Xaricdə təhsil almaq bir çox insanın arzusudur. "Bu fürsətdən yararlanmaq üçün müraciət edən şəxs nələrə diqqət etməlidir?" Bu sual çox vaxt xaricdə təhsil almaq istəyənlərin qarşısına problemlər çıxarır və onlar bir çox halda ya istəklərindən imtina edir, ya da istəklərinə min bir əziyyətlə çatırlar. Təhsil almaq üçün xaricə getmək istəyən şəxslərin qarşılaşa biləcəyi sualları cavablandırmaq üçün budəfəki həmsöhbətimiz xaricdə təhsil üzrə mütəxəssis Kənan Səlimov oldu. O, bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində bitirib. Magistr təhsilini isə İtaliyanın Bolonya, Finlandiyanın Tampere və Norveçin İnland universitetlərində alıb. Kənan Səlimov hazırda EKVİTA şirkətində "Business Development and Marketing" üzrə menecer vəzifəsində işləyir. O, həmçinin, "Fly Education" xaricdə təhsil şirkətinin təsisçisidir.
- Xaricdə təhsil almaq üçün tələb olunan şərtlər hansılardır?
- Xaricdə təhsil almaq üçün həmin şərtlərdən əvvəl özünü motivasiya haqqında fikirləşməlisən. Yəni, elə tələbə olur ki, yüksək göstəriciləri olur, amma universitetlərdən istədiyi qəbulu ala bilmir. Nəyə görə? Çünki müsahibə mərhələsində universitet tələbənin motivasiyasını, hansı gözləntiləri olduğunu bilmək istəyir. Ona uyğun olaraq tələbəyə ballar verilir. Daha sonra xaricdə oxumaq üçün IELTS sertifikatı və yüksək GPA (ortalama bal) əsas şərtlərdəndir. Tələbə ilk olaraq fikirləşməlidir ki, o, özəl, yoxsa dövlət universitetinə getmək istəyir. Əgər tələbə özəl universitetdə təhsil almaq istəyirsə (məsələn, Vaşinqton Universiteti kimi), o, 5.5 IELTS balı ilə də ora qəbul ola bilər. Lakin tələbə ödənişsiz təhsil almaq istəyirsə, artıq o, öz üzərində daha çox çalışmalıdır. Həm yüksək IELTS, həm də yüksək GPA balı olmalıdır. Hətta yüksək GPA, IELTS-dən daha vacibdir. Tələbələr bunu çox vaxt qarışdırırlar. IELTS göstəricilərinin yüksək olmasına fokuslanırlar və ortalama ballarına laqeyd yanaşırlar. Bundan əlavə, SAT, GMAT sertifikatlarının olması tələbəyə üstünlük qazandırır. Amma müsahibə mərhələsində tələbənin motivasiyası böyük rol oynayır. Ona görə də, ümumiləşdirsək, deyə bilərik ki, IELTS, GPA, könüllülük təcrübəsi və sosial fəaliyyətlə yanaşı, tələbənin şəxsi motivasiyası da çox vacibdir.
- Universitetlər xaricdə təhsil almaq istəyən şəxsdən hansı sənədləri tələb edir?
- Əvvəla onu deyim ki, tələb olunan sənədlər universitetlərə görə dəyişir. Amma bütün universitetlər xarici pasport tələb edir. Əgər xarici pasportunuz yoxdursa, siz xarici universitetə müraciət edə bilməzsiniz. Şəxsiyyətinizi təsdiq edən sənədlərdən əlavə, sizdə bir çox universitetlərin də tələb etdiyi motivasiya və referans məktubları olmalıdır. Hətta referans məktubu tələb etməyən universitetlərə həmin məktub göndərildiyi zaman üstünlük kimi qəbul edilir. Bir də tələbə hansı dil üzrə təhsil alacaqsa, o dil üzrə sertifikat lazımdır. Dil sertifikatlarından əlavə, tələbə universitetdə hansı xarici dil üzrə təhsil alıbsa, onunla bağlı minimum 3 ili əhatə edən sənəd əldə etməlidir. Xaricdə təhsil almaq istəyən şəxs həmin sənədi tərcümə və təsdiq etdirdikdən sonra xarici universitetə göndərə bilər.
- Xaricdə təhsil almağın üstünlüyü nədir?
