Abituriyentlərin həyatlarında ən vacib günlərdən biri yəqin ki, ali məktəblərə qəbul imtahanının keçirildiyi gündür. Bu zaman onlar həyatlarının dönüş nöqtəsində olurlar, buna görə də, imtahandan əvvəl əksəriyyətində stress, aqressiya, gərginlik olur. Bu da təbii ki, imtahanda daha çox səhv etmələrinə və daha az bal toplamalarına gətirib çıxarır. Bəs stresə düşməmək və ondan xilas olmaq üçün nə etmək lazımdır? Abituriyentlərin ən çox etdikləri səhvlər hansılardır? Valideynlərin burada rolu varmı? Bütün suallarımıza cavab tapmaq üçün psixoloq Elnur Rüstəmovla həmsöhbət olduq.

- Stress nədir və yaranma səbəbləri hansılardır?
- Stress faktorunu orqanizmin kənar qıcığa qarşı verdiyi reaksiya kimi dəyərləndirə bilərik. Düzdür, bu faktorlar insanın daxilində də baş verə bilər. Amma stress bu gün bizim həyatımızın ayrılmaz hissəsidir. Çox vaxt insanlar deyirlər ki, necə edək, həyatımızda stress olmasın. Bu mümkün deyil, çünki həyat varsa, stress mütləq olacaq. Əslində, stresi yox etmək deyil, idarə etmək lazımdır. Biz informasiya əsrində yaşayırıq və hər birimiz səhər oyanandan, axşam yatana qədər informasiya alırıq. Bir qisim insanlar gecə yatanda da, səhər oyananda da ilk olaraq telefona baxırlar. Mobil telefon informasiya qaynağıdır və hər bir informasiya müəyyən emosiyalar (stress, aqressiya və ya xoş əhvali-ruhiyyə) formalaşdırır. Ona görə bəzən insanlar deyirlər ki, elə bir yerə getmək istəyirəm, orada telefon olmasın. Telefondan ifrat dərəcədə aldığımız informasiyadan stress, stresdən də bir çox problemlər yaranır. Biz bura xəstəlikləri də daxil edə bilərik, çünki ürək-damar, onkoloji və digər xəstəliklərin kökündə stress faktoru dayanır. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da stress ən öndə gedən məqam kimi qeyd olunur. Streslə bağlı ailə daxilində, valideyn-övlad arasında və ya iş kollektivində gərginliklər yaranır.

- Bəs stress imtahan ərəfəsində abituriyentlərin psixologiyasına necə təsir göstrərir?
- Abituriyentlərdə stress daha çox onlardan tələb olunanları doğrulda bilmədikləri zaman baş verir. Söhbət imtahana yaxşı hazırlaşan abituriyentlərdən gedir. Bizim reallığa baxdıqda abituriyentlər imtahanlara hazırlaşmaq üçün 9, 10, 11-ci siniflərdə repetitor yanına, kurslara gedir, bir qismi də özü hazırlaşır. Təbii ki, hər bir valideynin maddi imkanı olmur. Əksəriyyəti ailə büdcəsindən müəyyən qədər kəsib, hazırlıq prosesinə sərf edir. Bəzən valideynlər bunu öz övladlarına hiss etdirirlər və deyirlər ki, özümə heç nə ala bilmədim, sənin hazırlığına pul verdim. Buna görə də, hazırlaşan abituriyentdən müəyyən tələblər olur. Valideyin istəyir ki, övladı yüksək bal toplasın. Bu, şübhəsiz abituriyentin də istəyidir. Stress faktoru da artıq özünü bu hallarda və buraxılış imtahanlarına az vaxt qalanda göstərir. Müşahidələrimizə əsasən deyə bilərəm ki, yanvar ayından sonra abituriyentlərdə stress artmağa başlayır. Bəzilərində yuxu, bəzilərində davranış problemi yaranır və aqressiv olurlar. Onlar düşünürlər ki, birdən gözlənilən balı yığa və ali məktəbə qəbul ola bilmərəm. İmtahan yaxınlaşdıqca abituriyentlərin böyük bir qismində bu hallar baş verir.

