Hər xalqın dili onun simasını səciyyələndirən mühüm amillərdən biri, milli sərvətidir. Xalqın dili onun həyata baxışını, əxlaqını, adət-ənənəsini, düşüncə tərzini ehtiva edir. Xalqlar kimi dillərin də qəribə taleyi olur. Xalq var ki, dili yoxdur; dil var ki, xalqı yoxdur. Bu gün Sibirdə çox sayda xalqlar və etnik qruplar var ki, ana dilini unudublar, yaxud da unutmaq üzrədirlər və rus dilində danışırlar. Bir zamanlar Avropanın böyük bir hissəsinə hakim olmuş latın dili indi ancaq tibbi reseptlərdə qalıb.
İnsan hansı dildə düşünürsə, onun ana dili odur. Adam var ki, 10-15 dil bilir, amma düşünəndə doğma dildə düşünür. Heç diqqət etmisinizmi, nə qədər dil bilirsən-bil, amma hər kəs yuxuda ancaq öz ana dilində sayıqlayır, yaxud da hər kəs ən çətin anında ancaq öz ana dilində kömək istəyir, çünki şüuraltındakı dil ana dilidir.
Dil milli varlığın təsdiqidir. Yaxın keçmişə nəzər salaq. 30 il bundan əvvəl Azərbaycanın rəsmi bayrağı tamam başqa idi, o zaman biz hələ sovet imperiyasının tərkibində sözdə müstəqil respublika idik. İşlətdiyimiz pul da başqa idi, dövlət gerbimiz də, əlifbamız da, pasportumuz da. Müstəqillik qazanandan sonra hamısını dəyişdik, təkcə dilimizdən başqa, çünki dil minillik yaddaşımız, keçmişə uzanan yolumuz, gələcəklə rabitəmizdir. Dil təkcə xəbər çatdırma vasitəsi deyil, yaşadığın hisslərin, duyğuların, sevincin, kədərin ifadəsidir. Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin ilk misralarına diqqət yetirək:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən...
Bu üç misradakı hərarəti, səmimiyyəti duymamaq, görməmək mümkün deyil. Qollarını geniş açıb qarşıdakı dağları, meşələri, yolları bağrına basmaq istəyən insan canlanır gözlər önündə.
Başqa bir misal:
Bir səhər yuxudan durub,
Özünü uşaq görəsən.
Görəsən hamı evdədir,
Ölənləri sağ görəsən. (Ramiz Rövşən)
Mənsubu olduğumuz bu dildə bütün duyğuları, hissləri, ağrı-acıları, ümid və düşüncələri ən parlaq şəkildə təsvir etmək mümkündür. İkinci misaldakı xəyalı, arzunu, kədəri, ən başlıcası isə kövrəkliyi hər kəs ilk baxışdaca görür və içində belə duyğuların dəfələrlə yaşandığını xatırlayır. O məsum, qayğısız uşaqlıq illəri və o illərdə sənin hər nazını çəkən valideynlər, baba-nənə... İndi onlar yoxdurlar, sən də o sən deyilsən və ömrün bir döngəsində kövrəlib oturursan, əlini gicgahına qoyub o illəri xatırlayır, heç olmasa bir dəfə də olsun onların doğma çöhrələrini görmək istəyirsən. Bəzən söz hansısa real portreti deyil, duyğunu, hissi ifadə edir:
Gedirəm, ay ellər, sözüm-söhbətim,
Neçə şirin-şirin dillərə qaldı.
yaxud da:
Mən ki, aparmıram şehli bənövşə,
Çöllərdə bitmişdi, çöllərə qaldı. (Məstan Günər)
Əslində, bu misralarda adamın gözünə nə el-oba görünür, nə dağ-dərə, nə də gül-çiçək. Burada tək bir həqiqət var: İnsan ömrünün yel kimi əsib keçməsi, dünənki gül üzün bu gün bir ovuc torpaq olması...