- Müasir dövrdə xaricdə təhsil almaq üçün sizin ölkədən çıxmağınıza ehtiyac yoxdur. Məsələn, tələbə məndən hər hansı bir universitetdə təhsil almaq barədə maraqlanır. Sonra öyrənirəm ki, o, onlayn təhsili nəzərdə tutur. Mənə görə onlayn təhsillə ənənəvi təhsil eyni fazada tutulmamalıdır. Tutaq ki, seçdiyin universitetin təhsil səviyyəsi yüksək deyil və sən orada onlayn təhsil alırsan. Bu zaman noutbuku bağlayırsan və təhsilin bitir. Beləliklə, heç nə öyrənə bilmirsən. Amma həmin ölkədə olanda dərs bitdikdən sonra çölə çıxırsan və insanlarla ünsiyyətdə olaraq, sosial fəaliyyətlərə qatılaraq yeni nələrsə öyrənirsən. Ona görə də, mən düşünürəm ki, xaricdə təhsil bir növ insanın inkişafına təsir edir. Onlayn formada təhsil alırsansa, sən sadəcə olaraq nəzəri biliklərə yiyələnə bilərsən. Amma praktiki təcrübələr qazanmaq üçün fiziki olaraq həmin ölkəyə getməli və oradan qazandıqlarını da öz ölkənə gətirməlisən.
- Bakalavrı bitirən şəxs fərqli ixtisas üzrə xaricdə magistr təhsili ala bilərmi?
- Əslində, bu sual tələbələrin ən çox verdiyi suallardan biridir. Məsələn, tələbə soruşur ki, mən jurnalistika üzrə bakalavr oxumuşam və xaricdə biologiya üzrə magistr təhsili almaq istəyirəm. Bu mümkündürmü? Əvvəla biz bir şeyi başa düşməliyik ki, magistr təhsili bakalavr təhsilinin davamıdır. Bəzən olur ki, universitetlər tələbəni fərqli ixtisas üzrə qəbul edirlər. Məsələn, humanitar fənlər üzrə bakalavrı bitirmisənsə, qəbul olunma həmin kateqoriyaya aid fərqli ixtisas üzrə olur. Düzdür, qəbul olmaq mümkünsüz deyil, amma çox çətindir. Buna görə də, universitetlər ixtisas dəyişmək istəyənlərə 2-ci bakalavr təhsili almağı tövsiyə edir.
- Xaricdə təqaüdlü təhsil almaq üçün nə etmək lazımdır?
- Xaricdə təqaüdlü təhsil almaq üçün ilk olaraq təqaüd proqramları barədə geniş məlumat əldə etmək lazımdır. Məsələn, əgər tələbə biznes üzrə təhsil alırsa, onun təqaüd almaq şansı daha çoxdur. Yəni, xarici universitetlər tələbənin oxuyacağı ixtisas üzrə tələbatın çox olmasını nəzərə alaraq təqaüd verir. Misal üçün, Macarıstan hökuməti hazırda təxminən 200-dən çox azərbaycanlı tələbəyə "Stipendium Hungaricum" proqramı vasitəsilə təqaüd verir. Təqaüd alanların çox hissəsi biznes üzrə təhsil alanlardır. Beləliklə, o qənaətə gəlmək olar ki, Macarıstanda bu ixtisasa tələbat var. Buna görə də, tələbə öz ixtisasının rəqabət qabiliyyətini bilməlidir ki, təqaüd proqramlarını qazana bilsin. Bundan əlavə, tələbə interaktiv şəkildə təqaüd proqramlarının axtarışında olmalıdır. Çünki elə tələbələr olur ki, göstəriciləri çox yaxşı, amma təqaüdlərlə bağlı məlumatları çox az olur. Buna görə onlar xaricdə təhsil sərgilərində iştirak edə və ya bu barədə xaricdə təhsil almış insanlardan məlumat əldə edə bilərlər. Lakin bəzi tələbələr var ki, onların bu cür geniş araşdırmalara vaxtları olmur. Bu zaman həmin şəxslər xaricdə təhsil şirkətlərinin konsultasiyalarına müraciət edə bilərlər. Amma bəzi şirkətlər var ki, tələbəyə laqeyd yanaşır və ona ətraflı məlumat vermir. Buna görə də, konsultasiyaya müraciət etməzdən əvvəl kiçik də olsa, şirkəti araşdırmaq daha məsləhətlidir.
- Bəzi şəxslər təqaüd proqramlarına fərdi müraciət edirlər. Xaricdə təhsil şirkətlərinə müraciətlə fərdi müraciətin fərqi nədədir?
- Əgər fərdi müraciət edən şəxsin heç bir işi yoxdursa, yəni, geniş araşdırma aparacaq qədər vaxtı varsa, fərdi müraciət edə bilər. Xaricdə təhsil barədə demək olar ki, məlumatların 90 faizi internetdə yerləşdirilib. Qalan 10 faiz məlumatı isə xarici ölkədə təhsil almış insanlardan əldə etmək olar. Lakin tələbənin vaxtı yoxdursa və səhv etməkdə tərəddüd edirsə, xaricdə təhsil şirkətlərinə müraciət etməlidir. Xaricdə təhsil şirkətlərinə müraciət etmək tələbəni risklərdən azad edir. Çünki mən elə tələbələr tanıyıram ki, xarici üniversitetlərə fərdi müraciət etdikləri vaxt sənədlərdə səhvə yol veriblər. Şirkətlər isə bu sənədləri daha professional şəkildə hazırlayırlar. Bir daha qeyd edim ki, tələbə xaricdə təhsil şirkətlərinə müraciət etməzdən əvvəl hökmən şirkəti araşdırmalıdır.
