Bilmirəm, ilk dəfə Azərbaycan dilində üç cildlik Quran təfsirini qələmə alan, хalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz хidmətləri olan Məhəmməd Kərim Bakuvidən danışım, onun həyatı haqqında xronoloji məlumatlar verim, yoxsa o dövrdən günümüzə doğru baxaraq, bəzi hadisələri təhlil etməyə çalışım? Nəzərə alsaq ki, tarixi məlumatları əldə etmək nisbətən asan, tarixi hadisələri təhlil etmək (həmçinin, nəticə çıxarmaq) bir az çətin və məsuliyyətli işdir. Bu baxımdan yazıda hər iki metoddan istifadə etməyə çalışacağam.
Əvvəla qeyd edim ki, Məhəmməd Kərim Bakuvinin həyatını araşdıranda nədənsə ağılıma Liviyada işğalçı italyan qüvvələrinə qarşı vuruşan Ömər Muxtar gəlir. Əslində, hər iki simanın həyatını araşdıranda görürsən ki, onların taleləri necə də bir-birinə oxşayır. Öz xalqının qəhrəmanı olan bu simaların hər biri əvvəla İslam alimidirlər. Nə qəribədir ki, Ömər Muxtara italyan işğalçı qüvvələrinin təşkil etdiyi saxta məhkəmədə edam qərarı çıxarılmış və xalqının gözü qarşısında edam edilmiş, Məhəmməd Kərim Bakuvi də, ölkəsini işğal edən bolşevik qüvvələri tərəfindən eyni şəkildə mühakimə olunmuş və güllələnərək şəhid edilmişdir.
Taleləri eyni olan bu xalq qəhrəmanlarının tanıdılmasında deyəsən, biz bir az geridə qalmışıq. Həm Azərbaycan, həm də ümumiyyətlə İslam tarixi üçün mühüm şəxsiyyət olan Məhəmməd Kərim Bakuvi haqqında təəssüf ki, hələ müstəqil bir kitab qələmə alınmamışdır. Ümid edək ki, rejissoru Mustafa Akkad olan Ömər Muxtar (Lion of the Desert - Çöl Aslanı Ömer Muhtar) filminə tamaşa etdiyimiz kimi, Məhəmməd Kərim Bakuvinin həyatından, bu mənada da yaxın keçmişimizdən bəhs edən kitabı tezliklə əlimizə alacaq, həmçinin, tezliklə bu haqda çəkilən filmin tamaşaçısı olacağıq.
Məşhur azərbaycanlı müfəssir Məhəmməd Kərim Bakuvi 1853-cü ildə Bakı şəhərinin Əmircan kəndində dünyaya gəlmiş, 1938-ci ildə 85 yaşında 1937-ci il repressiyalarının qurbanı kimi güllələnərək şəhid edilmişdir. Məhəmməd Kərim Bakuvi Peyğəmbər (s.ə.s.) nəvəsi Həzrət Hüseynin (r.a.) soyundan gəldiyi üçün “Hüseyni”, Bakıda anadan olduğu üçün də “Bakuvi” ləqəbi ilə tanınmışdır. O həm də Mir Məhəmməd Kərim ağa kimi də tanınmaqdadır.
Məhəmməd Kərim Bakuvi ilk təhsilini atasının yanında və İçərişəhərdə yerləşən mədrəsələrdən birində almışdır. Oğlunun ali təhsil almasını istəyən Mir Cəfər onu 1871-1881-ci illərdə dövrün tanınmış elm mərkəzlərindən olan Bağdada göndərmişdir. Bu illər ərzində Ərəb dili, Fiqh, Qiraət, Təfsir, Məntiq, İslam tarixi kimi islam elmlərini öyrənmişdir. Təhsilini tamamladıqdan sonra Bakıya qayıdan Məhəmməd Kərim Bakuvi Bakının Gilək və Şah Abbas məscidlərində səkkiz il axund işləmiş, yüksək bilik və bacarığına görə Bakı quberniyasının qazısı (1904-1918-ci illər) təyin edilmişdir. Qeyd edək ki, o dövrdə Bakı quberniyasına Azərbaycanın ən böyük şəhərləri olan Bakı, Gəncə, Şamaxı, Quba, Göyçay və Lənkəran daxil idi.
Ərəb dilindəki təfsirlərin başa düşülməsinin çətinliyini görən alim müsəlmanların öz dilində oxuyub anlayacağı sadə bir təfsirə ehtiyac olduğunu anlayırdı. O, müsəlmanların danışdığı hər dildə Quranın doğru bir şəkildə təfsir edilməsinin zəruri olduğunu deyirdi. Bu səbəblə də Azərbaycan dilində “Kəşful-Həqaiq” adlı üç cildlik təfsir əsərini qələmə aldı. Məhəmməd Kərim Bakuvinin bu əsəri Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1904-cü ildə Tiflisdə “Kaspi” qəzetinin “Bəhariyə” mətbəəsində çap edildi.