- İmtahan suallarının çətinliyi abituriyentlərə necə təsir göstərir?
- İmtahan sualları qruplaşdırılır və 25 sualın hamısı çətin olmur. Məsələn, 5 sual asandır, 5 sual bir az çətindir, 5 sual çox çətindir, 5 sual da mürəkkəbdir. Suallar hazırlanarkən, imtahan verən şəxsin yeniyetmə olduğu nəzərə alınır. Çünki onlar bilirlər ki, yeniyetmələrin əksəriyyəti sualı sona kimi oxumur. Ona görə də, çaşdırıcı suallar qoyulur. Bundan əlavə, imtahandan abituriyent beş ard-arda olan sualda A variantı yazanda, şübhələnir ki, belə şey ola bilməz, yəqin haradasa səhv etmişəm. Bu zaman başlayır öz düşüncələri ilə mübarizə aparmağa. Nəticədə, abituriyentin vaxtı gedir, stress yaşayır və həmin variantların birini dəyişir. Buna psixoloji dayanıqlılığı formalaşdırmaq deyilir. Bəzən abituriyentin gözü qorxsun deyə, ilk suallar çətin qoyulur. Bu zaman o digər fənnin suallarına keçir və orada da çətin sualla qarşılaşır. Artıq abituriyent özünü itirməyə başlayır. Lakin psixoloji hazır olan abituriyent özünü itirmir və nə etmək lazım olduğunu bilir. İllərdir, biz abituriyentlərlə işləyirik və nəticənin də yaxşı olduğunu görürük.

- İmtahan ərəfəsində abituriyentlərin stress və həyəcana qalib gələ bilməsi üçün nələri tövsiyə edərdiniz?
- Birinci tövsiyəmiz odur ki, abituriyent imtahan verdiyi yeri bir neçə gün əvvəldən tanısın. Daha sonra imtahana bir gün qalmış vacib olan sənədləri, aparmaq istədiyi qələmi hazır etsin. Əgər istəsə, bir gün əvvəl istədiyi mövzuları təkrarlaya da bilər. Abituriyentlərin bir qismi imtahan gecəsi yata bilmir. Tövsiyə edərdim ki, ailə mühitində, sevdiyi insanlarla və ya açıq havada vaxt keçirsinlər. Ailə də övladına motivasiya versin. Çünki normal yuxu yatmaq çox vacib məqamdır. İmtahan gününün səhəri abituriyentlər səhər yeməyindən imtina edirlər, yadda saxlasınlar ki, düzgün qidalanma çox vacibdir. Əvvəl deyirdilər ki, imtahanın başlanmağına iki saat qalmış gəlin. Lakin bütün sənədlər qaydasındadırsa, bu qədər tez getməyə ehtiyac yoxdur. Artıq regionlarda da imtahan keçirildiyindən, əvvəlki illərdə olduğu kimi məktəbin qarşısında sıxlıq olmur. İmtahana yaxşı hazırlaşan abituriyentin bir qulağı az eşitməli, bir gözü isə az görməlidir. Yəni, hər sözə reaksiya verməməli, hər şeyə də baxmamalıdır. Abituriyent rahat olmalıdır, fikri yayınmamalıdır. Eyni zamanda əksər abituriyentlər imtahanı 1-2 saatdan sonra tərk edirlər. Tövsiyə edərdim ki, üç saat tam otursunlar. Ən vacib məqam isə sualları sona qədər oxusunlar, bilmədikləri sualın üzərində çox dayanmasınlar, iki cavab arasında qaldıqları zaman çox düşünmədən doğru bildiklərini yazsınlar, böyük misalların hesablamalarında daha diqqətli olsunlar, açıq tipli testləri bilmirlərsə, yazmasınlar. Bundan əlavə, üç saatlıq imtahanda iki dəfə fikrin toplanması üçün 2-3 dəqiqəlik fasilə etsələr, yaxşı olar. Ən yaxşı bildikləri fəndən başlasalar, bu onlara motivasiya verəcək.

