Yəqin ki, sosial şəbəkələrdə "Microsoft"un qurucusu və keçmiş rəhbəri Bill Geytsin beynimizə çip yerləşdirəcəyi, bu üsulla bütün dünyanı "işğal" edəcəyi ilə bağlı iddiaları qarşınıza çıxıb. 2020-ci ilin əvvəlindən etibarən COVID-19 virusunun sürətlə yayılması və xeyli sayda insanın ölümünə səbəb olması isə bu iddiaların tez-tez səslənməsinə və ona inananların xeyli artmasına səbəb olub. Rəsmi qurumlar və bu sahədə tədqiqat aparan beynəlxalq təşkilatlar virusun həqiqətən də mövcud olduğunu dəfələrlə bəyan etsələr də, hələ bunu qəbul etməyənlər var.
Digər tərəfdən, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Mask avqust ayının 29-da insan beyninə yerləşdirməyi planlaşdırdığı "Neuralink" adlı çipi təqdim edib. Ancaq bu çip heç də beynimizi "işğal" etmək və bizi robotlaşdırmaq üçün ixtira edilməyib. Növbəti yazımız bəlkə də texnologiya sahəsində yeni dövrün başlanmasına səbəb olacaq "Neuralink" çipi haqqındadır.
Çip elektron hesablama sistemləri yaratmaq üçün istifadə olunan elektron modul, yaxud mikrosxemə verilən addır. "Neuralink" sözü isə neural - sinir, link - əlaqə sözlərinin birləşməsindən meydana gəlib və mənası sinir sistemi ilə yaradılan əlaqə deməkdir.
"Neuralink" adlı startap şirkəti insanlar üzərində təcrübələr aparmaq üçün ötən il müvafiq qurumlara müraciət edib. Bu interfeys (iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi) nevroloji problemləri olan şəxslərə telefonlarını və kompüterlərini öz düşüncələri ilə idarə etmək fürsəti yaradacaq.
İlon Mask "Neuralink"i Qertrud adlı dişi bir donuzun beyninə yerləşdirilmiş halda təqdim edib. Beləliklə o, canlı bir beyinlə cihaz arasında yaratdığı əlaqəni əyani şəkildə ictimaiyyətə göstərib. Qertrud təqdimatda istifadə olunan 3 donuzdan biri idi. Sınaq zamanı samanları qoxlayıb yeyən Qertrudun beynindəki sinir sisteminin fəaliyyətini çip vasitəsilə müşahidə etmək mümkün olub. Belə ki, donuzun beyninə yerləşdirilən prosessor naqilsiz siqnallar göndərərək, qida axtaran zaman onun burnunda yaranan nevroloji fəaliyyəti göstərib.
"Youtube" sosial şəbəkəsi vasitəsilə canlı yayımlanan təqdimatda Mask "Neuralink"i beyinə yerləşdirilmiş və kiçik naqilləri olan qolbağı kimi təsvir edib. O bildirib ki, 1 il əvvəl ictimaiyyətə təqdim edilən cihaz sadələşdirilib və ölçüsü kiçildilib: "Neuralink" başa mükəmməl şəkildə yerləşdirilə bilər, hətta, saçlarınızın arasına qoyula bilər və bu sizi qətiyyən narahat etməz".
2017-ci ildə yaradılan şirkət 3 ildir ki, ən yaxşı elm adamlarını əməkdaşlığa cəlb etmək istəyir. İ. Mask bu gün də sosial şəbəkələr vasitəsilə elm adamlarını cəlb etmək üçün çağırışlar edir. "Youtube" vasitəsilə canlı yayımlanan təqdimatın da başlıca səbəbi elm adamlarının diqqətini bu sahəyə yönəltmək olub.
Çipə gəlincə, o, tərkibinə 3 mindən artıq elektrod (elektron keçirici olub qarşı tərəfdə yerləşən elektrodla bilrikdə aralarındakı mühitə təsir edir) yerləşdirilmiş idarəetmə çubuğundan ibarətdir. Elektrodlar insanın saç telindən daha nazik və yumşaq liflərə bağlanıb. İdarəetmə çubuğu bu liflər vasitəsilə mindən çox beyin hüceyrəsinin fəaliyyətini izləyə bilir.
İlon Mask gələcəkdə bu texnologiyanın demensiya (ağılın zəifləməsi), Parkinson kimi xəstəlikləri, həmçinin, onurğa beyninin zədələnməsini müalicə edəcəyini bildirib. Lakin "Neuralink"in ixtirasında ən böyük məqsəd gələcəkdə süni intellektlə mübarizə aparmasıdır. İ. Mask həmin dövrü "insan idrakının zirvəsi" adlandırır və süni intellektin insan irqinin sonunu gətirə biləcəyini iddia edir.
Sahmərdan Əhmədli