İnternetlə bağlı məlumatların təhlilini və statistikasını həyata keçirən məşhur "internetworldstats.com" portalının ("İnternet World Stats" - İWS) açıqladığı sonuncu hesabatda göstərilir ki, Azərbaycan əhalisinin 78 %-i və ya təxminən 8 milyona yaxın insan internetdən istifadə edir. İnternetdən istifadə edənlərin də yarıdan çoxu sosial media istifadəçiləridir. İWS-nin bu ilin aprel ayı üçün açıqladığı məlumatda Azərbaycanda "Facebook", "İnstagram", "Twitter", "Linkedin", "YouTube" və digər sosial mediadan istifadə edənlərin sayının 4,4 milyon nəfərə çatdığı bildirilir. Bu isə Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yarıdan çoxu deməkdir. Üstəlik, sosial media istifadəçilərinin sayı hər keçən gün sürətlə artmaqdadır.
Belə bir vəziyyət Sosial Media Marketinqin (SMM) şirkətlər, o cümlədən də müxtəlif peşə sahibləri və fərdi sahibkarlar üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Bildiyimiz kimi SMM məhsul və xidmətlərin sosial media vasitəsilə tanıtımının və satışının təşkil olunmasıdır.
Milyonlarla insanın sosial media istifadəçisi olduğu bir zamanda SMM-nin hansı üstünlüklərə sahib olduğunu qısaca olaraq aşağıdakı kimi sıralmaq olar:
- SMM-in ən böyük üstünlüyü odur ki, burada hədəf kütlə ilə bağlı statistikada təxminlərə deyil, dəqiq rəqəmlərə istinad edilir. Məsələn, hər hansı şirkət istehsal etdiyi məhsulun, ya da təqdim etdiyi xidmətin tanıtımından bəhs edən reklam roliki hazırlayır və bu reklam roliki televiziyada yayımlandığı zaman ona neçə nəfərin baxdığını yalnız təxmin edə bilir. Lakin sosial mediada paylaşılan reklam rolikinə neçə nəfərin baxdığını dəqiq şəkildə öyrənmək mümkündür.
- Sosial mediada paylaşılan reklam xarakterli məlumatlar haqqında insanların hansı fikirdə olduğunu asanlıqla öyrənmək mümkündür. Halbuki televiziya, radio və çap mediası kimi digər ənənəvi media vasitələrində belə bir imkan olmur. Şübhəsiz ki, insanların məhsul və xidmətlər haqqında hansı fikirdə olduğunu bilmək məhsul və xidmətlərin təkmilləşdirilməsi baxımından olduqca vacibdir.
- Sosial media məhsul və xidmətlərin paylaşılması imkanlarını təkcə onun sahibinə tanımır. Bu imkanı həm də digər istifadəçilərə tanıyır. Bunun nə olduğunu sadə şəkildə belə izah edə bilərik: Hər hansı bir şirkət olduqca maraqlı reklam roliki hazırlayıb televiziyada yayımladır. Televiziya izləyiciləri bu roliki yalnız izləməklə kifayətlənirlər. Lakin sosial media istifadəçiləri bu roliki izləməkdən əlavə paylaşmaq imkanına da sahib olurlar. Sosial medianın verdiyi bu imkan sayəsində istifadəçilər həmin məhsul və xidmətləri paylaşaraq daha geniş auditoriyaya çatdırırlar və bu zaman hər hansı əlavə ödəniş tələb olunmur.
- Sosial media digər ənənəvi tanıtım platformalarından daha sürətlidir. Məsələn, şirkət yeni bir məhsul istehsal edir və bunu insanlara tanıtmaq istəyir. Belə bir vəziyyətdə məhsulu sosial media vasitəsilə tanıtmaq üçün bir-neçə dəqiqə kifayət edir. Bunun üçün nə müqavilə bağlamaq, nə də hansısa şərtləri müzakirə etmək lazımdır.