Bu dildə danışarkən fikrini ifadə etməkdə çətinlik çəkmək (və ya başqa sözlə, "axsamaq") ən yumşaq ifadə ilə desək, dili bilməməkdir. Bizim dilimizin imkanları o qədər genişdir ki, az sözlə unudulmayacaq, parlaq lövhələr yaratmaq mümkündür. Bu mənada təbii ki, şairlərin boynuna böyük yük düşür, çünki onlar dilin həm hakimi, həm də xidmətçiləridir. Heç şübhəsiz ki, dilin inkişafında ədəbiyyatın rolu əvəzolunmazdır. Əbəs deyil ki, bu gün alimlər rus dilinin təməlində böyük şair Puşkini və onun əsərlərini görürlər. Bizim dilimizin formalaşmasında Həsənoğludan üzü bəri bütün söz ustalarımızın, Xətainin, Füzulinin, Vaqifin, saz-söz sənətinin görkəmli nümayəndələri Aşıq Abbas Tufarqanlının, Aşıq Alının, Sarı Aşığın, Aşıq Ələsgərin, Mirzə Ələkbər Sabirin, son dövr şairlərimizdən Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Ramiz Rövşənin böyük xidmətləri olmuşdur. Milli sərvətimiz olan ana dilimizdə 50 milyondan çox insan danışır, 200 milyona yaxın insan bu dili başa düşür. Bir vaxtlar Səfəvilər dövlətinin rəsmi dili olan dilimiz bu arealda geniş yayılmışdı. Hətta XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçı və səyyahı Aleksandr Düma qeydlərində yazırdı: "Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir".
XIX əsrin əvvəllərindən etibarən çar Rusiyasının Qafqaza ayaq açması ilə xalqımıza da, dilimizə də ögey münasibət görünməyə başladı. Təbii ki, bu ögeylikdə din faktoru, daha doğrusu, rus imperiyasının dini ayrı-seçkilik siyasəti az rol oynamadı. Həmin illərdə, lap elə sovet dövründə belə özünü "intiligent" sayanlar rus dilində danışır, ana dilinə xor baxırdılar. Milli ruhlu ziyalılarımız həmişə belələrini tənqid edirdilər.
Millətin dilinin dövlət dili statusuna yüksəlməsi hər xalqa nəsib olmayan mühüm tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bir vaxt Məhəmməd Hadi yazırdı:
İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində.
1991-ci ildə SSRİ-nin dağılması ilə biz müstəqil dövlətimizi qurduq, dilimiz də rəsmi dövlət dili oldu. Üçrəngli bayrağımız dünyanın ən ali məclislərində dalğalanmağa, dilimiz ən yüksək kürsülərdən eşidilməyə başladı. Sovet imperiyası hələ ilk illərində müttəfiq respublikalarda əlifba siyasəti apararaq, kiril əlifbasını zorla tətbiq etməyə başlamışdı. Biz də bir çox digər respublikalar kimi sovet hakimiyyəti illərində kiril əlifbasında yazıb-oxumalı olduq, amma mütəxəssislər təsdiq edərlər ki, kiril əlifbası Azərbaycan dilinin fonetik sisteminə o qədər də uyğun deyildi. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirildi. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilmişdi. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu və bu məqsədinə qovuşdu da.
Müstəqillik qazandıqdan sonra 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzalamış (552 nömrəli Fərman) və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilmişdir.
Bu gün Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Quba və ətraf rayonlarda təxminən 40 dildə danışan xalq və etnik qruplar yaşayır. Hər kəs öz ana dilində layla eşidir, ağılarla yola salınır. Ana dilində danışmaq, təhsil almaq, media fəaliyyəti yürütmək hər kəsin təbii haqqıdır, amma hər kəs bu həqiqəti də qəbul edir ki, dövlətin rəsmi dili hər bir vətəndaş üçün eynidir və bütün rəsmi sənədləşmələr məhz bu dildə aparılmalıdır.
Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Bəxtiyar Vahabzadə məşhur "Ana dili" şeirində:
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır, - deyir.
Şair demişkən, ana dili bizi bir-birimizə bağlayan ən mühüm amillərdən biridir. Bu yazılanlar bizim üçün yazılıb, Füzulinin o möhtəşəm əsərləri bizim üçündür, Üzeyir bəyin, Sabirin sənəti, Vahidin qəzəlləri, bu bayatılar, atalar sözləri, dodaqdəyməzlər, gəraylılar, dastanlar bizim üçündür, bizim ortaq sərvətimizdir... Bayrağımız, dövlətimiz, pulumuz, dinimiz kimi, dilimiz də ortaq dəyərimizdir, onu qorumaq, inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur.


Əli Çərkəzoğlu