Məhəmməd Kərim Bakuvi əslində elmi metodlara tabe olaraq (misal üçün müasiri Elmalılı Hamdi Yazır kimi) iri həcmli bir təfsir əsəri qələmə almağı tərcih etməmişdir. O, əsasən cəmiyyətə, insanlara vermək istədiyi mesajları bir təfsir yazaraq təqdim etməyə çalışmışdır. Bu mənada onun “Kəşful-Həqaiq” əsərini sosial yönümlü təfsir adlandırmaq daha doğru olar. Məhəmməd Kərim Bakuvinin təfsir əsəri tədqiq ediləndə anlamaq olar ki, müəllif məzhəb təəssübkeşliyi çəkməyən, hətta məzhəblər arasında mötədil bir mövqedə duran bir düşüncəyə sahibdir. Məhəmməd Kərim Bakuvinin təfsir əsərinin əsas xüsusiyyətlərindən biri müsəlmanların birliyinə zərər verən və az qala hər fürsətdə ədavətə aparan ekstremizmi və fanatizmi tənqid etməsidir. O bunu edərkən “İslam milləti” ifadəsini işlədir, görüşlərini daha ümumi və məzhəblər üstü bir mövqe tutaraq açıqlayır.
Məhəmməd Kərim Bakuvi yaşadığı dövrdə böyük ictimai nüfuza sahib idi. Dövrün varlı insanları, siyasət adamları Məhəmməd Kərim Bakuviyə hörmət edir, görüş və fikirlərini alırdılar. Bakı milyonçusu Musa Nağıyev gənc yaşda dünyasını dəyişən oğlu İsmayılın adına İsmailiyyə sarayını (günümüzdə AMEA-nın Rəyasət Heyətinin binası) tikdirmişdi. Bu sarayın təməlqoyma mərasimində Bakı quberniyasının qazısı kimi Məhəmməd Kərim Bakuvi dua oxumuşdu.
Məlum olduğu kimi günümüzdə Bakıda yerləşən Əlyazmalar İnstitutunun binasını Hacı Zeynalabdin Tağıyev Qızlar Məktəbi (“Ünas” Bakı rus-müsəlman qız məktəbi) olaraq öz vəsaiti hesabına tikdirmişdi. Ancaq müsəlman qızların təhsil alması fikrini ilk dəfə səsləndirənlərdən biri də məhz Məhəmməd Kərim Bakuvi idi. Hətta o öz qızını Tağıyevin açdığı məktəbə qoymaqla xurafatçı cahil dindarların qəzəbinə tuş gəlmiş, hətta evinin yandırılması ilə təhdid edilmiş, öldürülmək təhlükəsi ilə qarşılaşmışdı.
O dövrdə bəzi din xadimləri, ruhanilər qızların məktəbə getməsi ilə sosial nizamın pozulacağına və qarışıqlığın yaranacağına inanırdılar. Bu mənada o dövrdə bəzi insanlar Bakıda, ümumiyyətlə Qafqaz bölgəsində müsəlman-erməni qarşıdurmasının baş verməsini, hətta Şamaxıda baş verən zəlzələni belə qızların məktəbə getməsi ilə əlaqələndirirdilər.
Tağıyev etirazları aradan qaldırmaq üçün şəhərin sayılıb seçilən din xadimlərindən bir neçəsini müsəlman qızlarının şəriət məktəblərində təhsil ala bilməsi və burada heç bir qəbahət olmaması barədə fətva və görüş almaq üçün öz hesabına Məkkəyə, Xorasana, Bağdada və digər müsəlman şəhərlərinə göndərir. Oradan gələn müsbət cavablar həm qızlar məktəbinin açılması ilə bağlı maneəni aradan qaldırır, həm də bu təklifi irəli sürən Məhəmməd Kərim Bakuvini təqiblərdən qurtarır.
Məhəmməd Kərim Bakuvi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılamış, bu yeni dövlətin aldığı qərarları fəal şəkildə dəstəkləmiş, bu mənada latın əlifbasına keçmə fikrini doğru hesab etmiş, milli birlik və azadlığın dəvətçisi olmuşdur. O həm də Bakı Dövlər Universitetində dərs deməsi üçün dəvət almışdır.
Azərbaycanın məşhur şairlərindən olan Mirzə Ələkbər Sabir 1910-cu ildə Bakıya köçəndə Məhəmməd Kərim Bakuvinin müraciəti əsasında Balaxanıda yerləşən Nicat məktəbinə təyin edilmişdir. Məhəmməd Kərim Bakuvi öz imkanları hesabına Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti Mir Əsədulla Mirqasımovu Odessada Novorossiysk Universitetinin tibb fakültəsində oxutmuşdur.