- Sosial medianın əsas üstünlüklərindən biri də reklam büdcəsinin səmərəli idarə olunması ilə bağlıdır. Televiziya və çap mediasında reklam qiymətləri əvvəlcədən razılaşdırılır. Məsələn, şirkət öz məhsulunu televiziyada tanıtmaq üçün bir aylıq müqavilə bağlayır və buna görə ödəniş edir. Lakin ayın ortasında şirkətin planlarında hər hansı bir dəyişiklik olur, yaxud da məhsul insanlar tərəfindən rəğbətlə qarşılanmır. Belə olan zaman reklamı dayandırmaq məcburiyyətində qalan şirkət maddi itki ilə üzləşməli olur. Halbuki sosial şəbəkələrdə belə bir problemin olması qeyri-mümkündür. Şirkət istədiyi zaman istədiyi məbləği ödəyə və istəmədiyi zaman bu ödənişi dayandıra bilir.
- Ənənəvi mediadan fərqli olaraq sosial mediadan hər kəs öz büdcəsinə görə istifadə edir. Televiziya və çap mediasında reklam qiymətləri hər kəs üçün əlçatan olmur. Kiçik şirkətlər, fərdi sahibkarlar, yaxud da hansısa peşə sahibinin ənənəvi mediada reklam yayımlamaq, yerləşdirmək imkanı olmaya bilər. Məsələn, bir həkim, yaxud da avtomobil ustası insanlar üçün aşağı qiymətə və olduqca faydalı xidmət təklif edir. Lakin bu xidməti ənənəvi mediada tanıtmaq üçün onların yetərli büdcələri olmaya bilər. Çünki ənənəvi mediada reklam qiymətləri müştərinin büdcəsinə görə müəyyən olunur. Televiziyada bir saniyəlik reklamın qiyməti əksər hallarda həm böyük şirkətlər, həm də peşə sahibləri üçün eyni olur və bu zaman reklam olunan məhsulun, ya da xidmətin insanlar üçün faydalı olub-olmamasına əhəmiyyət verilmir. Ancaq sosial mediada insanlar üçün faydalı olan hər hansı bir məhsul və ya xidmət yayımlandığı zaman istifadəçilər tərəfindən paylaşılaraq böyük auditoriyaya çatdırılır.
- Hədəf kütlənin doğru seçilməsi məhsul və reklamların tanıtımı üçün olduqca vacibdir. Doğru auditoriyanı seçmək digər ənənvi media vasitələrində də mümkündür. Məsələn, idmanla bağlı məhsulu televiziyada yayımlanan idman verilişlərində reklam etmək mümkündür. Lakin seçim imkanları sosial media ilə müqayisədə daha zəifdir. Əgər şirkət öz məhsulunu müəyyən yaş həddində və müəyyən bölgədə yaşayan insanlara tanıtmaq istəyirsə, bunu televiziyalar vasitəsilə etməsi çox çətindir. Yazının əvvəlində qeyd etdiyimiz kimi, ənənəvi mediada bunu yalnız təxmin etmək olar. Televiziya yalnız tövsiyə və xəbərdarlıq edə bilər ki, bu reklamı hansısa yaş həddində olan insanlar izləsin, ya da izləməsin. Ancaq sosial mediada çox asanlıqla izləyicilərin yaş həddini və yaşadıqları bölgəni seçmək imkanı mövcuddur.

SMM işinin təşkili peşəkarlar tərəfindən qurulmalı və nəzarət edilməlidir
Sosial media ilə bağlı sadaladığımız bu üstünlüklərdən istifadə etmək nə qədər sadə görünsə də, bu sahədə təcrübəsi olmayanların SMM-lə məşğul olması bəzi hallarda xeyirdən çox zərər verir. Unutmamaq lazımdır ki, sosial media hər kəs üçün açıqdır və bu üstünlüklərdən rəqib şirkətlər də faydalanır. Bəzi hallarda isə rəqiblər bu imkanları bir-birinin əleyhinə istifadə edirlər. Bu səbəbdən də günün 24 saatı fəaliyyətdə olan sosial mediada SMM işinin təşkili peşəkarlar tərəfindən qurulmalı və nəzarət edilməlidir. Sosial mediada istifadəçilərə təkcə "bəyənmək" və "paylaşmaq" imkanı tanınmır, həmçinin, "bəyənməmək" və "şikayət etmək" imkanı da tanınır...


Allahverdi Cəfərov