəbində, sonra isə Xarkov Universitetinin fizika və riyaziyyat fakültəsinin tibb şöbəsində təhsil alıb. 1922-1923-cü illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, 1923-1926-cı illərdə Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin rektoru, 1930-1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışıb. 3 il ərzində BDU-ya rektorluq edən T. Şahbazi Azərbaycan dilini qoruyaraq, dərslərin sayını artırıb və bu illər ərzində Vətən tarixi dərsi tədris olunmağa başlayıb. Lakin 1937-ci ildə Tağı Şahbaziyə "xalq düşməni" damğası vurulub və o, Stalin repressiyasının qurbanı olub. T. Şahbazi vəfat edərkən qızı Dilarənin 9 yaşı var idi. İndi isə Dilarənin 92 yaşı var və o, Ukraynada yaşayır. Tarix elimləri namizədi, dosent, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev Ukraynaya gedərək, Tağı Şahbazinin qızı Dilarə xanımla görüşüb və atası ilə bağlı xatirələrini dinləyib. Azad Rzayev Dilarə xanımın atası ilə bağlı xatirələrini bizimlə də bölüşdü. O bildirdi ki, Dilarə xanımın sağ olmasını T. Şahbazinin barelyefinin açılışına gələn qohumlarından öyrənib: "Tağı Şahbazi Bakı Dövət Universitetinin ilk azərbaycanlı rektoru olub. O, 1926-cı ildə rektor təyin edilib. Məhz, Tağı Şahbazinin dövründə BDU-da dərslər Azərbaycan dilində keçirilməyə başlayıb. O, çalışırdı ki, aspiranturanı bitirən Azərbaycandilli tələbələri universitetdə saxlasın. Eyni zamanda xaricdə yaşayan azərbaycanlıları universitetə gətirməyə çalışırdı ki, onlar Azərbaycan dilində dərs keçsinlər. Bununla da T. Şahbazi BDU-nun tarixində özünün ayrıca bir səhifəsini açdı. 2017-ci ildə biz T. Şahbazinin vaxtilə yaşadığı binanın qarşısındakı lövhənin açılışını etdik. Yəni, həmin lövhə köhnə olduğu üçün rektorun göstərişi ilə yeniləndi. Açılışa hazırlaşarkən onun qardaşı nəvələrini tapdıq. Onları da barelyefin açılışına dəvət etdik və orada məlum oldu ki, T. Şahbazinin qızı Dilarə xanım sağdır. Mən tarixçi kimi özümə borc bildim və Tağı Şahbazinin qızına zəng etdim. Onun 92 yaşı var və Ukraynada yaşayır. Mən zəng edəndə çox sevindi ki, BDU-nun müəllimləri atasını yaddan çıxarmırlar. Onunla görüşmək istədiyimi bildirdim və atası ilə bağlı sənədlərin və ya fotoların olub-olmadığını soruşdum. Bildirdi ki, məndə hər şey var, siz bura gəlin, lazımi köməkliyi edəcəyəm. Bununla bağlı universitetdə məsələ qaldırdım və 2018-ci ilin fevral ayında Ukraynanın Zaporijya şəhərinə ezam olundum. Dilarə xanım mənə bir çox sənədlər, şəkillər göstərdi və Tağı Şahbazinin həyat hekayəsi ilə tanış oldum. Onun çox gərgin və ağrılı həyatı olub.
Tağı Şahbazi Simurq ali təhsilini Xarkov Dövlət Universitetinin tibb şöbəsində alıb. Elə universitetdə oxuyarkən həyat yoldaşı Mariya Kirilovna Paşina ilə tanış olub. O, Poltavadan idi və buna görə də, Şahbazi M. K. Paşinanın atasından evlilik üçün razılıq almağa Poltavaya gedir. Atasının razılığını alandan sonra isə onlar ailə həyatı qururlar və ali məktəbi bitirəndən sonra Bakıya gəlirlər. Onların Dilarə adlı qız övladları dünyaya gəlir. Evləri isə Elimlər Akademiyası ilə üzbəüz İstiqlaliyyət küçəsində yerləşirdi. T. Şahbazi eyni zamanda "Simurq" ləqəbi ilə tanınırdı. Onun bir çox əsərləri var idi. Ən məşhur novellası isə "Qayçı" adlı novella idi. Hətta, həmin novella məktəb proqramına da salınmışdı. Bundan başqa, Dilarə xanım atasının bir neçə şəklini də mənə verdi və 1937-ci ildə atası həbs ediləndə onların evindən bir neçə maşın kitab çıxdığını dedi.
