Bu dəfə sizlərlə bir filmdən danışacaq və iki dövrü qarşılaşdıracağıq. 
Haqqında danışacağımız film “Uzaq sahillərdə”dir. Film Sovet İmperiyası və faşist Almaniyası arasında gedən Böyük Vətən Müharibəsindən bəhs edir. Yəqin ki, çoxlarınız filmi izləmisiniz yox, dəfələrlə izləmisiniz. Bu dəfə filmdən bəzi məqamlara toxunmaqla yaxın tariximizdəki mübarizəmizin qəhrəmanlarından danışacağıq. Qısası, yaxın və uzaq sahillərdəki kəşfiyyatımızdan söz açacağıq. 

Xronika: 
1941-45-ci illər - 4 illik Böyük Vətən Müharibəsi... 
2000-ci illər - bu illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı hücumlar oldu, 2016-cı il - Aprel döyüşləri, 2020-ci il - Tovuz döyüşləri, 2020-ci il - 44 günlük Vətən Müharibəsi... 

Müharibələrin bənzərliyi: 
Filmin girişində müharibənin dəhşətlərindən bəhs edilir, sonra müharibədə bütün xalqların bir yumruq kimi birləşməsindən danışılır: 
“Budur, bu cəsur adamlar doğma torpaqlarının faşist tapdağı altında qalmasını istəmirlər. Bunlar yuqoslav və italyanlar, rus və macarlar, çex və bolqarlar, alban və slovaklar, fransız və ispanlardır. Onların bir amalı var. Doğma torpaqlarını qurtarmaq”. 
Doğma vətənimizin müdafiəsinə də Azərbaycanda yaşayan talışlar və ləzgilər, ruslar və yəhudilər, avarlar və udinlər... ümumilikdə isə hamı qalxmışdı. Onların bir amalı var idi, Qarabağı azad etmək! Etdilər də... 
Bildiyiniz kimi bu müharibə, tək Rusiyanın yox, o vaxt SSRİ-nin tərkibində olan 15 sovet ölkəsinin də müharibəsi idi. Azərbaycan da vaxtilə SSRİ-nin tərkibində olduğu üçün bu müharibədə azərbaycanlı əsgər və zabitlərin misilsiz rolu olub. Həmişə olduğu kimi onda da xalqlar arasında həmyerlilərimiz xüsusi rəşadətləri ilə seçiliblər. 
Filmin əsas obrazı Sovet İttifaqı Qəhrəmanı, igidliyi ilə çoxlarının kumirinə çevrilmiş Mixaylodur, yəni Mehdi Hüseynzadə. O, kəşfiyyat-təxribat qrupunun rəhbəri və leytenantdır. Mixaylo və onun mənsub olduğu döyüşçü qrupu Triest şəhərinin müdafiəsinə, dolayısı ilə Sovet İttifaqının ümumdavasının müdafiəsinə qalxmışdılar. 
Əgər bir azərbaycanlı ümumdava uğrunda canından keçirsə, Vətəni üçün nələr etməz? 