Quranın ölülərə göndərilmədiyini deyən Məhəmməd Kərim Bakuvi insanları Quran oxumağa, Qurandakı əxlaqi və maarifçi ünsürlərin bir həyat yolu kimi qəbul edilməsinə çağıraraq belə deyirdi: “Məgər Peyğəmbərimiz (s.ə.s.) Quranı ölülər üstündə oxumağı əmr edib? Yoxsa, cəhalət xəstəliyinə tutulan diri şəxslərə həyat verib dünya və axirət xoşbəxtliyini qazanmaqdan ötrü onun hökmlərini öyrənməyi əmr buyurub?”
Məhəmməd Kərim Bakuvi tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, əsasən, ərəb dilindən bir sıra əsərləri Azərbaycan dilinə tərcümə etmişdir. Böyük ərəb yazıçısı, alimi Corci Zeydanın İslam tarixinə aid on yeddi romanından beşini Azərbaycan dilinə çevirmişdir.
Azərbaycan 1920-ci il 27 apreldə Sovet Ordusu tərəfindən işğal edildikdən sonra xalqın düşünən beyinlərinə və din xadimlərinə qarşı sanki müharibə elan edilmişdi. Məhəmməd Kərim Bakuvi də bu işgəncələrə məruz qalan din xadimlərindən biridir. Məşhur Azərbaycan tarixçisi Ziya Bünyadov “Qırmızı terror” adlı kitabında DTK-nın arxiv sənədlərinə istinad edərək, 1938-ci ildə antisovet fəaliyyətinə görə Məhəmməd Kərim Bakuvinin güllələnərək edam edildiyini yazmışdır.
Güllələnmədən əvvəlki məhkəmə qeydlərində Məhəmməd Kərim Bakuvinin yaşı 17 il cavan göstərilmişdir. Çünki 85 yaşlı bir insanı günahı olmadan nəinki güllələməyi, heç həbsə atmağı belə ədalətli qərar hesab etmək olmazdı. Bir İslam alimi olan Məhəmməd Kərim Bakuvinin edamı üçün toplanan “məhkəmə dəlillərindən” biri də evində müxtəlif antisovet Quranlar aşkar edilməsi idi. Qəribədir ki, görəsən, Qurani-Kərimin antisoveti də ola bilərdimi?! Beləliklə, iftiraların, haqsız ittihamların nəticəsi olaraq Məhəmməd Kərim Bakuvinin əmlakı müsadirə olunmaqla onun haqqında güllələnmə hökmü çıхarılmışdır. Sonra da alimin evi talan edilmiş, kitabxanası yandırılmışdır.
Haşiyə çıxaraq burada bir-iki məqama da toxunmaq istəyirəm… Düzdür, ölkəmizdə 9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd edilir. Əlbəttə, İkinci Dünya Müharibəsində soydaşlarımız, dindaşlarımız da Sovet ordusunun tərkibində vuruşmuşdular. Zənnimcə, bizim bu tarixi yox saymağımız ən azı bu müharibə illərində dünyasını dəyişən, bir daha geri qayıtmayan soydaşlarımıza hörmətsizlik olardı. Bu baxımdan 9 mayı, ya da günlər fərqli olsa da, o tarixi anları yadda saxlamalıyıq. Ancaq digər bir tarix var ki, biz onu da heç vaxt unutmamalıyıq. Bu da repressiya tarixidir.
Haqqında danışdığımız Məhəmməd Kərim Bakuvi və bu kimi neçə-neçə simalar, bu millətin qaymağı olan ziyalı, savadlı minlərlə insan məhz sovet dövləti qurularkən repsessiyaya məruz qalmış, 5-10 dəqiqəlik məhkəmələrlə haqlarında edam qərarı çıxarılmışdır. Acı bir həqiqət kimi qeyd edək ki, təkcə 1937-1938-ci illərdə repressiya qurbanlarının ümumi sayı 80 min nəfərdən çox olmuşdur. Ancaq bütün bunlara baxmayaraq aradan 30-40 il keçmiş, yenə eyni millət ata və babalarını sürgünə, edama göndərən bu dövlət uğrunda ikinci dünya müharibəsində vuruşmuş, bütün maddi sərvətlərini və canını vermişdir. Bütün bunlar cəmi yarım əsrlik bir dövr içərisində baş vermişdir. Əlbəttə, bunları dərindən düşünmək, nəticələr çıxarmaq, hadisələri diqqətlə təhlil etmək lazımdır. Əks halda, bu cür halların bir daha yaşanmasının qarşısını almaq çox çətin olacaq.
Yazını Məhəmməd Kərim Bakuvinin ifadələri ilə bitirmək istəyirəm. O belə deyirdi: “Müəlliflər yazdıqları kitabların içindədirlər. Dünya mövcud olduqca o kitablar da var olacaq. O kitabları oxuyanlar sanki həmin kitabların müəllifləri ilə danışacaqlar”.
Nazim Mustafayev