Azərbaycan dünya ölkələri arasında ən çox müharibə görmüş, ən çox şəhid vermiş ölkələrdən biridir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində torpaqların müdafiəsi, işğaldan azad olunması uğrunda çox sayda vətəndaşlarımız şəhid oldu. Bütün döyüşlərdə qəhrəmanlıq dolu qeyri-adi hadisələr baş verdi. Odur ki, ağılla, cəsarətlə, inamla vuruşan hərbçilərimiz uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün ibrət və nümunəyə çevrilirlər. Haqqında danışacağımız növbəti Milli Qəhrəman isə Cavanşir Rəhimovdur. O, 19 yaşında Birinci Qarabağ müharibəsində göstərdiyi fədakarlıqlarla ən gənc Milli Qəhrəman kimi tarixə düşdü. İndi də onun döyüşlərdə iştirak etməsinə və 19 yaşında Milli Qəhrəman adı almasına səbəb olan hadisə barədə yazını təqdim edirik...
Cavanşir Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya gəldi. O, bir yaşında olanda ailəsi Bakının Qaraçuxur qəsəbəsinə köçdü. Cavanşir burada 104 saylı orta məktəbə gedir, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirir. Cavanşir eyni vaxtda idmanla da məşğul olur və karate üzrə dərəcə alır.
Cavanşir Rəhimov bir müddət sonra, 1992-ci ildə hərbi xidmətə çağırılır və Hərbi Hava Qüvvələrində xidmətə başlayır. Bir müddət təlim keçdikdən sonra bort-atıcı peşəsinə yiyələnir.
Həmin dövrdə ermənilər Azərbaycan torpaqlarında qətliamlar törədir, işğallar həyata keçirirdilər. Ölkənin müxtəlif bölgələrindən könüllü döyüşçülər cəbhəyə axışır, düşmənə qarşı vuruşurdular. Təzəcə 19 yaşı tamam olan Cavanşir Rəhimov hərbi xidmətdə olduğu vaxt könüllü müraciət edərək döyüşlərə qoşulmaq istəyir. Onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 helikopterinə bort-atıcı təyin edirlər.
Onların bölüyü həmin vaxtlarda Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edirdi. 1992-ci ilin 6 avqustunda Qasapet yüksəkliyində Azərbaycan hərbçiləri pusquya düşürlər. Erməni döyüşçüləri hərbçilərimizi mühasirəyə alırlar. Onların xilas edilməsi üçün müxtəlif planlar təklif edilir, ancaq ən yaxşı variant kimi döyüş helikopteri ilə müdaxilə barədə qərara gəlinir. Ən qısa vaxtda helikopter havaya qalxır. İçərisində bort-atıcı Cavanşir Rəhimov da olur. Hərbi helikopter üç dəfə uçuş edir. Azərbaycan hərbçilərini mühasirəyə alan erməni bölmələri və onların qurduğu mövqelər atəşə tutulur. Qasapet yüksəkliyi istiqamətində yerləşdirilən erməni bölüyü məhv edilir. Ancaq Cavanşir Rəhimov bu əməliyyatda yaralanır. Düşmənin bölgədə müqaviməti qırılır. Strateji hədəfləri tam ələ keçirmək və erməni işğalçılarını bölgədən tam şəkildə çıxarmaq üçün helikopterlə yenidən əməliyyat həyata keçirilməli idi. Ancaq, ilk üç uçuşda C. Rəhimov yaralanmışdı. Helikopterin dördüncü dəfə havaya qalxması barədə göstəriş verilir. Cavanşir yaralı olsa da, vəzifəsini yerinə yetirmək istədiyini bildirir. Beləcə, helikopter yenidən havaya qalxır. Əməliyyatdan bir az keçəndən sonra həmin helikopter düşmən tərəfindən güclü raket atəşinə tutulur. Qısa müddət sonra hərbi helikopter vurulur və Cavanşir Rəhimov zərbənin gücündən yaxınlıqdakı taxıl zəmisinə düşür. Həmin bölgədə axtarışlar aparılsa da, Cavanşirin nəşi tapılmır. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. Həmin yerə gələn Azərbaycan hərbçiləri Cavanşirin cəsədini tanıyırlar. O, 1992-ci il sentyabr ayının 9-da Müdafiə Nazirliyinin işçiləri və atasının iştirakı ilə Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir.
Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. 


Ruslan Yusibov