- Könüllülük proqramlarında iştirak etməyin universitetlərə qəbul zamanı təsiri varmı?
- Bəli, yüz faiz var. Əvvəlki illərdə azərbaycanlı gənclər təcrübə və könüllülük proqramlarında iştirak etməyə ehtiyac olmadığını düşünürdülər. Yəni, heç bir üstünlük qazanmayacaqlarını hesab edirdilər. Amma biz görürük ki, son illərdə Azərbaycanda kifayət qədər mühüm yarışlar keçirilir. Bu yarışların könüllülük proqramlarında iştirak etmək tələbə üçün üstünlükdür. Düşünün ki, siz artıq CV-də böyük yarışların adını qeyd edirsiniz. Könüllü belə olsanız, iştirak etdiyiniz yarışın adı sizi qəbul edən xarici universitetin diqqətini çəkir. Ona görə də, tövsiyə edirəm ki, tələbələr könüllülük proqramlarında iştirak etsinlər. Bəzən elə hallar olur ki, tələbə xarici universitetə qəbul olmaq üçün mənə müraciət edir. Baxıram ki, yaxşı CV-si var, amma heç bir sosial fəaliyyəti yoxdur.
- Bir çox şəxsi maraqlandıran suallardan biri də budur: "Əgər ortalamam azdırsa, xarici universitetlərə qəbul ola bilərəmmi?" Bu baxımdan, ortalamaları az olan şəxslər nə etməlidirlər?
- Ortalama balı aşağı olduqda, şans azalsa da, xarici universitetlərə qəbul olmaq mümkündür. Məsələn, əgər tələbənin ortalaması 70-dən aşağıdırsa, onun qəbul olmaq şansı 50 faizdir və ya daha aşağıdır. Amma ortalama balı 70-dən yuxarıdırsa, tələbənin qəbul olmaq şansı artır. Əgər tələbənin ortalama balı zəifdirsə, o artıq ən reytinqli universitetə yox, nisbətən orta və ya daha aşağı reytinqli universitetə qəbul ola bilər.
- Xarici universitetlərə müraciət etməzdən əvvəl nələrə diqqət etmək lazımdır?
- İlk olaraq tələbə qarşısına məqsəd qoymalıdır. Yəni, tələbə xarici universitetə müraciət etməzdən əvvəl özünə yol xəritəsi çəkməlidir. Ümumiyyətlə, hər hansı bir iş görən zaman əvvəlcədən onun planlaşdırmasını aparmalısan. Sən ancaq o zaman effektiv nəticə ala bılərsən. Tələbə məqsədsiz olduqda, o xarici universitetə qəbul olur, hətta təqaüd belə qazanır, ancaq orada özünü tapa bilmir. Yəni, tam başa düşə bilmir ki, bura nə üçün gəlib!? Tələbə heç bir məlumatı olmadığı ölkəyə kortəbii surətdə getməməlidir.
- Bəs universitetə qəbul olduqdan sonra tələbəni nələr gözləyir?
- Əslində, tələbələr başa düşməlidirlər ki, hər şey qəbul olduqdan sonra başlayır. Yəni, sən başqa bir ölkəyə gedirsən və çətinliyin ikiqat artır. Universitetə qəbul olduqdan sonra xoşbəxtliyin artsa da, başa düşməlisən ki, məsuliyyətin də çoxalır. Əgər xarici ölkəyə tək gedirsənsə, bu zaman öz büdcəni idarə etməyi, tək yaşamağı və tanımadığın mühitə adaptasiya olmağı öyrənməlisən.
- Xaricdə təhsil almış biri kimi sizin tövsiyələriniz nələrdir?
- Mənim əsas tövsiyəm odur ki, ruhdan düşməsinlər. Bəzən tələbələr düşünürlər ki, maddi göstəriciləri zəif olan şəxslər xaricdə təhsil ala bilməzlər. Bu qətiyyən düzgün yanaşma deyil. Hətta mən tələbələri bundan uzaqlaşdırmaq üçün "Clubhouse" platformasında "Xaricdə təhsil almaq üçün varlı olmaq şərt deyil" adlı layihə başlamışdım. Hər həftə bu başlıq altında xaricdə təhsil almış insanlar dəvət olunurdu. Həmin layihə çərçivəsində varlı olmadan xaricdə necə təhsil almaq barədə müzakirələr aparılırdı. Şəxsən özüm xaricə təhsil almaq üçün gedəndə heç kimdən maddi dəstək almamışam. Və son olaraq tələbələrə tövsiyəm odur ki, özlərinə inansınlar və öz seçdikləri yolla getsinlər.
Nəzmiyyə Sadıqova