- Abituriyentlərin imtahan ərəfəsində psixoloqa müraciət etməsinə ehtiyac varmı?
- Biz həmişə tövsiyə etmişik ki, fənn hazırlığı ilə yanaşı psixoloji hazırlıq da olmalıdır. Psixoloji hazırlıq deyəndə hər gün psixoloq yanına getməyi nəzərdə tutmuruq. Abituriyent həftədə bir dəfə və ya ayda iki dəfə psixoloq yanına getsə, həm fənni yaxşı mənimsəyəcək, həm motivasiyası sağlam qalacaq, həm zamanı doğru nizamlayacaq, həm də bildiklərini yaza biləcək. Qəbul prosesində biz görürük ki, imtahanda abituriyent stresə düşür və imtahandan sonra səhvlərini özü düzəldir. Çünki stress zamanı abituriyent hesablamada səhv edir, iki cavab arasında qalır, sadə hesablamaları həll edə bilmir, özünü narahat, gərgin hiss edir. Təəssüflər olsun ki, Azərbaycanda fənn hazırlığı daha öndədir, nəinki psixoloji hazırlıq. Bu günün reallığına baxsaq, abituriyent gün ərzində 2-3 repetitor yanına gedir. Bizə müraciət edən zaman da deyirlər ki, dərslərlə uyğunlaşdıra bilmədiyim üçün daha əvvəl gələ bilmirdim. Müraciət edəndə də artıq az vaxt qalmış olur. Valideyn yanaşmasında belədir ki, bir saat psixoloq yanına getməkdənsə, bir saat dərs oxumaq daha yaxşıdır. Ola bilər, abituriyent üç saat dərs oxusun. Amma stress olan zaman o, oxuduğunu dərk etməyəcək və diqqəti yayınmış olacaq. Ona görə də, psixoloji hazırlıq vacibdir. Əgər imtahana dörd ay qalmış müraciət olunsa, həftədə 1 dəfə abituriyentlə intensiv işləmək olar. Hətta biz tövsiyə edərdik ki, 6-7 ay əvvəldən müraciət etsinlər. Çünki imtahana yaxşı hazırlaşan abituriyent pis nəticə göstərəndə, bədbəxt hadisələr və ya intihara cəhdlər baş verə bilər. Əgər abituriyent özünü rahat hiss edərsə, ona anlayış göstəriləcəyini bilərsə, niyə intihar etmək istəsin ki? Ailədə ola bilər ata imtahanda az bal yığanda övladına normal yanaşır, anası isə ifrat dərəcədə yanaşır. Bu, əksinə də ola bilər. Ailədə valideynlər arasında fikir ayrılığı olsa, mütləq nələrsə baş verəcək.

- Sizə müraciət edən pasientlər arasında abiuriyentlər olurmu? Əgər olursa, onları ən çox qorxudan, həyəcanlandıran nələrdir?
- Biz illərdir abituriyentlərlə çalışırıq. Onlarda müşahidə etdiyimiz əsas faktorlar diqqətlərinin yayğın olması, özünəinamın aşağı olması və qrupları düzgün seçməməsidir. Məsələn, abituriyent valideynin istəyi ilə texniki fənləri seçir, halbuki humanitarı seçsə idi, daha uğurlu ola bilərdi. Bu zaman abituriyent tapşırıqların öhdəsindən gələ, oxuduqlarını mənimsəyə bilmir. Belə hallarda valideynlərə söz deyəndə, deyirlər ki, ən doğru özüm yanaşıram. Həmin dövrlərdə valideynlərin sevdiyi, abituriyentlərin isə sevmədiyi bir cümlə olur, "Get, dərs oxu!" Yanıma gələn abituriyentlər deyirlər ki, əlimdə kitab olur, amma valideynlərim məni görən kimi deyirlər ki, "Get, dərs oxu!" Bu cümlə artıq beyində mexaniki şərtlənir. Valideynin şübhəsiz ki, məsuliyyəti var və deyə bilər ki, hər bir xərci qarşılayıramsa, bunu da tələb edirəm. Amma çox vaxt anlayış göstərmirlər. Burada olan anlayış nədir? Valideyn görür ki, övladı dərsi mənimsəməkdə çətinlik çəkir. O fikirləşir ki, uşaq çox oxusa, daha yaxşı olar. Burada əsas məsələ çox oxumaq deyil, uşağın fikrinin yayğın olması və buna görə də, oxuya bilməməsidir. Valideynlər bunu çox vaxt istəməyərək görməməzlikdən gəlirlər. Hətta övladlarını psixoloq yanına gətirdikdə, psixoloqu da yönləndirməyə çalışırlar. Deyirlər siz elə edin ki, övladım telefonda az vaxt keçirsin. Deyirəm, məsələ telefon deyil, daxili problemdir. Əgər o həll olunsa, onsuz da telefonda az vaxt keçirəcək. Şübhəsiz, valideynləri də dinləyirik, amma ən obyektiv yollarla problemi həll etməyə çalışırıq.

- Son olaraq tövsiyələriniz...
- Valideynlərə demək istərdim ki, övladlarını övladları olduğuna görə sevsinlər, bütün hallarda yanlarında olduqlarını bildirsinlər, heç bir halda övladlarını qohumla, qonşu ilə müqayisə etməsinlər. Çünki hər bir insan ayrılıqda bir fərddir. Bu müqayisələr olmasa, əksinə dəstəklər olsa, düşünürəm ki, abituriyentin özünəinamına müsbət təsir göstərəcək...


İlahə Hüseynova