Həmsöhbətimiz Ukraynadan Şahbazinin ölüm haqqında şəhadətnaməsini gətirdiyini də bildirdi. O, qeyd etdi ki, hər kəs T. Şahbazinin repressiyada güllələndiyini bilsə də, onun ölüm tarixi 1942-ci il olaraq qeyd edilmişdi. Ancaq bu sənədlə onun ölüm tarixi də dəqiqləşdirildi: "Şahbazi 1937-ci ildə həbs olunur, 1938-ci ildə isə güllələnir. Ancaq burada göstərilir ki, o, 1942-ci ildə vəfat edib. Həmin dövrdə vəfat edənlərin şəhadətnaməsində müharibə illərini yazırdılar ki, guya onlar müharibə zamanı ölüblər. Bu sənəddə isə T. Şahbazinin nə vaxt edam olunması dəqiq olaraq göstərilib. O, həbs olunandan sonra həyat yoldaşı Mariya Kirilovna Paşina da həbs edilir və 6 illik Sibirə göndərilir. Sibirdən qayıdandan sonra isə 1956-cı ildə T. Şahbaziyə bəraət verilən arayışı alır.
Bu arayışa görə T. Şahbaziyə 1938-ci ilin yanvarın 2-də hökm oxunur və 15 dəqiqəlik məhkəmədən sonra hökm yerinə yetirilir. Bu sənəddən başqa evdə T. Şahbazinin bir şəkil də diqqətimi çəkmişdi. Dilarə xanıma dedim ki, bu şəkli də istəyirəm. Cavab verdi ki, bunu vermərəm, o nadir şəkildir, orijinaldır. Bildirdim ki, orijinalı sizdə qalsın, amma surətini götürüm. Həmin şəkili də özümlə gətirdim və universitetə təqdim etdim.
Onu da qeyd edim ki, Dilarə xanım 1947-1952-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. Lakin atası həmin illərdə hələ bəraət almamışdı. Ona sual verdim ki, bu dövrdə atanız hələ bəraət almamışdı və siz "xalq düşməni"nin qızı kimi tanınırdınız. Həmin dövrdə universitetdə sizə münasibət necə idi? O dedi ki, sentyabrın 1-də dərs başlayanda auditoriyaya girən bütün müəllimlər jurnalda mənim adıma çatanda sual verirdilər ki, Tağı Şahbazi sizin nəyinizdir? Deyirdim ki, atam. Bundan sonra hər kəsin münasibəti mənə qarşı yaxşıya doğru dəyişirdi. Çalışırdılar ki, mənə kömək etsinlər. Məni sevindirən məqamlardan biri də söhbətimizin ikinci günündə Şahbazinin qızı Dilarə ilə yanaşı nəvəsi və nəticəsinin də iştirak etməsi oldu. Hətta, Ukraynaya səfərimin məqsədini oradakı rəsmilər də bilirdilər. Ona görə də, Dilarə xanımla görüşməyimdə mənə çox köməklik göstərdilər. Ukrayna telekanallarından biri isə bizim söhbətimiz zamanı gəlib çəkiliş də etdi. Onlara çox xoş idi ki, Azərbaycan öz tarixini unutmur və hər zaman maraqlanır".
Azad Rzayev T. Şahbazinin həyatından həm bədii, həm də sənədli filmin çəkiləcəyini də bildirdi: "Dilarə xanımı BDU-nun 100 illiyi münasibətilə Azərbaycana dəvət etdik. Lakin o səhhəti ilə əlaqədar təyyarəyə minə bilmədiyini və buna görə də, yubileyə gələ bilməyəcəyini bildirdi.
Cavanlığında isə o, Bakıya tez-tez gəlirdi. Atası ilə bağlı tədbirlər olanda, çalışırdı ki, hamısında iştirak etsin. Mən qayıdandan sonra Şahbazinin həyatı haqqında hekayə yazdım və Tarix fakültəsinin 100 illiyi ilə əlaqədar tələbələr həmin hekayəni səhnələşdirdilər. Bundan başqa, T. Şahbaziyə həsr edilmiş sənədli film çəkmək istədiklərini bildirdilər və mən də filmin ssenarisini yazdım. Eyni zamanda T. Şahbazi haqqında bədii filmin ssenarisi də hazırlanır. Onun çox maraqlı həyat hekayəsi var və buna görə də, həm bədii, həm də sənədli film maraqlı alınacaq.
Bilirsiniz ki, 1919-cu il noyabr ayının 15-də BDU-da ilk dərs günü olub. Buna görə də, 2019-cu ildə həmin tarixdə Hüquq fakültəsinin I kurs auditoriyasında Dilarə xanıma zəng etdim. O, çox şad olduğunu bildirdi və tələbələrin qarşısında ürək sözlərini dedi. Elə auditoriyadakılar da bu hadisəni çox sevinclə qarşıladılar. Onların hər birinin gözlərinin içi parlayırdı. O anları sadəcə görmək lazım idi"...

İlahə Hüseynova