1992-ci ildə futbol tarixində çox az təsadüf edilən bir hal baş verir. Futbol üzrə Avropa Çempionatında iştirak etmək hüququ qazanan Yuqoslaviya turnirdə iştirak edə bilmir. Səbəb isə ölkədəki siyasi vəziyyət idi. Sosializmin süqutu bu Şərqi Avropa ölkəsindən də yan keçmir. Ölkədəki qarışıqlığa görə Yuqoslaviyanın əvəzinə İsveçə Danimarka yollanmalı olur.
Bu hal turnirə vəsiqə qazana bilməyən danimarkalılar üçün gözlənilməz idi (Danımarka Avropa Çempionatının seçmə mərhələsində qrupda ikinci olmuşdu). Buna görə də, milli komandanın futbolçuları oyunlara hazır deyildilər. Üstəlik, bu vəziyyətdə kollektiv formalaşdırmaq da çətin idi. Ona görə də, yığmanın bir sıra əsas heyət futbolçuları dəvəti qəbul etmək istəmirdilər. Amma sonda milli qürur üçün toplaşan futbolçular ölkələrini təmsil etməyə qərar verdilər.
Həmin il Danimarkanın ən yaxşı futbolçularından olan Kim Vilfortu razı salmaq isə mümkünsüz görünürdü. Xərçəng xəstəliyindən əziyyət çəkən 7 yaşlı qızı Lini tək buraxıb getmək istəməyən yarımmüdafiəçi qızı, həyat yoldaşı və komanda yoldaşlarının təkidi ilə razılaşır. Amma bir şərtlə, istədiyi vaxt millinin düşərgəsini tərk edə və qızının yanına gedə biləcək. Ancaq bu hadisələr mediadan gizli saxlanılır.
Danimarka milli komandası qrup mərhələsində İsveçə məğlub olur, İngiltərə ilə isə bərabərə qalır. Qrupun son matçında Fransa ilə qarşılaşacaq danimarkalılar növbəti mərhələyə yüksəlmək üçün mütləq qələbə qazanmalı idilər. Ancaq matçdan əvvəl qızının səhhətinin ağırlaşdığını eşidən Kim təcili millinin düşərgəsini tərk edir və qızının yanına gedir. Bu xəbər mediada yayıldıqdan sonra jurnalistlər və futbol azarkeşləri futbolçunu tənqid atəşinə tuturlar. Danimarka yığma komandasının futbolçuları Kim və qızı üçün meydana çıxaraq qələbə qazanacaqlarına söz verirlər. Danimarkalılar çətin rəqib hesab edilən Fransanı 2:1 hesabı ilə məğlub edirlər. Bu qələbədən sonra Danimarka millisi qrupdan çıxır. Xərçəng xəstəliyindən əziyyət çəkən Lin xəstəxanada matçları izləyirdi. O, atasından çempionata qayıtmasını və onun üçün çempion olmasını xahiş edir. Kim Vilfort 7 yaşlı qızının xahişi ilə çempionatın keçirildiyi İsveçə yollanır. Danimarka yarımfinalda turnirin favoritlərindən olan Hollandiya ilə qarşılaşır. Matçda hesab 2:2 heç-heçə olduğundan, oyun penaltilər seriyasınadək uzanır. Penalti vuruşlarında hesab bərabər olanda meydana çıxan Kim Vilfort topu qapıdan keçirərək komandasını finala daşıyır.
Vaxt keçdikcə 7 yaşlı Linin səhhəti daha da pisləşir. Buna baxmayaraq, qızı və xalqı Kimdən çempionluq istəyirlər. Finalda Danimarka güclü Almaniya ilə üz-üzə gəlir. Bu oyunda Kim və komanda yoldaşları rəqibi 2:0 hesabı ilə məğlub edirlər. Qollardan birini isə Kim Vilfort vurur. Beləliklə, 1992-ci ilin Avropa Çempionu Danimarka olur.
Çempionatdan 6 ay sonra Kim Vilfortun 7 yaşlı qızı Lin xərçəng xəstəliyinin qurbanı olur. Ata qızını sevindirmək üçün ölkəsini çempion edir. Bu hadisə yalnız futbol tarixinə deyil, insanlıq tarixinə də yazılır.


Qasım Xuluflu