Döyüş yeri: 
Film Adriatik dənizi sahillərində cərəyan edir. 
Döyüş yeri Mixaylonun düşmənlə mübarizə apardığı Triest şəhəri olmaqla Böyük Vətən Müharibəsinin getdiyi hər yerdir. 
İndi gələk əsas məsələyə, bura Adriatik dənizindən çox-çox uzaqlarda, Xəzər dənizindən isə bir neçə yüz kilometrlik məsafədə yerləşir. Döyüş yeri Azərbaycanın tarixi torpaqları Qarabağdır. Müharibə illəri başlanğıcını 1990-cı illərin əvvəlindən, hətta 80-ci illərin sonundan götürsə də, biz son illərdən yola çıxacağıq. 
Əgər belə demək mümkünsə, hər bir müharibənin onurğa sütunu kəşfiyyatdır. Əsas işi çiyinlərinə götürür. Ardından isə digər qoşun növləri hərəkət edir. Məsələni çox uzatmadan keçək əsas məqama. Haqqında danışacağımız şəxs həm Aprel döyüşlərində, həm də Vətən Müharibəsində kəşfiyyat xidmətinə öz töhfələrini vermiş insanlardan yalnız biridir. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Habil Məmmədrzayevdən gedir. 
Azərbaycan Ordusunun istefada olan 43 yaşlı zabiti Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Hərbi xidmətini Murovda davam etdirib. 2002-ci ildə, o, 1999-cu ildə yaranmış Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Təlim və Tədris Mərkəzinə təlimçi kimi dəvət alıb. 14 il burada biliklərini kursantlara çatdırıb. Hazırda XTQ-də fəaliyyət göstərən 70-75 % istehkamçının yetişdirilməsində böyük əməyi olub. 2014-cü ildən 2016-cı ilə kimi isə döyüş təminat xidmətinin rəisi vəzifəsinə təyin edilib. Bu iki ildə aktiv döyüş tapşırıqlarında iştirak edib. 
Uzun illər istehkamçı yetişdirən zabitimiz xidmətinin son illərini kəşfiyyatçı kimi fəaliyyət göstərib. 2016-cı il Aprel döyüşlərində səhhətində yaranan problemlərə görə istefaya buraxılıb. 
Xidməti dövründə Azərbaycan Ordusunun yaranmasının 10, 90, 95 illik yubiley medalları; 
“Qüsursuz xidmətə görə” 1, 2, 3-cü dərəcəli medallar; 
2016-cı ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. 
Ancaq zabitin bütün bu fəxri adları və medalları ilə yanaşı ən yaddaqalan titulları onun sevgi ilə yetişdirdiyi şəhid tələbələri olub. Azərbaycan Ordusunun istefada olan zabitinin 2016-cı il Aprel döyüşlərində şəhidlik mərtəbəsinə çatmış kursantları, kəşfiyyatçı-istehkamçılar... 
Gizir Abdullayev Şəhriyar Kamil oğlu, baş gizir Bədəlov Oktay Ələddin oğlu, baş gizir Niftəliyev Mehrab Söhrab oğlu, baş gizir Rəşidov İlham Tahir oğlu. 
Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan tələbələri... 
Gizir Qurbanov Tural Gülşad oğlu, kiçik gizir Hüseynov Bəxtiyar Rəfael oğlu, kiçik gizir Abidov Babək Vəfadar oğlu, gizir Fərəczadə Toğrul Habil oğlu, gizir Teymurov Pəncəli Nurməmməd oğlu, kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu. 
Filmin qəhrəmanı Mixaylo düşmənin dərinliyində əməliyyat apardığı üçün təxribatçı-kəşfiyyatçı adlandırılıb. 
H. Məmmədrzayevin təlimçisi olduğu kəşfiyyat qrupları isə düşmənin təminat yollarında qurduğu mina və mina-tələlərin partlaması nəticəsində düşmənin xeyli sayda canlı və texniki qüvvəsini məhv edib. 
Film boyu Mixaylo bir sıra döyüş tapşırıqlarını silahdaşları ilə birgə şücaətlə yerinə yetirir və hər dəfə də düşməni məğlub edir. 
Qəhrəmanımızın tələbələri də eynilə vəzifə borclarını layiqincə yerinə yetirərək, illər boyu Azərbaycana bir sıra mötəbər yarışlardan birincilik gətirirlər. Döyüş meydanındakı nəticələri isə göz qabağındadır. 
Filmin sonu nə qədər qürurverici olsa da, Mixaylonun ölümü ilə bitir... 
Polkovnik-leytenant Habil Məmmədrzayevin həyatında 2016-cı ildə baş verən müharibə səhnəsi bizə maraqlı gələn o səhnələrdən yalnız biridir. Zabitimiz irəlidə olan döyüş yoldaşlarına kömək üçün irəliləyərkən bir gizirinin minaya düşməsi ilə bağlı hadisəni belə xatırlayır: 
“Bizdən qabaqda olan döyüş yoldaşlarımız var idi. Düşmənin içinə sızmış qrupun komandiri radiostansiya vasitəsilə bizdən əlavə və təcili kömək istəyirdi. Mənim istehkamçılarım da minaaxtaranla (əslində, metalaxtaranla) ərazinin minalı olub-olmadığını yoxlamalı idilər. Sumqayıtdan olan gizirimiz Seymur Baxışov həmin an minaya düşdü. Hamıda sual yaranmışdı ki, biz necə oldu minaya düşdük? Biz ki, minaaxtaranla hərəkət edirdik. Həm də o alət istənilən metalı mina kimi göstərə bilərdi. Mina axtarmaq həmin an bizim üçün əlavə vaxt itirmək demək idi. Çünki yoldaşlarımız təhlükədə idilər. Belə məqamlarda minaaxtaranlar alətlərini söndürürlər, ta ki, ilk minaya düşənə kimi... Mən Seymurun yanına çatanda o, hələ şəhadət zirvəsinə yüksəlməmişdi. O hər iki ayağını itirmişdi. İnildəyirdi, həmin vaxt dedi ki, “Komandir, cihaz işləmədi”. Amma mən yaxşı bilirdim ki, o, aləti heç işə salmamışdı. Mən onu ərazidən çıxarmaq üçün kömək istədim. Bu vaxt köməyə çağırdığım yoldaşlardan biri yanımıza gəldi. Sən demə, üçümüzün arasında bir mina daha var imiş. Mən Seymurun baş tərəfindən digər yoldaş isə qıçlarından tutdu. Bir anda ikinci mina partladı. Bu minaya Seymurun ya qolu dəymişdi, ya da silahı. O da partladı. Bu dəfə üçümüz də minaya düşdük. Bir onu bildim ki, fuqas məni geriyə atdı. Seymurun cənazəsini ermənilərin götürdüyünü və 15 gün sonra qaytardığını çox sonra bildim. Uzun illər bu sahənin təlimçisi olsam da, o anda özüm də bu hadisənin təsiri altına düşmüşdüm”. 
Habil Məmmədrzayev deyir ki, bu gün bizim qalibiyyətimizin gücü gənclərimizdir. Onlar bilməlidirlər ki, istənilən sahədə qazanılan uğurun arxasında üç amil dayanır. Ağıl, sevgi və qeyrət... 


Aygün Zayıdova