Bəzən bir kitab oxuyursunuz və hiss edirsiniz ki, onu oxumaqda gecikmisiniz. Mən də "Uşaq ürəyi" əsərini oxuyarkən bu hissləri keçirdim. Pedaqogika mütəxəssislərinin "Dünyanın ən faydalı uşaq kitabı" adlandırdıqları əsəri o qədər bəyəndim ki, qısa bir vaxtda sizinlə bölüşməyə tələsdim.
Bütün dillərə tərcümə edilən "Uşaq ürəyi" böyük italyan yazıçısı Edmondo de Amiçisin şah əsəri, klassik uşaq ədəbiyyatının möhtəşəm nümunələrindəndir. Əsərin ideyası, mövzusu, insana bəxş etdiyi dəyərlər elə gözəl, elə təsirlidir ki... Həm də axı vətənə sevgini, valideynə hörməti, əməyə layiqli qiyməti, mərhəməti, dostluğu, xeyirxahlığı öyrənməyin yaşı olmur.
Yazıçı əsəri 11 yaşlı oğlu Enrikonun gündəliklərinə düzəlişlər edərək ərsəyə gətirmişdir. Hadisələr 1881-ci ildə İtaliyada baş verir. 3-cü sinif şagirdi Enriko 17 oktyabrdan başlayaraq dərs ilinin sonuna kimi başına gələnləri, gündəlik hadisələri qələmə alır. Onun qəhrəmanları öz ailəsi, oğlan məktəbindəki sinif yoldaşları, onların ailələri, müəllimləridir. Hər ay müəllimin köçürməyə verdiyi bir hekayə və Enrikoya yazılan məktublar da əsərə daxil edilmişdir. Hər hekayə bir həyat dərsi, bir nəsihət, bir motivasiyadır.
Nisbətən varlı ailənin uşağı olan Enriko sinif yoldaşlarını tək-tək təsvir edir. Ən çox istədiyi, haqqında sevgi ilə danışdığı sinif yoldaşı və dostu ondan 2 yaş böyük, nəhəng gövdəli, yumşaq qəlbli, zəiflərin himayəçisi Qarronedir. Hər şeyin hesab-kitabını aparan, marka kolleksiyaçısı Qoriffi, dəmirçi oğlu, nəzakətli Prekossi, bir əli iflic olan tərəvəz satan ananın oğlu Krossi, fiziki olaraq himayəyə ehtiyac duyan qozbel Nelli, odunçu oğlu Koretti, bənna oğlu Antonio, sinif birincisi, hər kəsin sevimlisi, varlı ailədən olan Derossi, kitab oxumağı çox sevən inadkar Stardi, zövqlə geyinən Votini, özündən zəifləri incidən, pis oğlan Franti və Nobis cütlüyü və s. uşaqlar haqqında müxtəlif hekayələr yer alır. Onlar gəldikləri əyalətlərə, fiziki güclərinə, savadlarına, maddi imkanlarına görə bir-birilərindən fərqlənirlər. Sinif müəllimləri uşaqlara dərsdən başqa vətənə, bayrağa məhəbbət və hörməti, dostluğu və mərhəməti, yardımlaşmağı və dürüstlüyü öyrədir. Müəllim sinifə təzə gələn şagirdi təqdim edərkən belə deyir: "Kimsə sırf başqa əyalətdən olduğuna görə təzə yoldaşını təhqir edirsə, o şagirdin İtaliyanın üçrəngli bayrağına dik baxmağa haqqı yoxdur".
İtaliya millətçisi olan müəllif əsərində İtaliyanın birlik və bərabərlik uğrunda mübarizəsini təbliğ edir. Bu mübarizədə hər bir şagirdin silahı kitabı, ordusu isə sinfidir.
Enriko hər dəfə bir sinif yoldaşını evlərinə qonaq dəvət edir. Bu zaman atası nümunəvi valideyn kimi Enrikoya dostlarına qarşı nəzakətli olmağı, əməyə və əməkçiyə hörmət etməyi, əlində olan imkanların qiymətini bilməyi və s. kiçik hadisələrlə nəsihət edir.
Enriko, Derossi, Votini, Karlo Nobbis kimi uşaqların dərs oxumaq üçün hər şəraitləri varkən, Krossi, Prekossi, Koretti, Betti çox acınacaqlı şəraitdə dərs hazırlayırlar. Onların yazı masaları belə yoxdur. Hətta bəziləri bələdiyyənin verdiyi dəftər-kitab hesabına məktəbdə oxuya bilirlər. Lakin onların əzmi, iradəsi, inadkarlığı bütün tənbəl uşaqlara dərsdir. Koretti hər gün səhər 5-dən 7-yə qədər odun daşıyaraq atasına kömək edir və həm də dərslərini təkrar edir. Prekossi evdə zorakılığa məruz qalsa da, çalışqanlığı ilə sinif ikincisi medalını qazanır.
