"Biz, bizdən əvvəlkilərin əkib-biçdikləriyik"

Bəli, bu söz bir mənada doğrudur. Biz insanlar adətən bizdən əvvəlkilərin əkib-biçdikləri, bizdən əvvəlkilərin mənfi və müsbət mənada meyvəsi və bəhrəsiyik. Bu minvalla bizdən sonrakı nəsillər də bizim səy və cəhdimizin, bizim əməyimizin, ya da ehmalkarlığımızın bəhrəsi olacaqlar. Qeyd edək ki, nəsillərin bir-birinə müsbət və ya mənfi mənada əxlaqi xüsusiyyətləri ötürüb-ötürə bilməməsi həm psixologiya və pedoqogika elminin, həm də genetika elminin sahəsinə daxil olan məsələdir. Burada insan davranışları üzərində mütləq mənada genetik təsirlərin rol oynamasından deyil, genetik kodların insan davranışlarına müəyyən təsirindən söhbət gedə bilər. Çünki burada pay sahibi olan təhsil, sosial mühit, insan iradəsi və s. kimi amillər də var.

Davranışlarımız və genetik nəzarət
İnsandakı bəzi xüsusiyyət və davranışların fitri və anadangəlmə, həmçinin sövq-təbii yolla formalaşdığı qəbul edilir. Bununla yanaşı, biz həm də sonradan və təcrübələrlə əldə etdiyimiz davranışlara sahibik. Genetika elmi bugünkü qədər inkişaf etmədiyi dövrlərdə molekulyar səviyyədə və bir kompleks halında cərəyan edən insan davranışlarını izah və təhlil etmək o qədər də asan deyildi. Ancaq 1950-ci ildən başlayaraq insan davranışlarının tədqiq edilməsində genetik amillər və genetika elminin əhəmiyyəti məlum oldu. İnsan davranışlarının müəyyən mənada genetik nəzarət altında olması elmi olaraq sübut edildikdən sonra bu sahəyə diqqət də artdı.
Bəzən insanlar zamandan, içində yaşadıqları dövrdən şikayət edir, həyatlarının hansısa dövrlərində ehmalkarlığa məruz qalmalarından danışırlar. Hətta bəzi səhvlərini valideynlərinin üzərinə ataraq: "Onlar ucbatından mən belə oldum", deyən insanlar da var. Əlbəttə, inkar etmək olmaz ki, bu sözü deyənlərin haqlılıq payı ola bilər. Ancaq burada bir sual ortaya çıxır, görəsən, biz bu ehmalkarlıq zəncirini növbəti nəsillərə ötürəcəyik, yoxsa bu zənciri qırmağa nail olacağıq?

Heyvanlar aləmindəki genetik təsirlənmə
Genetik təsirlənmə amili insanlara aid bir məsələ olduğu kimi, heyvanlar aləmində də bununla bağlı bir çox misallar var. Misal üçün aprel ayında dünyaya gələn və anasız yaşayan siçovul balasının avqust ayında artıq yem toplamağa başlaması müşahidə edilmişdir. Halbuki siçovul soyuqdan yem tapmağın çətin olacağı qış fəslini hələ görməmişdir. Ancaq buna baxmayaraq o, həm yem toplamağa başlayır, həm də özünə qışı keçirmək üçün yuva düzəldir. Siçovul düzəltdiyi bu yuvanın onu qışın soyuğundan qoruyacağından da xəbərsizdir. Siçovulun qış gəlməmiş həm özünə yem toplaması, həm də özünə yuva düzəltməsi ona anadangəlmə verilən, yəni genetik yolla əldə etdiyi bilgilərdir.

Genetik kodları "günah keçisi" adlandıra bilmərik
Genetika elminin gəldiyi nəticəyə və bu sahədə tədqiqat aparan alimlərin dediyinə görə, insanlar bəzi xüsusiyyətlərini, vərdişlərini, yaxşı və ya pis cəhətlərini nəsil ağacındakı nümayəndələrinin birindən və ya bir neçəsindən alırlar. Əlbəttə, insan öz iradəsi ilə əldə etmədiyi şeylərə görə üstün, ya da aşağı ola bilməz. Bu mənada irsi informasiya daşıyıcısı olan bu gen ağacındakı bilgiləri Uca Yaradanın (c.c.) mükəmməl sənətinin bir nümunəsi adlandıra bilərik. Əks halda, bu bir üstünlük meyarı deyil. İnsanlar bu gen söhbətinə görə kimdənsə nə aşağı, nə də üstün hesab edilə bilməzlər. Üstünlük yarışı genlərin dünyasında deyil, elə bizim, insanların dünyasında baş verən məsələdir. Bir də əsl üstünlük meyarının nə olduğunu Cənab Allah ilahi kəlamında bildirmişdir (Hucurat, 49/13). Uca Yaradan (c.c.) bizi bu gen kərpicləri, yaxud da gen daşları ilə inşa edib. Bütün bunlarla yanaşı iradə, seçim, ağıl kimi məsələlər də var. Yəni, hər şeyi "genetik yolla gəldi" deyərək genlərin üzərinə atmaq olmaz. Çünki hər bir ağıl və iradə sahibi insan öz əməllərinə elə özü cavabdehdir.