Müfəttiş Prekossinin yaxasına medalı sancarkən deyir: "...sən onu daşımağa hamıdan çox layiqsən. Mən onu təkcə istedadına və çalışqanlığına görə deyil, xeyirxah qəlbinə, dürüstlüyünə və ləyaqətinə görə verirəm". Enrikonun isə hər iki valideyni yanındadır, hər istədiyi ləvazimata, oyuncağa sahibdir, yaxşı geyinir, yaxşı qidalanır, əlini ağdan qaraya vurmur. Dərslərini oxumaqdan başqa bir qayğısı yoxdur. Enriko ətrafında baş verənləri gördükcə sahib olduğu hər şey üçün şükür etməli olduğunu anlayır.
Əsərdə ən sevdiyim səhnələrdən birində Enriko "Kərpiccik" ləqəbli bənna oğlu Antonionu qonaq çağırır. Kərpiccik atasının yamanmış, köhnə, əhəngli gödəkçəsini geyinmişdir və əhəng divanı çirkləndirmişdir. Atası divanı təmziləmək istəyən Enrikonun əlindən tutub qoymur və sonra ona bu çox təsirli sözləri deyir: "...dostunun gözü qabağında divanı təmizləməyinin onu danlamaqdan bir fərqi yoxdur... İş paltarı çirkləndirmir. Heç vaxt fəhləyə "paltarınız çirklidir" demə. De ki: "Paltarınızda əməyinizin, işinizin izləri var". Bu sözlər o qədər xoşuma gəldi ki, məncə, əmək bundan gözəl təsvir edilə bilməz.
Sinif yoldaşları arasında dostluq elə məsum, təbii, ülvi təsvir edilmişdir ki... Onların dostluğuna nə geyimlərinin əhəngi, nə üzlərinin hisi, nə qızılı düymələri mane olur. Enriko Prekossiyə oyuncaq qatar hədiyyə edərkən dəmirçi oğlu da ona dəmir mismar hədiyyə edir. Bu dostluqda varlı, kasıb, güclü, zəif yoxdur, yalnız təmiz uşaq qəlbi var.
Əsərdə Enrikonun yaşadıqlarından başqa müxtəlif məkanlar və oradakı uşaqlardan da bəhs edilir. Məsələn, anası Enrikonu körpələr evinə, raxit uşaqların müalicə mərkəzinə aparır. Hər şeydən şikayətçi, narazı olan, valideynlərinə, dərslərinə laqeyd münasibət göstərən Enrikoya gördüyü mənzərələr çox təsir edir, uşaq ürəyinə toxunur.
Əsərdə önə çıxan məsələlərdən biri də valideynə hörmətdir. Enriko anasına kobud cavab qaytardığı zaman atası ona belə nəsihət edir: "Səni dünyaya gətirən insana qarşı ağzından kobud söz çıxmasın. İşdir, ağzından çıxsa, onun ayaqlarına qapan ki, alnına yaxılan nankorluq ləkəsini öpüşü ilə silsin". Başqa bir yerdə isə anası Enrikoya: "Atanın danlağına kobud cavab vermək istəyəndə atasızlığın nə olduğunu gözünün qabağına gətir", - deyir.
Enrikonun sinif yoldaşlarının həyatlarından başqa əsərdə müxtəlif azyaşlı qəhrəmanların igidliyindən, cəsarətindən, vətən sevgisindən bəhs edən 9 ayın hekayələri də yer almışdır. Bu azyaşlı uşaqlar əsl qəhrəmanlardır. Biri gizlincə işləyərək atasına kömək edir, biri materikləri, dağları aşaraq anasını axtarır, biri vətəni uğrunda ayağını itirir, biri tanımadığı bir xəstəyə günlərlə qulluq edir, başqa biri balaca qızcığazı xilas etmək üçün həyatını fəda edir və s. Bu hekayələr uşaqları mənən zənginləşdirməyə, nümunəvi şagird, övlad, vətəndaş kimi yetişdirməyə xidmət edir. Əsər təkcə uşaqlara yox, valideynlərə, müəllimlərə də nümunəvi davranışlar təlqin edir. Fəhləsindən, dəmirçisindən tutmuş senyoruna qədər ata obrazlarının hər biri övladlarını böyük şəfqətlə sevir, onlara ləyaqət, dürüstlük, mərdlikdə nümunə olurlar.
Əsərdə sizi məftun edəcək onlarla nəzakətli davranış, gözəl söz, nəsihətamiz fikirlə qarşılaşacaqsınız və inanıram ki, "Uşaq ürəyi" mənim kimi sizin də sevimli kitablarınızın siyahısına əlavə olunacaq. Kitabı yaşından asılı olmayaraq hər kəs oxuya bilər. Onu övladınıza hədiyyə edib stolüstü kitabına çevirə bilərsiniz. Və ya onun xarakterinə təsir edəcəyini düşündüyünüz hekayələri seçib hər gün birini oxuyaraq uşaq ürəyinə toxuna bilərsiniz.
Tükəzban Məmmədli