Genetik məcburiyyət mövcud deyil - zənciri qırmaq olar
Burada genetik yolla nəsildən-nəslə ötürülən bəzi xüsusiyyətlərdən, mənfi və ya müsbət cəhətlərdən söhbət gedir ki, hətta bu məsələ ana və atadan alınanlardan ibarət deyil. Bura bir neçə nəsil əvvəldən gələn genetik faktorlar da daxildir. Əslində, bütün bunlar insanı qorxutmamalıdır. Çünki genetik faktorlar insan üzərində məcburedici gücə sahib deyil və insanı tək başına idarə edə bilməzlər. İnsan genetik yolla aldığı təsirləri öz iradəsi ilə müsbət tərəfə çevirə bilər, hətta çevirməlidir. Həyatda genetik faktorlarla yanaşı təhsil, elmi biliklər, çevrə, mühit və s. kimi insana müsbət təsir edən digər amillər də var. Onu da qeyd edək ki, canlı orqanizmlərdə baş verən dəyişiklikləri molekulyar səviyyədə öyrənən molekulyar biologiya sahəsindəki son elmi nəticələrə görə davranışlarımız genlər tərəfindən tam kodlanmayıb. Bəli, insan davranışlarını istiqamətləndirən genetik təsirlərdən söhbət gedə bilər, ancaq bir daha qeyd edək ki, bu "bir gen = bir davranış" mənasında sıx və güclü bir əlaqəyə sahib deyil.

Ərzurumlu İbrahim Haqqı bu haqda nə deyirdi?
Bu haqda "Fraza" jurnalının ötən saylarının birində Ərzurumlu İbrahim Haqqının bu sözlərinə yer verilmişdi: "İnsanlar xarakter və əxlaqi keyfiyyətlər baxımından tamamilə neytral vəziyyətdə dünyaya gəlmirlər. Əksinə, bir güc və qüvvə halında insanlarda bəzi vərdişlərə meyillilik olur. Ancaq bu vəsf və xüsusiyyətlər insana nələrisə zorla etdirmir, həmçinin, bu vəsf və xüsusiyyətlər insanın iradəsinin, aldığı elm və təhsilin və sosial mühitin köməyi ilə dəyişdirilə və istiqamətləndirilə bilər".

Peyğəmbərlər tarixindən iki misal
Əgər genetik faktorlar insan üzərində mütləq mənada müsbət təsirə malik olsaydı, bu zaman Həzrət Nuh (ə.s.) peyğəmbərin oğlu atasının: "Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!" (Hud, 11/42) sözünə tabe olardı. Ancaq Həzrət Nuhun (ə.s.) oğlu iman gətirməmiş, gəmiyə minməkdən imtina etmişdi. Həmçinin, genetik faktorlar insan üzərində mütləq mənada mənfi təsirlərə malik olsaydı, bu zaman da bir büt emalatxanasında işləyən, özü də əlləri ilə düzəltdiyi bütlərə sitayiş edən bir atanın oğlu Həzrət İbrahim (ə.s.) peyğəmbərin atası kimi (haşa) bütpərəst olmalı idi. Ancaq o, atasına belə deyirdi: "Atacan! Eşitməyən, görməyən və sənə heç bir fayda verə bilməyən şeylərə (bütlərə) nə üçün ibadət edirsən?" (Məryəm, 19/42). Burada da görürük ki, atasının əməlləri mənfi mənada oğlu Həzrət İbrahimə (ə.s.) təsir etməmişdir.
Əslində, söhbət müsbət mənada alınacaq, müsbət mənada götürüləcək əxlaqi keyfiyyətlərdən gedirsə, bunun genetik yolla və nəsil ağacından hər hansı bir şəxsdən gəlməsi ilə bu gözəlliyin misal üçün ta Çində olması arasında elə bir fərq olmamalıdır. Biz ona köklənməli, onu almağa çalışmalıyıq. Həmçinin, söhbət mənfi xüsusiyyətlərdən, gözəl əxlaqa, uca dinimiz İslama, imana, insani dəyərlərə zidd məsələlərdən gedirsə, bu zaman da onun ən yaxından, ya da ən uzaqdan gəlməsindən asılı olmayaraq o məsələlərdən uzaq olmağa çalışmalıyıq.


Halim Mustafa